Vladimir Semiçastnı
35 yaşında Azərbaycan Kommunist Partiyası MK-nin 2-ci katibi işləyib. Azərbaycanın o dövrdəki liderləri barədə mənfi fikirlər söyləyib. Onları “primitiv”, “həyatdan geri qalmış insanlar” kimi təqdim edib. Semiçastnının 90-cı illərdə yazdığı kitabında ondan qat-qat təcrübəli və azı 20 yaş böyük olan Azərbaycan MK Büro üzvülərinə «rüşvətxor, arvadları bozbaş bişirməkdən başqa, əllərindən heç bir şey gəlməyən yaltaqlar» damğası vurmasını, heç kimin onu yerində oturtmağa cəsarətinin çatmamasını ürək ağrısı ilə oxuyursan. O yazır ki, 1980-cı illərdə də Moskva çinovniklərinin Azərbaycan liderləri, vəzifəli şəxsləri və alimlərinə münasibətlərində elə bir dəyişiklik yox idi. Moskva çinovniklərini özünün şəxsiyyətinə hörmətlə yanaşmağa məcbur etməyi bacaran, maksimum, 2-3 adama rast gəlmək mümkün idi.
Semiçastnı 37 yaşında SSRİ KQB-nin sədri təyin olunub. 1967-ci ilin mayında vəzifəsindən uzaqlaşdırılıb.
Semiçastnı Heydər Əliyevin məişətdə buraxdığı səhvi axıra qədər qəbul etməyib, onun Azərbaycan KQB-sində əks-kəşfiyyat idarəsinə (ölkə daxilində vətəndaşları izləyən, telefon danışıqlarına qulaq asan, agentlər vasitəsi ilə informasiyalar toplayan, lazım olanda vəzifəli şəxslər haqqında yalan kompromatlar yaradan idarə) rəis olmasına da razılıq vermirdi. Respublikanın birinci katibi Vəli Axundov milli kadrların inkişafına və irəli çəkilməsinə xüsusi diqqət yetirirdi. O, birinci dəfə Semiçastnını ikinci katib olarkən, Heydər Əliyevin şöbə müdiri qoyulması sərəncamına qol cəkməyə, ikinci dəfə isə KQB-nin sədr müavini təyin olunması ilə razılaşmağa (onda artıq Semiçastnı SSRİ KQB-nin sədri idi) sövq etdirib. Düzdür, ikinci epizodda artıq Sviqun faktoru istənilən variantda məsələni müsbət həll etdirəcəkdi…
Tarixi arayışın davamı
– Semyon Kuzmiç, Siz tarixçisiniz, bu elm üzrə dərs deyib tələbələr yetişdirmisiniz, mən isə ancaq tarix üzrə institut diplomu almışam…
Əliyevin bu mədhi 10-luğa dəydi…
Azərbaycanlıların taciklərdən fərqli olaraq, daha incə tərifbazlığından xəbəri olmayan Sviqun, həmin görüşdən sonra Əliyevin karyerasında mühüm rol oynamağa başladı. Əliyevin gənc yaşlarından rəisinin «zəif damarını» seçmə təriflərlə tutma bacarığı üstündə formalaşmış xarakteri o illərdən başlayaraq, demək olar ki, 20 il müddətində onun şəxsi maraqlarına xidmət etdi. İldən-ilə Baş katibə deyilən təriflər incəliyinin, emosionallığının artması ilə davam edirdi. Ancaq 1985-ci ildə Qorbaçovun hakimiyyətə gəlməsi ilə bu prosesin qarşısı qəfildən və amansızlıqla alındı.
Leonid Brejnevlə Moldovadan başlanan dostluq və qohumluq əlaqələri olan Sviqun Siyasi Büroda qəbul edilən qərarlara təsir etmək gücünə malik idi. Yuri Andropov da onun bu sahədə xidmətlərindən istifadə edirdi. Onun karyerasında Sviqunun oynaya biləcəyi rolun miqyasının geniş sərhədləri Əliyevi riqqətə gətirirdi. Onu Allahın göndərdiyi bəxşiş kimi qəbul edib, xoşu gələ biləcək hər bir şeyi təşkil edirdi. Məntiq üzərində qurulmuş ağıllı təriflər, bahalı hədiyyələrə meylli xarakterə sahib Sviqunun himayəsi ilə Əliyev cəmi 3 il müddətində KQB-də müavin, birinci müavin və KQB-nin sədri vəzifələrinə irəli çəkildi. Halbuki, həmin 3 il müddətində Azərbaycan KQB-sində belə fantastik vəzifə inkişafı üçün heç bir əhəmiyyətli hadisə baş verməmişdi (Azərbaycan Neft-Kimya İnstitunun tələbələri və sumqayıtlıların yaratdığı kiçik gizli mili-azadlıq təşkilatının aşkarlanması nəzərə alınmasa –R.B.). Yəni, belə sürətli yüksəlişə təkan verəcək yeganə faktor Sviqun idi.
Əliyevin KQB sistemində işlədiyi 22 ildə keçdiyi karyera yolu ilə bu son 3 illik karyera yolu arasında ağılasığmaz disbalans var idi.
1945-1960-cı illərdə KQB sistemində yuxarı vəzifəlilər arasında daim repressiya mövcud olduğu üçün, az-çox istedadlı sistem işçiləri 40 yaşlarınadək adi əməliyyatçıdan general rütbəsinə kimi, yüksələ bilirdilər. Erkulov, Serov, Şelepin (Sonuncu KQB-nin sədri olsa da, general rütbəsindən imtina etmişdi), Sviqun və onlarla başqaları 40 yaşlarınadək artıq general rütbələrini alıb sədr vəzifələrində işləyirdilər.
Sviqun Brejnevlə Əliyevin görüşünü ilk dəfə Baş katibin rezidensiyasında təşkil edib. 1980-cı ildənsə Brejnevlə münasibətləri korlanmağa başlayıb. Əsas səbəb də Brejnevin qızı Qalinanın içki məclislərində KQB-nin «qara siyahısı»nda olan kriminal ünsürlərlə oturub-durması və onun əri, DİN-in birinci müavini general Çurbanovun böyük məbləğdə rüşvətlər alması idi. Qalina Brejnevaya qarşı kompromat toplamaq üçün Heydər Əliyevin də xidmətlərindən istifadə edilib. Çurbanovu Azərbaycan DİN-nin müavini, dostu Telman Əliyev vasitəsi ilə ifşa etmək istəyiblər. Vəzifə ehtiraslı Heydər Əliyevi, sözsüz ki, Sviqunla olan istənilən dostluq əlaqələri məcbur edə bilməzdi ki, Brejnevin kürəkəni və qızına qarşı kompromat toplasın. O, bu işə ancaq Andropovdan tapşırıq alandan sonra başlayıb. Ancaq Telman Əliyev Çurbanovun əleyhinə getmədiyinə görə, işdən çıxarılıb və ona qarşı cinayət işi açılıb. Xərçəng xəstəliyindən ölüm yatağına düşmüş Sviqun Qalina Brejneva və Çurbanov barədə toplanılmış bütün kompromatları ölümündən bir neçə gün qabaq Brejnevə çatdırıb. Artıq ağır xəstə olan və özünün də sonunu gözləyən Brejnev Sviqunun bu hərəkətini ailəsinə qarşı xəyanət kimi qiymətləndirib. Xərçəng xəstəliyinin son fazada yaratdığı dözülməz ağrılardan cana gəlmiş və ölümünə az qaldığını hiss etmiş Sviqun əsəbiləşmiş Brejnevin onu son ayaqda bütün vəzifələrindən azad edərək, general rütbəsini də əlindən alacağından qorxaraq, kabinetindəcə özünü güllələyərək intihar edib. Ona görə də Sviqunu Kreml divarında yox, “Novo Deviçiya” qəbristanlığında basdırıblar. Dövlət nekroloqunun altında isə Brejnevin adı olmayıb…
60-cı illərin ortalarında dissidentlik, korrupsiya və rüşvətlə mübarizə görüntüsü yaratmaq siyasəti dəbə minirdi. Sviqunun köməkliyi ilə Moskvada Əliyevin Azərbaycanda «sosializm əyintilərinə qarşı” 1 nömrəli fədakar mübariz obrazı formalaşırdı. Sözsüz ki, bu imicin formalaşmasında Əliyevin başçılığı altında ölkədəki rəhbər kadrlar haqqında hazırlanmış neqativ arayışların rolu da böyük idi. Zəif xarakterli, bəlkə də, yeganə rüşvət almayan katib Vəli Axundovdan «korrupsiyanın başçısı» obrazı yaradılmışdı.
Respublikanın 1-ci katibləri MK-nin təlimatına əsasən, onu əvəz edə biləcək 5 namizədin adını Moskvaya, MK-ya göndərməli idi. Sviqunun təzyiqi altında ilk dəfə 1967-ci ildə Vəli Axundov Heydər Əliyevin adını bu siyahıya saldı. Sovet İttifaqı MK-in kadrlara baxan şöbəsindən KQB-nin sədrinin partiya liderliyinə namizəd göstərilməsi kimi nadir hadisənin səbəbi Axundovdan tələb ediləndə, yenə Sviqun Baş katibin köməkçisinin vasitəsi ilə işi yoluna qoymuşdu.
MK-nın işciləri KQB-də işləyənləri sevmirdilər. Kommunist rejimi o vaxtadək həmişə partiya funksionerlərini KQB-yə göndərirdi, əks prosesin getməsi çox nadir hallarda ola bilərdi. Daha doğrusu, belə fakta iki halda rast gəlinirdi və hər ikisi də Azərbaycanda olmuşdu: Mircəfər Bağırov və Heydər Əliyevin təyinatlarında.
Sözsüz ki, Bağırovun apardığı kadr siyasəti 1960-cı illərdə də özünü göstərməkdə davam edirdi. Azərbaycanın liderləri bir-birilərini dəstəkləməklə respublikanı irəli aparmaq siyasətinin əvəzinə, donos yolu ilə başqasını yıxıb yerinə keçmək kimi 30-cu illərdən formalaşmış dağıdıcı fəaliyyətlərini davam etdirirdilər. Bunlara baxmayaraq, 60-cı illərin ortalarında Azərbaycan MK-də yeni bir ulduz – Şıxəli Qurbanov parlamağa başladı.
1966-cı ildə o, MK-yə katib seçilən kimi, Sviqun və Əliyev gələcək planlarına təhlükə yarandığını hiss etdilər. Yüksək intellektə malik, alim-yazıçı Qurbanovun Moskva elitası arasında da nüfuzu kifayət qədər idi. Təyinatdan dərhal sonra KQB Qurbanovun millətçi obrazını yaratmağa başladı. Onun 1967-ci ildə respublikada Novruz bayramını dövlət səviyyəsində təşkil etməsi bu imicin formalaşdırılması prosesində sonuncu akkordun vurulması oldu və o, aprel ayından artıq MK üçün də təhlükəli adama çevrildi. Bolşeviklərin 46 il ərzində Novruz bayramını xalqın yaddaşından silmək cəhdləri onsuz da heç bir nəticə verməmişdi. Çox az azərbaycanlı tapılardı ki, Novruz bayramını keçirməsin. Ancaq 46 ildən sonra Novruz bayramına rəsmi statusun verilməsi qısa bir müddətdə Şıxəli Qurbanovun camaat arasında populyarlığını elə bir səviyyəyə çatdırdı ki, onu elə-belə işdən çıxartmağa cəsarət etmədilər. Şıxəli Qurbanovun Novruz bayramının dinlə heç bir əlaqəsi olmadığını sübuta yetirən danılmaz elmi faktlarına baxmayaraq, Vəli Axundov martın əvvəlində «Şıxəli, odla oynayırsan, ehtiyatlı ol» deyə onu xəbərdar etdi. Şıxəli Qurbanov zarafatla «Vəli Yusifoviç, Siz özünüz ananızın qorxusundan hər il Novruz bayramını, məgər, təntənə ilə qeyd etmirsinizmi? Hətta dilənçi vəziyyətində yaşayan azərbaycanlılar da bu gün üçün il ərzində hazırlıq görürlər. İndi 1967-ci ildir, 30-cu illər deyil ki? Nəyə görə SSRİ-də yaşayan xristianlar hamısı gizlətmədən dini bayramlarını təntənə ilə qeyd etməlidir, biz dinlə heç bir əlaqəsi olmayan bayramımızı keçirməməliyik?! Bizim də qürurumuz olmalıdır, ya yox?! O ki qaldı odla oynamağa, tonqalsız bayram olmaz ki, Vəli Yusifoviç», – dedi.
18 may 1967-ci ildə Yuriy Andropov SSRİ KGB-nin sədri təyin edildi.
Novruz bayramından 2 ay sonra – 23 may 1967-ci ildə «keyidici iynədən şoka düşüb, dünyasını dəyişdi» kimi absurd səbəblə izah olunsa da, əslində Şıxəli Qurbanov qətlə yetrildi.
Bir gün sonra – 24 mayda Semyon Sviqun SSRİ KQB-nin müavini, 6 aydan sonra 1-ci müavini təyin olundu.
24 iyun 1967-ci ildə Heydər Əliyev Azərbaycan KQB-nin sədri, 2 il sonra isə Azərbaycan MK-nin 1-ci katibi təyin olundu.
Şıxəli Qurbanovun ölümündən sonra 68-ci ildə epizodik keçirilsə də, sonrakı 20 ildə, 1988-ci ilə qədər Novruz bayramını rəsmi qeyd etmək dayandırıldı.
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!