Dünya getdikçə demokratikləşir. Hətta sivil insanların “bədəvi” deyib güldüyü ərəb ölkələri belə artıq bu sistemin dadını çıxarırlar. Yer üzündə çox nadir bulunan orta əsrlər çağının şahlıq rejimləri barmaq sayılacaq qədər azalıb. Nəsli tükənməkdə olan bu rejimlərdən birinə də bizim ölkəmizdə rast gəlinir. Bu gedişlə deyəsən tarix səhnəsində tək şahlıq üsul idarəsi kimi ad çıxaracaq yeganə ölkə də elə biz olacağıq. Səbəb isə olduqca sadədir. Bu ölkənin müxalifəti yoxdur. Baxmayaraq ki, on müxtəlif adla parlamentdə təmsil olunan, onlarla parlamentə düşmək üçün dəridən-qabıqdan çıxan partiya adlı qurumlar var. Ətrafına beş-on adamı toplamaqla bu təşkilatların rəhbərləri “ana müxalifət” adı uğrunda girmədikləri cild, oynamadıqları oyun qalmır.
Ölkənin indiki vəziyyətindən utanıb yerə girmək əvəzinə müxalifətin vahid liderliyinə iddiada bulunanlar da az deyil. Hansı haqla bu adı daşımağa layiq olduqları hələ bir tərəfə qalsın, olmayan bir qurumun əvəzsiz liderliyi uğrunda bu qədər çarpışmaqdansa bacarmadıqları işi etiraf etməyi belə ləyaqətlərinə yaraşdırmırlar. Amma şahlıq rejiminin təbəələri, demokratik inkişaf baxımından dünyanın ən geridə qalmış ölkəsinin sakinləri olmağı özlərinə yaraşdıra bilirlər. Hələ bu azmış kimi bəyənmədikləri insanın müxalifətçi olub olmadığına qərar verməyi, rejimin Ədliyyə Nazirliyinin mənəvi uzantısı kimi çıxış etməyi də özləri üçün ən böyük şərəf bilirlər. Halbuki bu rejimdə nəinki “ana müxalifət” lideri olmaq, hətta adi bir vətəndaş olmaq belə başucalığı gətirməyəcək haldır. Nədənmi? O səbəbdən ki, bəyənmədiyimiz bədəvilərdən belə geridə qalmaq hər halda qəlbində vətəndaşlıq hissi olan insana yalnız unanclıq duyğusu gətirməlidir. Bunun başqa alternativi yoxdur.
Ölkədəki rejimin mövcudluğu, hakimiyyətin atadan oğula ötürülməsi, oğul liderin dünya dövlətləri arasında az rastlanan bir iddia ilə üçüncü dəfə ölkə başçısı olmağa hazırlaşması və ömrünün axırına qədər bu situasiyanın davamında maraqlı görünməsi və bəlkə də daha sonra kreslonu babasının adını daşıyan nəvəyə buraxması yalnız orta əsrlərin tarixində görünən haldır. Biz 1-ci Abbas, 2-ci Abbas kimi şahların olduğunu yalnız tarix kitablarından oxumağa adət etmişik. İndisə elə bir vəziyyət yaranıb ki, bu gedişlə Azərbaycan adlı ölkədə 21-ci əsrin sonlarına yaxın 2-ci Heydər Əliyev dövrünün yaşanması ehtimalı var. Belə vəziyyətdə mənən özünü müxalifət sayan istənilən Allah bəndəsi utandığından yerə girməlidir. Ən azı ona görə ki, müxalifətin əsas qüvvəsi kimi özünü təqdim etmək indiki vəziyyətdə hər halda ləyaqətli səslənmir.
Bizim ən böyük problemlərimizdən biri “müxalifət” sözünün düzgün anlaşılmamasındadır. Müxalifət hələ hakimiyyətin hansısa siyasətinə qarşı olmaq demək deyil. Müxalifət həm də bu siaysətə qarşı yeni dəyərlər sistemi formalaşdırmaq, hakimiyyəti əvəz etmək imkanı deməkdir. Bu sözün kökündə belə bu həqiqət öz əksini tapıb. Bildiyimiz kimi müxalifət sözünün kökü ərəbcə “ “xələf” kəliməsindən törəyib. “Xələf” isə əvəz edən deməkdir. Necə ki, biz öz övladımıza “xələfimiz” deyirik. Bu mənada Heydər Əliyev hakimiyyətinin xələfi İlham Əliyev olduğu üçün o dövrün müxalifəti də nə Musavat, nə ADP, nə də AXCP idi. Bu gün İlham Əliyevin xələfi olmaq şərəfini də ölkədəki olan heç bir siyasi liderə yaraşdırmaq potensial olaraq da mümkün deyil. Bir ovuc insanla keçirilən mitinqlər hakimiyyəti əvəz etmək qüdrətində olmadığından onları təşkil edənləri də gerçək müxalifət qüvvəsi adlandırmaq olmur. Bu qüvvələr hakimiyyəti həqiqi mənada təhdid edəcək səviyyəyə gəlmədikçə müxalifət adını qazana bilməyəcəklər. Tarix bu qüvvələrə ən yaxşı halda narazı marjinal qrup olaraq baxacaq.
Bu cür müxalif qüdrətdən yoxsul bir xarakterlə xarici dəstəyə bel bağlayan liderlər tarixi məsuliyyətlərini anlamaq əvəzinə oturduqları kreslolarından bərk-bərk yapışmaqla əslində boylarını aşan, ağırlıqlarına dözə bilməyəcəkləri məsuliyyətin altına girirlər. Heç bir siyasi xadim təbii ki, belə məsuliyyətin altına girməz və estafeti başqasına dövr etməyə çalışar. Bizimkilər isə israrla tamamilə başqa mövqe tuturlar. Əllərində olan imkanlarla yeni iddiaçıları susdurmağa çalışır, beləcə şüurlu və ya şüursuz şəkildə mövcud rejimin qalmasına xidmət edirlər.
Bunun ən bariz nümunəsini bütün digər siyasi qüvvələrin sözləşmiş kimi Rəsul Quliyevə qarşı hücumunda müşahidə edə bilirik. Yerindən qalxan eks-spikerin əleyhinə nəsə söyləmək yarışına girir və bununla da özlərini müxalifətin əsas qüvvəsi kimi göstərməyə çalışırlar. Maraqlıdır ki, bu amansız mövqeni bizi şahlıq rejiminə sürükləyən və bu xüsusiyyətilə də ölkəmizi dünyanın nadir dövlətlərindən birinə çevirən mövcud hakimiyyətə qarşı sərgiləmir, hətta yeri gəldikçə hakimiyyətlə dialoqlara başlamanın mümkünlüyü barədə mesajlar verirlər.
İnsan çaşıb qalır. Özünü müxalifət adlandıran bu zümrə kimin müxalifətidir- Müasir Azərbaycan padşahlığının, yoxsa Rəsul Quliyevin? Bu vəziyyətdə ikinci ehtimal daha real görünür. Belə görünür ki, iqtidar özünün ən böyük rəqibinə müxalifət cildinə girmiş orqanizmlərindən biriylə mübarizə aparır.
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!