Yazar: Heydər Oğuz
Ölkəmizdə bəzi çevrələr Rəsul Quliyevin iqtidar mənsubları arasındakı nüfuzunu bərk tənqid atəşinə tutduğu anlarda bizdən coğrafi məkan olaraq çox da uzaqda yerləşməyən Suriyadan həqiqi atəş səsləri gəlir. Beynəlxalq Amnistiya Təşkilatının verdiyi məlumata görə, Hələb şəhəri vətəndaş müharibəsinin iki cəbhəsi arasında baş verən çarpışmalar nəticəsində artıq xarbazara çevrilib. Bu çarpışmalardan ən çox əziyyəti isə sadə vətəndaşlar çəkirlər. Həm hökumət qüvvələri, həm də müxalif silahlı dəstələr özləriylə əks-qütbdə gördükləri sadə insanları azyaşlı uşaqlarıyla bərabər gülləbarana tutur, siyasilərin bir-birinə duyduğu düşmənçilik hisslərinin ucbatından günahsız insanların qanı axır. Bu qanın nə zaman duracağı isə bəlli deyil. Hətta axıdılan qanlar səngisə belə, insanların qan yaddaşında dərin izlər buraxan yaralar ölkəni parçalanmalara qədər götürəcək, Suriya ən azı iki yerə bölünəcək.
Suriya xalqının başına gələn bu qanlı faciənin yeganə səbəbi təbii ki, cəmiyyətin iki müxtəlif barışmaz siyasi qütbə bölünməsi və bu qütblər arasında birləşdirici amillərin olmamasından qaynaqlanır. Başqa təbirlə desək, “Rəsul Quliyevsizlik” sindromuyla üz-üzə qalan Suriya xalqı həm iqtidarının, həm müxalifətinin barışmazlığı sayəsində özünün ən ağır günlərini yaşayır.
Səhifələrində ölkə başçısının təbliğinə geniş yerlər ayıran mətbuat orqanlarının Rəsul Quliyevə münasibət sırası gələndə özünü barışmaz müxalifət kimi aparması səmimilikdən xeyli uzaq olduğu kimi, geyindiyi maska da əslində mələk maskası deyil. Ölkəni qanlı – qadalı günlərə aparan siyasi təfəkkürün maskasıdır. Odur ki, üzdən göründükləri kimi olduqlarını, sifətlərindəki cizgilərin həqiqi simalarını əks etdirdiklərini əsaslandırmalarına ehtiyac belə yoxdur. Sifətlərindəki əgər maskadırsa bu təbii ki, onların ayıbıdır, yox əgər maska deyil, üzlərinin həqiqi görüntüsüdürsə və onlar gerçəkdən bu dərəcədə müxalifətçidirlərsə, belə müxalifətçilik Azərbaycana Suriyanın aqibətini bəxş etməkdən başqa heç bir fayda gətirə bilməz.
İstənilən cəmiyyəti qansız-qadasız dəyişmənin, islah etmənin yeganə yolu qütblərarası körpü rolunu oynayan şəxsiyyətlərin səyi hesabına xilas etməkdir. Əgər dedikləri kimi Rəsul Quliyevin hakimiyyət qüvvələri arasında nüfuzu həqiqətən bu qədər güclüdürsə, o hətta Kəmaləddin Heydərov kimi “fövqəlnaziri” müxalif qüvvələrə hər hansı xidmət göstərməyə təşviq edə bilirsə, buna yalnız sevinmək lazımdır. Çünki bu iddiadan belə nəticə çıxır ki, hakimiyyətlə müxalif qüvvələr arasında arzu olunan körpü qurulmuş və bu körpü vasitəsilə ölkənin demokratikləşməsini dinc yolla reallaşdırmaq mümkündür.
Ölkənin demokratikləşməsi naminə mütləq Kəmaləddin Heydərovların qanının axıdılması və ya hansısa zümrənin qətliama uğradılması heç zaman demokratik inqilabların ideya və tezisi olmamışdır və olmayacaq da. Bu, olsa-olsa bolşevik vulqarizminin təzahürüdür ki, nəticəsi heç bir müsbət tərəfi olmayan “proletar diktaturası” deyilən siyasi sistemi doğurur. Azərbaycan cəmiyyəti “proletar diktaturası”nın ağır nəticələrini görmüş və bundan xilas olmaq naminə içi Musavat qarışıq demokratik qüvvələrin tərəfində dayanmışdır. İndi həmin düşərgənin aparıcı partiyalarından birinin adına iddia edən təşkilat öz yaranış hədəflərindən yayınırsa, yenidən “proletar diktaturası”na yuvarlanırsa, ətrafına təbii ki, beş-on “proletariat”dan başqa heç kimi cəlb edə bilməz. Çağırışına yalnız bir neçə minlik insan kütləsi müsbət reaksiya verər ki, bu zümrənin hesabına da 20-ci sahədəki kiçik meydanşanın 10/1-i qədər ərazini doldurmaq olar. Bununla isə ölkədə heç bir siyasi dəyişikliyə nail olmaq mümkün deyil.
Demokratik inqilabın zəfər qazanması üçün bu mübarizəyə ən sıravi vətəndaşdan ən yüksək post tutan iri məmura qədər hər kəs cəlb olunmalıdır. İstər Kəmaləddin Heydərov olsun, istərsə də Ziya Məmmədov-xüsusilə geniş imkanlara sahib iri məmurların cəlb olunmadığı inqilab gerçək inqilab olmaqdan çıxar, cəmiyyət ya vətəndaş müharibəsinə yuvarlanar, ya da müxalif siyasi qüvvələr 1917-ci ildəki kimi siyasi sürprizlərə ümid bağlamalı olar. Bunun da nəticəsi yenə də cəmiyyəti inkişafa deyil, tənəzzülə aparmaqdır.
Kəmaləddin Heydərovların demokratik mübarizəyə cəlb olunmasının mənəvi əsasları da var. Onlar zənn edildiyi kimi, indiki rejimin yaradıcı ünsürləri deyillər. Sadəcə bu rejimin yaratdığı siyasi vəziyyətdə belə pul qazana bilən, öz bacarığıyla kapitalına kapital qatmağa çalışan iş adamlarıdır. Bu iş adamlarının günahı deyil ki, mövcud rejim onlara öz qaydalarına görə oynamaq, yaradılmış korrupsiya sistemində korrupsioner olaraq yaşamaq, qazanmaq imkanı vermişdir. Şəxsən mən inanıram ki, ölkədə tamamilə başqa rejim olsaydı, Kəmaləddin Heydərov, Ziya Məmmədov və ya digərləri yenə də ölkənin ən varlı vətəndaşları olardılar. Uşaqlıq illərində vətənpərvər gənc kimi adını eşitdiyim Kamalın, onu “korrupsioner Kəmaləddin Heydərov”a çevirən mövcud cinayətkar rejimin diktə etdiyi şərtlər altında yaşamaqdan heç də xoşlandığını təxmin etmirəm. O da istərdi ki, mədəniyyətinə, ədəbiyyatına vurğun olduğu Vətəni dünyanın ən sivil ölkələrindən birinə çevrilsin və bu qabiliyyətli iş adamı millətinin qanını soran Gömrük və ya Fövqəladə Hallar naziri kimi yox, mötəbər iş adamı kimi qazansın, kimlərəsə çörək versin, bəstələdiyi musiqilərlə milyonların ürəyində dolaşsın. Sabahından, bu günündən arxayın şəklidə millətin arasında gəzsin, geyindiyi mundirə görə yox, yaratdığı musiqilərə, iş yerlərinə görə sayğı və ehtiramla qarşılaşsın, günlərin bir günündə axirət dünyasına köçəndə isə xatirələri yüz illərlə yaddaşlarda yaşasın, özündən geriyə buraxdığı nəslinə, nəcabətinə bəs edəcək iqtisadi imkanıyla, gətirdiyi baş ucalığıyla xatırlansın.
Bugünkü rejimin ən böyük zərbəsini də məhz bu cür adamlar yaşamaqdadırlar. Rejimin diktə etdiyi şərtlərlə qazandığına görə korrupsioner adını alıb, kiminsə səltənətini qorumaq üçün dəridən-qabıqdan çıxır, topladığı rüşvəti hansısa xarici boks hakimindən tutmuş ölkənin hakimi-mütləqinə qədər geniş bir arenaya səpələyə-səpələyə müflisləşir. Üstəlik də, adı minlərlə cinayətlərdə hallanır, gələcəyi təhlükə altındadır, sabahını isə qaranlıq bir gecə gözləyir. Bu gün əldə etdiyi sərvəti də halal yolla qazanılmağına görə özününkü deyil. Hətta rejim dəyişilməsə belə, “gözü çıxmış qardaşı” Nazim İbrahimov kimi əlindən alınar, o isə başdan-ayağa çirkaba bulaşdığına görə cınqırını belə çıxara bilməz. Özünün ən böyük əzabına çevrilən bu rejimdən qurtuluş üçün verə biləcəyi mübarizənin isə özünün faciəsi ilə tamamlanma ehtimalı var. Çünkü dəstək verə biləcəyi müxalif qüvvələr vulqar təfəkkürlüdürlər və onların hakimiyyətə gələcəyi təqdirdə ölkədə qanın su yerinə axmayacağına, Suriyanın, Liviyanın müdhiş günlərinə düşməyəcəyinə heç kim təminat verə bilməz. Bu cür siyasi atmosfer içərisində onun başqa cür hərəkət etməsi təbii ki, qaş düzəltmək əvəzinə göz çıxarmaq qədər faciə ilə nəticələnər.
Adını müxalifət qoyaraq cəmiyyətə vulqarizm abu-havası təlqin edənlərin ölkənin iri iş adamlarına təlqin etdiyi siyasi mənzərə bundan ibarətdir və əslində iri kapital mənsublarını ürküdərək demokratik hərəkatdan yayındırmağa xidmət edir. Belə bir vəziyyətdə kim daha çox rejimin bir uzantısıdır- Kəmaləddin Heydərovlarmı, yoxsa cəmiyyətə vulqarizm təbliğ etdiyi halda ölkə başçısının şəninə əfsanələr yaratmaqla məşğul olan qondarma müxalifət partiya və mətbuat orqanlarımı?
Əziz oxucu, artıq bu suala özün cavab ver.
Hörmətli yazar, siz yazınızda dövlət məmurları – nazirlərlə iş adamlarını eyniləşdirmisiniz.Bu sivil cəmiyyətlərdə yolverilməzdir!!