“İşlərini, güclərini buraxıb mən tərəfdən bunların birliyini pozmaq təhlükəsinin olmasından, hökumətə işləməyimdən danışırlar”
“Demokratik mühitin yaradılması üçün danışmaq, müzakirə etmək istəyən bütün qurumlarla dialoq aparmaq lazımdır”
ACP lideri Rəsul Quliyevin “Mərkəz”ə müsahibəsi.
– Rəsul müəllim, hər seçkiöncəsi Azərbaycana qayıdışınız və seçkilərdə iştirakınızla bağlı yayılan fikirlər siyasi sferada müzakirə obyektinə çevrilir. Sizin builki seçkilərə qatılmanıza dırnaqarası yanaşan partiya sədrləri, bunu indiki Azərbaycanı tanımamağınız, siyasətindən xəbərsiz olmağınızla əlaqələndirirlər. Doğrudanmı Rəsul Quliyev Azərbaycandakı vəziyyətdən xəbərsizdir?
– Ola bilər xəbərim yoxdur. Ancaq azərbaycanlılar nədənsə mənim müsahibələrimə, açıqlama və fikirlərimə maraq göstərirlər. İnsanlar mənim “Youtube” və bloqdakı videoçıxışlarıma, yazılarıma baxırlar, oxuyurlar. İş elə gətirib ki, bütün müxalifət liderlərinin 2008-ci ildən olan videoçıxışlarına bu günə qədər total baxanların sayı 8 ayda mənim videoçıxışlarıma baxanların sayına ya bərabər olar, ya da az. Yəqin azərbaycanlıların əksəriyyətinin mənim kimi “ölkədən xəbəri olmadığına görə”, mənə baxırlar və oxuyurlar. O dediyiniz müxalifətçilərin müsahibələrini az oxuyur, videoçıxışlarına baxmırlar, çünki bilirlər ki, onlar onsuz da hər şeyi bilir. Sözsüz, onlarla münasibətdə mən tükənmişəm. (İroniya ilə) 2008-ci il prezident və 2010-cu il parlament seçkilərində elə tufan qopardılar ki, Əliyev qaçırdı, xarici ölkələr zorla saxladı. 2010-cu ildə isə Əliyevi incitməmək üçün parlamentdə bir yer uğrunda da mübarizə aparmadılar. Bu gün Azərbaycanda hələ heç kim bilmir ki, 2008-ci və 2010-cu illərdə seçki olub, ya yox. Yəqin məndən də inciyiblər, əgər 2008-ci və 2010-cu ildə seçkilərə aktiv müdaxilə etsəydim, hökumətimiz 2005-ci ildəki kimi onlara kompensasiya haqqı olaraq bir, iki deputat yeri verərdi. İndi mənə fikir verməsələr yaxşıdır. Mənimlə vuruşacaqlar, sonra da deyəcəklər tükənməz enerjimiz tükəndi. Hamısını sərf etdik Rəsul Quliyevin tükənməyini sübut etməyə. Yeni tezislər irəli atmaqla məşğuldurlar. İşlərini, güclərini buraxıb mən tərəfdən bunların birliyini pozmaq təhlükəsinin olmasından, hökumətə işləməyimdən danışırlar. Azərbaycanın siyasətini dərindən bilən və tükəndiyimi elan edən əzizlərim, bəs niyə təşviş içindəsiniz, deyə bilərsiniz?
Camaatı hökumətin daxilindəki ermənistanlı klanı ilə naxçıvanlı klanının və ya paşayevlərlə əliyevlərin arasında gedən ölüm-dirim müharibəsi filosofiyası ilə aldadanlara belə bir şeyin olmadığını, nağıl danışdıqlarını dediyimə görə dəhşətli qəzəbləniblər. İsa Qəmbər bir cümləsi ilə mənim üstümdən xətt çəkib (gülür). Pənah Hüseyn və Arif Hacılı ilə bilmirəm nə vaxtsa debata çıxmışam və onlar da necə qüdrətli olduqlarını xalqa göstəriblər. O vaxtdan onları harada görürlər alqışlarla qarşılayırlar. Mənimsə yazdıqlarımı oxuyan yoxdur . Gündə yazırlar ki, mən İP-nın əleyhinə çıxıram. Belə ağ yalan danışmaq olar? Bütün çıxışlarımda İP-də olan əsas fiqurlardan azı doqquzuna dərin hörmətimin olduğunu, ləyaqətlərinə şübhəmin olmadığını qeyd etmişəm. Hər dəfə qeyd edirəm ki, İP konkret hansı adamların ucbatından düzgün yolda deyil, konkret real planı yoxdur. Onların gülünc ideyaları “xalq meydanlara çıxsın, bizi dəvət etsin gələk onlara rəhbərlik edək”dir. Bu yazıq xalq bu ideyanı başa düşməyə hazır deyil axı?
– Sizcə siyasi cəmiyyətin, ölkədəki siyаsi prоsеslərin yеni bir müstəviyə kеçməsi üçün tələb olunan mühit varmı?
– Ölkədə siyasətin, daha doğrusu, rejimin başqa müstəviyə keçməsi üçün bütün şərait var. Yəni iqtidarın xaricdəki dəstəyi azalıb, xalqın narazılığı artıb. O müstəviyə keçmək üçün ancaq bir komponent çatmır. O da özünün tükənməz enerjisinə valeh olmuş bəzi müxalifət liderlərinin varlığına azərbaycanlıların inanmasıdır. İndi bir neçə ay ərzində xaricdəki görüşlər və çıxışlarımla az da olsa, xalqda inam qığılcımına nail olmuşam. “Tükənməz enerjili” müxalifətin liderləri isə bütün gücünü səfərbər edib, o inam qığılcımını söndürmək istəyir. Necə deyərlər, Allah işlərini avand etsin.
-Demokratik seçki mühitinin yaradılması üçün dialoqun aparılmasına ehtiyac var?
– Demokratik mühitin yaradılması üçün danışmaq, müzakirə etmək istəyən bütün qurumlarla dioloq aparmaq lazımdır. Bilirsiniz, mən artıq dəfələrlə ölkədə “vətəndaş cəmiyyəti yaranmasa, nə ölkənin, nə də xalqın gələcəyi yoxdur” demişəm. Bununla əlaqədar ölkənin prezidentinə də, informasiya vasitələri ilə mesaj göndərmişəm. Görünür, Azərbaycanda vətəndaş cəmiyyətinin nə demək olduğunu yaxşı dərk etmirlər. Vətəndaş cəmiyyəti dövlət orqanlarının əhalinin 0.01 faizinin belə müxalif fikrinə hörmətlə yanaşıb, onu həll etməyə cəhd göstərməsi deməkdir və ya mümkünsüzlüyünün məntiqi və dərin izahını verməlidir. “Filankəs xalqın düşmənidir” frazası ümumiyyətlə, leksikondan çıxarılmalıdır. Hökumət başçısı və ya hansısa bir vəzifəli şəxsə terror etmək istəyən terrorçudur, cinayətkardır, amma xalqın düşməni deyildir. Yalnız ölkənin konstitusiyasının “xalq hakimiyyətin mənbəyidir” əsas müddəasını pozanlar xalq düşməni adlandırıla bilərlər. Azərbaycanda “xalq düşməni” adlandırmaq dəb şəklini alıb. Məsələn, filankəs ermənipərəst konqresmenlə görüşdüsə, deməli o xalq düşmənidir. Belə əbləh çıxışlara görə cinayət işi açılmalıdır. Vətəndaş cəmiyyəti yaratmağın yeganə yolu azad və şəffaf seçkilər keçirməkdir. Gərək seçkilərdə iştirak edən şəxs bir vətəndaşın səsinə özünü möhtac hiss edə, onda xalqı eşidəcəksən, onda vətəndaş cəmiyyəti yaranacaq. Xalqın taleyüklü problemi olan bu ciddi məsələ əlbəttə, müzakirə edilməlidir. Dialoq olmalıdır. Bu dialoqda bütün siyasi qüvvələr, prezidentdən tutmuş parlamentdə təmsil olub, olmamasından, böyük və kiçikliyindən asılı olmayaraq, o cümlədən, ziyalılar iştirak etməlidir. Əgər Azərbaycanda azsaylı xalqların formalaşmış təşkilatları varsa, onları da dəvət etmək lazımdır. Məsələn, 2013-cü il prezident seçkilərini azad, demokratik və şəffaf keçirmək üçün xalqın etimad göstərə biləcəyi insanlardan MSK və yerli komissiyalar yaradılmalıdır. Hökumət bir neçə qiymətli maşın almağa maratoriya qoyub, o pula 3000-ə yaxın beynəlxalq müşahidəçi dəvət etməlidir. Dialoqda “bu seçkilərdən sonra qisasçılığa son qoyulur”, “xalq düşməni axtarmağa son qoyulur” kimi ciddi bəyanatlar qəbul olunmalıdır ki, indiki hakimiyyətdə olanlar gələcəklərinə ümidli olsunlar, bilsinlər ki, hökumətin dəyişilməsi yeni həbslərlə, istənilən repressiyalarla davam etdirilməyəcək.
– Prezident seçkilərinə 1 il vaxt qalır. Artıq müxalifət düşərgəsində bu seçkilərə hazırlıqlarla bağlı müxtəlif mülahizələr irəli sürülsə də, əslində hər hansı bir hərəkət, aktivlik müşahidə olunmur. Bu cür qeyri-aktiv, bir araya gələ bilməyən, özünə belə inamını itirmiş müxalifət partiyaları ilə siyasi düşərgəyə hansı yeniliyi gətirmək olar?
– İndiki pərakəndəlik fiziki pərakəndəlik deyil, fikirlər və olmayan siyasət pərakəndəliyidir. Əgər belə davam etsə, bu seçkilər 2008-ci il seçkilərindən fərqlənməyəcək. Bu yaxınlarda komandamla birlikdə hansı şərtlər çərçivəsində ümumi strategiya qurmaq olar təşəbbüsü ilə konkret sənədlə çıxış etmək istəyirik. Xalq bu sənədlə tanış olar, ya bizi qınayar, ya da bu təkliflər əsasında ittifaq yaratmaq istəməyənləri???????. Hər halda camaatın fikri əsas olmalıdır. Biz hökumət və bir sıra müxalifət liderlərindən fərqli olaraq xalqdan xəbərsiz, separat yaşamağı qəbul etmirik. Hər addımımız göz qabağında olacaq. Siyasətçi ancaq xarici siyasətində müəyyən yalan imitasiyalar edə bilər, öz xalqı ilə mütləq mənada imitasiyalar etməməlidir, özünü şərəfli və vicdanlı aparmalıdır. “Siyasət çirkin işdir” deyimi siyasətçinin xalqa yalan danışmasına haqq qazandırmır. Sadəcə olaraq, yaxın, hətta dost olan iki qüvvə fikir ayrılığına görə bir-birini çirkaba salıb, çıxara bilər.
– Bu gün hеsаb еdilir ki, sоsiаl dayağın olmamasını liderlərin vахtilə müхаlifəti uduzdurması, insаnlаrın inаmını qırması şərtləndirib. Üstəlik deyilir ki, müхаlifət iqtidаrı, iqtidar müxalifəti tаnımаmаqlа islаhаtlаrın qаrşısındа bir mаnеəyə çеvrilib. Buna münasibətiniz necədir?
– Siyasi islahatlar olmadan, istənilən sferada islahatların keçirilməsi mümkün deyildir. Hətta kommunist rejiminə yaxın olan Çin totalitar rejimi iqtisadiyyatda reformaları başlamamışdan öncə siyasi islahatlara başladı. Azərbaycanda siyasi islahatlar ilk növbədə xalqın, hakimiyyətin mənbəyi olan konstitusiyaya əməl etməyindən başlayır. Başqa sözlə, azad seçkilərin keçirilməsi əsas şərtdir. Hökumətin belə bir addım atması xalqın dəstək verdiyi müxalifətin təzyiqi altında baş verə bilər. Təəssüf ki, 20 ildir heç bir iş görməyib camaatın gözünü “mazol” edən partiya liderləri sosial dayaqlarını itiriblər. Faciə ondadır ki, vəziyyəti dəyişmək üçün nə etmək lazım olduğunu da bilmirlər.
– Müxalifət düşərgəsində mövcud olan “radikal” və “konstruktiv” yanaşma metodları özünü doğruldurmu? Ümumiyyətlə, bu gün rаdikаl qüvvələrin ətrаfındа tоplаşаn insаnlаrın tədricən о lidеrlərdən аyrılması mümkündürmü?
– Sadəcə olaraq, onların radikallılığının nədən ibarət olduğunu bilmirəm. Radikallılıq “Prezidentə istefa!” şüarı demək hesab edilirsə, onda hökumət bu radikallıqdan niyə narahat olmalıdır? Parlamentdə olan partiyalar radikal olmayan, onların dili ilə desək konstruktiv müxalifətdirsə, Müsavat və ya Xalq Cəbhəsi partiyalarına nə ehtiyac var, özləri yığışıb indiki rejimlə mübarizə aparacaq bir koalisiya yaratsınlar. Bu, çox vacibdir. Rəqabət olmalıdır. Dünyanın bir çox xalqları təqribən 300 il bundan öncə bilirdilər ki, həm siyasi, həm də iqtisadi arenada sağlam rəqabət olmasa, cəmiyyətdə heç bir inkişaf ola bilməz. Bazar iqtisadiyyatının atası professor Adam Smit 18-ci əsrdə bununla əlaqədar 800 səhifəlik kitab da yazmışdı. Təəssüf ki, dünya əhalisinin azı 90 faizinin bildiyi bu əsas məsələni biz azərbaycanlılar bilmirik və ya qəbul etmirik. Biz hələ də özümüzə rəhimdil padşah axtarırıq.
Tahirə Qafarlı
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!