ACP lideri, eks-spiker Rəsul Quliyev Azpolitika.com-un suallarını cavablandırıb.
– London olimpiadası da bu hakimiyyətə utanc gətirdi…
– Bilirsinizmi, əziz xalqım! Hər hansı ölkənin olimpiadada və ya digər beynəlxalq idman yarışlarında medal qazanmaq şansı ölkənin birbaşa idmana xərclədiyi pulla bağlıdır. Millətlər, xalqlar arasında idmanda istedadlı xalq deyilən bir məfhum yoxdur. Bütün xalqlar idman sahəsində eyni talanta malikdirlər. Dövlətlərin idmanda qələbəsi yalnız bu sahəyə yatırılan investisiyalarla ekvivalentdir. Adi bir statistikaya nəzər salanda bunu daha bariz şəkildə görə bilərik.
Bəlkə bir çoxlarının yadından çıxıb. Mən yadlarına sala bilərəm. Olimpiadada Çin medal qazanan ölkələr arsında 8 il bundan öncə 20-ci, 30-cu yerlərdə olardı. Amma indi haradadır? İkinci yerdə. Hətta olimpiada ərzində sıralamada uzun müddət birinci yeri də tuta bilirdi. Mümkündür ki, növbəti olimpiadada Çin birinci yerə də çıxa bilər. Çünkü son 8-10 il ərzində Çin idman sahəsinə xeyli investisiya qoyub. Hər bir idmançı üçün kifayət qədər pul xərcləyib. Azərbaycan da pul xərcləyir. Olimpiadaya göndərdiyi hər bir idmançıya xərclədiyi pulun miqdarına görə dünyada birinci yerdədir. Bu xərclərə görə o ABŞ, Çin, Rusiya, Almaniyanı vurub keçib. Bəs, hanı nəticə? Hər rayonda milyonlar xərcləyib yaradılmış ‘’Olimpiya ‘’ komplekslərinin qapısını indiyə qədər saunada keyf çəkən məmurlardan başqa heç olmazsa bir idmançı açıbmı, əlbəttə yox. Məsələ burasındadır ki, sənəddə olimpiadaya xərclənən kimi görünən vəısaitin də 60-70 faizi mənimsənilib. Hələ bunu bir kənara qoyuram. Anlamaq çətindir ki, Azərbaycanın öz övladları arasından çempionlar yetişdirmək mümkün olduğu halda gedib xarici ölkələrdən idmançıları baha qiymətə alıb gətiririk. Bizim öz övladlarımız isə itib-batırlar. Ayıb deyil? İnsan nə qədər xalqına yuxarıdan aşağı baxar? On medalçıdan cəmi bir neçəsi öz xalqımızın nümayəndəsidir. Bu sadəcə olaraq biabırçılıqdır.
Bu gün istənilən ölkədə sorğu keçirsən, heç kim bilməz ki, Azərbaycan olimpiadadan neçə medal alıb. Ancaq Azərbaycanın London olimpiadasında hansı skandallarla qaldığını çoxu bilir. Bu gün Avropada beş adamdan azı ikisi hesab edir ki, Azərbaycan olimpiadadan rüşvətə görə qovalanıb. Yəni hakimiyyət rüşvətxor siyasətiylə yaddaşlarda bu cür iz buraxıb və bu iz asan silinməz. Bu imici yenə hökumətin özü yaratdı. Müxalifət istəsəydi belə indiki hakimiyyətə bu qədər ağır zərbə vura bilməzdi.
Onun ardından Azərbaycan Kinemotoqrafçılar İttifaqının dağıdılması da dünyada iqtidarın mənfi imic formalaşdırmağa xidmət etdiyini göstərdi. Bir adama görə illərlə formalaşmış zəngin irsimizi məhv etmələri bir kənara qalsın, özlərinin onsuz da mənfi olan imicini bir qədər də korladılar. Azərbaycan bu hadisələrdən sonra bütün dünya ziyalıları arasında ziyalı zümrəsini parçalayan, repressiyaya məruz qoyan, düşüncə sahibləri arasında antaqonist münasibətləri formalaşdıran dövlət kimi yadda qaldı. Sonuncu Əhmədova videosundanda kifayət qədər yazmışam. Belə bir dövlətdə hansı vətəndaş cəmiyyətinin yaranmasından söhbət gedə bilər. Hansı qüdrətlə işğal olunmuş torpaqlar azad edilə bilər ki, istənilən müharibələrin, hərbi əməliyyatların hərəkətverici qüvvəsi sayılan ziyalılar bir-birinin düşməninə çevrilib? Mümkün deyil.
– Eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi faktının da Azərbaycan iqtidarının məkrli planı hesab edilir…
– Son vaxtlar Əbülfəz Elçibəyin guya zəhərlənib öldürülməsi ilə bağlı qurulan şou da mövcud hakimiyyətin ağılsız mahiyyətindən xəbər verir. Mən şəxsən söz tapa bilmirəm bu hadisləri şərh etmək üçün. Nə qədər əxlaqdan, mənəvi dəyərlərdən və üstəlik ağıldan yoxsul olmalısan ki, belə bir uğursuz ssenari hazırlayıb ortaya atasan və prosesin öz əleyhinə yönələcəyini görməyəsən. Bu qədər ağılsız insanların pis-yaxşı bir rejim yaratmasına və onu idarə edə bilməsinə inanmaq mümkün deyil. Bilirsinizmi, zəhərlənmə elə bir hadisədir ki, 2000 il bundan öncə zəhərlənib ölənləri onun başdan götürülmüş tükün bir hissəsinin analizi ilə aydınlaşdırmaq mümkündür. İndi elm elə bir səviyyəyə gəlib ki, istənilən adamın zəhərlənmədən ölmədiyini təyin etmək çox asan bir məsələdir. Ağılları öz ekspertlərinin verəcəyi rəyə arxalanıb siyasət yürüdəcəklərinə gedib. Hakimiyyətin bu saxtakarlıqlar üzərində qurduqları siyasətin nəticəsidir ki, dünyanın heç bir yerində Azərbaycan ekspertlərinin verdiyi rəyə heç adi kağız parçası kimi də hörmət qoymazlar. Heç Azərbaycanın öz daxilində də heç kimi bu rəylərə inandıra bilməzlər. Üstəlik, Elçibəy xarici bir ölkənin nüfuzlu tibb klinikasında dünyasını dəyişib və onun səbəbi haqqında tibbi reportlar var. Aydın məsələdir ki, Azərbaycan hakimiyyəti zəhərlənərək öldürmə faktını sübut etmək üçün xarici ekpertizalara müraciət etməlidir və onlar da iqtidarın sifarişiylə tibbi rəy yazmaq məsuliyyətinin altına girməzlər. Bəs, onda bu şounun mənası nədir? Nəyə lazımdır belə şoular? Ayıbdır, bütün dünyanı bu axmaq şoularla üstümüzə güldürmək. Aydın məsələdir ki, Əbülfəz Elçibəy zəhərlənməyib. Hətta zəhərlənibsə belə, bunun Əli Kərimliylə heç bir əlaqəsi yoxdur. Əli Kərimli adamı necə zəhərləməyin yolunu bilə bilməz. Bu işi dünyada Əliyevlərdən yaxşı bilən yoxdur. Çünki onların peşəsi olub adam zəhərləmək, Əli Kərimlinin yox.
Əbülfəz Elçibəy rəhmətə getməmişdən əvvəl mən onunla Vaşinqtonda görüşdüm. Onu görəndə xeyli təəccübləndim ki, insan nə qədər dəyişərmiş? Onun bədəni şişmiş, dərisi dartılmış, rəngi ağappaq idi. Hətta uzaqdan onun ciddi xəstə olduğunu təyin etmək mümkün idi. Mən ona təklif etdim ki, həkimə aparım, onu müayinə elətdirim. O isə bundan imtina etdi. Türkiyədə müalicə olunacağını bildirdi. Bizim o vaxt onunla görüşümüz üç saat sürdü. Bu söhbətimiz zamanı rəhmətlik bir çox kəslərdən gileyləndi. Hamının odu oz qabağına çəkdiyindən şikayətlənirdi. İqtidar qədər müxalif liderlərindən də narazı idi. Onun ətrafında birləşmək istəməmələrindən narazı idi. Amma kiminsə onu zəhərlənməsi nə özünün ağlına gəlirdi, nə də bu vaxta qədər belə bir versiya ortaya atılmışdı. Onun cəbhə silahdaşlarından bir çoxları 1998-ci ildən açıq-aşkar Əbülfəz bəyin əleyhinə iş aparırdı, hökümətlə sövdələşirdi. Bu sirr deyildir. Hər halda Əbülfəz bəy onların adlarını Vaşinqtondakı görüşümüzdə bir-bir sadaladı. İndi həmin adamların canfəşanlıqla ona necə sadiq olduqlarını söyləməsi də mənəviyatsızlıqdır. Əbülfəz Elçibəyi dahiləşdirənlərlə razı deyiləm. Onun reallıqla yanaşı kifayət qədər də fantastik fikirləridə var idi. Bizim saatlarla çəkən mübahisələrimiz də olub. Ancaq Əbülfəz bəy Azərbaycanda yeganə prezidentidir ki, o şəxsi həyatını millətin xoş gələcəyinə qurban verməyə hazır idi. O yeganə prezident idi ki, ozünün komandasından olanların naqis, yaramaz hərəkətlərini qeyd-şərtsiz bağışlaya bilirdi.
– Bəs belə bir hakimiyyətlə necə vidalaşmaq olar?
– Hökumət qüvvələri bu qədər qeyri-əxlaqi metodlarla öz kreslolarını, haram yollarla yığdıqları varidatlarını qorumaq istəyirlər. Quba hadisələrinə baxsınlar. Qəzəblənmiş xalq kütlələri basqın etdikləri evin bütün əşyalarını dağıdırdılar. Halbuki, bəlkə o əşyalara bəzilərinin ehtiyacları vardı. Amma heç birinin ağlına gəlmirdi ki, xalqın halal pulu mənimsənilərək toplanmış bu varidatdan nəyisə özləriylə aparıb hansısa ehtiyac sahibinə versinlər. Çünki, qəzəblənmiş xalq kütləsinin psixologiyası belə olur. Milləti bu dağıdıcı əhval-ruhiyyəyə sürükləmək olmaz!
Bu hakimiyyət Azərbaycanın siyasi səhnəsindən silinməlidir. Bunların mayası haramla yoğrulub. Bu hakimiyyətdən xilas olmaq üçün ilk növbədə xalqın özünə inamı bərpa olunmalıdır. Mən bu istiqamətdə gecəli-gündüzlü çalışıram. Proqram və layihələr hazırlayıram. ACP sədri Sülhəddin Əkbərlə, digər partiya rəhbərləriylə müəyyən layihələr hazırlayıb həyata keçirməyə çalışırıq. Qarşımıza çıxan maneələr də az deyil. Buna baxmayaraq müəyyən uğurlara da imza ata bilmişik. Son vaxtlar 16 partiya müəyyən tezislərin bazasında razılığa gələ biliblər. Sözsüz bu tezislər daha da mükəmməlləşməlidir. Əgər biz bu tezislər üzərində vahid mövqeyə gələ bilsək və sıralarımızı genişləndirsək mövcud rejimi asanlıqla tarixdən silə biləcəyik.
Baxmayaraq ki, 2013-cü ildə özünü gah ana, gah aparıcı müxalifət adlandıranlara 1995, 1998, 2000, 2003, 2005, 2008, 2010-cu illərdə xalqı bu vəziyyətə gətirib çıxaran atdıqları addımların həyata keçirməsinə ya mane olmağa çalışacağıq ya da ümumiyyətlə fikr verməyəcəyik. Bayaqdan izah etdiyim kimi bu rejim mənsubları o qədər də güclü deyillər. Nə əqli, nə əxlaqi cəhətdən. Onların söykəndiyi yeganə amil öz haram yolla yığdıqları kapitallarıdır. İnsani dəyərlərə əhəmiyyət verilmədiyi təqdirdə bu kapitalın cəmiyyəti əldə saxlamaq şansı sıfra bərabərdir. Azərbaycandakı mövcud rejim əxlaqsız olduğundan onu yıxmaq o qədər də çətin deyil. Bu şərtlə ki, birinci növbədə mübarizə aparanlarda gərək fərqli əxlaq ola. Gərək öz maraqlarının naminə sürüşkən olmayasan. Boş-boş danışıqlar, dəmir nizam intizamla əvəz olunmalıdır. Bu yaxınlarda Müsavat partiyasının çoxsaylı müavinlərindən biri mənə məsləhət görürdü ki, əqidədən danışmayım , onun da bununla əlaqədar mənə sualları var. Düşünürəm ki, o suallar verilməlidir. İnstitutda oxudumuz illərdən bu günə qədər keçdiyimiz həyat yolunu onun əqidəli saydığı istənilən şəxslə müqayisə etməyə hazıram. Baxaq görək kimin bu millətə hansı xeyri və hansı zərəri dəyib. Baxaq görək kimin həyatı şüardan başqa ancaq neqativ hərəkətləri ilə yaddaşlarda qalıb. Kim heç bir real nəticəsi olmayan mənasız həyat keçirib.
Mən Azərbaycan mətbuatını, sosial şəbəkələrdəki müzakirələri diqqətlə izləyirəm. Sevinirəm ki, ölkəmdə kifayət qədər intellektual bazaya malik, praqmatik ağla söykənən gənclik var. Bizim birnci işimiz bu əqli potensialı öz ətrafımızda birləşdirmək olmalıdır. Fikirləşirəm ki, oktyabr və noyabr ayında geniş əhatəli toplantı təşkil edib cəmiyyətimizin düşünən beyinləriylə müxtəlif məsələləri müzakirə edək. Ümidvaram ki, bu müzakirələrdən güclü təşkilatlanmış qurum ortaya çıxacaq və bizim demokratik mübarizəmiz ən son hədəfinə çatacaqdır. Mümkündür ki, bu gün bir araya gələn 16 partiyanın bir hissəsi bu ittifaqda birləşməsin. O da mümkündür ki, başqa qüvvələr ittifaqa qoşulsun. Məqsəd çox partiyanı ittifaqda birləşdirmək deyil. Say, kəmiyyət məni düşündürmür. Az olsun, proqramlı, nizam-intizamlı olsun, məqsədinə doğru inadla yürüsün. Məhz belə keyfiyyətlərə malik təşkilatla biz qarşımıza qoyduğumuz hədəfimizə çata biləcəyik. Mən buna inanıram. Siz də inanın. Unutmayın ki, inam qələbənin yarısı deməkdir. Mən son olaraq üzümü Azərbaycan gəncliyinə tutub müraciət etmək istəyirəm. Əziz Azərbaycan gəncliyi, bütün millətlərin taleyində onun aktiv qüvvəsi olan gəncliyin rolu danılmazdır. Bu gün bizim quracağımız demokratik rejimdən də ən çox siz yararlanacaqsınız. Ölkəmizin hansısa ailələrin qulu olmasına səbrlə yanaşmağa heç birimizin, xüsusilə də sizin mənəvi haqqınız yoxdur. Xalqımızın ümid yeri kimi öz mənəvi məsuliyyəti dərk edib, müqəddəs mübarizəyə hazır ol! Əks təqdirdə nə sən həyatın boyu özünü, nə də gələcək nəsillər səni bağışlamayacaq. Necə ki, sən bizləri bağışlamamaq haqqına maliksən.
– Elşad Abdullayev qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı Qənizadəyə sensasion bilgilər verib. Bəs Afiyyəddin Cəlilov,Şəmsi Rəhimov,Ziya Bünyadov və digər vəhşicəsinə öldürülənlər haqqında nə vaxt və kim tərəfindən düzgün məlumat verəcək?Bildiyiniz kimi bizim hüquq-mühafizə orqanları hakimiyyətin sifarişlərini həyata keçirir və onun göstərişi ilə faktlar ört-basdır edilir.
Hörmətli Rəsul müəllim,ABŞ da seçiləcək prezidentin kimliyi Azərbaycan üçün nə kimi əhəmiyyətlidir?Xahiş edirəm bu haqda fikirlərinizi bildirəsiniz.
Sabiq millət vəkili Gülər Əhmədova dünənə kimi hakimiyyətin müdafiəçisi,onun pul yıganı idirsə bu gün bu hakimiyyətin düşmənidir.Görəsən Gülərin həmkarları bundan nəticə çıxarıb ibrət götürə bilirlərmi?