ABŞ-da dünyanın ac insanlarına yardım Fondu fəaliyyət göstərir. Fondun əməkdaşları ictimai yerlərdə elanlar yapışdırır, xüsusi qablar qoyub camaatdan pul toplayırlar. Hər dəfə Fondun pul yığan işçilərini görəndə və onların topladığı vəsaitin bir hissəsinin də Azərbaycana göndərildiyini düşünəndə, bacarıqlı, işgüzar, başqalarına əl tutan, əməksevər Azərbaycan xalqını özgələrə möhtac vəziyyətə gətirib çıxaranlara nifrətim artır. İldə 30-40 milyon dollarlıq humanitar yardımı təntənə ilə qarşılayıb öz xalqının milyardlarla dollarını oğurlayanların insan olduğuna şübhəylə yanaşıram.
Azərbaycanda köklü surətdə dəyişikliyə səhərdən axşamadək, demokratik cəmiyyətin üstünlüklərindən danışıb şüarlar söyləməklə nail olmaq mümkün deyil. Mən “cəmiyyət əvvəlcə demokratiyanın mahiyyətinin və nəzəriyyəsinni anlamalı, sonra belə bir sistem yaratmalıdır” ideyasının tamamilə əleyhinəyəm. Biz elə bir rejim yaratmalıyıq ki, demokratik cəmiyyətin üstünlüklərini hər bir vətəndaş hiss etsin, demokratik dəyərlər xalqın həyat tərzinə çevrilsin.
Azərbaycanda demokratiyanın vacibliyi və üstünlükləri barədə əvvəlki – “Demokratiyaya doğru yol”, “Mübarizəmizin məqsədi” kitablarında, mətbuatda çox danışmışam. Ola bilər ki, kimlərsə məni bu barədə ifrata varmaqda günahlandırsın. Ancaq mənim məqsədim demokratiya barədə xalqımızı maarifləndirmək deyil. Əsas məqsədim mənimlə birlikdə demokratik cəmiyyət ideyasında bulunan, intellektual, yeni təfəkkürlü həmfikirlərin böyük bir ordusunu yaratmaqdır.
Normal demokratik cəmiyyətlərdə insanlar öz həyat tərzlərinə görə, üç qrupa bölünürlər: varlılar, orta səviyyədə yaşayanlar və kasıblar. Normal ölkələr üçün bu qruplar arasında nisbət müəyyən tələblərə cavab verməlidir. İndi Azərbaycanda bu qruplar aşağıdakı nisbətdədəir:
Varlılar – 1%, orta səviyyədə yaşayanlar – 2-3%, kasıblar 95-97%.
Adətən, diktatura rejimlərində nisbətən varlılar 0,01%, orta səviyyədə yaşayanlar 98%, qalanlar isə kasıblar olur. Ona görə hər dəfə söyləyirəm ki, Azərbaycanda Heydər Əliyev analoqu olmayan diktatura rejimi yaradıb. Mən öz vəzifəmi onda görürəm ki, çox qısa bir müddətdə varlıların ən çoxu 2-3%, kasıbların ən çoxu 5%, orta yaşayanların 92-93% təşkil etdiyi cəmiyyət quraq.
Dövlət öz xalqı qarşısında bir sıra mühüm məsələlərdə məsuliyyət daşıyır və daşımalıdır. Onlardan ən ümdəsi kasıbların minimum həyat şəraitini təmin etməkdir. Bu məsələnin həlli dövlət büdcəsindən ayırmalar hesabına olur. Dövlət büdcəsi isə vətəndaşların gəlirlərinin çox olması, ümumi həyat səviyyəsinin qalxması hesabına yaranır. Deməli, dövlət öz problemlərinin həlli üçün vətəndaşlarının varlı olmasına maraq göstərməlidir. Ona görə də dövlətin vəzifəsi gecə-gündüz çalışmaq, təşəbbüskar, ağıllı, bacarıqlı vətəndaşlar üçün maksimum dərəcədə maneəsiz, bürokratiyasız, rüşvətsizləşdirilmiş şəraitin yaradılmasıdır ki, insanlar azadlıq və sərbəstlik şəraitində öz düşüncələrini reallaşdıra bilsinlər.
Dövlətin vəzifəsi öz ağıl və bacarığını reallaşdıra bilən, dövlət büdcəsinə müəyyən qədər vəsait keçirməklə ölkənin müdafiə qüdrətini, təhsil, səhiyyə xidmətlərini artırmağa kifayət qədər kömək edən vətəndaşların “mən büdcəyə filan qədər pul köçürmüşəm” söyləməsindən qürur duymasına şərait yaratmaqdan ibarətdir. Elə şərait yaradılmalıdır ki, kasıb öz qabiliyyəti və işgüzarlığı ilə varlana, işgüzarlığını itirmiş varlı isə kasıblaya bilsin. Əlbəttə, xalqın mənəviyyatına vurulan zərbələr bizi məcbur edəcək ki, Əliyevlər rejimindən sonra bir neçə il sərt qanunlar tətbiq edək. Məsələn, korrupsiya və rüşvəti milli faciə elan etmək lazımdır. Və yaxud, vergidən yayınanlar üçün sərt sanksiyalar qoyulmalıdır. Cəmiyyətin yaramaz diktator rejimi nəticəsində mənəviyyatı pozulmuş hissəsini qanunlar çərçivəsində yaşamağa məcbur etməliyik. Biz demokratiyanı yeni nəslin həyat tərzinə çevirməliyik. Bu işlərin nəticəsində hər kəs öz yerini cəmiyyətin verdiyi qiymət əsasında tutacaq. Onların bu yerlərə süni surətdə düzməyə ehtiyac qalmayacaq.
“Diktatorla Üz-Üzə” Kitabından
Ardı Var
Korrupsiya və rüşvəti eyni zamanda manopoliyanı milli faciə elan etmək və bu yolla dünyanı bəzəyən H.Əliyev heykəllərini yıgışdırmaq lazımdır.Belə anoloqu olmayan ideyanı,bir heykəlin xətrinə digər ölkələrdə böyük parkların,xiyabanların təmirinə çəkilən xərcləri demokratik ölkələrin razılıq verməsi mənfi qarşılanmalıdır.Onlara izah olunmalıdır ki,ac qalan xalqın milyonlarını belə sərsəm işlərə xərcləmək cinayətdir.
Korrupsiya və rüşvəti yaradan “qəhramanlarına”adları üzərinə yazılmaqla abidə yaradıb zibilxana və yaxud ölüxana adı ilə şəhərin bir yerində qoymaq lazımdır.