“Məqsədim Sizin Həyatda İtirdiyiniz İnamınızı Özünüzə Qaytarmaqdır”

Əvvəli

Hətta vətəndən çox uzaqlarda olduğum vaxtlarda da Azərbaycanda demokratiyanın bərpa olunması üçün əlimdən gələni etməyə çalışmışam. Bununla yanaşı, Azərbaycanın sivil ölkələrə qoşula bilməməsindən, onun haqqında gəzən bədgüman rəylərdən həmişə məyus olmuşam.

2000-ci ilin martında ABŞ Konqresində Azərbaycanla bağlı keçirilmiş dinləmələrdəki çıxışımın bəzi yerlərini təqdim etmək istəyirəm:

“Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik qazanan vətənim Azərbaycanın demokratik inkişaf yolu ilə sivil ölkələr sırasına qoşula bilmədiyinə və ölkədəki diktatura rejiminin insan hüquqlarını hər an tapdadığına görə bu ağır problemin beynəlxalq aləmə çıxmasından təəssüf hissi keçirirəm. Sizin vətəninizdən on min kilometrlərlə uzaqda yerləşən kiçik bir ölkənin vətəndaşlarının düşdüyü ağır vəziyyətdən çıxmasına yardım məqsədi ilə öz qiymətli vaxtınızı ayırıb bu məsələnin müzakirəsini təşkil etməyinizə görə, təşəkkür edirəm.

Son illərdə Azərbaycanda gedən proseslər bir daha göstərdi ki, ölkənin müstəqillik əldə etməsi hələ xalqın müstəqil və azad yaşaması demək deyildir. Belə ki, son 7 ildə Azərbaycanda məqsədyönlü şəkildə yaradılmış rejim vətəndaşların hüquq və azadlıqlarına Sovet İmperiyası dövrü ilə müqayisədə daha amansızlıqla qəsd edir.

1995-ci ildə parlament seçkiləri 85%, 1998-ci ildə predzident seçkiləri və 1999-cu ildə bələdiyyə seçkiləri 100% saxtalaşdırılmış, xalqın Konstitusiya ilə təsbit olunmuş seçmək və seçilmək hüququ faktiki olaraq əlindən alınmışdır.

1998-ci ildə total saxtalaşdırma yolu ilə özünü prezident elan etmiş H.Əliyev Azərbaycan Respublikası Konstitusiyasının “Dövlət hakimiyyətinin mənbəyi xalqdır” müddəasını kobud şəkildə pozmaqla, Azərbaycan xalqına qarşı ağır cinayət törətmişdir. Bu seçkilərdə saxtalaşdırma o qədər ifrat dərəcədə həyata keçirilmişdir ki, hətta sözün əsl mənasında H.Əliyevə birbaşa tabe olan MSK seçkinin nəticəsini onun istədiyi kimi elan etməyə risk göstərməmişdir. Yalnız H.Əliyev dünya praktikasında görünməyən addımı atdıqdan – özünü prezident elan etdikdən sonra MSK bu məsuliyyəti öz üzərinə götürmüşdür.

Hər üç seçki kampaniyasının (parlament, prezident və bələdiyyə) total saxtakarlıqla keçirildiyi barədə ABŞ-ın müvafiq institutlarının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun bəyanatları mövcuddur. Seçkilərin keçirilməsi zamanı saxtakarlıq o qədər yüksək səviyyədə olmuşdur ki, hələ bu günədək MSK seçki protokollarının nəticələrini mətbuatda elan edə bilmir və bununla da Konstitusiyanı bir daha kobud şəkildə pozur.

Bu seçkilərin total saxtalaşdırılmasını sübut edən kifayət qədər əsaslı faktlar mövcuddur. Mən onlardan yalnız birinin üzərində dayanmaq istəyirəm. Rejim yaratdığı son dərəcə ağır siyasi, iqtisadi-sosial şəraitin nəticəsi olaraq bu və ya digər səbəblərdən, təxminən, 8 milyonluq əhalisi olan Azərbaycanın 2 milyondan artıq vətəndaşı ölkədən xaricdə, əsasən Rusiya, Ukrayna, Türkiyə və başqa ölkələrdə yaşayıb işləməyə məcburdular.

Seçkilərdə iştirak etmək hüququna malik olan cəmi 4,6 milyon vətəndaş qeydiyyatdan keçmişdir. Xaricə gedənlərin əsasən iş qabiliyyətli əhali olduğunu nəzərə alsaq, cəmi 2,6 milyon vətəndaş seçkilərdə iştirak edə bilər.

Seçicilərin yalnız 80%-i, yəni, maksimum 2 milyonu seçkilərdə iştirak edir. MSK isə hər dəfə öz hesabatlarında 3,6 milyondan artıq vətəndaşın iştirak etdiyini göstərmişdir. Bu seçkilərin total saxtalaşdırılmasını müəyyən etmək üçün ciddi təhlilə ehtiyac yoxdur, hər şey göz qabağındadır.

Azərbaycanda icra hakimiyyətinin  müstəqilliyindən söhbət belə gedə bilməz. Çünki polis rəisləri, prokurorlar, icra başçıları, institut və universitet rektorları, texnikom direktorları, hətta dekanlar, kafedra müdirləri ya H.Əliyevin fərmanı ilə, ya da onunla razılaşdırmadan sonra təyin və azad olunurlar.

Konstitusiya ilə nəzərdə tutulmuş üçüncü dövlət institutu olan məhkəmə sisteminin müstəqilliyi barədə söhbətlər Azərbaycan xalqı tərəfindən istehza ilə qarşılanır. Çünki hakimlər faktiki olaraq H.Əliyev tərəfindən təyin olunurlar, bu sahədə ümumiyyətlə seçkilər haqqında heç danışmağa belə, dəyməz.

Ümumiyyətlə, bu gün Azərbaycanda vətəndaşların seçki yolu ilə öz iradəsini ifadə edə bildiyi heç bir vəzifə mövcud deyil. Daha  doğrusu, insanların seçmək və seçilmək hüququ total şəkildə əllərindən alınmışdır.

Azərbaycanda hakimiyyətin mənbəyi xalq yox, diktatordur, korrupsiyaya uğramış bir qrup totalitar rejim nümayəndəsidir.

Ortaya sual çıxır: Sovet İmperiyasının əsarətindən xilas olmaq üçün 1988-ci ildən başlayaraq, proseslərdə Pribaltika ölkələri ilə bir səviyyədə mübarizə aparan, 1990-cı ilin yanvarında öz müstəqilliyi uğrunda yüzlərlə qurban verən Azərbaycan xalqı niyə belə bir acınacaqlı vəziyyətə düşüb və nəyə görə o, öz hüquqları uğrunda qətiyyətlə mübarizə apara bilmir?

Bunun bir çox səbəbləri var. Başlıcası isə, fikrimcə, 1993-94-cü illərdə antidemokratik və total düşüncəyə malik, DTK sistemində böyük təcrübəyə yiyələnmiş general, keçmiş politbüro üzvü H.Əliyevin ölkədə mövcud olan hərbi ekstremal çevrilişdən, siyasi vəziyyətdən ustalıqla istifadə etməsidir. Məhz onun apardığı məqsədyönlü siyasət xalqı belə bir fəlakətə gətirib çıxarmışdır.

Hələ 1994-95-ci illərdə o, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzlə əlaqədar yaranmış şəraitdən istifadə edərək, öz repressiya proqramını həyata keçirməyə başlamışdır.

Stalin diktaturasına məxsus olan “xalq düşməni” termini H.Əliyevin hakimiyyəti dövründə onun tərəfindən yenidən gündəmə gətirilmişdir.

H.Əliyevin keçirdiyi rəsmi və qeyri-rəsmi yığıncaqların əksəriyyətində onun dilindən “xalq düşməni” termini səslənməsi adi hala çevrilib. Elə bir müxalif fikirli lider yoxdur ki, H.Əliyev heç olmasa bir dəfə onu “xalq düşməni” adlandırmasın.

1994-cü ildən bu günədək, ən azı 600 min Azərbaycan vətəndaşı heç bir günahı olmadan H.Əliyevin məşəqqətli istintaq təcridxanalarına və ya həbsxanalarına salınmış, burada əzab və işgəncələrə məruz qalmışdır. Vətəndaşların təqib və repressiyalara məruz qalması konveyer şəklində həyata keçirilir. Bu konveyer belə işləyir: vətəndaş – qondarma ittiham-istintaq təcridxanası- işgəncələr-məhkəmə-həbsxana.

Həbs olunanların yalnız bir qismi – külli miqdarda rüşvət vermək imkanına malik olanlar özlərini xilas edə bilir. Həbsxanalarda yer olmadıqda, prezidentin fərmanı ilə amnistiya verilir, 20-30 minlik yer açılır və yenidən konveyer işə düşür.

Bu proses insanları mütiləşdirmək, qul etmək məqsədilə həyata keçirilməklə yanaşı, korrupsiya və rüşvətin dövlət siyasətinə çevrildiyi bir ölkədə H.Əliyev və onun çinovnikləri üçün çox güclü bir gəlir mənbəyidir. Yəni, bu günahsız insanlar azadlığa çıxmaq, məhv olmamaq və ya amnistiyaya düşmək üçün istintaq, məhkəmə proseslərində, həbsxanalarda hökmən rüşvət verməlidirlər.

Bu gün on minlərlə adamın qondarma ittihamlarla – “prezidentə qarşı terrora cəhd”, “terorrda iştirak”, “xalq əmlakını dağıtmaq” adları altında günahsız yerə həbs olunmaları ölkədə heç kim üçün sirr deyildir.

İş tapmaq ümidini itirmiş, rejim mənsublarının özbaşınalığı nəticəsində istənilən vaxt həbsxanaya atıla biləcəyi ehtimalı olan 2 milyondan artıq azərbaycanlı ölkəni tərk edərək, dünyanın bir çox ölkələrinə səpələnmişdir.

H.Əliyevin apardığı repressiya nəticəsində xalq Konstitusiyada təsbit edilmiş dövlətin idarə olunmasında iştirak hüququndan tamamilə məhrum olunmuşdur. Cəmiyyəti antidemokratik sistemə qarşı mübarizəyə səfərbər edəcək aparıcı intellektual şəxslərin böyük bir hissəsinin məcburiyyət üzündən ölkəni tərk etməsi ilə əlaqədar xalqın müqaviməti zəifləmiş, nəticədə rejimin özbaşınalığı ifrat bir səviyyəyə qalxmışdır.

Bununla yanaşı, rejim hər zaman, xüsusilə 1998-ci ildən bu günə qədər, vətəndaşların kütləvi aksiyalar keçirmək hüquqlarını kobudcasına pozur, hər hansı tədbirə qarşı polis və ordu qüvvələrindən istifadə edir, zorakılıq nümayiş etdirir, aparıcı müxalifət partiyalarının üzvlərini mütəmadi olaraq həbsə atdırır.

Bu gün Azərbaycanda hər 100 min vətəndaşdan həbsxanalarda olanların sayı Rusiya Federasiyası ilə müqayisədə 3 dəfə, ABŞ-la müqayisədə isə 15 dəfə çoxdur. H.Əliyev isə yaratdığı rejimlə öyünür, ölkəyə sabitlik gətirdiyini deyir. Belə bir məntiqlə yanaşanda, qəbiristanlıq ən sabit və ən sakit yerdir, başqa sözlə, “insan yoxdur, problem də yoxdur” qənaəti H.Əliyev düşüncəsinin Stalindən qalmış ideoloji qaynağıdır.

Yuxarıda söylədiyimi nəzərə alsaq, Azərbaycan xalqının indi öz hüquqlarının bərpası uğrunda mübarizədə bir qədər passivlik göstərməsinin 3 əsas səbəbini göstərmək olar:

-Birincisi, konveyer şəklində davam edən repressiyalar xalqın gözünü qorxutmuş, onu mütiləşdirmişdir.

-İkincisi, xalqın müəyyən dərəcədə intellektual potensiala malik olan daha mübariz hissəsi ölkəni məcburən tərk etmişdir.

-Üçüncüsü, korrupsiya və rüşvət dövlət səviyyəsinə qaldırıldığından, ölkə əhalisinin 0,6%-i son dərəcə varlı, qalan hissəsi isə kasıb və ya dilənçi həddində yaşayır. Yəni, insanların hüquq və azadlıqları, demokratiya uğrunda mübarizə apara biləcək orta təbəqə mütləq mənada yox edilib. Vətəndaşların, ümumiyyətlə bütün hüquq və azadlıqları əllərindən alınıb.

Təsəvvür edin ki, parlamentdə müxalifəti təmsil edən çox azsaylı deputatların öz seçiciləri ilə görüşmək hüququ belə, yoxdur.  Parlamentin qanunvericilik hüququ çoxdan əlindən alınıb. Onun mühüm bir funksiyasına – dövlət büdcəsinə nəzarət etmək hüququna prezident tərəfindən qadağa qoyulub. Hətta H.Əliyevin partiyasından – YAP-dan olan deputatlar da, o icazə verməsə, seçicilərlə görüşə bilməzlər. Bu qaydadan istisna olaraq yalnız 2 nəfər – H.Əliyevin oğlu İlham Əliyev və qardaşı Cəlal Əliyev kənara çıxıb seçicilərlə görüşə bilərlər. Əgər parlament belə bir hüquqsuz vəziyyətdədirsə, adi vətəndaşın hüququndan söhbət açmağa dəyərmi?!

H.Əliyev və onun çinovniklərinin tez-tez istinad etdikləri arqumentlərdən biri də “demokratik rejimə nail olmaq üçün 200 il vaxt lazımdır” tezisidir. Görünür, 50 ildən sonra Azərbaycanda hakimiyyətə H.Əliyev kimi biri gəlsə, o da demokratik rejim yaratmaq üçün 250 ilin lazım olduğunu deyəcək. 200 il deməklə, H.Əliyev yəqin ABŞ-ı nəzərdə tutur. H.Əliyevin məntiqindən belə çıxır ki, XIX əsrin əvvəllərində ABŞ-da da prezident və parlament seçkilərini onun kimi keçirirlərmiş. 200 il deyəndə, görəsən, o, nəyi nəzərdə tutur? Bəlkə, düşünür ki, azad və ədalətli seçkilər ABŞ-da ancaq ötən əsrin 90-cı illərindən keçirilir? Seçkilərin saxtalaşdırılmasının hər hansı bəraət cəhdindən asılı olmayaraq, demokratiya ilə heç bir əlaqəsi yoxdur.

Bəzi xarici siyasətçilər Azərbaycanda mövcud olan rejimin müsbət addımı kimi, 2 məsələni qeyd edirlər: senzuranın ləğv edilməsi və Cinayət Məcəlləsindən ölüm hökmünün götürülməsi.

Təəssüflə qeyd etməliyəm ki, hər iki məsələyə Azərbaycanda mövcud diktatura rejimi konteksindən yanaşdıqda, bu faktları birmənalı şəkildə demokratiyanın inkişaf təzahürü kimi dəyərləndirmək olmur. Senzuranı ləğv etməmişdən öncə, hökumət faktiki olaraq, qəzetlərin çap olunması üçün lazım olan materialları (xüsusilə kağızı) monopoliyaya almaqla qəzetlərin maya dəyərini əvvəlcədən dəfələrlə yuxarı qaldırmışdı. Bu gün Azərbaycanda 20 min tirajla çap olunan qəzet mövcud deyil. Qəzetlərin qiyməti ABŞ-da və ya Qərb ölkələrində buraxılan qəzetlərin qiymətlərindən qat-qat bahadır. Təsəvvür edin ki, ayda 20 dollar əməkhaqqı alan vətəndaşın qəzet almaq imkanı hansı səviyyədə ola bilər?

Müstəqil qəzetlərə, ayrı-ayrı jurnalistlərə qarşı dövlət məmurlarının əsassız ittihamları müstəqil olmayan məhkəmələrin qərarları ilə astronomik rəqəmlərlə ifadə olunan cərimələrlə nəticələnmişdir. Bu gün də jurnalistlərə qarşı təzyiq və repressiyalar davam edir.

Azərbaycanda telekanallar və radiokanallar birbaşa H.Əliyevə və onun tərəfdarlarına xidmət etdiyindən, bu sahədə ümumiyyətlə senzuranın olub-olmamasının elə bir ciddi əhəmiyyəti yoxdur. Təsəvvür edin ki, 3 televiziya və 2 radiokanal Azərbaycandakı rejimi və onun yaradıcısını tərifləməklə məşğuldur. Müxalifət nümayəndələri efirə buraxılmır, dövlət televiziyası müxalif qüvvələrə qarşı təbliğat tribunasına çevrilib.

Televiziya və radionun təbliğat təsirinin qəzetlərdən qat-qat üstün olmasını nəzərə alsaq, Azərbaycanda senzuranın ləğv edilməsinin demokratiyanın inkişafı baxımından hansı səviyyədə effekt verdiyi haqda aydın təsəvvür yaradır. Xatırladım ki, Azərbaycanda müəyyən qədər müstəqilliyə can atan “SARA” telekanalı ancaq bir neçə ay fəaliyyət göstərə bildi. Müstəqil olmaq istəyən bütün telekanalların aqibəti gələcəkdə bundan fərqlənməyəcək.

Azərbaycanda rəsmi olaraq ölüm cəzası ləğv olunub. Ancaq həmin maddə məcəllədən çıxarılandan sonra həbsxanalarda ölənlərin sayı Sovet hakimiyyətinin son illərində güllələnənlərin sayından on dəfələrlə çoxdur. H.Əliyevin hakimiyyəti dövründə siyasi motivlərlə həbs olunmuş onlarla adam həbsxanalarda müəmmalı şəkildə dünyasını dəyişib. Təkcə 1999-cu ilin yanvarında rejimə etirazını bildirən 11-ə yaxın dustaq bir neçə dəqiqə ərzində qətlə yetirimişdir…

Biz H.Əliyev rejiminin Azərbaycan xalqının başına gətirdiyi bu fəlakətlərdən xilas olmaq istəyirik.

Biz istəmirik ki, Azərbaycan vətəndaşının orta əmək haqqı ildə cəmi 200 dollar olsun.

Biz istəmirik ki, 90%-dən çoxu dilənçi vəziyyətində yaşayan vətəndaşlarımızın hər birinin ayda aldığı 20 dollar müqabilində, korrupsiya və rüşvətə qurşanmış H.Əliyev və ona yaxın bir neçə nəfərin aylıq gəliri orta hesabla adambaşına 6 milyon dollardan çox olsun.

Biz istəmirik ki, ölkəyə xarici investisiyaların qoyulması bir insanın arzusu ilə həyata keçirilsin və ancaq şəxsi maraqlara xidmət etsin.

Biz istəmirik ki, xarici investorlar dözülməz korrupsiya və rüşvətə görə, ölkəmizdən getməyə məcbur olsunlar.

Biz istəmirik ki, hakimiyyətdəkilərdən fərqli düşünən vətəndaşlarımız əvvəl həbs edilib, sonra barələrində etmədikləri “cinayət”ə görə iş qaldırılsın.

Bir sözlə, bu gün ölkənin ümumi inkişafını əngəlləyən, adamların gələcəyə ümidini qıran, xalqı səfalətə sürükləyən bir çox yaramazlıqları istəmirik.

Biz nə istəyirik?

Biz istəyirik ki, H.Əliyev ölkədə vətəndaşların öz fikrini azad və sərbəst ifadə edə bilməsinə şərait yarada biləcək Seçki və Mərkəzi Seçki Komissiyası Haqqında Qanunların qəbul edilməsinə imkan versin.

Biz istəyirik ki, Azərbaycan xalqından toplanan vergi ilə maliyyələşdirilən televiziya və radio kanalları müstəqil olsun və heç olmasa, məhdud zaman çərçivəsində müxalifət üçün birbaşa efir vaxtı ayrılsın. 

Biz istəyirik ki, rejimə müxalif mövqedə dayananlara qarşı aparılan repressiyalara və qondarma cinayət işlərinə son qoyulsun. 

Biz istəyirik ki, seçkilərə nəzarət edə biləcək beynəlxalq müşahidəçilərin sayı kifayət qədər artırılsın və onların rəyinə etinasız yanaşılmasın.

Biz istəyirik ki, ölkədə başlanğıc kimi, sözün əsl mənasında demokratik şəkildə seçkilər keçirilsin…

 Əgər biz sizin köməyinizlə buna nail olsaq, sizi əmin edirəm ki, Azərbaycan çox qısa zamanda Yaxın Şərqdə və Orta Asiyada demokratiyanın stimulyatoruna çevriləcəkdir”.

Biz ölkədə hüquqi, demokratik, dünyəvi dövlətin qurulmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpasını, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin təmin olunmasını, iqtisadi inkişafa nail olmaqla vətəndaşların həyat səviyyəsinin yüksəlməsini istəyirik. Bu yol isə birmənalı şəkildə azad və ədalətli seçkilərdən keçir. ABŞ konqresmenləri və digər rəsmi dairələr qarşısında etdiyim çıxışlarda ifadə olunan fikirlər təkcə o məqsədə xidmət etmir ki, onların diqqətini Azərbaycanda diktatura mühitinin dəyişdirilməsinə yönəldək. Həm də o deməkdir ki, hakimiyyətə gələcəyim təqdirdə, bunlar mənim dönmədən həyata keçirəcəyim proqramın tərkib hissələridir.

Biz hakimiyyətə gələndə xalqın indiki vəziyyəti ilə bizim dövrümüzdəki yaşayışı arasında fərq o qədər dəhşətli dərəcədə üzə çıxacaq ki, H.Əliyev rejimi Azərbaycanın tarixinə tamamilə yaramaz bir rejim kimi düşəcək.

Geniş siyasi-iqtisadi reformalar keçirmək niyyətindəyəm. Güman edirəm ki, 5 il ərzində xalqın vəziyyətini ən azı 3-4 dəfə yaxşılaşdırmaq mümkündür. Lakin prezident seçildiyim gündən başlayaraq, 3-4 ay ərzində hiss olunacaq dəyişikliyə nail olmasam, nəzərdə tutduğum islahatları həyata keçirmək olmaz. Yəni, diktaturada xalq səsini çıxarmağa qorxur. Ancaq mənim xalqa təklif etdiyim demokratik rejimdə xalqın vəziyyətində qısa müddətdə dəyişiklik edə bilməsəm, xalq mənə imkan verməz ki, niyyətlərimi həyata keçirim. Bu gün dövlət büdcəsindən əməkhaqqı alanların sayı 1,5 milyona yaxındır və onlar birlikdə 30-35 milyon dollar maaş alırlar. Ancaq hakim H.Əliyev komandası ayda 60-70 milyon dollar oğurlayır. Deməli, elə birinci ayda həmin 60-70 milyon dolları camaata çatdırmaq və əməkhaqqını az 2 dəfə artırmaq olar. Təki, dövlət başçısı özü rüşvətxor olmasın.

1991-ci ilin axırında müstəqilliyini elan etmiş Azərbaycan, düzgün siyasət aparsaydı, 1994-95-ci illərdə tamamilə yeni bir səviyyəyə qalxmaq şansına malik idi. Azərbaycan xalqının işgüzarlığı, intellektual səviyyəsi imkan verirdi ki, qısa bir müddətdə iqtisadi cəhətdən qüdrətli olan bir ölkə yaradaraq, bu gün mövcud olan (o cümlədən ərazi işğalı) problemlərin bir çoxunu həll edək. Təəssüf ki, H.Əliyevin korrupsiya və rüşvət siyasəti ölkəni dağıntılara düçar etdi.

Bu kitabı yazmaqda məqsədim sizin həyatda itirdiyiniz inamınızı özünüzə qaytarmaqdır. İstəyirəm ki, ölkəni düşdüyü belə bir faciəli vəziyyətdən çıxara biləcək komandanın, qüvvənin real olduğuna bu kitabı oxuyarkən özünüz əmin olasınız. Kitabda nəzəriyyədən daha çox, keçmişimizin, bugünümüzün reallığı və sabahımızı xoşbəxtliyə aparan addımlarımızın konkret, səmimi şəkildə təsnifatı verilib. Bəzi siyasətçilər qələbə naminə, insanları aldatmağı, yalan vədlər verməyi siyasətçinin ən yüksək keyfiyyətlərindən biri sayırlar. Mənim fikrimcə, siyasətçi heç vaxt öz xalqına yalan söyləməməlidir. Belə başabəla bədbəxtləri rəhbərliyə yaxın qoymaq olmaz. Mən Azərbaycanı azərbaycanlılara qaytarmaq istəyirəm.

Əlbəttə, Allahın və sizin köməyinizlə!

“Diktatorla Üz-Üzə” Kitabından (2001)

Ardı Var

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Geri izləmələr/Geri bildirişlər

  1. “Özümü Yalnız Mənən Məsul Hesab Edirəm.” | RƏSUL QULİYEV - RASUL GULIYEV - Noyabr 19, 2012

    […] Ardı Var […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: