Dekabrın 10-da ACP lideri, eks-spiker Rəsul Quliyevin 65 yaşı tamam oldu. Yubileyi münasibəti ilə R.Quliyev “Yeni Müsavat”a eksklüziv müsahibə verib. (Amerika ilə Azərbaycan arasında təxminən yarım gün saat fərqi olduğuna görə, müsahibə dekabrın 11-də əlimizə yetişdi-E.M)
– 65 yaşında Rəsul Quliyev özünü necə hiss edir? 65 yaşın xüsusi bir yaratdığı duyğular varmı?
– Əgər səhhətində problem yoxdursa, 50 yaşla 65 yaş arasında fiziki durum baxımından elə böyük bir fərq yoxdur. Sözsüz sifətinin qocalmasını gizlətmək mümkün deyildir. Adətən 30 yaşına qədər insanlara 65 yaş əlçatmaz bir dağ kimi görsənir. Adama elə gəlir ki, 35 il ömür sürüb 65-ə çatmaq demək olar ki, mümkün deyildir. Ancaq gərgin həyat tərzli insanlar üçün bu vaxt ildırım sürəti ilə keçir. Həyatda insanlar mütləq fərdi olduqları üçün onların hər birinin fərdi müdrikləşmə sərhəddi, müddəti var. Yaş artdıqca insanlar özlərinin fərdi müdrikləşmə potensialına yaxınlaşırlar. Əsas məsələ, əlbəttə, bunu əgər özləri istəyirlərsə. İstəməsələr, 18 yaş səviyyəsində, düşüncəsində də qala bilərlər. Düşünürəm ki, cüzi fiziki dəyişik və 50 yaşla müqayisədə 65 yaşımda böyük intellektual inkişafla yanaşı, hadisələri qiymətləndirməkdə fərqli baxışlar formalaşıb.
– Hesab edirsinizmi ki, bu, sizin qürbətdə qeyd etdiyiniz son ad günü olacaq?
– Hər halda onun üçün qətiyyətlə çalışıram.
– Ad gününüzü xüsusi bir şəkildə qeyd edirsinizmi?
– Mən ad günümü heç vaxt xüsusi qeyd etmirəm. 50 yaşıma qədər 10 dekabrın gəlib getməsindən xəbərim olmayıb. 50 yaşımda müxtəlif ölkələrdən bir neçə adam yığışıb gəlmişdi, məcbur olub onlarla birlikdə restorana gedəsi olduq. 55 və 60 yaşlarımda isə heç evdə olmamışam, hara getməyimdən çoxunun xəbəri olmayıb. Bunun iki səbəbi var. Birincisi, Naxçıvanın ucqar bir kəndində çox uşaqlı evdə anadan olmuşam. O kənddə fikrimcə, indi də ad gününə elə bir əhəmiyyət vermirlər. İkincisi bir neçə saat masa arxasında eyni person üçün bir-birinə oxşar tərif tostlarına qulaq asmağa hövsələm çatmır. Azərbaycanda mənim 50 yaşımda iştirak edən bir ya iki adamdan başqa mənim hansı isə ad günümdə iştirak etdiyini bəyan edə biləcək bir adam da tapılmaz.
– Geriyə dönüb baxdıqda, nələrəsə təəssüf edirsinizmi və ya düşünürsünüzmü indiki baxışlarınız, məsələn 1996-cı ildə olsaydı, başqa cür addım atardınız?
– Geriyə ancaq təəssüf etdiyim addımlarımı analiz etmək üçün baxıram. Mən indiyə qədər elədiklərimdən təsəlli alıb sakit yaşamağı bacaran adamlar qrupuna aid deyiləm.
– Azərbaycandan gedəndə 50 yaşınız vardı. Siz ömrünüzün 15 ilini Azərbaycandan tamam fərqli ənənələrini, siyasi həyatı olan Amerikada yaşamısınız. Bu, sizin psixologiyanızda, həyatınızda hansısa dəyişikliklərə səbəb olubmu?
– Xoşbəxtlikdən ABŞ-a gedənə qədər ondan əvvəlki 12 il müddətində azı 40-a yaxın ölkədə olmuşdum. ABŞ-da azı 5 dəfə qısa və uzun müddətli səfərlərdə olmuşdum. Neft ayırma zavodunda iki müasir qurğu tikdirmək üçün (həmin qurğular indidə ən müasir texnologiya hesab edilir və yeganə işləyən qurğulardır) yüzlərlə amerikalılarla görüşmüşdüm. Qərb demokratiyasını çox yaxşı bilirdim. Orada yaşamaq mənim üçün çox asan idi. Orada yaşayanların əsas keyfiyyətlərinin – yalan danışmamaq, rüşvət almamaq, başqalarına paxıllıq etməmək kimi xüsusiyyətlərinin hamısı mənə də identik idi. Qərb ölkələrində olduğum müddətdə ən yüksək səviyyəli hotel və istirahət yerlərindən tutmuş, ən məşhur simfonik orkestr və balet teatrlarında olmuşdum. Ona görə təəccüblənəcəyim bir məsələ yox idi. İnsanlar qürbətdə bekarçılıqdan darıxırlar.
– 65 yaşında konkret planlarınız, hədəfləriniz nədir?
– Hədəf ancaq birdir; xalqın canını bu korrupsiya, rüşvət rejimindən xilas etmək. Camaata azadlığın nə olduğunu göstərmək. Yerdə qalan hədəflər bu əsas hədəfdən törəmədir.
Elşad MƏMMƏDLİ
SALAM RESUL BEY SIZI TEBRIK EDIREM COX SEY YAZMAQ OLAR ALLAH SIZE OMUR VERSIN SEBIR VERMESIN BAKIDA SIZI GOZLEYEN COXDU
Rəsul müəllim,
Ad günüzü təbrik edirəm.