Azərbaycan xalqının həyatı üçün lazım olan mühüm problemlərin həllində H.Əliyevin əvəzedilməzliyi barədə mifik psixologiya yaradılması onun ideoloji işinin əsas istiqamətlərindəndir. Bu istiqamətdə məqsədə nail olmaq üçün əsasən, 3 formadan istifadə olunur:
Birincisi, təbliğati forma – əhalini inandırmağa çalışırlar ki, vəziyyət nə qədər ağır, problemlər nə qədər çox olsa da, bunlara dözmək lazımdır. Çünki əgər H.Əliyev olmasaydı, vəziyyət daha da ağırlaşa bilərdi: vətəndaş müharibəsi başlayar, torpaqların daha böyük hissəsi itirilər, ölkə xarici dövlətlərdən təcrid olar, respublikada dəhşətli sabitsizlik yaranardı və s. Lakin ilkin mərhələdə həm də çox qısa müddətdə özünü doğruldan bu taktika xalqın vəziyyəti və problemləri ağırlaşdıqca öz effektini itirir və xalq özü özünə belə bir sual verməyə başlayır: “Vəziyyət bundan artıq daha necə pisləşə bilər?”.
İkincisi, inhisarçılıq forması – hər şey – istehsal, istehlak, bölgü, mübadilə, cəza, mükafat, təyinat, istefa, idxal, ixrac və s. total şəkildə diktator H.Əliyevin inhisarına alınır. Bu yolla hamını özündən asılı vəziyyətə salmaq hər kəsə müəyyən ölçülərlə pay tutub hamı üçün əvəzolunmaz varlığa çevrilmək iddiasındadır. Onun öz əlində misilsiz hakimiyyət cəmləşdirmək taktikası, hədsiz var-dövlət toplamaq və əvəzolunmaz şəxs statusu qazanmaq məqsədi güdür.
Polis rəisləri, prokurorlar, icra başçıları, MTN-in rayon və idarə rəisləri, təhsil şöbə müdirləri, onların müavinləri, nazirlər, Baş nazir və müavinlər, universitet, institut, texnikum rəhbərləri, dekan və kafedra müdirləri, idarə və müəssisə rəhbərləri birbaşa özü ilə və ya yaxın qohumları ilə razılıqdan sonra təyin və azad edilirlər.
Üçüncüsü, cəmiyyətin gözü qarşısında, ya kənarda baş qaldırmış və ya həll olunmuş çox xırda məsələni həddən artıq şişirdilmiş şəkildə təqdim etməklə diktator hətta ən böyük problemləri bir göz qırpımında həll etməyə qadir qüvvə kimi təbliğ olunur. H.Əliyevin həyatına “edilməyən” sui-qəsd cəhdlərinin böyük “dövlət çevrilişinə hazırlıq” kimi qələmə verilməsi, kimlərdənsə tutulan adi bir patronun böyük cəbbəxana kimi təqdim edilməsi və s. bu məqsədə xidmət edən xırda diktator bicliyidir. Ən xırda problemləri qeyri-adi dərəcədə böyütməkdə məqsəd cəmiyyətə “bunların öhdəsindən yalnız o gələ bilər” fikrini aşılamaqdır. Buna görə də H.Əliyevin onun “dahiliyini” kifayət qədər qiymətləndirməyənlərdən zəhləsi gedir. Bu mənada, 1995-ci ilin iyununda mart hadisələrinə həsr olunmuş müşavirədə H.Əliyevin gözləri qarşısında “Prezidentə sui-qəsd cəhdlərini dövlət çevrilişinə cəhd kimi qələmə vermək olmaz” söylədiyim zaman diktatorun karyerist taktikasına nə qədər zidd mövqe tutduğumu aydın başa düşürdüm.
Hakimiyyətin genetik varislik prinsipi əsasında irsən ötürülməsi cəhdləri bütün diktatorların sağalmaz xəstəliyi olsa da, bu xəstəlik H.Əliyevdə spesifik xüsusiyyətlərlə üzə çıxıb. O, bununla ətrafındakı dəstənin qaçıb dağılışmasının qarşısını almağa cəhd etməklə yanaşı, başqa bir niyyət güdür: özünü və nəslini yenə də əvəzolunmaz statusda təsdiq etməyə çalışır. Yəni, komanda adı ilə ətrafına topladığı, özünün bir çox cinayətkar əməllərinin iştirakçısına çevirdiyi müxtəlif baxışlı və mövqeli dövlət məmurlarını hakimiyyətinin əbədiliyinə inandırmağa, dağılmaqda olan rejimin ömrünü uzatmağa, əhalinin xof içərisindən çıxan və itaətsizliyə meyl edən hissəsini “yerində oturtmağa” xidmət edir. Lakin əsas məqsəd yenə “əvəzolunmazlar ailəsi” kimi təqdim olunmaqdır. O, hətta “varis planı”nın həyata keçmək imkanlarının sıfra bərabər olduğunu bilsə də, kor bir inadkarlıqla dediyindən dönmür.
Cəzanı başqasının əli ilə, mükafat və ənamı isə şəxsən öz adından kütlənin gözləri qarşısında vermək H.Əliyevin diktator keyfiyyətlərindən biridir. Böyüklər balaca uşaqları xırda pulla aldadıb sevindirdiyi kimi, H.Əliyevin Azərbaycanın orden və medallarını səxavətlə paylaması bu keyfiyyətin parlaq təzahürüdür. Orden və medalların təqdim edilməsi üçün namizədlərin seçilməsində meyar kimi, heç də həmin adamların vətən və xalq qarşısındakı müstəsna xidmətləri, əldə etdikləri həqiqi peşə uğurları yox, H.Əliyevin şəxsi mülahizələri əsas götürülür. Onun özünün xüsusi yanaşma prinsipləri olduğu üçün yüksək mənəvi-əxlaqi və peşəkarlıq göstəricilərinə malik istedadlı adamlar, demək olar ki, mükafatlandırma çevrəsindən kənarda qalırlar. Bu mükafatlandırmanı daha çox şəxsi xidmətlərin, mütiliyin, yaltaqlığın, məddahlığın, qul psixologiyasının təltifinə çevirən H.Əliyev dövlətin orden və medallarını alimlərə, ziyalılara, müxtəlif sahə adamlarına öz şəxsi hədiyyəsi kimi təqdim edir, beləliklə, böyük bir qrupu özünün tərənnümçüsünə döndərməyə çalışır.
Öz şəxsi qazancı naminə, həvəslə başqasının siyasi maraqları üçün alətə çevrilən bir neçə “yubilyar” özlüyündə hələ cəmiyyətin faciəsi sayılmaya bilər. Daha böyük faciə odur ki, ziyalılar, elm adamları, mədəniyyət və incəsənət xadimləri arasında həqiqi peşə uğurları naminə yox, qeyri-yaradıcı və qeyri-əxlaqi yollalarla diktatora xoş gəlmək uğrunda iyrənc rəqabət başlayır. Xalqın şərəf və ləyaqət mentalitetini məhv edən bu qorxulu xəstəlikdən isə, təəssüf ki, çox az sayda ziyalı yaxa qurtara bilir. Öz sənəti və peşə uğurları ilə qibtəolunası zirvələr fəth etmiş bəzi sənət adamlarının H.Əliyevin “təmənnalı mərhəmətindən” kənarda qalmasının səbəbi odur ki, diktatorun qeyri-əxlaqi, siyasi seçim metodlarına uyğunlaşmaq istəməyiblər. Allaha şükür ki, belə insanlar hələ vardır.
Qəddarlıq və qorxaqlıq H.Əliyevin mənəvi-psixoloji aləmində qoşadır. Qəddar olduğu üçün hamıdan qorxur, qorxaq olduğu üçün qəddarlıq edir. İki bir-birinə əks olan mənəvi keyfiyyətin simbioz qaydada və anormal şəkildə birləşməsi H.Əliyevi klassik diktatorlardan fərqləndirən orijinal tərəflərindən biridir. Qəddarlıq onun üçün cəmiyyəti öz xəstə düşüncə tərzinə tabe etdirmək vasitəsidir və onun başqa bir mənfi keyfiyyəti olan yaltaqlıqdan doğur. O, hakimiyyət və şəxsi karyera naminə, hər cür qeyri-əxlaqi və naqis əməllərə qadirdir. Yaltaqlıq, ikiüzlülük, satqınlıq, xəyanət bu cür insanların karyerasında xüsusi rol oynayır. Maraqlı bir fakta diqqət edin: gəncliyində Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun ayaqqabılarının bağını əyilərək bağlamaq kimi alçalmaq dərəcəsini özünə rəva görən H.Əliyev şəxsi karyerasını qorumaq üçün 1982-ci ildə haqq-say itirməyin fərqinə varmadan, onun taleyində böyük rol oynamış Sviqunun matəmində nankorcasına iştirak etmədi! Çünki Sviqunla çox pis münasibətdə olan Sov. İKP MK-nın o zamankı Baş katibi Y.Andropov onu cəzalandıra bilərdi. Bir vaxtlar asılı olduğu üçün Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun ayaqqabılarını bağlaması yaltaqlığın, “sən Vəlinin yox, bütün Azərbaycanın anasısan” dediyi tənha qadını Vəli Axundov işdən çıxandan sonra yaşadığı evdən hazırda Bakıda “Prezident Hotel” adlanan binadan kənara atması isə əxlaqsız qəddarlığın nümunəsi ola bilər. Özündən yuxarıların qarşısında yaltaqcasına alçala-alçala ucalmaq istəyənlərin aşağıdakılara münasibətdə ölçü tanımayan qəddarlığı təbii haldır. H.Əliyev bu gün Azərbaycanda özündən aşağı olan bütün insanlara qəddarlıq nümayiş etdirməklə keçmişdə özünün məruz qaldığı şərəf və ləyaqət itkilərini kompensasiya etmək istəyir.
H.Əliyevin qorxaqlığı yalnız həyatdan da artıq sevdiyi hakimiyyəti və canını itirmək təhlükəsindən qaynaqlanmır. Həm də ondan yaranır ki, bütün keçmişinin, indisinin naqis əməllərdən ibarət olduğunu bildiyi üçün tam ifşa olunaraq cəzalanmaqdan qorxur.
H.Əliyevin komanda üçün personal seçim meyarları qanlı və yırtıcı mafiyaların iş metodlarına uyğundur. Onun ən çox sevdiyi kəslər ona sədaqətdən başqa heç bir müsbət keyfiyyətə malik olmayanlar, vəzifə və pul üçün H.Əliyevə xəyanətdən başqa hər şeyə hazır adamlardır. Ona görə də onun etimad göstərdiyi şəxslər bu etimada layiq olmaq üçün hər cür cinayətə hazır adamlara çevrilirlər.
Beləliklə, zəngin təbii sərvətlərlə yanaşı, xalqın yüksək mənəvi-əxlaqi dəyərlərə söykənən mentaliteti də talan edilir. Zəngin təbii sərvətlərin və xalqın zəngin mənəvi potensialının məqsədyönlü dağıdılması H.Əliyevin siyasi portretinin Azərbaycan üçün ən faciəvi görüntüsüdür.
Ardı Var
“Diktatorla Üz-Üzə” Kitabından (2001)
Geri izləmələr/Geri bildirişlər
[…] Əvvəli […]