“Bu dəfə Azərbaycana qayıtmaqda çox qətiyyətliyəm”
Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev «Bizim Yol» qəzetinə müsahibəsində ölkədə baş verən son hadisələrə münasibət bildirib. O, əsgər ölümlərinə etiraz aksiyası, İsa Qəmbərə qarşı hücum, müxalifətin seçkidə iştirak məsələsi barədə fikirlərini bölüşüb. Rəsul quliyevlə geniş müsahibəni oxucularımıza təqdim edirik.
– Rəsul müəllim, Daşkəsəndə yerləşən hərbi hissədə Ceyhun Qubadovun ölümünə qarşı etirazları necə qiymətləndirirsiniz?
– Gənclərin təşkil etdiyi bu protest aktını, Azərbaycanda dəyişikliyə aparan yolun başlanğıcı hesab etmək olar. Əminəm ki, bu aksiya Müdafiə Nazirliyində (MN) hökm sürən özbaşınalığın qismən də olsa qarşısını alacaq. Bir sözlə, korrupsiya və rüşvətə başı qarışmış MN rəhbərliyinin nəhayət ki, real təhlükənin də ola biləcəyini xatırlatdılar aksiya iştirakçıları.
– Etirazlar hərbi sahədə dəyişikliklərə təsir edəcəkmi?
– Köklü surətdə yəni nazirlikdə olan korrupsiyavə rüşvətin səviyyəsinə təsir etməyəcək, çünki rejim bunun üzərində qurulub. Ancaq bir neçə ay müvəqqəti olaraq əsgərlərlə heyvan kimi rəftarı zəiflədəcəklər, ola bilər onlara çatacaq ərzaqdan da bir müddət az oğurlansın, vəssalam.
– Əsgər ölümünə etirazlar hakimiyyətə yaxın media mənbələrində müxtəlif məzmunda şərh edildi. Hakimiyyət ANS-nin diliylə Rusiyanın Qəbələ RLS-nin Azərbaycandan çıxarılması baxımından Kremlin gərginlikdə maraqlı olduğunu cəmiyyətə ötürdü. Başqa bir media mənbəyi bu olayı MTN-nin Səfər Əbiyevə və Daşkəsən korpusunun komandiri Rövşən Əkbərova qarşı hazırlandığını ehtimal etdi. Politoloq Zərdüşt Əlizadə isə hakimiyyətin Müdafiə Nazirliyində (MN) Rusiyaya sıx bağlı olan generallar S.Əbiyev və başqalarının mövqelərinin zəiflədilməsində maraqlı olduğunu dedi. Obrazlı desək, bu Səfər Əbiyevə qarşı “Elşad Abdullayev sayağı” hücum sayıla bilərmi? Necə ki, Ramiz Mehdiyevə qarşı böyük kampaniya var. Sadalanan ehtimallar barədə nə deyə bilərsiniz?
– İstənilən bir qrupun başqa bir qrupu aradan götürmək üçün quracağı planın motivi olmalıdır. Motivsiz dediyiniz addımları atan tapılarsa onun yeri yüksək vəzifə kreslosu yox, dəlixana olmalıdır. Birinci Rusiya Federasiyasından başlayaq. Əgər Qəbələ RLS-ə onların ehtiyacı olsa idi bu müqavilə hökmən bağlanardı. Prezident Putin Əliyevi qəbul edər və istədiyi icarə haqqı ilə Qəbələ stansiyasını kirayələrdi. Deməli, texniki informasiya nöqteyi-nəzərindən bu RLS-in Rusiya üçün heç bir əhəmiyyəti də yoxdur. Birincisi, Qəbələdə 1980-ci illərdə tikilmiş Daryal tipli radar sistemi artıq köhnəlmişdi, istifadəni davam etdirmək üçün rekonstruksiya edilməli idi. Yeni radar tikmək daha ucuz başa gələrdi, nəinki rekonstruksiya. İkincisi, son illər tikilmiş Armavir və Voronej radarları müasir texnologiyaya malik olmaqla Qəbələ radarının bütün funksiyalarını yerinə yetirirdi. Qəbələ RLS «Azərbaycanda RF-nın hərbi bazası var» imicindən başqa bir şeyə xidmət edə bilməzdi. Ancaq hərbi bazanın olması da çox ciddi bir məsələdir. Məsələn RF Qırğızıstanda hərbi bazasını saxlamaq üçün necə dəridən-qabıqdan çıxdığını, onların istənilən icarə pulunu artıqlaması ilə verməsinin şahidiyik. RF-nın belə asanlıqla Azərbaycanda hərbi bazadan imtina etməsi şübhəlidir. Məncə, Rusiya Azərbaycanla əlaqədar yeni strateji plan hazırlayıb, hərbi bazanın olmaması bu strateji planın başlanğıcıdır. Bircə onu deyə bilərəm ki, Azərbaycanın apardığı siyasətin səmimiliyinə Kreml rəhbərləri inanmır. Qarabağ probleminin həlli 1994-cü illə müqayisədə qeyri-mümkün olub.
– Bəs Suriya planı nə ola bilər?
– Moskvanın planında Azərbaycanın daxilində vəziyyəti gərginləşdirmək ola bilər. Ancaq belə bir plan varsa, əminəm ki, o təsadüfü hadisələrin üzərində qurulmayıb. Gələk, sadaladığın məqamlardan digərinin üzərinə, MTN Əbiyev və Əkbərovun əleyhinə bu hadisələri təşkil etməsi iddiası daha gülüncdür.
– Nə üçün?
– Çünki motivi görmürəm. Birincisi MTN artıq çoxdan əvvəlki KQB kimi orqan deyildir. Onun əvvəlki kimi çox gedişli “xod” edərək əsaslı bir iş görmək şansı çoxdan tükənib. Başqa cür ola da bilməzdi. Kadrların rüşvətlə işə götürülməsi, zabit rütbələrinin satılması bu təşkilatın dediyiniz şəkildə əməliyyat hazırlamaq imkanlarından çoxdan məhrum edib. Belə bir şey olsa idi, həm MN həm də prezident çoxdan bilərdi. Ramiz Mehdiyevlə müqayisə məsələsinə gələndə, o da fərqlidir. Mehdiyev Azərbaycan həyatının bütün sahələrini əhatə etmiş korrupsiya və rüşvət əməliyyatlarının bir epizodunda fiqurant ( deputat “seçmə’’) kimi keçir. Bu tipli epizodlar yüzlərlədir. Məhkəmə və İnzibatı orqanlarda kadr məsələləri, biznesmenlərə müəyyən şəraitin yaradılması, büdcədən ayrılmış pulların bir hissəsinin “sahibinə’’ qaytarılması və sair rüşvət proseslərinin fiqurantları başqa adamlardır, onların bir çoxundan heç Mehdiyevin xəbəri yoxdur. Prezident Aparatında kimlərinsə onun yerinə keçmək üçün bu işi təşkil etməsi inandırıcı deyil. Elşad müəllimin məqsədi onu aldadanların qardaşını oğurlayanların cəzalandırılmasına nail olmaqdır. Mehdiyev özünü müdafiə etmək üçün gərək Usubov kimi bir dəfə komandanın kim tərəfindən gəldiyinə işarə vursun. Onu da etməyəcək, çünki həm qorxaqdır, həm də təşəbbüssüzdür. Bu keyfiyyət onun qurban verilməsi ilə nəticələnəcək. Məsələn, iyun-iyul aylarında. Onun qurban verilməsindən Əliyevin korrupsiyaya qarşı mübarizə imicini yaratmağa çalışacaqlar. Ancaq bunlar hamısı çox primitiv, Azərbaycan sayağı addımlar olacaq.
– Yanvar mitinqindən sonra Milli Məclisin qanunvericiliyə etdiyi dəyişiklikləri işə düşdü, bir sıra gənclər icazəsiz aksiyaya qatıldığı üçün 500-600 manat cərimə olundular. Bu barədə nə düşünürsünüz, cərimələr ödənilməlidirmi?
– Bilirsiniz bu hökumətin atdığı addımlar heç vaxt cəzalandırılmayan şıltaq uşağın tərbiyəsiz hərəkətlərinə oxşayır. İnsanları istədikləri yerdə mitinq keçirmək hüququndan məhrum ediblər, hələ üstəlik cərimələmə qanununu da qəbul ediblər. Təəssüf ki, Azərbaycanda məhkəmə sistemi yoxdur. Yoxsa mitinqlərə icazə verməyən hökumət və o qanunu qəbul edənlər cəzalanmalı idi.
– Gənclər 500-600 manatlıq cəriməni ödəməlidirmi?
– Gənclər qəti surətdə cəriməni verməməlidirlər və bir söz deməlidirlər: Sizlər bizim konstitusion hüququmuzu pozursunuz, istədiyimiz məkanda aksiyalar keçirməyə icazə vermirsiniz. Buna görə birinci növbədə özünüz cərimələnməlisiniz! Hakimiyyət, konstitusiyanın təməl prinsiplərini pozmusunuz, elə buna görə milyonlarla cərimə ödəməlisiniz. Bundan sonra da sənin yetim payını, 500 manatı verərik. Bir daha deyirəm, gənclər cəriməni ödəməməlidir. Hesab edirəm ki, gənclər “Cərimələr olmasın!” şüarı altında da aksiya keçirməlidirlər.
– Sizcə, əsgər ölümüylə başlanan kampaniya Elşad Abdullayevin video-roliklərini gündəmdən çıxarda bilərmi?
– Xeyr, düşünmürəm ki, əsgər ölümüylə başlanan fəallaşma Elşad Abdullayevin qaldırdığı problemləri gündəmdən çıxardacaq. Məncə, həmin video-roliklər hələ uzun müddət gündəmdə qalacaq və inanıram ki, günlərin birində həmin gənclər korrupsiya əleyhinə çox böyük izdihamlı mitinqlər keçirəcəklər. buna heç şübhəm yoxdur!
– Bazar günü Müsavat başqanı İsa Qəmbərin Lənkərana səfəri zamanı qarşılaşdığı özbaşınalığı necə qiymətləndirirsiniz. Sizcə, olay Bakıdanmı planlaşdırılmışdı?
– Sözsüz ki, yerli hökumətin bu işi təşkil edilməsində rolu olub və bu hərəkətləri də kimlərləsə Prezident Administrasiyasında razılaşdırıblar. Mən düşünmürəm ki, administrasiyadan aqressiv, yəni maşını sındırmaq, kimisə döymək hərəkətlərinə icazə verilib. Yəqin o tipli hərəkətlərin müəllifləri yerli komandirlər olub. İstənilən variantda hökumət təşkilatçıları üzə çıxardıb cəzalandırmalıdır.
– Politoloq Zərdüşt Əlizadə qəzetimizə müsahibəsində bildirmişdi ki, Lənkəran olayı İsa Qəmbəri real namizəd göstərmək cəhdidir. Siz necə düşünürsünüz bu barədə?
– Əlbəttə ki, Zərdüşt müəllimin bu barədə söylədiklərinin məntiqi fundamenti var. Yəni hakimiyyət bu cür işlərlə məşğul olurdu, xüsusən Heydər Əliyev dövründə. Belə bir proses sözsüz ki, Azərbaycanda gedəcək. Lənkəran hadisəsi isə hakimiyyətin aparacağı siyasətin başlanğıcı deyil. Hesab edirəm ki, müəyyən müddətdən sonra bu siyasətə start veriləcək. Bir daha deyirəm, son hadisə kiçik məmurların özlərini gözə soxmaq üçün atdıqları addımlardır, bəli, Prezident Administrasiyasında hansısa kiçik məmurlarla razılaşdırılıb, amma yuxarı səviyyədə yox. Sadəcə, ehtirasla həyata keçiriblər. Ona görə də rayon rəhbərliyi mərkəz tərəfindən müəyyən qədər tənbeh olunub.
– Bu, informasiyadır, yoxsa ehtimaldır?
– Ehtimaldır, informasiya deyil. Mən sadəcə indiki hakimiyyətə bələd olduğumdan, hansı addımları nə zaman atacaqlarını bildiyim üçün son hadisəni də o cür ehtimal edirəm.
– Rəsul müəllim, artıq müxalifət daxilində namizədliyini irəli sürənlər var, Müsavat öz namizədiylə seçkiyə gedəcəyini bəyan etdi, AXCP-də Əli Kərimlinin namizəd olacağını Həsən Kərimovun açıqlamasıyla cəmiyyətə çatdırdı. Bu ərəfədə tanınmış dramaturq Rüstəm İbrahimbəyov böyük bir koalisiyanın yaranacağı mesajını və bu il mütləq hakimiyyətdə yeni adamın olacağını söylədi. Bütün bunları necə qiymətləndirirsiniz, yəni baş verənləri müxalifətin strategiyası saymaq olarmı?
– Kimlərinsə namizədliyini verəcəyini strategiya saymıram, seçkilər olacaq və kimlərsədə orada iştirak edəcəksə, nə strategiya ola bilər?! R. İbrahimbəyovun geniş koalisiya yaratmaq ideyası yeni deyil. Yəni artıq 3-4 aydır bu məsələ gündəmdədir. Onun hansı baza əsasında yaradılması fikirləri də səslənibdir. Ola bilər Rüstəm müəllim fərqli bir geniş koalisiya haqqında düşünür. Hər halda Azərbaycandakı güclər və onların səviyyəsi hamımıza məlumdur. Düşünmürəm ki, bizim bilmədiyimiz fövqəladə bir güc var və o da ortaya çıxmaqla hər şey dəyişiləcək. Hər halda yaxın vaxtlarda bu koalisiyanın konturlarının nədən ibarət olduğunu eşidərik və onda da fikrimizi bildirərik. Rüstəm müəllim fundamental insandır, elə-belə sözü havaya atanlardan deyildir.
– Bəs Rüstəm müəllimin bu istiqamətdə atacağı addımların nəticəsi olacaqmı?
– Hazırda bu barədə heç nə deyə bilmərəm. Bir daha deyirəm, Rüstəm müəllim fundamental adamdır, o, sıradan bir söz deməz. İkincisi, narahatam ki, Rüstəm müəllimin ətrafındakılar ona səhv informasiya versinlər, o, isə buna əsasən mediaya fikir bildirsin. Ona görə Rüstəm müəllimin söylədiklərinə şübhə etmirəm, sadəcə, konturlarını izah etmələrini gözləyirəm. Yalnız bundan sonra yaranacaq qurumun nə dərəcədə təsirli alətə çevriləcəyini gözləyirəm. Çünki Azərbaycanda bu gün mövcud olan güclərin qeyri-adi bir iş görəcəyini hələ görmürəm. Bəli, gənclərin 12 yanvar aksiyası əlaydı, amma onların hamısını bir gəncin ölümü birləşdirdi. Başqa ideyalar ortalığa çıxanda onlar daha möhkəm birləşmirlər, hərəsinin öz ideyası və istiqaməti olur. Sabah demokratiya məsələsində onlar “yumruq” kimi birləşə biləcəklərmi, bu, artıq böyük sual altındadır.
– Nəhayət, Rəsul müəllim, Sizin özünüzün seçki strategiyanız nədən ibarətdir, özünüzlə bağlı yaradılan Müdafiə Komitəsinin fəaliyyətində nəticə görürsünüzmü?
– Əvvəla, bu, Azərbaycana qayıtmağım istiqamətində yaradılmış üçüncü Müdafiə Komitəsidir. Bildiyiniz kimi o komitələrin işləri nəticəsiz qalıb. Atalar 3-dən deyib. Bu dəfə Azərbaycana qayıtmaqda çox qətiyyətliyəm. Prosesə Azərbaycanda marağı olan ölkələri, BMT, AŞ, AB, ATƏT-in qatılmasını təşkil etmək fikrindəyəm. Azərbaycandakı Müdafiə Komitəsi görüləcək bu işlərin tərkibindədir.
– Prezident son müşavirəsində iqtisadi artım, infrastrukturun müasirləşməsi və ordu haqqında danışsa da, məlum əsgər ölümü ilə bağlı danışmadı. Bu cür reaksiyanın səbəbini necə izah edərdiniz?
– Məsələ ondadır ki, prezidentin Azərbaycanın çox güclü inkişaf etməsi barədə söylədikləri müntəzəm şəkildə 7-8 aydır bildirir, təzə bir şey deyil. Sözsüz ki, Azərbaycanda elə bir inkişaf yoxdur, yeganə neftin çıxarılmasıdır, o da sabitləşib və bir qədər də aşağı düşüb. Hazırda Azərbaycanın inkişafı yalnız neftin qiymətindən asılıdır, neftin qiyməti aşağı düşəcəksə, problemlər artacaq, neftin qiyməti qalxacaqsa, “inkişaf” da olacaq. Müdafiə Nazirliyində baş verənlərə gəlincə, prezident bu hadisələrə münasibət bildirməməliydi. Adətən, prezident o cür hadisələrə münasibəti imzaladığı fərmanlarla ifadə edir. Yəni müdafiə nazirini, kadr məsələsinə nəzarət edən müavini vəzifəsindən azad edir, yaxud başqa bir yolla cəzalandırır. Əgər belə bir fərman yoxdursa, ya da gözlənilmirsə, gərək müşavirədə bu barədə danışılmasın. Yeganə atılan düzgün addım o olub ki, prezident hadisə haqqında danışmayıb. Ancaq əsas məsələ odur ki, hər il Müdafiə Nazirliyinə ayrılan 1 milyard dollardan çox büdcə itir, bu rəqəm Azərbaycanda əməkhaqqının 40-45 faizidir.
– Siz neft sektorunda enmənin olduğunu söylədiniz, ancaq prezident qeyri-neft sektorunda 9 faiz artımın olduğunu bildirdi. Siz enmənin olduğunu necə izah edərdiniz?
– Qeyri-neft sektoru deyəndə, tikintilərdəki artım nəzərdə tutulur. əslində kreditlərin hesabına heç kimə lazım olmayan binalar inşa edilir, halbuki, tikilən binaların içində 10 faiz insan yaşamır. Birinci, tikintinin qiyməti hər gün artır, ikincisi, götürülən kreditin 30 faizi rüşvətə gedir. Məsələn, 1 milyon manatlıq tikinti 1 milyon 400 min manata başa gəlir, 1 milyonun 9 faiz artımı isə 90 mindir. İndi görün 400 min manat neçə faizdir, əlbəttə ki, 50 faizdir. Tikintidə 50 faizi bölüşdürəndə bütün respublika üzrə 9 faiz artım olur. Bu isə korrupsiya əməliyyatlarından gələn artımdır, bunun isə ölkəyə və millətə aidiyyatı yoxdur.
Natiq CAVADLI
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!