ACP lideri, eks-spiker Rəsul Quliyev Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı, kino xadimi Rüstəm İbrahimbəyovun Rusiya, Fransa və ABŞ-a səfərlərinin məhz onunla bağlanması xəbərinə Avrasiya.net–ə verdiyi eksklüziv açıqlamasında aydınlıq gətirib.
Xatırladaq ki, Veteninfo.az saytı belə bir xəbər verib ki, R.İbrahimbəyov eks-spiker R.Quliyevin prezident seçkilərində namizədliyi üzərində dayanmaqdan ötrü bu turneyə çıxıb. Sayt etibarlı mənbəyə istinadən bildirib ki, R.İbrahimbəyov Moskvada nüfuz etdiyi hakimiyyət dairələrində R. Quliyevin namizədliyi üzərində danışıqlar aparacaq. Daha sonra Fransaya gedərək fəaliyyəti dayandırılan ABU-nun sabiq rektoru E.Abdullayevlə görüşəcək. Təbii ki, E.Abdullayev R.Quliyevin hakimiyyətə gələ bilməsi üçün pul xərcləməkdən imtina etməyəcək. Daha sonar R.İbrahimbəyov Moskva və Parisdə keçirdiyi görüşlərin yekunu barədə ABŞ-da R.Quliyevi məlumatlandıracaq.
R.Quliyev isə Avrasiya.net–ə bildirib ki, belə həqiqətə uyğun olmayan məlumatların verilməsi onların hansı məqsəd daşıdıqlarından xəbər verir: “Məqsədləri aydındır. Son aylar Rüstəm İbrahimbəyovun xalq arasında artan nüfuzu höküməti təşvişə salıb. Bir neçə istiqamətdə onun xalqın həyatı ilə bağlı apardığı səmimi və produktiv işinin əhəmiyyətini gözdən salmaq üçün əxlaqsız metodlara əl atırlar. Birincisi, aeroportda saxlamaqla göstərmək istəyirlər ki, siz ona ümid bəsləməyin, o da sizin kimi adi vətəndaşdır, onun başına da sizin başınıza açdıqlarımızı aça bilərik, müqavimət də göstərə bilməz. Görəndə ki, effekt vermir, onun böyük şəxsiyyət olmadığını sübut etməyə cəhd edirlər. Yəni Rüstəm İbrahimbəyovun xalqın halına yanan yox, sadəcə, Rəsul Quliyevin sifarişlərini yerinə yetirən bir şəxs kimi təqdim etmək istəyirlər. Əlbəttə, bu da baş tutan şey deyildir. İnstitut illərindən heç vaxt sifariş yerinə yetirməyən bir şəxsiyyətin birdən- birə bu yaşda dəyişdiyinə hansı axmaq inanar? Heç kim. Rüstəm İbrahimbəyov artıq 10 illərdir ildə azı 50 dəfə Rusiyaya, 4-5 dəfə də ABŞ və Fransada olur. Bəs onda o səfərlər kimə həsr edilmişdi? Xüsusilə Rusiyada onun mənim üçün nəsə bir iş görəcəyinə diqqəti cəlb etmək istəyi xüsusi məqsəd güdür. Rüstəm müəllim Rusiyada çox tanınmış şəxsiyyətdir. Azərbaycandan fərqli olaraq Rusiya onun 70 illiyini də qeyd etdi. Həm cənab Putin, həm də cənab Medvedyev onu təbrik etdilər. Onun tanışları və dostları yalnız incəsənət xadimləridirlər. Rusiya isə heç vaxt apardığı siyasətdə o insanlara yer verməyib. Məgər bunu hökümətdə işləyənlər bilmir, yaxşı bilir. Onlara Rüstəm müəllimi ləkələmək lazımdır bu işlə də məşğul olurlar. Gülməli və ağlamalıdır. O ki qaldı vahid namizədlik məsələsinə. Bəlkə 50 dəfə mən ölkəyə qayıdıb seçkilərdə iştirak etmək istəyirəm və heç vaxt özümün vahid namizədlik ideyasını ortaya atmayacağım demişəm. Bu yazını yazmamışdan öncə heç olmazsa o müsahibələrimə nəzər salaydılar”.
R.Quliyevə sual etdik ki, R.İbrahimbəyov ABŞ-a gələrsə onunla görüşəcəkmi. Cavabı belə oldu: “Birincisi, mən onun ABŞ-a nə vaxt gələcəyini bilmirəm. İkincisi, o, adətən Los- Ancelesə gəlir. Bu şəhər isə Nyu-Yorkdan 5 min kilometr Qərbdə yerləşir. Ora getməklə Avropaya getmək arasında elə bir fərq yoxdur. Üçüncüsü, mənim iş planımda onunla görüşmək nəzərdə tutulmayıb. Dördüncüsü isə mən onun verdiyi bütün müsahibələrin hamısını diqqətlə izləyirəm, ümid edirəm ki, o da mənim yazılarımı oxuyur. Görüşüb üzbə-üz söhbətə elə bir ehtiyac yoxdur”.
R.Quliyev Azərbaycanda “üçüncü qüvvə” məsələsinə də aydınlıq gətirib. Bildirib ki, Azərbaycanda böyüklü, kiçikli rejimlə mübarizə aparmaq istəyən istənilən qüvvəyə ehtiyac var.
O həmçinin Rusiya, Türkiyə və başqa qonşu ölkələrə səfər etmək planı olduğunu da deyib.
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!