Azad seçkilər və insan hüquqlarının qorunması demokratiyanın inkişaf şərtidir
Son illərin hadisələri sübut edir ki, deklorasiya, şüarlar və mücərrəd çıxışlarla nə xalqın azadlığını təmin etmək, nə də dövlət müstəqilliyinə həqiqi məzmun vermək olar. Güclü, müstəqil, hüquqi, dünyəvi və firavan yaşayışı təmin etmiş dövlət qurmaq üçün tarixin bizə verdiyi bu imkana nadir şans kimi baxır, bu imkanı reallaşdırmaq məqsədiylə fundamental və hərtərəfli quruculuq işlərinin, özü də qısa müddətdə, aparılmasını zəruri sayırdım.
Respublika parlamentinin rəhbəri kimi fəaliyyətə başlayanda, şəxsi karyeramda çoxlarının həsəd apardığı bu uğurun eyforik xoş duyğularından daha çox, ictimai məzmuna malik nikbinlik və məsuliyyət hiss edirdim. Xalqımız, onun müstəqil dövlətçiliyi üçün hələ 80-ci illərin əvvəllərindən ürəyimdə başladığım amalların həyata keçirilməsindən ötrü şəxsən özüm əvvəlki dövrlərlə müqayisədə geniş meydan tapmışdım. Bununla belə, yeniliyin köhnəlik tərəfindən süngü ilə qarşılaşdığı barədə tarixin saysız nümunələri ilə tanış idim və buna görə özümün də daxil olduğum “yenilik carçıları”nın hakimiyyətə getdikcə daha möhkəm yapışan klançı-mafiya qruplarının ciddi müqavimətinə rast gələcəklərini aydın görürdüm. Genişmiqyaslı yeniliklərin həyata keçirilməsi üçün yeni təfəkkürlü kadrlar komandasına ehtiyac hiss olunduğu bir vaxtda, keçmiş kommunist partiyasının, sovet elminin rüşvət və korrupsiyaya qurşanmış mənfəətpərəst hissəsini hakimiyyətə cəmləşdirmək prosesi başlamışdı. Sözsüz ki, qisasçılıq hissi ilə hakimiyyətə gəlmiş, xalqın inanıb verdiyi hakimiyyətə son fürsət kimi baxan bir komandaya demokratik və rifah dövləti qurmaq üçün tarixin bəxş etdiyi şansın nə qədər qiymətli olduğunu aşılamaq çox çətin idi. Hətta bu adamlarla qeyri-rəsmi görüşlərdə, ünsiyyətlərdə hiss edirdim ki, dövlət, vətən, xalq, torpaq anlayışına konkret məzmunu olmayan mücərrəd şeylər kimi baxır və daxillərində ironik bir mövqe tuturdular.
Sözsüz ki, belə bir mühitdə işləməyin xüsusi çətinlikləri var idi və geniş ictimaiyyətin görüb hiss etdiyi hadisələrlə yanaşı, proseslərin kifayət qədər pərdəarxası maraqlı məqamları da meydana çıxırdı. Həm də bu cür məqamlar cəmiyyətin demokratikləşməsi uğrunda H.Əliyev komandasının daxilində apardığım mübarizənin bütün istiqamətlərində təzahür edirdi. Dövlət mülkiyyətinin özəlləşdirilməsi, insan hüquq və azadlıqlarına əməl olunması, bazar iqtisadiyyatı qanunlarının tətbiq edilməsi, rüşvətxorluq və korrupsiyaya qarşı iqtisadi və inzibati tədbirlərin həyata keçirilməsi və s. istiqamətlər bu cəhətdən diqqəti cəlb edir. Mübarizəmizin əsas təmayülü cəmiyyət həyatının həqiqətdə demokratikləşdirilməsi olsa da, üzvü olduğum hakim komandanın ciddi şəkildə islah olunması, “xalq mənafeyi” deyilən güclü bir enerji ilə yüklənməsinə nail olmaq heç də ondan geri qalan məsələ deyildi.
Mübarizəmin geniş oxucu kütləsi və demokratik dairələr üçün maraqlı olacağını düşündüyüm pərdəarxası məqamları çoxdur. Bunlardan biri parlament və seçki islahatlarının həyata keçirilməsinə, insan hüquqlarının real məzmun kəsb etməsinə nail olmaq idi. Başa düşürdüm ki, azad insan və onun azad iradəsinin sərbəst ifadə olunduğu ictimai mühitə nail ola bilməsək, böyük demokratik dövlətçilik amallarını həyata keçirə bilməyəcəyik. Buna xalq üçün edəcəyimiz hər şeyin istinad nöqtəsi olaraq baxırdım. Bu yolda şəraitin verdiyi imkanlar daxilində etdiklərimi və xalqa məlum olan fəaliyyətimi vətən qarşısında borc sayıram. Fəaliyyətimin geniş ictimaiyyətə məlum olmayan hissəsini isə sadəcə tarix xatirinə deyil, ona görə açmağı lazım bilirəm ki, mən onlara keçmişdə qalmış arzular kimi yox, hakimiyyətə gələndən sonra həyata keçirəcəyim proqram və yaşayan amallar olaraq baxıram.
Dövlət quruculuğunun vaxtı çatmış məsələlərini səbr və təmkinlə, hay-küysüz, bütün reallıqları nəzərə almaqla həll etmək qarşımızda duran əsas vəzifə idi və təəssüf ki, illər keçsə də, qarşımızda duran bu vəzifə hələ də öz həllini gözləyir.
Dövlət quruculuğunun vacib vəzifələrinin həlli baxımından 1995-ci il dövlətimizin tarixində həlledici proseslərin başlanğıc mərhələsi sayılır. Həmin ildə müstəqil Azərbaycanın ilk parlamentinə seçkilər keçirilməli və sovet dövründən qalmış konstitusiya dəyişdirilməli idi. Yeni dövlət quruluşunun strukturunu özündə ehtiva edən konstitusiya və proseslərə qanunvericilik bazası yaratmalı olan parlament olmadan, 1995-ci ili həqiqətdə böyük dönüşün başlanğıcına çevirmək mümkün deyildi. Bunlar o dövrdən keçən illərin sonradan yaratdığı təsəvvürlər yox, zamanında çatmaq istədiyim niyyətlər idi. Parlament seçkilərinin həqiqətdə demokratik keçirilməsinə, Milli Məclisin intellektual quruma çevrilməsinə nail olmaq əsas məqsədim idi. Təbii ki, belə bir parlamenti müxalifətsiz təsəvvür etmək qeyri-mümkün idi və mübarizənin əsas istiqamətlərindən biri H.Əliyevin müxalifətsiz parlament yaratmaq niyyətinin qarşısını almaq idi. Buna görə də bütün gücümü ona yönəldirdim ki, müxalifət parlamentdə ciddi bir qüvvə ilə təmsil olunsun. 1995-ci ilin 5 aprelində ABŞ Milli Demokratiya İnstitutunun direktoru N.Ledskini qəbul edərkən, bildirdim ki, “çalışaram, müxalifət parlament yerlərinin 30-35 faizinə sahib ola bilsin”.
Seçkilərin demokratik keçirilməsi ölkənin beynəlxalq təşkilatlara üzv qəbul olunması prosesini də xeyli sürətləndirə bilərdi. O zaman ölkədə mövcud fövqəlaqdə vəziyyət rejiminin demokratik seçkilərə mane olacağını bilirdim. Buna görə də görüşdüyüm beynəlxalq dairələrdən Bakıda fövqəladə vəziyyətin ləğvi istiqamətində iş görməyi xahiş edirdim. Bu cəhətdən ABŞ səfiri R.Kozlariçlə 3 may 1995-ci il tarixdəki söhbətimizi bir neçə nümunədən biri kimi xatırlaya bilərəm. Səfir mənimlə şərik oldu ki, fövqəladə vəziyyət demokratik seçkilərə ciddi mane olacaq. Hər növdən olan seçkilərin demokratik keçirilməsinin demokratiya və beynəlxalq imic üçün xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda 1996-cı ildə həm də bələdiyyə seçkilərinin keçiriləcəyini bildirdim. Bilirdim ki, H.Əliyev bu seçkiləri qeyri-müəyyən müddətədək gecikdirmək istəyir (Bələdiyyə seçkilərinin yalnız çox sonralar – 1999-cu ilin dekabrında keçirilməsi bunu sübut etdi).
Ardı Var
“Diktatorla Üz-Üzə” Kitabından (2001)
Geri izləmələr/Geri bildirişlər
[…] Əvvəli […]