Siyasi İslahatlar – 3

Əvvəli

Məlumdur ki, 1995-ci ilə qədər fəaliyyət göstərmiş Milli Məclisin vaxtından qabaq buraxılması haqqında müxtəlif cinahlardan dəfələrlə, özü də bir çox hallarda kifayət qədər güclü təzyiqlərlə müşayiət olunan təkliflər olmuşdur (Əslinə qalsa, bu parlamentin buraxılması tələbləri onun fəaliyyətə başladığı günün səhərisi eşidildi). Amma mən ali qanunvericilik orqanının tam səlahiyyət müddətində fəaliyyət göstərməsinin tərəfdarı idim. Niyə?

Hər şeydən əvvəl, bizimlə oxşar taleli qonşu dövlətlərin acı təcrübəsi bizi buna vadar edirdi (Tank atəşinə tutulan, vaxtından qabaq buraxılan parlamentlərin taleyini yada salaq – R.Q.).

Digər tərəfdən, səlahiyyətini vaxtından qabaq başa vurmalı olan parlamentin taleyi növbəti ali qanunverici orqanın fəaliyyətinə həmişə mane ola bilərdi.

Sözsüz ki, respublikamızda demokratik yolla yeni ali qanunverici orqanın formalaşması müstəqil dövlətimizin demokratik imicinin bərqərar olması istiqamətində mühüm rol oynaya bilərdi. Xalqın dövlət hakimiyyətinə, xüsusilə qanunvericilik hakimiyyətinə münasibəti bu seçkilərin hazırlanması və keçirilməsi zamanı demokratik prinsiplərə nə dərəcədə riayət olunması ilə birbaşa bağlıdır. Buna görə də biz parlament seçkiləri ilə əlaqədar hər şeyə birinci dərəcəli əhəmiyyəti olan məsələlər kimi diqqət yetirməliyik.

Müstəqilliyini bərpa edən Azərbaycan Respublikası dövlət quruculuğunun mühüm tərkib hissəsi olan parlament seçkilərinə gedirdi. Düşünürdüm ki, demokratik əsaslarla formalaşacaq yeni parlament Azərbaycan dövlətinin qarşısında duran iqtisadi, siyasi, hüquqi problemlərin həlli yollarını tapmalı, ölkəmizin beynəlxalq birlikdə nüfuzlu dövlətə çevrilməsini təmin etməlidir.

Müstəqil Azərbaycanın ilk parlamentinin seçilməsi yeni seçki qanunu əsasında həyata keçirilməli idi. Mövcud seçki qanunu isə Azərbaycanın SSRİ tərkibində olduğu vaxt qəbul edilmişdir və o dövrün reallığını, Azərbaycanın müstəqil dövlət olmasını, siyasi sistemin köklü şəkildə dəyişməsini, parlament seçkilərinin siyasi plüralizm, çoxpartiyalılıq əsasında keçirilməsini, şübhəsiz ki, nəzərə almırdı. Bununla əlaqədar, yeni seçki qanununun layihəsi üzərində gərgin iş aparılmağa başladı.

Dünya ölkələrinin seçki təcrübəsi göstərir ki, bu və ya digər seçki sisteminin tətbiq edilməsi mövcud siyasi sistemin xüsusiyyətlərindən, siyasi qüvvələrin nisbətindən, siyasi ənənələrdən və başqa amillərdən asılıdır. Azərbaycan Respublikasının təcrübəsinə qayıtdıqda isə, qeyd etmək lazımdır ki, seçki sisteminin seçilməsi ilk növbədə xalqın iradəsinin azad və düzgün şəkildə formalaşmasına, bütün nüfuzlu və xalqın dəstəyinə arxalanan siyasi qüvvələrin yeni parlamentdə təmsil olunmasına xidmət etməlidir.

Seçki qanununun layihələri bir neçə variantda mövcud idi. Onların arasında həm bir, həm də ikipalatalı parlamentə seçkiləri nəzərdə tutan sənədlər var idi.

İkipalatalı parlament sisteminin respublikamızda tətbiqi ilə bağlı müxtəlif mülahizələr söylənilirdi. O zaman da bu fikirdə idim ki, ikipalatalı sistemin tətbiqinin Azərbaycan dövlətini mütləq federativ quruluşa gətirib çıxaracağını iddia edənlər istər ikipalatalılığın, istərsə də federativ quruluşun mahiyyətini ya dərk etmirlər, ya da dərk etsələr də siyasi konyuktur baxımından buna biganə yanaşırlar.

İkipalatalı nümayəndəli orqanların və ya buna bənzər institutların tarixi, ümumiyyətlə, parlamentçilik tarixi ilə üst-üstə düşür. Lakin heç bir tarixçi və ya hüquqşünas iddia edə bilməz ki, hər hansı bir dövlətdə palataların sayı dövlət quruluşunun müəyyən olunmasına həlledici təsir göstərir. Xarici dövlətlərin təcrübəsinə müraciət edək:

Böyük Britaniyanın parlamentçilik ənənələrinin başlanğıcı 700 il bundan əvvələ gedib çıxır. Orada ikipalatalı sistem XIV əsrin əvvəllərində formalaşmağa başlayıb, bu günə qədər fəaliyyət göstərir və bu, İngiltərənin dövlət quruluşunu federasiyaya gətirib çıxarmamışdır. Yuxarı Palatanın yaradılması ilə federasiya təhlükəsini əlaqələndirmək hüquqi diletantlıqdan başqa bir şey deyildir. Axı federativ dövlətin yaradılması üçün bu dövlətin subyektləri ola biləcək qurumlar olmalıdır, həmin qurumların vətəndaşlığı, hökuməti, başqa müvafiq orqanları olmalıdır. Azərbaycan reallıqlarını dərk edən hər kəs çox yaxşı bilir ki, bizdə bunun üçün heç bir zəmin yoxdur və ola da bilməz. Mən bu fikirdə idim ki, ikipalatalı sistemi yalnız federasiya ilə əlaqələndirmək köhnə sovet təfəkkürü ilə bağlıdır. Məlumdur ki, o dövrdə SSRİ Ali Sovetinin yuxarı palatası ölkənin tərkibində olan dövlət və yarımdövlət qurumlarının nümayəndələrindən təşkil olunurdu. Xarici dövlətlərin parlament təcrübəsi haqqında materialların azlığı belə bir səhv təsəvvür yaratmışdır ki, yuxarı palata yalnız federativ dövlətin subyektlərinin mənafeyini təmsil edir. Onlarla ikipalatalı unitar dövlətin uzun illər boyu topladığı təcrübə göstərir ki, bu cür sistem belə ölkələrdə də çox uğurla tətbiq oluna bilər. Özü də bunların arasında zəngin dövlətçilik, o cümlədən parlamentçilik ənənələri olan Fransa, İngiltərə, Yaponiya, İtaliya, İrlandiya, Niderland və s. ölkələr var.

Azərbaycanda Yuxarı Palatanın yaradılmasının etnik və ya milli əlamətlərə görə fərqlənən ərazi vahidlərinin fəallaşmasına təsir edəcəyi və ya sonradan əlavə hüquqlar tələb edəcəkləri barədə iddialara da əsassız fikirlər kimi baxırdım.

Əvvəla, bizim respublikada bu əlamətlərinə görə formalaşmış inzibati-ərazi vahidləri yoxdur. İkincisi də, hər hansı bir bölgənin Yuxarı Palataya öz nümayəndəsini göndərməsi oranın milli-etnik əsaslarda formalaşmasına səbəb ola bilməz. Xarici unitar dövlətlərin parlament təcrübəsi göstərir ki, Yuxarı Palatada təmsil olunanlar heç də milli-etnik əlamətli ərazilərin nümayəndələri deyillər. Hətta federativ quruluşlu ölkələrin də (ABŞ, Almaniya, Rusiya Federasiyası və s.) subyektləri bütün hallarda belə xüsusiyyətlərinə görə fərqləndirilmirlər.

Azərbaycanda parlamentçilik ənənələrinin zəif olmasına görə ikipalatalı sistemin tətbiqinin məqsədəuyğun olmaması fikriylə də razılaşmırdım. Hər şeydən əvvəl, ona görə ki, bu cür ənənələri məhz birpalatalı sistemdən başlamaq zərurəti kifayət qədər əsaslandırılmırdı. Diqqət yetirin: Şərqi Avropanın keçmiş kommunist rejimlərindən olan və hal-hazırda ikipalatalı parlamentə malik unitar Polşa və Rumıniyanın bəlkə, parlamentçilik ənənələri və tarixi çox zəngindir?

İkipalatalı parlament sistemi dünyanın bir çox ölkələrində, o cümlədən 20-dən artıq unitar quruluşlu dövlətdə artıq sınaqdan çıxmışdır və heç kim bu sistemin birpalatalı sistemə nisbətən, çatışmazlıqlarını iddia etmir. Fikrimcə, Azərbaycanda ikipalatalı sistemin yaradılması zəruriliyi, ilk növbədə, günümüzün reallıqlarından irəli gəlirdi. Hər şeydən əvvəl, o zaman parlament üzvlərimizin nəzərdə tutulan sayı (mütəxəssislərin hesablamalarına görə, burada optimal say 120-140 arası ola bilər) və seçki zamanı tətbiq olunacaq qarışıq sistem (deputatların yarısının partiya siyahıları ilə seçilməsi təklif olunurdu) hər bir rayondan, heç olmasa, 1 millət vəkilinin seçilməsinə imkan vermirdi. Belə olan halda, heç olmasa, bölgələrin parlamentdə təmsilçiliyi üçün şərait yaratmaq zərurəti meydana çıxırdı. Buna görə də respublika ərazisini 15-20 bölgəyə bölərək, onların hər birindən Yuxarı Palataya 2-3 deputat seçmək ən optimal varinatlardan biri hesab oluna bilərdi. Bölgələrin təklif olunan sayı da bizi federalizm cəhdlərində ittiham edənlərin arqumentlərinə qismən də olsa, cavab ola bilərdi.

Yuxarı Palatanın rolu və funksiyası heç də bölgələri təmsil etməklə bitmir. Bu qurumun olması bütövlükdə parlamentin qanunvericilik fəaliyyətinə müsbət təsir göstərməlidir. Son illərin acı təcrübəsi göstərir ki, parlamentimiz bir çox işləməyən, təsadüfi sənədlər qəbul etmişdir. Buna görə də Yuxarı Palata bu və ya başqa təsir altında təklif edilən lüzumsuz aktların qəbuluna mane ola bilərdi.

İkipalatalı sistemin hakimiyyətin icra qanadı üçün sərfəli olması iddiasını da əsassız sayırdım. Yuxarı Palataya seçkilərin prinsipləri haqqında dəqiq məlumat almadan, onun icraedici hakimiyyətə tabe olması qorxusunun kökü bizə yaxşı bəllidir. Bəzi ölkələrdə Yuxarı Palataların tərkibi dövlət başçısı və ya yerli hakimiyyət orqanları tərəfindən təyinetmə üsulu ilə formalaşır və hələ H.Əliyevə qədərki iqtidar da Yuxarı Palatanın məhz bu üsulla təşkil olunmasını nəzərdə tutan layihə hazırlamışdı. Həmin sənədə görə, Yuxarı Palataya deputatların 1/3-i prezident, 1/3-i isə yerli hakimiyyət orqanlarının nümayəndələri tərəfindən təyin olunmalı idi. Bu cür qanun qəbul edilsəydi, həqiqətən, Yuxarı Palata icra hakimiyyətinin əlində oyuncağa çevrilə bilərdi. Lakin mənim seçki qanunu konsepsiyama görə, hər iki palataya millət vəkillərinin əhali tərəfindən birbaşa seçkisi nəzərdə tutulurdu və məhz bu prinsipin qəbulu üçün çalışırdım. Belə seçkilərdə separatçılıq, federalçılıq, icra hakimiyyətinin özbaşınalığı və digər siyasi xəstəliklərdən ehtiyatlananların Yuxarı Palataya seçilmək və burada ölkənin ərazi bütövlüyü və parlament hakimiyyətinin müstəqilliyi uğrunda mübarizə aparmaq imkanları geniş olacaq.

Hamı ilə bərabər şərtlərlə seçkilərdə Yuxarı Palataya yer alan müxalifətin, yəqin ki, qanunvericilik prosesinin mürəkkəbləşməsindən prezidentin öz xeyrinə istifadə etməsi (bu cür hallar olarsa) cəhdinin qarşısını almaq imkanları da genişlənərdi. Amma sağlam məntiq də göstərir ki, əksinə, qanunvericilik aktlarının daha sadə variantda, yəni, birpalatalı parlamentdən keçirilməsi icra hakimiyyəti üçün daha əlverişlidir. O zaman belə məntiqdən çıxış edirdim ki, parlamentə ən çox qanun layihəsi təqdim edən prezidentdir və sonrakı bir neçə ildə belə layihələrin əksəriyyətinin məhz onun tərəfindən göndərilməsi gözlənilirdi. Zənnimizcə, həmin layihələrin parlamentin əlavə bir qurumunda müzakirəsi və qəbulu bütövlükdə icra hakimiyyəti budağının qanunvericilik prosesinə daha məsuliyyətlə yanaşmasını təmin edəcəkdir.

Seçki haqqında qanun layihələrinin birində 165 parlament üzvünün – Yuxarı Palataya  45 nəfər, Aşağı Palataya 120 nəfər seçilməsi nəzərdə tutulurdu.

Bu variantın özü də iki mətndə təqdim olunmuşdur. Birinci variant parlamentin hər iki palatasına seçkiləri əhatə edirdi. Yuxarı Palata üzvlərinin mojaritar sistem əsasında seçilməsi nəzərdə tutulurdu. Aşağı Palataya 60 üzvün birmandatlı seçki dairələri üzrə mojaritar sistem əsasında, digər 60 üzvün proporsional sistem əsasında seçilməsi nəzərdə tutulurdu.

Başqa variantlarda Aşağı Palataya mojaritar və proporsional seçki sistemləri əsasında və təkcə mojaritar, yaxud proporsional sistem əsasında, Yuxarı Palataya isə majaritar seçki sistemi əsasında seçkilərin keçirilməsi təklif olunurdu. Seçki sistemlərinin müxtəlifliyi 4 variantı bir-birindən fərqləndirən cəhət idi.

Birpalatalı parlamentə qarışıq və təkcə mojaritar, habelə təkcə proporsional seçkiləri nəzərdə tutan qanun layihələri üzərində də iş aparılırdı.

Siyasi partiya nümayəndələrinin seçkilərin təşkilinə fəal cəlb edilməsi, maksimim surətdə obyektivliyin, beynəlxalq təşkilatların və mövcud siyasi qüvvələrin nümayəndələrindən ibarət müşahidəçilərin nəzarətinin təmin edilməsi bütün variantlara xas olan səciyyəvi cəhət kimi nəzərdə tutulmuşdur.

1995-ci ilin parlament seçkiləri ərəfəsindəki müşavirədə bildirdim ki, Azərbaycan dövlətçiliyinin daha da sabit inkişafını ikipalatalı parlament sistemində görürəm. Əvvəla, ikipalatalı parlament sistemində daha kamil qanunların qəbul olunması ehtimalı artır, qanun yaradıcılığı üzərində daha məhsuldar iş mexanizmi təmin olunur. İkincisi, parlamentin ölkədə qeyri-sabitlik yaratmaq imkanları qat-qat aşağı olur. Bu arqumenti gətirərkən, parlamentin əvvəlki təcrübəsindən bir sıra acı faktlara söykənirdim. Açıq söylədim ki, bizim indiki parlamentimizdə ona verilmiş imkandan bir neçə dəfə təzyiq altında istifadə edilib. Dövlətçilik maraqlarından uzaq, sırf qərəzli, anlayışsız və kiminsə iradəsinə tabeçilik zəminində parlament bir neçə dəfə kimlərəsə etimad və etimadsızlıq göstərmiş, beləliklə, ya qeyri-sabitlik törətmiş, ya da mövcud qeyri-sabitliyə qızışdırıcı təsir göstərmişdir. Belə situasiyalarda palatalardan biri hər hansı destruktiv addımın qarşısında maneəyə çevrilə bilərdi.

İkipalatalı parlamentin ölkəni federativləşməyə aparacağı barədə təsəvvürlərin heç bir real təhlükəsi yox idi və müşavirədə bu mövqedən çıxış edənlərə xatırlatdım ki, əvvəla, prezident üsul-idarəsinə malik ölkələrin, demək olar ki, hamısında parlament ikipalatalıdır. İkincisi, dünyanın Fransa, İtaliya, Çexiya, Polşa, Rumıniya, Finlandiya və s. ölkələrində ikipalatalı sistem olsa da, dövlət quruluşunun unitar xarakteri dəyişməyib. Buna görə də bildirirdim ki, parlament ikipalatalı olacağı təqdirdə, dövlətimizin federativləşə biləcəyindən qətiyyən ehtiyatlanmağa dəyməz.

İkipalatalı parlamentin əleyhdarlarının arqumentlərindən biri də bu idi ki, guya, Yuxarı Palata prezidentin səlahiyyətlərinin bir hissəsini mənimsəyəcək. Sözsüz ki, məlum məddah dairələr bununla özlərini H.Əliyevə daha yaxın göstərməyə çalışaraq, yaltaqlığın ən yüksək  zirvəsinə qalxırdılar. Lakin mənim üçün əsas o idi ki, dövlətçilik şəxslərin yox, möhkəm Konstitusiya fundamentinin üzərində dayansın. Bildirdim ki, Yuxarı Palatanın Aşağı Palatanın qərarlarına veto qoymaq səlahiyyəti olsa da, prezidentin bütünlükdə parlament qərarlarına veto qoymaq hüququ saxlanılır, bu da səlahiyyətlərin parlament tərəfindən ələ keçirilməsi təhlüküəsini aradan çıxarır.

Fikirlərimə görə, Yuxarı Palata yalnız mojaritar qayda üzrə seçilməli və 45 nəfər üzvdən ibarət olmalı idi. Müşavirədə bildirdim ki, Azərbaycan xalqı 45 nəfər ləyaqətli adam tapıb ölkənin taleyini etibar edə bilər.

İkipalatalı parlament sistemi uğrunda ardıcıl və inadlı mübarizə təkcə o səbəbdən irəli gəlmirdi ki, bu sistem dövlət quruculuğunda birpalatalı sistemdən üstün rol oynayacaq. Sözsüz ki, bu, belə idi. Lakin ikipalatalı sistemə üstünlük verməyimin digər bir səbəbi də var idi. Həmin səbəbin 1995-ci ildə parlament seçkilərindən əvvəl elan olunması xalqda müəyyən qədər anlaşılmazlıq yaradar, ikipalatalı sistem ideyasını bütövlükdə gündəlikdən çıxara bilərdi. Belə ki, parlament seçkilərinin saxtalaşdırılıb-saxtalaşdırılmayacağı şəxsən mənə gün kimi aydın idi. Cəmiyyət isə seçkilərə ümidlə yanaşır, onun tam demokratik keçiriləcəyinə və dövlət quruculuğunda müstəsna rol oynayacağına inanırdı. Sözsüz ki, bu şəraitdə hakimiyyətdə olan və ikinci postu tutan bir şəxsin “seçki saxtalaşdırılacaq” söyləməsi cəmiyyəti ruhdan salar, mövcud seçki fəallığını aradan qaldırar, əhalini azad seçki uğrunda apardığı mübarizədən tam çəkindirərdi.

Lakin bilirdim ki, H.Əliyev öz gələcək mənfəətpərəst niyyətlərini həyata keçirmək, parlamenti özündən asılı iradəsiz quruma və müti alətə çevirmək üçün seçkiləri saxtalaşdıracaq və qanunyaratma intellektinə malik sərbəst insanların mümkün qədər oraya düşməməsinə çalışacaq. Onun bu qorxulu niyyətlərinin qarşısını almaq üçün uzun axtarışlardan sonra ikipalatalı parlament ideyası üzərində dayandım. Məqsədim bu idi ki, parlamentin bir palatası H.Əliyevin saxtakarlıq əməliyyatlarının sınaq meydanına və qohum-əqrabasının təmsil olunduğu quruma çevrilsə də, əvəzində, heç olmasa, bir palataya xalqımızın ləyaqətli övladlarının seçilməsinə nail ola bilək.

Ardı Var

“Diktatorla Üz-Üzə” Kitabından (2001)

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Geri izləmələr/Geri bildirişlər

  1. Siyasi İslahatlar – 4 | RƏSUL QULİYEV - RASUL GULIYEV - Fevral 21, 2013

    […] Əvvəli […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: