“Əgər kütləvi qan tökülsə, beynəlxalq qüvvələr Azərbaycanı idarə etməli olacaq”
“500 adamın həbsindən sonra ya hökumət geri çəkiləcək, ya da camaat kütləvi şəkildə küçələrə çıxacaq. Beynəlxalq təzyiqlər isə təbii olaraq dəfələrlə artacaq.”
– Rəsul Quliyev bir siyasətçi kimi, hazırda hansı işlərin həlli ilə məşğuldur? Hansı planlarınız var?
– Məşğul olduğum işlərin geniş spektrini göstərmək qeyri-mümkündür. Ümumi şəkildə bəzi məqamları sadalamaq olar. Əvvəla, Avropa ölkələrində yaxın vaxtlarda keçirəcəyim çoxsaylı görüşlərin proqramını, məramnaməsini hazırlayıram. BMT məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsində mənim müraciətimlə əlaqədar hüquqlarımın müdafiə olunması qərarlarının verilməsi üçün tədbirlər görürəm. Azərbaycanda insan hüquqlarının və 2013-cü il prezident seçkiləri mövzusunda beynəlxalq təşkilatların və ABŞ Konqresinin qərar verməsi üçün ciddi cəhdlər edirəm. Bu, beynəlxalq aləmdə çalışmalarımın konturudur.
Ölkə daxilində isə seçkilərin saxtalaşdırılmasının qarşısını almaq üçün geniş koalisiya yaratmaq təşəbbüslərimiz hələlik kifayət olmasa da, bu inkişaf edir. Bununla əlaqədar Azərbaycanda onlarla adamla mütəmadi əlaqələr saxlayıram. Ümid edirəm ki, yaxın vaxtlarda İctimai Palata və Ziyalılar Forumunun liderləri ilə də birbaşa söhbətlər aparacağam. Hər halda, bu prosesin uğurla başa çatacağına ümid böyükdür.
Facebook, şəxsi bloqum, twitter, youtube vasitəsilə dünyanın hər yerində yaşayan azərbaycanlılarla həm konfidensial, həm də açıq məsələlər müzakirə edirəm, gənclərin protest hərəkətlərinin dinamik şəkil alması üçün təkliflər irəli sürürəm və başqa təkliflərə də məmnuniyyətlə qulaq asıram.
– Seçkilərə cəmi 8 ay qalır. Qalan müddət ərzində gərəkən bütün işləri həyata keçirmək mümkün olacaqmı?
– Seçkilərə 8 ay qalsa belə, mənim sadaladığım problemlərin həlli üçün bizim heç beş ay da vaxtımız yoxdur. Ən geci 3-4 aya bu dəfə seçkiləri saxtalaşdırmağın mümkün olmayacağı abı-havasını duymalıyıq və görməliyik, həm camaat, həm də hökumət olaraq.
– Rəsul Quliyev seçki prosesinə necə qatılmağı planlaşdırır; müxalifətin mümkün birliyi ilə, yoxsa öz partiyası və yalnız öz namizədliyi ilə?
– Seçkilərin azad və ədalətli keçirilməsi üçün yaradılacaq koalisiya müxalifətin birliyi deməkdir. Dediyiniz bu məsələ barədə indidən plan qurmaq mənasızdır. Çünki proses hələ öz inkişaf mərhələsini yaşayır.
– Bir neçə gün öncə lideri olduğunuz ACP ilə Müsavat Partiyası arasında əməkdaşlıq etməklə bağlı məlumat açıqlandı. Hər iki partiyanın rəhbərliyi bunu təsdiqlədi. Müsavatla rəsmi müttəfiqliyiniz mümkündürmü?
– Bu çox normal bir prosesdir və əslində bu, belə olmasa idi təəccüblü görsənərdi. Mən ilk çıxışlarımdan bu günə qədər İctimai Palata və real müxalifət partiyalarının bizə təbii müttəfiq olduğunu dəfələrlə söyləmişəm. Mənim hansı isə təşkilatı və ya onun liderini tənqid etməyim əsas məsələdə birləşməyimizə sədd qoya bilməz. Azərbaycanın bu vəziyyətə düşməsindən həddən artıq həyəcan keçirirəm və özüm başda olmaqla, buraxdığımız səhvləri qeyd edirəmsə, bundan inciməyə dəyməz. Əliyevlərin yaratdığı tendensiyadan – yəni “əgər məni tənqid edirsə deməli, mənim düşmənimdir” “mentaliteti”ndən əl çəkmək lazımdır. “Rəqibimin rəqibi mənim dostumdur” prinsipi indi daha çox bizə lazımdır.
– Müşahidələr göstərir ki, hakimiyyət yenə də ənənəvi seçki metodlarına üstünlük verəcək. Artıq siyasi düşərgəyə qarşı başlayan basqılar, həbslər bunu sübut edir. Bu mühitdə müxalifətin şanslarını necə qiymətləndirirsiniz?
– Saxtakarlıq və zora söykənmək uzun illər ərzində hakimiyyətin yeganə mənimsədiyi və bildiyi üsuldur və sözsüz ki, ondan başqa şey tətbiq edə biləcəkləri variant yoxdur. Hakimiyyətin öz xoşu və ya beynəlxalq təzyiqlə azad seçki mühiti yaradacağına inanmaq sadəlövh və reallıqları görməyən və bunu məqsədli şəkildə iddia edib ictimai rəyə təsir etmək istəyən əbləh adamların işidir. Müxalifət aktivləşdikcə repressiyalar da artacaq. Əsas məsələ qorxmadan sınmadan hakimiyyətin üzərinə yeriməkdir. Quba və İsmayıllı hadisələrinə görə hakimiyyət günahsız insanları cəzalandırıb. Yalnız qəzetlərdə danışıb, yazıb bu hərəkəti tənqid etməklə heç bir şeyə nail olmaq olmaz, hərəkət etmək lazımdır. Bu gün müxalifətdə olan liderlərin, funksionerlərin azı 70 faizi nə vaxtsa repressiyalara məruz qalıblar. Heç bir müqavimətə rast gəlməyən hökumət özünün cəzasızlıq mühitini normal həyat tərzi kimi qəbul edir. Azadlıq uğrunda vuruşmaq lazımdır, yoxsa hamını bir-bir yenidən repressiya konveyerindən keçirəcəklər.
– Bu cür iddialar səslənir və bəzən də əsaslı görünür ki, xalq iqtidardan narazı olsa da, müxalifətin də arxasınca getmir, onun keçirdiyi aksiyalara kütləvi olaraq qoşulmur. Buna dair fikirlərinizi bilmək maraqlı olardı.
– Qeyd etdiyiniz əslində iddia deyil, həqiqətdir. Acı həqiqətdir. Bunun qarşısını almağın yeganə yolu ən azı 1000 fədakar adamı tapmaq və silsilə kimi davam edən müqavimət hərəkatına başlamaq lazımdır. Məsələn, bu gün Bakıda aksiya keçirilir, 50 nəfər həbs olunur, sabah bu aksiya davam etdirilir, yenə bir 50 nəfər həbs olunur. Bu proses hökumətin həmin 1000 nəfəri həbs edib qurtarana qədər davam etdirilməlidir, hər gün. 500 adamın həbsindən sonra ya hökumət geri çəkiləcək, ya da camaat kütləvi şəkildə küçələrə çıxacaq. Beynəlxalq təzyiqlər isə təbii olaraq dəfələrlə artacaq.
– Sizcə, beynəlxalq aləmin Azərbaycanda baş verənlərə loyal münasibət göstərməsi nə zamana kimi davam edə bilər?
– Beynəlxalq aləm bu rejimə qarşı mütləq mənada loyal deyildir. Bir anlığa özünüzü, məsələn, superdövlətin başçısının yerində görün və Azərbaycan xalqının canını bu rejimdən xilas etmək üçün hansı təzyiqləri göstərə bilərsiniz, onları təsəvvür edin. Qoşun göndərə bilərsinizmi? Əsla yox. BMT buna icazə verməz və səbəb də yoxdur. Embarqo qoya bilərsinizmi? Xeyr, çünki ətrafdakı ölkələrin heç biri bu embarqoya qoşulmaz. Diplomatik əlaqələri kəssəniz, bundan ancaq hökumət udar. Onların Azərbaycan iqtidarına təzyiq etməsi üçün gərək xalq şərait yarada. Məsələn, dediyim kimi, minlərlə adamı həbs edələr və ya nümayişə çıxanlara güllə atalar, ölənlər və yaralananlar ola. Biz isə istəyirik ki, heç bir qurban vermədən, bir nəfərin də burnu qanamadan, qansız-qadasız azadlıq alaq. Əgər dediyimiz yolla, yəni yalnız beynəlxalq təzyiqlə azadlıq alan bir ölkə tanıyırsınızsa, deyin mən də bilim. Ukrayna və Gürcüstanı yanlış olaraq misal göstərməyin. Çünki bu ölkələrdə milyonlarla adamlar küçələrə çıxıb haqlarını tələb edirdi.
– Əgər bu il ölkədə demokratik seçkilər keçirilməsə, yenə də saxtakarlıqlar baş verərsə, hansı proseslər baş verə bilər?
– Aydın məsələdir ki, bu iqtidar heç vaxt siyasi və iqtisadi islahatlara getməyəcək, belə bir fikri olsa, ilk növbədə azad və ədalətli seçkilərin keçirilməsindən başlayar. Əksinə, ölkədə indi hökm sürən ictimai münasibətlər, daha doğrusu, xalq-hakimiyyət münasibətləri daha əcaib formada inkişaf edəcək. Bunu sübut etməyə ehtiyac yoxdur, çünki rejimin eybəcərləşməsi 1993-cü ildən bu günə qədər inkişafdadır. Aydın məsələdir ki, korrupsiya və rüşvət daha da vüsət alacaq, cəmiyyətin inkişafının özülü olan rəqabət tamamilə aradan götürüləcək. Onsuz da neft fondu vəhşicəsinə dağıdılır. Kisənin ağzını açıb planetin hər regionunda ac-yalavac, 1 milyon qaçqını olan xalqın pullarını göyə sovururlar.
Dünya da enerji sektorunda inqilabi dəyişikliklərin astanasındadır. Bu günə qədər ildə xaricdən 200 milyon ton neft idxal edən ABŞ 2013-cü ilin axırına qədər importu dayandıracaq. Bu gün ildə 200 milyon ton öz neftini çıxardan və 200 milyon ton idxal edən Çin strateji proqramına görə özünün neft istehsalını 600 milyon tona çatdıracaq və importa son qoyacaq. ABŞ şell qazı deyilən natural qaz istehsalını son 6 ildə 20 dəfədən çox artırıb. Bu ildən başlayaraq Amerika tankerlərlə Avropaya sıxılmış qaz göndərməyə hazırlaşır. İran embarqodan sonra əlavə olaraq bazara 150 milyon ton neft çıxartmağa hazırlaşır. Neft ixrac edən ölkələr ya neft istehsalını azaltmalıdır, ya da 3 dəfə ucuz qiymətə neft satmağa məcbur ediləcək. Bu amillərə görə, neft və qazdan başqa heç bir gəlir mənbəyi olmayan Azərbaycanda iqtisadi iflas elə bir sürətlə baş verəcək ki, onu hətta proqnozlaşdırmaq belə çətin olacaq. Ölkəni xaos bürüyəcək. Əgər kütləvi qan tökülsə, beynəlxalq qüvvələr Azərbaycanı idarə etməli olacaq. Təəssüf ki, hökumət bunu anlamır, bu fikirləri düşmənçilik adlandırırlar. Yaşayarıq görərik.
– Və nəhayət: hazırda Rəsul Quliyevdən danışılanda belə iddialar səslənir ki, birinci ölkəyə dönsün. Bu addımı nə zaman atacaqsınız?
– Səmimi deyim, bu bəsit, primitiv suala cavab verməkdən artıq yorulmuşam. Qısaca onu deyim ki, ölkəyə qayıdışım istiqamətində ciddi iş gedir və məncə, yaxınlarda nəticəsi olacaq.
beli cenab resul bey.men sizinle tam raziyam.azadlig verilmir.azadlig alinir.gan bahasina heyat bahasina alinir.men sizin bu fikrinizi destekliyiram.ve bu yolda birinci olarag haziram.
Resul beyin fikirlerile tam sherikem.