-“Xalqın malını yemək olmaz” şüarını indi “Xalqın malını yemək lazımdır” ideyasına çevrilib
-Qarabağ uğrunda müharibədə həlak və əlil olanların özlərini ailələrini unudanlar necə keçmiş tariximizi unutmayacaqlar?
ACP lideri, eks-spiker Avrasiya.net-ə müsahibə verib.
– Ermənistanda prezident seçkiləri keçirildi, artıq nəticələr məlumdur. Gürcüstan və Azərbaycanda isə bu proses oktyabrda planlaşdırılır. Əgər bu iki respublikada da vəziyyət dəyişməzsə növbəti 5 ildən nə gözləyə bilərik?
– Ermənistanda seçkilrərin demokratik standartlara uyğun keçdiyini qeyd edən beynəlxalq təşkilatların və ABŞ Dövlət Departamentinin bu mövqeyi qonşu ölkəni Qərb sivilizasiyasına bir qədər də yaxınlaşdırdı. Bu artıq keçirilən 3 seçkidir ki beynəlxalq standartlara standartlara uyğun hesab edilib. Azərbaycan isə hələ də Zaqafqaziyanın qırmızı adası olaraq qalır. 21-ci əsrdəyik, ölkəmiz isə hələ də bolşevik təfəkkürlülər tərəfindən idarə edilir. Keçmiş sovet sistemindən miras qalan idarəçilik tərzi eyni olsa da, problemlərə yanaşma fəlsəfəmiz o dövrdəkindən köklü şəkildə dəyişilib və daha da mürtəce xarakter alıb. Bolşeviklərin dövründə “hamı eyni səviyyədə yaşamalıdır” ideyası vardı. Bu prinsip indi “bizdən başqa hamı eyni yaşamalıdır” tezisi ilə əvəz olunub. O dövrün əsas prinsipi “Xalqın malını yemək olmaz” şüarını indi “Xalqın malını yemək lazımdır” ideyasına çevrilib. 1937-cu illərin “səsini çıxaranı repressiya etmək lazımdır” fəlsəfəsi eyni olaraq qalır. Belə bir şəraitdə Azərbaycan hökümətinin öz xoşuna azad seçkilər keçirəcəyinə inananlar dünyanın ən sadəlövh adamlarıdır. Başqa ölkələrin höküməti azad seçkilər keçirməyə məcbur edəcəyinə inanlar da həmçinin… Bizim üçün ən təhlükəli perspektiv bundan ibarətdir ki, dünya Ermənistandakı seçkilərin azad keçirildiyini elan etdiyi bir zamanda, Azərbaycanda seçkilərin qeyri-demokratik keçrilməsi Qarabağın birdəfəlik itirilməsinə gətirib çıxara bilər. Çünki indi dünyanın heç bir sivil ölkəsində anti-demokratik quruluşlar dəstəklənmir və beynəlxalq səviyyəli problemlər adətən daha demokratik təsir bağışlayan qüvvələrin xeyrinə həll olunur. Təəssüf ki, Azərbaycan indiyə qədər bu kimi məsələlərdə həmişə Ermənistandan geri qalıb və problemlərin indiki vəziyyətə gəlməsində bu yanaşmalar mühüm rol oynayıb.
– Sarkisyanın yenidən prezident seçildiyi və Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş qət etməyən iqtidara öz siyasətində hansı dəyişiklər aparmağı tövsiyyə edərdiniz?
– İqtidar öz şəxsi mənafelərini milli maraqlardan üstün tutur və onları torpaqlarımızın qaytarılmasına qurban vermək niyyətində deyildir və heç vaxt bu niyyətdə olmayacaq. Çünki onlar Bakı şəhəri və Xəzər dənizindəki neft yataqlarından başqa heç bir şeylə maraqlıanmırlar. Onları itirməmək üçün xalqına qarşı istənilən cinayətə gedərlər. Xalqımız da xoşbəxt həyatına yuxularda çatmağa üstünlük verir, azadlıq uğrunda vuruşmaq istəmir. Hakimiyyətə və xalqımıza məsləhət verərdim ki, öz ənənəvi mövqelərindən geri çəkilsinlər. Ölkə demokratikləşsin. Biz yalnız bu cür beynəlxalq təzyiqlərdən və onun gətirəcəyi ağır böhranlardan xilas ola bilərik.
-Qərbə inteqrasiya yolunu tutan Azərbaycanın Rusiya və İranla münasibətlərini korlamasının bizə nə kimi mənfi təsirləri ola bilər?
– Bəzilərindən fərqli olaraq düşünmürəm ki, hökümət bilərəkdən belə siyasət yeridir. Azərbaycanın gələcəyini iki böyük qonşusu – Rusiya və İranla düşmənçilik üzərində qurmaq istəyənlər sadəcə olaraq ağıllarını itirmiş insanlar ola bilərlər. Görünür onlar bu mövqeni tutmaqla düşünürlər ki, xalqdan oğurlayıb xarici banklara , əmlaklara qoyduqları pulları beynəlxalq sanksiyalardan xilas edəcəklər. Amma bunun müqabilində qonşu ölkələrin əleyninə formalaşdırılan siyasət ölkəmizə yaxşı heç nə vəd etmir.
– Elşad Abdullayevin videolarında məmurların ifşası hakimiyyətin korrupsiyaya qarşı mübarizəsinin şoudan ibarət olduğunu deməyə əsas verirmi?
– Hansı korrupsiyaya mübarizədən söhbət gedə bilər. Bir ölkədə korrupsiya və rüşvətə Prezident başçılıq edirsə, orada hansısa mübarizə mümkündürmü? Prezident mübarizə aparmaq istəyirsə ilk əvvəl özü bu əməlinə xitam verməlidir.
– Milli Məclisdə məmur və deputatların gizli çəkilişlərinin həyata keçirilməsini qadağan edəcək qanun layihəsi hazırlanır. Bu nə deməkdir? Niyə görə məhz E.Abdullayevin videolarından sonra bu barədə düşünüldü?
– Ağılsız qanundur, işləməz. Əksinə bir çoxlarını gizli videolar çəkib kimlərisə şantaj etməyə, alınmasa başqa ad altında yaymağa sövq etdirəcək. Bu məsələlər inzibati yolla həll oluna bilməz.
– Sovetlər dövrünün tarixi günlərindən biri də 23 fevral idi. İctimaiyyət arasında buna kişilər bayramı da deyilirdi. Bu bayram yaddan çıxıbsa bəs Azərbaycanda kişilər bayramı hansı günə təsadüf olunmalıdır? 26 iyun Silahlı Qüvvələrimizin yarandığı gün, yoxsa Qarabağımızın azad ediləcəyi gün?
– 23 Fevral Qırmızı Ordunun yarandığı gündür, o bizim bayramımız ola bilməz. Heç Rusiyanın da bayramı deyildir, bolşeviklərin bayramıdır. Həmin yaranmış Qırmızı Ordu faktiki Rusiyanın 300 il müddətində yaratdığı intlektual genofonu məhv edib. Ancaq məsələ ondadır ki, Sovet İttifaqı bu ordu adı altında Hitler faşizminə qarşı ölüm, dirim müharibəsi aparıb və azərbaycanlılar da o ordunun tərkib hissəsi olub. Azərbaycanlılar müharibədə 400 minə yaxın qurban veriblər. Sözsüz ki, biz müharibədə qələbə naminə fədakarlıq göstərən insanları heç vaxt unutmamalıyıq. Düzdür, bu, Azərbaycan üçün qeyri-ciddi görsənir, çünki yaxın tariximizdə Qarabağ uğrunda müharibədə həlak və əlil olanların özlərini ailələrini unudanlar necə keçmiş tariximizi unutmayacaqlar?
Resul bey six xalga lazimsiniz.Aliyevler sizin dirnaginizada deymez..Harinlanmish memurlar(yap)xalga meydan oxuyur.haggl taptalayirlar,hagsizdiga al calirlar.Bu be vaxta mini davam edecek?