“Xalqımız bu iqtidarı 1993-cü ildə həyat əhəmiyyətli problemimiz olan Qarabağ problemini həll etmək üçün taxt-taca gətirdi. Nəticə: torpaqlarımızın 20 faizi düşmənə verildi və hələ ki, bir qarışı belə geri alınmadı”
“Azərbaycanın humanitar yardım göstərdiyi və ərazilərində qurub-yaratdığı ölkələrin siyahısı gündən-günə artır, dədə-babalarımızın bizə miras qoyduğu doğma torpaqlarımızda isə ermənilər qurub-yaradır”
“Dəyişiklik əldə etmək üçün sistem və işə münasibət dəyişilməlidir”
“Rəsul Quliyevin iş qəbiliyyətinə, çevik idarəetmə məharətinə bələdəm və onları yüksək qiymətləndirirəm”
“Ailəmiz 45 ildən artıqdır ki, repressiya altındadır”
-Hazırkı ictimai-siyasi durumu necə qiymətləndirirsiniz? Bölgələrdəki etiraz aksiyalarından sonra Prezidentin icra başçılarını dəyişməsi sizcə vəziyyəti düzəldə biləcəkmi?
– Mövcud ictimai-siyasi durum əfsus ki, idealdan çox-çox uzaqdır. Amma biz yaranan vəziyyətə qiymət vermək üçün mülayimlik göstərərək güzəştə getsək belə, yenə “kafi” olduğunu deyə bilmərik. Bölgələrdə baş verənlər təbii ki, etiraz əlamətidir. İnsanların illərlə dərdlərinə qapılması nəticəsinin bariz nümunəsidir.
O ki qaldı bu günlərdə baş verən kadr dəyişikliklərinə bu məsələ daha çox kompaniya xarakteri daşıyır və mənə L.İ.Brejnevin Bakıya gəlişlərindən qabaq təmizlik işlərinin aparılmasını xatırladır. Yüksək qonağın gedişindən sonra xalqımıza qalan asfaltın üzərinə yağlı boya ilə çəkilmiş və illərlə silinməyən güllər və ərzaq talonları idi. Bir sözlə, üstdən bəzək,..
Adı çəkilən başçılar rəhbərlik etdikləri rayonların ərazilərində əldə etdikləri malı-mülkü bir günə “qazanmamışdılar” axı… Bu gün müəyyən hadisələrdən sonra bəlli olur ki, icra başçısının işi tam yararsız imiş. Buradan belə bir nəticə çıxarmaq olar: ya ölkə rəhbərləri rayonlara başçı kimi təyin etdikləri adamların əməllərindən xəbərdar deyillər, ya da ki, xəbərləri ola-ola bu dərəbəyliyə göz yumublar. Bunların heç biri iqtidara baş ucalığı gətirmir.
Yaranmış durğunluq vəziyyətində başçıları dəyişməklə heç bir şey dəyişməyəcək. Çünki dəyişiklik əldə etmək üçün sistem və işə münasibət dəyişilməlidir; ölkəmizdə nəzarət və tələbkarlıq kompaniya şəkli daşımamalıdır; səriştəsizliyə və israfçılığa son qoyulmasına heç olmasa cəhd göstərilməlidir, peşəkarlığa üstünlük verilməlidir və ən əsası Qanunun aliliyi bərqərar olmalıdır. Məhz bu dediklərimin vəhdəti bu ölkəni yerində dayanıb fırlanmaqdan xilas edə bilər. Mən indi dediyim sözü illər öncə də demişdim, lakin heç bir şey dəyişmədiyi üçün bir də təkrar etməyi lazım bilirəm. Bu gün ətrafıma baxdıqda L.İ. Brejnev zamanının durğunluğunun dinamikası üçün darıxıram. Bunun üçün idi mi göstərdiyimiz çabalar, müdafiə etdiyimiz müstəqillik ?..
– Ramiz Mehdiyev deyir ki, 2020-ci ilə qədər inkişaf konsepsiyası nəzərdə tutulub. Açıq şəkildə İ.Əliyevin 2020-ci ilə qədər Prezident olacağını bildirmişdi. Sizcə bu açıqlamaların arxasında nə dayanır?
-O bununla bizə bildirir ki, mövcud Prezident üçüncü müddətə seçiləcək. Əgər adı çəkilən ölkənin inkişaf konsepsiyası büdcə puluna məmurlara bahalı avtomobillərin alınmasını və bu kimi xərcləri nəzərdə tutursa, hesab edirəm ki, belə bir “inkişafın” xalqımızın rifahı ilə heç bir əlaqəsi yoxdur.
-Müxalifətin seçki ilində birləşməsi üçün müxtəlif təkliflər verilir. Sizcə Ziyalılar Forumu müxalifətin birliyinə nail ola biləcəkmi?
– Buna inanmasaq iş görməyinə dəyməz. Bu işdə hamı, yəni hərə bir yandan var gücünü əsirgəməməlidir. Bütün müxalif qüvvələr bu işi görmək üçün Qanun çərçivəsində hərəkət etməlidirlər.
-Artıq bir neçə aydır ki, Rəsul Quliyevin hüquqlarının müdafiə komitəsi yaradılıb. Bu komitəyə müxalif düşərgənin verdiyi dəstək Sizcə yetərlidirmi?
– Belə bir komitənin yaradılmasını alqışlayıram və çox şadam ki, adı çəkilən komitəyə Azərbaycanın Müstəqillik Aktının müəllifi, tarixçi-professor Hacibaba Əzimov başçılıq edir. Bu çox lazımlı bir işdir. Çünki Allahın bizə bəxş etdiyi Vətəni kimsə əlimizdən ala bilməz. Müxalif qüvvələrin bu günə qədər bu sahədə atdıqları addımlardan tam şəkildə xəbərim yoxdur. Hesab edirəm ki, görülən işə qiyməti Rəsul Quliyev Vətənə qayıtdıqdan sonra vermək olar.
-Rəsul Quliyevin bu illər ərzində ölkədə olmamasından Azərbaycan nə itirdi? Əgər ölkədə olsaydı hansı dəyişikliklər olardı?
-Mən Rəsul müəllimlə 1993-cü ildən Milli Məclisdə birgə işimiz əsnasında müntəzəm olaraq təmasda olmuşam. Onun iş qəbiliyyətinə, çevik idarəetmə məharətinə bələdəm və onları yüksək qiymətləndirirəm. Lakin bunları çox çalışdıqda bəlkə də başqaları da əldə edə bilər. Lakin Rəsul Quliyevdə olan əsl mənada demokratik ruh və başqaları üçün layiqli həyat tərzi yaratmaq istəyi nadir insanlarda olur.
Dediklərimə arxalanaraq deyə bilərəm ki, Rəsul Quliyevin Azərbaycanda olması ölkəmizə ancaq xeyir verərdi. Buna real qiymət verə bilməyənlərə isə demək istərdim ki, Azərbaycan demokratiyasının imici Rəsul Quliyevin xaricdə siyasi mühacir həyatı yaşamasından daha çox zərər çəkib, nəinki onun Vətəndə qalıb işləməsindən.
-Müxalif düşərgənin mövcud rejimin müxalifəti olmağı qəbul etdiyi halda demokratik hakimiyyətdə hər-hansı yer tutmamağı həzm etməmək duyğusu haradan qaynaqlanır
– Haradan qaynaqlanır? Təbii ki, ambisiyalardan. Əfsus ki, ambisiyalar hər zaman əsaslı olmur. Ambisiya özü-özlüyündə gözəl bir məfhumdur. Ancaq söhbət sağlam ambisiyalardan gedəndə və ortaya Vətən azadlığı və demokratiyanı qorumaq məqsəd qoyulmayanda. Onu da deyim ki, adətən xəstə ambisiyalı adamlar haqlı olduqlarına dərindən inanaraq, inadcıllıq göstərirlər.
-Ayrı-ayrılıqda İctimai Palata, Məşvərət Məclisi, Ziyalılar Forumu və digər təşkilatlar Prezident seçkilərinə çox ciddi şəkildə hazırlaşır. Siz bu qurumların fəaliyyətindən nələr gözləyirsiniz?
–Yüksək aktivləşmə, birlik, iradə və hər şeydən öncə İNAM. Bunların vəhdəti olmasa, zəhmətimiz hədər gedə bilər.
-Qalmaqallı mandat alveri ilə bağlı nə düşünürsünüz? Artıq Gülər Əhmədova da həbs olunub. Sizcə bu son illərin saxtakarlığıdır, yoxsa rüşvətlə mandat almaq bütün dönəmlərdə olub?
–Mən iqtidardan çox uzaq bir adam olduğum üçün bu məsələnin nə vaxt başladığını dəqiq deyə bilmərəm. Mənim onların mətbəxindən heç xəbərim yoxdur. Xəbərim olmayan bir məsələni isə dilə gətirmərəm. İnanmaq istəyirəm ki, istintaq və məhkəmə qərəzsiz olaraq bu işi yekunlaşdıracaq. Və təbii ki, baş verənlər mənə çox pis təsir edir. Çünki Milli Məclis ölkəmizin ictimai-siyasi həyatının əsas damarıdır. Demək olar ki, güvəndiyimiz dağlardır. Belə bir mötəbər yeri gündəlik çirkaba bulaşdırmaq məncə qəbahətdir. Həm Vətən, həm xalq, həm də gələcəyimiz qarşısında.
-Son günlər gündəmin əsas müzakirə olunan mövzularından biri də Əkrəm Əylislinin “Daş yuxular” romanıdır. Bu romana qarşı münasibət də birmənalı deyil. Bu barədə fikrinizi bilmək maraqlı olardı.
– Mən bununla bağlı fikrimi 2013-cü il fevralın 11-də “Yeni Müsavat” onlayn ictimai-siyasi qəzetinin Gülnar Şıx-Əli qızı imzası ilə “Vətənə xəyanət dərsi” başlığı altında yerləşdirdiyi məqaləmdə bildirmişəm. Bir daha vurğulamaq istəyirəm ki, Vətəninə sadiq olan bir kəs heç bir zaman xəyanətkarlığa yol verərək, Vətən xaini olmazdı. Nə mən, nə də ki ailəmiz ona bu işdə bəraət qazandıra bilmərik.
Lakin hər bir pis əməldə də insan xeyir axtarmağa çalışır. Bu yazı bir daha millətimizin qəzəbinin vəhdətinə təkan oldu: həm düşmənə, həm də yazının müəllifinə qarşı.
– Gülnar xanım, şəxsən Siz Qarabağ probleminin həllini nədə görürsünüz?
-Bu müsahibədə mənə verilən suallarda Prezident seçkiləri ön plana çəkilir. Lakin mən hesab edirəm ki, bu ikinci məsələdir. Birinci həlli vacib olan məsələ və problem – Qarabağ problemidir.
Sözün doğrusu, mən çox istərdim ki, ölkəmizdəki məmurlar gəlir gətirən obyektlərə bənzəyən vəzifələrini, monopoliyalarını qoruduqları və onların uğrunda fədakarlıqla, candan keçərək göstərdikləri mübarizə cəhdlərinin 10 faizini Qarabağ uğrunda mübarizəyə sərf edəydilər və Azərbaycan hesabına qazandıqları pullardan vaxtaşırı ayıraydılar ki, bu məsələ qansız-qadasız həllini tapaydı.
Xalqımız bu iqtidarı 1993-cü ildə həyat əhəmiyyətli problemimiz olan Qarabağ problemini həll etmək üçün taxt-taca gətirdi. Nəticə: torpaqlarımızın 20 faizi düşmənə verildi və hələ ki, bir qarışı belə geri alınmadı.
Bu gün onun şahidiyik ki, Azərbaycanın humanitar yardım göstərdiyi və ərazilərində qurub-yaratdığı ölkələrin siyahısı gündən-günə artır, dədə-babalarımızın bizə miras qoyduğu doğma torpaqlarımızda isə ermənilər qurub-yaradır. Beləliklə dünya təcrübəsi üçün xoşa gəlməz və yararsız bir presedent yaranır.
Bizim, yəni Şıx-Əli Qurbanovun ailəsinə bu ölkədə olunan haqsızlıq çoxlarına məlumdur. Bu barədə danışmaqdan keçib. Lakin inandırıram Sizi ki, əgər mövcud iqtidar bizim Vətənimizin verilən torpaqlarını geri alsaydı və bununla da haqq-ədalət bərqərar olsaydı; əgər biz xalqımızın firavan yaşadığını görsəydik, bizim ailəmiz buna təbii ki, ürəkdən sevinərdi və 45 ildən artıq repressiya altında olmağımıza baxmayaraq, deyərdik ki, qoy elə Azərbaycanda incidilən bir biz olaq. Amma həqiqətdə bu arzuladıqlarımız yoxdur. Və bu çox qəmli bir haldır.
İstədiyimizə nail olmaq üçün, ədalətli, demokratik ölkədə yaşamaq üçün xalqımız papağını qabağına qoyub yaxşıca fikirləşməlidir.
X. Eynulla
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!