Vaşinqton görüşlərinin sayı barədə də məlumat verən eks-spikerin bildirdiyinə görə indiyə qədər 26 görüş təşkil olunub və bunlardan 22-si Kongresdə, üçü fondlarda, biri isə Dövlət Depatamentində keçirilib . Bu görüşlərdə Azərbaycanın sosial-siyasi vəziyyəti, bu il keçiriləcək president seçkilərinin əhəmiyyəti və seçkidən sonra baş verəcəyi ehtimal olunan hadisələrin inkişafı müzakirə olunub.
Görüş iştirakçılarının Azırbaycanla bağlı həssasiyyətlərinə aydınlıq gətirən eks-spiker qeyd etdi ki, Amerika siyasətçilərinin diqqəti əsasən daxili problemlərin həllinə istiqamətlənir: “Bu həmişə belə olub və belə də olmalıdır. Xarici siyasətdə isə sözsüz ki, böyük və həlledici ölkələr məsələn Çin, Rusiya, İran, Ərəb ölkələri, Şimalı Koreya və İsrail-Fələstin əlaqələri diqqət mərkəzindədir. Azərbaycan kimi ölkələrə Amerika hökümətinin diqqəti əsasən ərazi konflikti bazasında müharibənin baş verməsinin qarşısını almaq üçün yönəlir. Bununla belə, Konqres üzvləri Azərbaycanda insan haqlarının pozulmasını da diqqət mərkəzində saxlayırlar, çünki beynəlxalq təşkilatlar Azərbaycanın bu problemini yaddan çıxmasına imkan vermirlər. Konqresdən Azərbaycanda keçiriləcək prezident seçkilərinə münasibətin bildirilməsinə nail olmaq üçün gərək hökmən onlarla mütəmadi görüşlər təşkil oluna.”-deyən eks-spikerə görə, ancaq görüşmək də kifayət deyildir. Məntiqi analizlə konqresdə diqqəti problemə cəlb etməli və rezolyusiyanın qəbuluna olmasına nail olmalısan: “2005-ci ildən 2012-ci ilə qədər 2 seçkinin keçrilməsinə baxmayaraq konqresin aktiv reaksiya verməməsi dediklərimi təsdiq edir. Bəri başdan qeyd edim ki Amerika siyasətçilərinin 2013-cü il prezident seçkisi ilə əlaqədar fikirləri kifayət qədər qətiyyətlidir. Hər halda onlar seçkiləri saxtalaşdırmamaq üçün əllərindən gələni edəcəklər.”
Bəs, məlum görüşlərlə ölkəmizdə nəyisə dəyişmək, seçki saxtakarlığının qarşısını almaq mümkün olacaqmı? Əməkdaşımızın sualını cavablandıran Rəsul Quliyevə görə sovetlər dağılıb Azərbaycan müstəqillik qazanandan sonra 4 parlament və 4 prezident seçkisi keçrilib: “Təəssüf ki, seçki saxtakarlığının qarşısını almaq mümkün olmayıb, əksinə bu proses yüksələn xətlə inkişaf edib, 2008-ci il alternativsiz və saxta prezident seçkiləri 2010 –cu ildə isə rüşvətlə deputat kreslolarının satılması total şəkildə həyata keçirilib. Bunun məntiqi nəticəsi olaraq 1995-ci ildən vüsət alan korrupsiya-rüşvət idealogiyası da 2005-ci ildən həndəsi silsilə ilə artıb və 2012-ci ildə artıq xərçəng xəstəliyi kimi metastaz verib cəmiyyətin bütün hüceyrələrini yeyir. Cəmiyyət bu bəladan qurtaracağına inanmır, çünki korrupsiya və rüşvətin başında Prezident dayanır. Ölkədə 3-4 milyarder , minə yaxın milyoner vardır (Bunların hamısı ildə maaşları təqribən 15 min dollar olan vəzifə shibləridir.) Hamı bu oğrular sürüsünün həm adlarını bilir, həm də üzdən tanıyırlar. Ölkədə həmin bu oğrularla camaat arasında böyük uçurumlar yaranıbdır. Sayı heç bir faizi keçməyən milyarder və milyonerlərin ağlasığmaz varlarının müqabilində ildə min dollar məvacibdən maksimum 4 min dollar qazanan kasıblar ordusu əhalinin ən azı 99 faizini təşkil edir. Ölkə sərvətlərinin belə misli görülməmiş ədalətsizliklə bölüşdürülməsi insanların səbrini tükəndirib.
Bunların nəticəsi olaraq 2012-ci ilin əvvəlindən hər ay hansısa regionda, müxtəlif peşə sahibləri və gənclər tərəfindən protest xarakterli iğtişaşlar baş verir və hökümət onların qarşısını amansızlıqla alır. Artıq bəzi patiya liderləri-İlqar Məmmədov və Tofiq Yaqublu həbs olunublar. Sözsüz ki, evlərindən “Molotov kokteyli” “tapılan” gəncləri onlarla əlaqələndirib dövlət çevrilişinə cəhddə ittiham edəcəklər.
İ.Əliyevin növbəti prezident seçkilərini saxtalaşdıracağına heç kim şübhə etmir. Bu saxtalaşdırma ölkədə xaotik iğtişaşları gücləndirəcək, axırda qan tökülməsinə gətirib çıxardacaqdır. Xaotik inkişaf edən iğtişaşı idarə etmək isə mümkün deyildir. Mən özüm həm 1988-ci il Sumqayıt, həm də 1990-cı il Bakı şəhərində belə iğtişaşların dağıdıcı gücünün şahidi olmuşam. Ancaq o dövrdə insanların hakimiyyətə qarşı nifrətinin statik enerjisi indikindən bəlkə 10 dəfə aşağı idi.”-deyən eks-spiker hakimiyyətin baş verən bu hadisələrə görə öz siyasətini yox, müxalifəti günahlandırmasını anlamaq çətindir:-“Bunlar başa düşməlidirlər ki, ölkənin getdikcə xaosa sürüklənməsi simtopmları özünü göstərir və baş verən iğtişaşların indiki müxalifətlə heç bir əlaqəsi yoxdur. Əksinə camaat çalışır ki, onların adlarını müxalifətlə bağlamasınlar.”
Rəsul Quliyev xalqın taleyini fikirləşən hər kəsin-müxalifət və ya iqtidar mənsubu olmasına baxmayaraq bütün vətənpərvərlərin və ölkəmizin demokratikləşməsində maraqlı olan beynəlxalq qurum və güc mərkəzlərinin getdikcə uçuruma doğru yuvarlanan Azərbaycanı xilas etmək üçün səfərbər olmasının vacibliyinə inanır:-“Bu gün Azərbaycan xalqının taleyinə biganə olmayan hər bir azərbaycanlı cəmiyyətdə əgər müəyyən çəkisi varsa, ondan istifadə etməli və cəmiyyəti fəlakətə yuvarlanmağa qoymamalıdır. Dünyanın super dövləti ABŞ da Azərbaycanda gedən və gedəcək proseslərdən kənarda qalmamalıdır. Bizə kömək etmək lazımdır. Xarici ölkələrin, beynəlxalq təşkilatların aktiv köməyi olmadan azərbaycanlılar təpədən dırnağa silahlanmış bu monstr rejimə qalib gələ bilməyəcəklər.”
Bəs, eks-spikerin görüşdüyü ABŞ diplomatları Rəsul Quliyevin bu mesajlarına müsbət cavab veriblərmi, ümumiyyətlə, onlar keçiriləcək president seçkiləri ilə bağlı nə fikirləşirlər?
Rəsul Quliyevin dediklərindən:
“ABŞ siyasətçiləri arasında kimlərsə Əliyevin azad və ədalətli seçki keçirəcəyinə inanırmı sualına cavablar birmənalı oldu. Məlum oldu ki, heç kim harada işləməsindən asılı olmayaraq Əliyevlərin normal seçki keçirəcəyinə inanmır. Səfir Morningstarın Əliyev ailəsi ilə isti münasibətdə olmasının azad seçkilər keçrilməsinə müsbət təsir göstərəcəyinə inananların inamlarına da ağır zərbə dəyib. Çünki Əliyev komandası ilə birlikdə açıq aşkar seçkiləri saxtalaşdıracaqlarını artıq elan edib. Onlar heç seçkidən danışmırlar. Əliyevin əvəzedilməz prezidentliyinin seçkisiz də məlum olduğunu vurğulayıblar.
Keçirdiyim görüşlərdə ABŞ siyasətçilərinin çoxsaylı sualları cavablandırdım, seçkinin keçirilmə mexanizminə aydınlıq gətirdim. Onlara izah etdim ki, Əliyevin ölənə qədər prezident olacağı barədə konstitusiya qanunu qəbul olunub. Qalıb kiçik məsələlər. Parlamentdə bir neçə deputata kukla partiya adları altında mandat verilib. Həmin partiyaların nümayəndələri də seçki komissiyalarının üzvləridirlər. Sözsüz ki, Əliyev üçün azı 6 alternativ ‘’namizəd ‘’ olacaqdır. Onların 5-i həmin kukla partiyalardan, bir nəfər də parlamentdə olmayan partiyaların birindən. Sözsüz, qorxduqları və real rəqibləri hesab etdikləri məni və Əli Kərimlini seçkilərə buraxmamağa çalışacaqlar. Məni seçkilərə buraxmamaq üçün birincisi müstəqil Azərbaycanda bir gün də biznesdə işləməməyimə, ölkənin bir litr belə neft eksportu olmamasına baxmayaraq haqqımda cinayət işi açıblar, heç bir sübut dəlil olmadığına görə məhkəmə keçirib qərar qəbul edə bilmirlər. İkincisi, qarşımı kəsmək üçün konstitusiya aktına heç bir dəxli olmayan mürtəce bir qanun qəbul ediblər. Əli Kərimli üçün də deyəsən 1993-cü ildə guya cibində qumbara gəzdirdiyi ittihamı ilə cinayət işi açılıb və onu da bağlamırlar.
Əliyevlər bu seçki şousunu necə aparmaq istədiyi barədə ABŞ rəsmilərini məlumatlandırdım. Fikrimcə, kukla partiyaların ‘’liderləri’’ seçkidə iştirak edəcəklər. Kimləri seçkilərə buraxmaq istəməsələr sözsüz, 40 min imza toplaya bilməyəcək. Seçkiyə həmin kuklalardan başqa bir nəfər də qalib gəlmək şansı olmayan və ya səs toplasa belə onun uğrunda mübarizə apara bilməyən birisini buraxacaqlar. Seçkilərin nəticələri belə olacaq; 85 faiz seçkilərdə iştirak etdi. (halbuki, maksimum 10-12 faiz iştirak edəcək). Kefləri saz olsa səslərin 82 faizi, keyfləri normal olsa 78 faizi Əliyevin xeyrinə elan ediləcək. Yerdə qalan 18 faiz sə isə o birilərin arasında bölüşdürüləcək. Təbliğat kompaniyasında müxalifət nümayəndələrindən kim Əliyevin əleyhinə kəskin danışsa 0.5 faiz, normal danışsa 1.5 faiz ‘’səs’’ alacaq. Əgər bu yaramaz prosesin qarşısı alınmasa heç bir seçki keçirmədən bu nəticələri bu gündə elan etmək olar. Belə bir işdən sonra nələr baş verəcəyini anlamayan hakimiyyətin başına ağıl qoymaq lazımdır. Biz bu işi görməyə çalışacağıq, ancaq sizin dəstəyinizə də ehtiyacımız var”.
Əziz oxucular! Görüşlərdən hazırlanmış reportajlarla vaxtaşırı sizi tanış edəcəyik.
Qeyd edək ki, görüşlərdə Rəsul Quliyevi Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev də müşaiyyət edib və o da ölkədə olan bu günkü vəziyyətlə əlaqədar suallara cavab verib.
Azpolitika.com
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!