-Buna prezidentin özü aydınlıq gətirsə daha yaxşı olar;
Aprel ayında Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu ofşor zonada qeydiyyatdan keçən şirkətlərlə bağlı araşdırma apardı. Həmin araşdırmada Azərbaycan prezidenti İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın və qızlarının da ofşor şirkətlərindən bəhs edildi. Beləcə, ofşor şirkətlər vasitəsilə ölkədə dəyəri milyonlarla ölçülən layihələrin arxasında prezident ailəsinin gizləndiyi üzə çıxdı.
Azərbaycanın 6 bölgəsində (Tovuz, Gədəbəy, Daşkəsən, Göygöl, Zaqatala və Naxçıvan) qızıl mədənlərinin istismarı ilə bağlı 30 illik saziş prezident qızlarının Panamada qeydiyyatdan keçən ofşor şirkəti ilə bağlandı. Mədənlərin istismarından əldə olunan gəlirin 30 faizi Azərbaycan hökumətinin, qalan 70 faizi isə konsorsiumun payına düşür. Ölkənin mobil rabitəsini, bank, tikinti, sığorta və digər sahələri birləşdirən «AtaHoldinq»in təsisçiləri prezident qızlarının Panamadakı digər şirkətləridir. Bununla da Azərbaycandan 48 milyarda qədər vəsaitin müxtəlif yollarla ofşor zonalara çıxarılması haqda Qərb mediasında məlumatlar dərc olundu. Həmin vaxt hakimiyyətin onun ünvanına səslənən bu ittihamaları susqunluqla qarşılaması isə deyilənlərin həqiqət olması ilə bağlı ictimai fikirdəki əminliyi bir qədər də artırdı, bəzi müxalif partiyalar bəyanat verərək yetkililəri səslənən ittihamlara aydınlıq gətirməyə çağırdı. Siyasilər hesab edir ki, Qərb son bir ay ərzində hakimiyyət tərəfindən Azərbaycandakı beynəlxalq təşkilatların sıxışdırılmasına elə hakimiyyətin öz dili ilə cavab verməyi qərara alıb. Bu baxımdan da xalqdan oğurlanan pullarla bağlı problemi Avropa və Amerika mediasında geniş şəkildə işıqlandıran Qərb dairələri, Azərbaycan hakimiyyətinə əzələ nümayiş etdirməkdədir. Hər halda bir tək bu olayla bağlı yaranan situasiya sübut edir ki, hakimiyyət özünü nə qədər güclü və məğlubedilməz hesab etsə də, mövcud reallıq tamamilə fərqlidir və Qərb istədiyi zaman informasiya müstəvisində mövcud rejimə ağır zərbələr endirə bilər.
Məsələyə münasibət bildirən ACP lideri, eks-spiker Rəsul Quliyevin fikrincə, dünyanın inkişafı aparıcı ölkələrdən, bütün dövlətləri tabe olmağa məcbur edən beynəlxalq qanunların qəbul edilməsini aktuallaşdırır: “Məsələn, 17-ci əsrdə bir çox ölkələrdə dənizlə ticarət flotlarının yaranması bu sferada beynəlxalq normaların qəbul edilməsi ilə nəticələndi. Və ya ölkələrin valyutalarının qızıl ekvivalenti ilə konvertləşməsi beynəlxalq maliyyə sistemində (18-ci əsr) qanunlaşdırıldı. İqtisadiyyat və maliyyə sistemində beynəlxalq normaların tətbiq edilməsi sağlam rəqabətin yaradılmasına xidmət edir və nəticə etibarilə bu istiqamətdə qəbul edilmiş qanunlar bütövlüklə ümumi inkişafda sıçrayışa səbəb olur. 21-ci əsr siyasi və iqtisadi qloballaşma əsri kimi gündəmə gəlib və bugünkü ofşor bankları, maliyyə sistemi bu siyasətin əleyhinə işləyir”.
İlk növbədə qloballaşma nədir?
R.Quliyev bu sualın cavabını belə verib: “Qloballaşma bütün ölkələrin bank və maliyyə sistemlərinin identik beynəlxalq qanunlarla işləməsinə nail olmaqdır. Bu istiqamətdə ilk addım 1995-ci ildə yaradılmış ‘’Ümumdünya Ticarət Təşkilatı ‘’adı altında atılıb. Bu təşkilata daxil olan ölkələr faktiki özlərinin milli kompaniyalarını himayə etməkdən məhrum edilir, yəni, məsələn, avtomobil istehsal edən hansısa bir ölkə xaricdən satışa gətirilən maşınlara yüksək gömrük xərci qoymaqla bazarının qapısını onlar üçün bağlaya bilməz. Bu təşkilatın üzvü olmaqla daxili kompaniyaların hamısı dünyada mövcud olan rəqabətin dəmir məngənəsinə düşür. Bu rəqabətdə iştirak etmək və yaşamaq üçün dövlət məcbur olub onun mülkiyyətində olan kompaniyaları özəlləşdirməli və imkan verməlidir ki, bu özəlləşdirmədə xarici kompaniyalarda iştirak etsin”.
R.Quliyev onu da vurğulayıb ki, qloballaşmanın ikinci və ən mühüm addımı investisiya maliyyə və bank sistemlərinin identifikasiya edilməsinə nail olmaqdır. Bu istiqamətdə məqsədyönlü işlər gedir. Ofşor zonaları yaratdığı bank və maliyyə sistemi ilə qloballaşma üçün ciddi təhlükədir və sözsüz, yaxın gələcəkdə ya ləğv olunmalıdır, ya da beynəlxalq qaydalarla işləməlidir. Niyə təhlükəlidir?: “20-ci əsrin 90-cı illəri tək sovetlərin yox, bütün sosialist sisteminin dağılması ilə nəticələndi. Dünyanın qara pullar təmizləyən 10-larla totalitar rejimli ölkələrinin sayı iki dəfədən artıq artdı. ABŞ-da baş vermiş 2001-ci il sentyabr terror aktı dünyanı silkələdi. Terrorçuların maliyyələşdirilməsi bank sistemində olan çatışmazlığı bütün çılpaqlığı ilə üzə çıxartdı. Banklar müştərilərindən pullarının mənbəyini göstərməyi tələb etməyə başladılar. Başa bəla diktatorlar, avtoritarlar, onların çoxsaylı ailə klanı, həmin dövlətlərin məmurları qara pullarını gizlətmək üçün ofşor zonalara üz tutdular. 2008-ci il ümumdünya iqtisadi böhranı bankların qara pullara neqativ münasibətini daha da gücləndirdi. Xalqdan oğurlanan pullar ofşor zonaların banklarında sığınacaq tapdı. Bu zonalarda yığılmış 10 trilyonlarla qara pul dünyanın beynəlxalq qanunlarla işləyən bank sisteminə, investiya siyasətinə real təhlükə yaratdı. Ofşor zonalarda kompaniya açmaq prosesi məsələn, yarım saat oraya küllü miqdarda pul keçrilməsi də yarım saat çəkir. Ən əsası isə bu zonada vergi yoxdur, pulun mənbəyi heç kimi maraqlandırmır”.
R.Quliyev onu da bildirib ki, ofşorun şərtlərindən biri də vergi, vəsaitin mənbəyi pulu o zonalarda yerləşdirənlərin məsuliyyətidir: “Ona görə pullarını o zonalarda yerləşdirən hər bir şəxs vətəndaşı olduğu ölkənin qarşısında məsuliyyət daşıyır. Niyə ofşor zonalarında toplanan pullar dünya iqtisadiyyatının inkişafı üçün təhlükədir?
Məsələn, götürək Azərbaycanı. İstənilən bir reallığa yaxın rəqəm götürək. Söhbət sözsüz ki, tək Vircin adasından getmir. Dünyada onlarla belə zonalar var. Düşünürəm ki, onların azı 90 faizindən başda prezident olmaqla azərbaycanlıların adı çıxacaq. Tutaq ki, Azərbaycanda ildə 5 milyard dollar xalqdan mənimsənilib həmin ofşor zonalarında yerləşdirilir. Bu pul bankda saxlanılan puldur daha doğrusu, ölü puldur. İndi təsəvvür edin ki, o pul camaatın cibindən oğurlanmasaydı nə baş verərdi. O pulun azı 4 milyardı xərclənəcəkdi, yemək, ev əşyaları , paltar və sairlər üçün. Deməli, müvafiq şəkildə hansısa kompaniyalar bu alınacaq məhsulları istehsal etməli idi. Həmin bu məhsulları istehsal etmək üçün 100 minlərlə adam işləməli idi. Və onlar da maaş almalı və xərcləməli idi. İndi bu pulların masştabının 5 milyard yox, 100 milyardlar olduğunu təsəvvürünüzə gətirin. Bu qara pullar 10 milyonlarla işsizlər ordusunun yaranmasına, iqtisadiyatın inkişafının aşağı düşməsinə katalizatorluq edir. Və ümid edirəm ki, ofşor zonalarının niyə belə diqqət mərkəzinə çevrildiyini qəbul etdiniz”.
Eks-spikerin fikrincə, investisiya sistemində də ofşor zonalarının pulları əsl mənada hərc-mərclik yaradıb. Dünyanın kompaniyaları böyük layihələri ilə tenderlərdə iştirak edir. Tenderi heç kimin tanımadığı bir kompaniya udur: “Çünki layihənin maliyyəsini ofşor zonanın bankı öz üzərinə götürür. Pul qara pul olduğu üçün onun sahibi istənilən faizlə onu investisiyaya verə bilər. Əgər normal banklar layihənin riskindən asılı olaraq ən azı 5 və ən çoxu 12 faiz kredit müəyyənləşdirirsə, ofşorlar 1 və ya 2 faiz təklif edirlər, rəqabətin prinsiplərinə fundamental zərbə vurulur.
Ofşor zonaların hesabına ildə ən azı bir neçə yüz milyardlar vergidən yayınır. Ofşor zonalarında terrorçular və onları dəstəkləyənlər maliyyə mənbəələrini gizlədə bilirlər. Bu zonalarda narkotik mallar, qanunsuz silah, fiziki insanlarla və sair alver edənlər pullarını saxlayırlar. Ofşor zonaları planetin inkişafına təkan verəcək ümumi qlobalaşma prosesinə maneçilik yaradır və o ya ümumi beynəlxalq qanunlarla yaşayacaq, ya da ləğv olunacaq, üçüncü yolu yoxdur. Ola bilər ki, yaxın vaxtlarda o zonalarda yerləşdirilmiş pullar dondurulsun, mənbəyi korrupsiya və rüşvət olan hesablardakı pullar konfiksasiya edilsin ya xalqa qaytarılsın, ya da dünyada olan qlobal problemlərin məsələn, aclıq, uşaq xəstəliyi və sairlərin həll edilməsinə yönəldilsin. Biz təəssüf edirik ki, Azərbaycan prezidentinin adı bu zonalarda qara pul saxlayanların arasında birincilərin sırasında səsləndi. Hər halda bu ilk növbədə Azərbaycan xalqının imicinə vurulan ağı zərbədir. O ki, qaldı o zonada adları hallandırılanlara bu məsələyə aydınlıq gətirməkdən asan heç bir şey yoxdur. Buna biz, daha doğrusu, prezidentin özü aydınlıq gətirsə daha yaxşı olar. O adamlar hansısa ölkənin vətəndaşıdırlar. Ya Rusiyanın, ya da Azərbaycanın. Bu ölkələrin ixtiyarı var ki, o hesabların açılmasını və vergi deklarasiyasında göstərilməsini tələb etsin. Məsələn, Rusiyada Nazirlər Sovetinin sədrinin birinci müavininin həmin zonada pulu var onu vergi deklarasiyasında göstərir (həm də arvadının) və mənbəyini də gizlətmir. Hesab açıqlananda pulun haradan keçdiyi və onun mənbəyinin qara və ya təmiz biznesdən olduğu müəyyənləşəcək. Bunlar hamısı çox asan məsələlərdir. Qəpiyinə qədər haradan və nəyin hesabına gəldiyini hesablamaq xüsusi ixtisas tələb etmir. Ortada polemikalıq bir şey yoxdur. Heç kim demir ki, kimsə biznes edə bilməz. Sadəcə, deyilir ki, heç kim qanunsuz biznes edə bilməz. Deyilir ki, korrupsiya və rüşvət biznes deyildir”.
R.Quliyev deyir ki, abstrakt fikirlər söyləməkdənsə tək o adada yox, başqa adalarda da saxlanılan hesablar açılsın. Xalq özlərinin talantlı biznesmenlərini tanısın, onların dövlət büdcəsinə verdikləri vergi ilə fəxr etsinlər.
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!