5-ci epizod
1811-ci ilin dekabrı, Şah sarayı, Tehran…
– Şah sağ olsun, rusların Polşanın bir hissəsini tutması fransızları qəzəbləndirib. Napoleon onları ‘’Tilzit’’ müqaviləsinin şərtlərini pozmaqda ittiham edir. Ruslar da öz növbələrində Napoleonun müqaviləni pozduğunu deyir, qoşunlarını Prussiyadan çıxarmamaqda təqsirləndirirlər. Məncə, Napoleonu əsas narahat edən rusların ingilislərlə əlaqələrini möhkəmləndirmələridir. Avropada hegemon mövqeyini axıra qədər möhkəmləndirə bilməyən Fransa yaxşı bilir ki, nə qədər İngiltərə öz qüdrətli donanması ilə mövcuddur, bir o qədər də Avropa ölkələri ümidlə yaşayıb fransızlara tabe olmayacaqlar. Napoleon ingilislərlə son – həlledici döyüşə hazırlaşır. Ancaq şərqdə 1 milyonluq ordusu olan rusların müqaviləyə baxmayaraq, hər zaman ona arxadan zərbə vuracağından ehtiyatlanır. Fikrimcə, Napoleon həlledici döyüşdən öncə, rusları qısa bir müddətdə məğlubiyyətə uğradıb, onları tərkisilah etməyə çalışacaq. Napoleon ordusunun rusları məğlub etməsi Fransa üçün problem deyil. Ancaq tərkisilah edə bilməsi, şübhə altındadır…
Çəkdiyi axırıncı miniatürü tamamlamadığını xatırlayan Fətəli şah, oğlu Abbas Mirzənin bayaqdan başladığı söhbətini kəsdi:
– Fransa ilə rusların vuruşmasının bizə nə isti-soyuğu var? Bizim üçün daha yaxşı olardı ki, ruslar məğlub olmaqdan qorxub özləri qoşunlarını Qafqazdan çıxarsınlar və Avropaya aparsınlar. Ya da biz kiçik bir ordu ilə onları oradan qovub çıxardarıq. İngilislər də bizə artilleriya və digər silah-sursat göndərməyə söz veriblər…
Şahın tamamlamadığı rəsm əsəri yadına düşəndə, yenidən qəzəbləndi və səsini yüksəltdi:
– Nə boş-boşuna vaxtımı alırsan, daha vacib işlərim var. Bir həftədir mənimlə görüşüb bu nağılları danışmaq istəyirdin?! Xarici İşlər nazirim var, o, bunların hamısını mənə danışır və nəzarət edir!
Ancaq Abbas Mirzə yaxşı bilirdi ki, Xarici İşlər naziri düz 3 aydır ki, atasının qəbuluna düşə bilmir. Atası isə elə o tonla da davam edirdi:
– Sənə vilayət vermişəm, get, onu idarə et, dövlətin işlərinə qarışma!
Abbas Mirzə atasını yaxşı tanıyırdı. Bilirdi ki, o, emosional adamdır və tərifi də çox sevir. Xüsusilə də çəkdiyi cızma-qaraları tərifləyəndə, atası sevincindən özünə yer tapa bilmirdi. Odur ki, atasını yumşaltmaq üçün onun zəif damarını tutmağa çalışdı:
– Ata, sənin ayağının bildiyini bizim başımız bilmir, razıyam. Ancaq icazə ver, sözümü axıra qədər deyim, həm də səninlə bir qədər çox bir yerdə qalmaq istəyirəm. Allah bilir, bir də nə vaxt imkanın olacaq ki, qızıl kimi vaxtını mənimlə görüşə sərf edəsən…
Oğlunun sözləri dərhal təsirini göstərdi. Şahın kefi bir qədər düzəldi, fəxrlə Avropa təhsilli, bir neçə dil bilən oğluna baxdı və əli ilə davam etməsinə işarə verdi. Abbas Mirzə davam etdi:
– Şah sağ olsun, Rusiya-Fransa müharibəsi başlayan kimi, ruslar avtomatik İngiltərənin müttəfiqinə çevrilir. Onlara ruslar lazımdır, biz yox. Düzdür, ingilislər heç vaxt ruslara imkan verməz ki, İran onların təsiri altında olsun. Çünki İran körfəzi, Hörmüz boğazı dünya sularının ağası ingilislərin nəzarətindədir. Ancaq 85 faizi dağlıq ərazi olan Qafqazı onlara hədiyyə edəcək…
Atasının səbri yenə tükənirdi:
– Sözünün canını de, nə istəyirsən məndən?
Abbas Mirzə yenə emosiya doğuran ifadələrə keçdi:
– Əziz atam, biz təcili tədbirlər görməsək, Arazın şimalındakı torpaqlarımızı itirəcəyik. Biz Qacarlar üçün İran imperiyasında bundan əziz torpaqlar yoxdur. Qacarlar öz dövlətçilik fəaliyyətinə ilk dəfə bu torpaqlarda başlayıblar. Bizim ulu babamız Şahqulu xan Qacar hələ 100 il əvvəl Səfəvilər tərəfindən Gəncənin xanı təyin edilib. Bizimlə ittifaqda olan Nadir şah tacqoyma mərasimini bu torpaqlarda – Muğanda keçirməyi özü üçün fəxr hesab edirdi. İrəvan xanlığının ikinci adı, gör, neçə illərdir “Qacarlar xanlığı” adlandırılır. Bu torpaqlarda, azı 800 ildir ki, təmiz türklər yaşayırlar. Ancaq ruslar fransızlarla müharibədə udsalar, bizim bu torpaqları itirməyimiz heç bir il də çəkməyəcək. Odur ki, birincisi, azı 100 minlik ordu yaratmalıyıq. Emissarlarımız artilleriya, silah-sursat almaq üçün qiymətli hədiyyələrlə Avropaya göndərilməlidirlər. Həm də bu ölkələrdən bizim ordunu hazırlamaq üçün peşəkarlar dəvət etməliyik. İkincisi, Osmanlı imperiyası ilə onların əsas şərtlərini qəbul etməklə, müqavilə bağlamalıyıq. Müqavilənin şərtlərindən biri də hərbi yardım haqda olmalıdır. Üçüncüsü, adamlarımızı Çinə göndərib onların barıt və silah texnologiyasını bura gətirtmək, özümüzün odlu silah istehsal edən zavodumuzu tikmək lazımdır. Dördüncüsü, Rusiya imperiyasına qulluq edənlərin, xüsusi ilə ermənilərin Qafqaz regionuna köçməsinin qarşısını almalıyıq. Əmim Ağa Məhəmmədin bu barədə fərmanı olub, o yerinə yetirilməlidir. 1805-1806-cı illərdəki vuruşlar göstərdi ki, azsaylı ermənilər necə asanlıqla bizim ordunun hansı istiqamətdə hərəkət etdiyini ruslara ötürürlər. Son vaxtlar Gürcüstana, oradan Qarabağ, Gəncə zonasına axışan ermənilərin sayı artıb…
Şah onun sözünü yenə ağzında qoydu:
– Şah İsmayıl 14 yaşında İran imperiyasına şahlıq edirdi. Sənin 22 yaşın var, ancaq ağlın hələ də uşaq ağlıdır. Bizim xəzinə boşdur. Hansı pullarla biz sən dediyin bu işləri görəcəyik?!
Abbas Mirzənin ürəyindən “sənin hər gün təşkil etdiyin eyş-işrət məclislərinə xitam verilsə, xəzinədə pul olar” demək keçsə də, özünü saxladı və sakitcə:
– Ata, kimin nəyi varsa, verməlidir. Mənə və arvadıma məxsus olan bütün qızıl, gümüş və digər zinət əşyalarını günü sabah xəzinəyə verməyə hazıram. Varlıların hamısını bu işi görməyə məcbur etməliyik. Camaatı da başa salıb, vergiləri artırarıq…
– Sən nə danışırsan, camaat onsuz da həyatlarının ağırlığından narazıdır! Onları əlavə xərcə salmaq üsyana gətirib çıxarar. Ətrafımızda beş-on nəfər bizi müdafiə edən var, təklif edirsən ki, onların da olan-qalanlarını əllərindən alıb, özümüzə düşmən edək?! Deyəsən, xalqın əli ilə məni öldürtdürüb, yerimə keçmək istəyirsən, hə?! Allah üzünə baxıb ki, mən Şah Abbas deyiləm, oğlanlarımın hamısını öldürtdürəm, – deyə, Fətəli şah qəzəblə dilləndi.
– Niyə belə danışırsan, ata? Axı söhbət vətəndən gedir! Mən necə şah ola bilərəm ki, qabaqda məndən böyük 3 vəliəhd qardaşım var, – Abbas Mirzə cavab versə də, bu yaxınlarda Bağdadda görüşdüyü ingilis səfirinin dedikləri yadına düşdü: “Üzr istəyirəm, əlahəzərət, sənin atanla İngiltərə, çətin ki, ciddi bir müqavilə bağlaya. O, dövlət işləri ilə məşğul olmur. Sizdə şahı dəyişmək elə də böyük bir problem deyil. Biz demirik ki, atanızı öldürəsiniz, sadəcə olaraq, şahlıqdan uzalaşdırmaq lazımdır. Gedib özünün sevdiyi sənətlə – şeir yazmaq və şəkil çəkməklə məşğul olsun. Sizin Sari şəhərində iqamətgahınız var, ora atanız və onun hərəmxanası üçün yarayar. Siz şah olsanız, məmnuniyyətlə biz sizinlə ciddi müqavilə bağlayarıq. Üstəlik, ruslarla, Osmanlılarla sizin arazında müqavilə bağlanılmasında vasitəçilik də edə bilərik. Məsələn, siz Gürcüstan və Dağıstandan əl çəkərsiniz, ruslar da bir daha Azərbaycana göz tikməzlər. Osmanlılarla probleminiz daha azdır. Sadəcə olaraq, Bağdad və onun ətrafını, gərək, yaddan çıxarasınız. Birləşmiş Krallıq siyasi və iqtisadi reformalar etməkdə də sizə kömək edər”…
Ardı Var
QARABAĞ: Müqavimətsizlikdən Doğan Faciə (2011) Kitabından
Geri izləmələr/Geri bildirişlər
[…] Əvvəli […]