İranda 1847-ci ildə Nəsrəddin şah Qacar hakimiyyətə gəldi. O, atası Məhəmməd şah Qacarın oğlundan çox, İranda qəhrəman kimi xatırlanan Abbas Mirzənin nəvəsi olaraq tanınırdı. Anadan olandan Təbrizdə yaşamış Nəsrəddinin şahlıq heç fikrindən belə keçmirdi. Elmi təfəkkürə malik olan bu adam həyatını təbiətin qoynunda keçirib, kənd təsərrüfatı ilə məşğul olmaq istəyirdi. Atası Şah Məhəmməd rəhmətə gedəndən sonra Əmir Kəbir tərəfindən göndərilmiş süvarilər arxasınca gəlib, onu şah elan etmək üçün Tehrana aparmaq istəyəndə, Nəsrəddin onları qovdu. Fars dilində bir söz də bilməyən Nəsrəddinin türk dilində onları söyüb qovmaq istəməsinə baxmayaraq, onu zorla faytona oturtdular və Tehrana gətirib şah elan etdilər. Nəsrəddin şah Qacar qısa bir müddətdə nəinki fars, hətta fransız dilini də öyrəndi. 2 ildən sonra o, xalq arasında “fars dilində ən gözəl nitq söyləyən şah” tituluna malik idi. Fars dilində şeir yazmağa başlamışdı. Heç vaxt dövlət işləri ilə məşğul olmamış şah (adətən, şahzadələr 10 yaşından dövlət işlərinin həllində iştirak edirdilər) əsas gücünü iqtisadiyyatda, hərbdə və elmdə Avropa tipli reformalar etməyə yönəltmişdi. İranın Azərbaycanı birdəfəlik itirdiyi 1828-ci ildən 3 il sonra dünyaya gəlmiş şah, bu torpaqların onların olduğunu, onun qanını daşıdığı Qacarlar nəslinin 300 ildən çox Qafqaz Azərbaycanının hökmdarları olduqlarını qəbul edə bilmirdi. Azərbaycana elə Rusiya ərazisi kimi baxırdı.
Dünyada gedən mürəkkəb siyasi proseslərdən o qədər də başı çıxmayan 16 yaşlı Nəsrəddin şah, hakimiyətə gələndə imperiya dağılmağın astanasında idi. Vilayətlər, demək olar ki, mərkəzi hakimiyyətə tabe olmurdu, xəzinə boş idi, ordu yox dərəcəsindəydi, ümumi yaranmış xaosda hətta səfirliklərin işçilərinin məvacibini verməyə pul çatmırdı. Ölkəni bu vəziyyətdən Baş nazir vəzifəsini daşıyan təcrübəli Əmir Kəbir xilas etdi. O, qətiyyətlə bütün sahələrdə təcili reformalara başladı. Şahın elmə, təhsilə, ümumiyyətlə, yeniliyə olan tükənməz meylindən istifadə edib, ölkədə ilk univeristetin açılması və ilk qəzetin çap olunması fərmanlarını ona imzalatdı. Şah məmuniyyətlə bu işləri görürdü. Ancaq tezliklə şahın çoxsaylı qohum-əqrabası sarayda Əmir Kəbirin əleyhinə fikir yarada bildilər, onu taxt-tacı ələ keçirmək cəhdində suçlayıb, şah fərmanı ilə vəzifəsindən azad etdirdilər. Yaxın qohumlarının canfəşanlığına baxmayaraq, şah onu edam etdirmədi. Ancaq bir müddətdən sonra şah sərxoş olan vaxt ona Kəbirin cəzalandırılması fərmanını imzalatdırdılar. Şah ayılana qədər, gecəylə – 1852-ci ilin yanvarında onu öldürdülər.
Şah Nəsrəddin hakimiyyətinin ilk iki ilində Avropada daha çox fransızlara isti münasibət bəsləyib, İranın siyasətini Fransanın dəstəkləməsi istiqamətində iş aparırdı. Qonşusu, böyük bir əraziyə malik olan Rusiya ilə dostluq münasibətləri yaratmaq da onun siyasətinin əsas istiqamətlərindən biri idi.
Ardı Var
QARABAĞ: Müqavimətsizlikdən Doğan Faciə (2011) Kitabından
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!