–Xırda və orta sahibkarlığın tam inkişafını təşviq etmədən, iqtisadiyyatı liberallaşdırmaq mümkün deyildir;
-Müvəffəqiyyət xeyli dərəcədə torpaq münasibətlərinin vəziyyətindən asılıdır;
–Dövlət ixracın həvəsləndirilməsi üçün tədbirlər görməli, bundan ötrü vergi güzəştləri ilə ixracatçıların marağını artırmalıdır;
-Ixrac Emal Zonaları (İEZ);
Nədir iqtisadiyyatda demokratiya yolu? Demokratiya yolu ondan ibarətdir ki, insanlara sərbəst fəaliyyət üçün şərait yaratmalıyıq. Düşünməliyik ki, necə şərait yaradaq ki, nəzərdə tutduqlarımıza nail ola bilək. Belə bir məhsuldarlığı, belə bir işi ancaq azad insan həyata keçirə bilər. Məcburiyyətlə və yaxud müəyyən bir plan tutmaqla, müəyyən bir kağıza yazmaqla nəyisə həyata keçirmək mümkün deyil.
Yeni ad altında yaradılan şirkətləri, birlikləri haqlı tənqid edirlər. Axı, bədbəxtlik ondadır ki, yaranmış şirkətlər, birliklər, komitələr və s. hamısı jandarm alətidir. Bunların heç biri iqtisadi siyasət yerinə yetirmir, ancaq jandarm kimi hərəkət edirlər ki, hansı direktoru çıxartsın, kimi tutsun, kimi cəzalandırsın. Belə vəziyyətdə iqtisadiyyat inkişaf edə bilməz, mümkün olan şey deyil.
Azərbaycanda çox qəribə bir idarəetmə sistemi var. Nazirliklərin, komitələrin, şirkətlərin sayı üst-üstə götürəndə yüzü keçib. Bu idarəetmə sistemini hökumət heç cür dəyişməyə can atmır, proqramı da yoxdur (H.Əliyevə qarşı yönəldiyi üçün bu tənqidlərin mənə problemlər yaradacağını bilirdim. Lakin proseslərin xalqı necə ağır vəziyyətə doğru aparması məni bir azərbaycanlı kimi rahat buraxmırdı – R.Q.). Bütün idarəetmə sistemi inzibati üsulla tənzimlənir. Dövlətdə nazirliklərin hamısı siyasi nazirliklər – dövlətin hər hansı bir sahədə proqramını həyata keçirən orqanlar olmalıdırlar. Təəsüf ki, bizdə belə bir şey yoxdur. Həddən artıq nazirliklər, komitələr var. Azərbaycan kimi respublikada, fikrimcə, 10-15 nazirlikdən artıq nazirlik lazım deyil. Bu sistem liberallaşdırılmalıdır, imkan vermək lazımdır ki, özü-özünü idarə etsin. İqtisadiyyatda “yuxarıdan aşağı idarəetmə” prinsipinin nəzərəçarpacaq bir nailiyyətə gətirib çıxarması mümkün deyil.
Biz bazar islahatı və dövlətin demokratikləşdirilməsi proqramını elan edir, lakin bazar islahatı ideyasını tam özəlləşdirməyə, özəlləşdirməni isə ictimai kapitala, bütün iqtisadiyyatın kapitallaşdırılmasına – həm xırda, həm də iri biznesin və ölkənin maliyyə-pul sisteminin kapitallaşdırılması ideyasına aparıb çatdırmırıq. Əksinə, bəziləri hətta özəlləşdirmənin artıq formasının tətbiqini – dövlətsizləşdirməni və makroiqtisadiyyat səviyyəsində sabitləşdirmə siyasəti tədbirlərinin həyata keçirilməsini təklif edirlər. Lakin bazar makrosubyektləri olmadan, bazarın böhran əleyhinə tənzimlənməsinin makroiqtisadi tədbirlərini necə tətbiq etmək olar?
Xırda və orta sahibkarlığın tam inkişafını təşviq etmədən, iqtisadiyyatı liberallaşdırmaq mümkün deyildir. Aydındır ki, çoxlu xırda və orta müəssisələrin fəaliyyət göstərdiyi sahələrdə inhisara yer qalmır. Beləliklə, xırda və orta xüsusi sahibkarlıq, rəqabət mühitinin və bazar azadlığının saxlanmasının amili kimi çıxış edir. Ona görə də lisenziya alınmasını tələb edən fəaliyyət növlərinin (neft məhsulları, pambıq, hərbi texnika və sursat kimi) siyahısı xeyli ixtisar edilməlidir.
İqtisadiyyatın inkişaf etdirilməsi, onun liberallaşdırılması və demokratiyanın möhkəmləndirilməsi sahəsində müvəffəqiyyət xeyli dərəcədə torpaq münasibətlərinin vəziyyətindən asılıdır. Açıq etiraf etmək lazımdır ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin mövcud sistemi iqtisadiyyatın inkişafına mane olur, əkin sahələrinin böyük hissəsi dövlətin və kolxozların mülkiyyətindədir. Bu isə istehsalın artırılmasına marağı azaldır.
İqtisadiyyatın liberallaşdırılması səviyyəsi xeyli dərəcədə xarici, iqtisadi əlaqələrin inkişafından asılıdır. Fəaliyyətin idxal əvəzləmədən ixrac istiqamətinə yönəldilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Hərçənd, idxal kifayət qədər liberal olmalıdır. Dövlət ixracın həvəsləndirilməsi üçün tədbirlər görməli, bundan ötrü vergi güzəştləri ilə ixracatçıların marağını artırmalıdır. Elə etmək lazımdır ki, xaricə hazır məhsul göndərən müəssisə həmin məhsulun istehsalı üçün lazım olan xammal və materialların idxalı zamanı ödədiyi verginin tam məbləğinin əvəzini çıxara bilsin. Bu tədbir sənaye məmulatlarının maya dəyərini aşağı salaraq dünya bazarında Azərbaycan mallarının rəqabət qabiliyyətini artırardı. Gömrük taariflərinə gəldikdə isə, o, qanunvericilik əsasında Gömrük Komitəsi tərəfindən alınmalıdır.
Birbaşa xarici investisiyaların cəlb edilməsi əsasında ixracat istiqamətli istehsalın inkişaf etdirilməsi məqsədi güdən ixrac emal zonalarının (İEZ) yaradılması ixracatın genişləndirilməsinə və daxili maliyyələşdirmə mənbələrinin məhdudluğunun aradan qaldırılmasına kömək edərdi. İEZ-lərdə xarici kapitalın fəaliyyəti üçün əlverişli mühit yaranmalıdır. Zonalar ixracat potensialını yüksəldərək valyuta gəlirinin artırılmasında fəal rol oynayar və yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verərdi.
İxrac olunan mal yalnız Gömrük Komitəsində qeydiyyatdan keçməlidir. Öz növbəsində, Gömrük Komitəsinin məhsulu qeydiyyatdan keçirməməyə ixtiyarı olmamalıdır.
Ardı Var
“Diktatorla Üz-Üzə” Kitabından (2001)
Geri izləmələr/Geri bildirişlər
[…] Əvvəli […]