-“Kənardan köməklə yaşamağın daha bir acınacaqlı nəticəsi də qaçılmazdır: millət tədricən dilənçiliyə alışar!”;
-Azərbaycanı indiki vəziyyətdən humanitar yardım yolu yox, xalqımızın, bizim özümüzün düzgün iqtisadi siyasətə əsaslanıb yeni istehsal münasibətlərinə keçməyimiz çıxara bilər;
-“Hər hansı bir cəmiyyətdə insan istehsal etdiyi məhsulun dəyərindən 30 faizdən artıq əmək haqqı ala bilməz”;
-“Dövlət insanlara diqtə, rəhbərlik etməməli, onların azad həyatı üçün şərait yaratmalıdır”;
-“Əgər kredit alınırsa və bu kredit boş-boşuna xərclənirsə, o krediti almaq cinayətdən başqa bir şey deyil”;
-“Kredit hər şeydən əvvəl xüsusi mülkiyyətin inkişaf etdirilməsinə yönəldilməlidir. Dövlət mülkiyyətinə kredit vermək qəti surətdə olmaz”;
-“Kredit banklardan verilməli, inkişaf etmiş ölkələrdəki kimi, banklar ona nəzarət səlahiyyətinə malik olmalıdır”;
(Milli Məclisin 31 yanvar 1995-ci tarixli iclasındakı çıxışdan)
Bu gün müzakirə etdiyimiz məsələ – “1995-ci il üçün iqtisadiyyatın İqtisadiyyat Nazirliyi tərəfindən proqnozlaşdırılması və buna əsasən büdcənin formalaşdırılması” məsələsi şübhəsiz ki, öz mahiyyətinə və əhəmiyyətinə görə, olduqca ciddi bir məsələdir və bu barədə Milli Məclisin növbəti yığıncaqlarında daha ətraflı müzakirələr olacaq.
Bu günkü müzakirələr zamanı toxunulmuş bir sıra ciddi problemlərlə bağlı mən də fikirlərimi bildirmək istərdim.
Sözsüz ki, indi Azərbaycanda iqtisadi vəziyyət çox ağırdır və bu iqtisadi böhran aradan qaldırılmalıdır. Birinci növbədə, iqtisadiyyatda sabitlik yaradılmalı, ikinci növbədə, iqtisadiyyatın inkişafı təmin olunmalıdır. Əlbəttə, söhbət sadəcə olaraq mövcud vəziyyətdə sosial çətinliklərin aradan qaldırılması zərurətindən getmir. Azərbaycanın müstəqilliyini dəstəkləyən dövlətlər müəyyən humanitar yardımlarla xalqımıza əl tutmağa çalışırlar. Amma Azərbaycan öz nicatını bu yolda görə bilməz və özgəsinə ümidli olan cəmiyyətdə orta yaş həddinin 35-40 ildən artıq ola biləcəyi ancaq ehtimaldır. Bu gün Azərbaycanın qarşısında demokratik bazar iqtisadiyyatı yolu ilə irəliləyib normal bir cəmiyyət yaratmaq kimi çox böyük vəzifə durur. Məhz arzu edilən cəmiyyətdə orta yaş həddi 70-ə, hətta Yaponiyadakı kimi 80-ə çata bilər. Digər tərəfdən, kənardan köməklə yaşamağın daha bir acınacaqlı nəticəsi də qaçılmazdır: millət tədricən dilənçiliyə alışar! Adamlar razılaşar ki, 35-40 il yaşasın, kimsənin gətirib verdiyi ilə kifayətlənsin, amma özü işləməsin. Ona görə də Azərbaycana göstərdikləri humanitar yardıma görə bütün ölkələrə minnətdarlığımı bildirməklə yanaşı, belə hesab edirəm ki, Azərbaycanı indiki vəziyyətdən humanitar yardım yolu yox, xalqımızın, bizim özümüzün düzgün iqtisadi siyasətə əsaslanıb yeni istehsal münasibətlərinə keçməyimiz çıxara bilər. Yalnız bu yol Azərbaycan Respublikasının demokratik inkişafını, ölkədə firavan həyatın qurulmasını təmin etmiş olar. Hesab edirəm ki, Azərbaycan məhz bu ikinci yolu seçib və bu yolla da getməlidir. Bu yolda bizim həm ali qanunvericilik orqanının, həm də ali icra orqanının yeganə bir vəzifəsi var: xalqın arzu və iradəsini ifadə edərək Azərbaycanda azadlığın, xoşbəxt yaşayışın, maddi rifah halının yaxşılaşdırılmasının bərqərar olması üçün şərait yaratmaq, Azərbaycan torpaqlarının toxunulmazlığını təmin etmək, Azərbaycan Respublikasının müstəqilliyini qorumaq! Əgər bu məsələləri həyata keçirə bilmiriksə, xalqın qarşısında günahkarıq.
Qiymətlərin qaldırılması, yaxud endirilməsi, əmək haqqının artırılması, yaxud sabit saxlanılması – bunların hamısı iqtisadiyyatda törənən, iqtisadiyyatın mövcud vəziyyəti ilə bağlı təzahür edən əlamətlərdir. Hər hansı bir cəmiyyətdə insan istehsal etdiyi məhsulun dəyərindən 30 faizdən artıq əmək haqqı ala bilməz. Yəni, o, 1000 dollarlıq məhsul istehsal edirsə, bunun maksimum 300, minimum isə 100 dollarını əmək haqqı şəklində geri ala bilər. Bu, istehsalçının hansı sahədə çalışmasından asılı olur. Əgər bu gün Azərbaycanda adambaşına 400 dollarlıq məhsul istehsal edilirsə, deməli, 120 dollardan artıq əmək haqqı almaq mümkün deyil. Hansı dövlət olursa-olsun, hansı dövlət başçısı olursa-olsun, bu mütənasibliyi poza bilməz. Bu, iqtisadiyyatın qanunudur. Ona görə, birinci növbədə, biz real gücümüzü və nə istədiyimizi bilməliyik.
Tutaq ki, 2000-ci ildə Azərbaycanın Yunanıstan, yaxud Türkiyə səviyyəsinə çatmasını istəyirik. Onda biz gərək bilək və başa düşək ki, Azərbaycanın bu səviyyəyə çıxması üçün onun 7 milyonluq əhalisi 86 min kv.km.-lik ərazisində nə istehsal etməli, hansı işləri görməlidir. Biz gərək bunları bilək və fəaliyyətimizi proqramlaşdıraq.
Hesablamalar göstərir ki, arzu edilən səviyyəyə gəlib çatmaq üçün 2001-ci ildə biz 3 milyon ton taxıl, 1 milyon ton pambıq, 1,5 milyon ton üzüm, 500 min ton meyvə, 300 min ton ət, 400 min ton tərəvəz, 100 min ton tütün və s. istehsal etməliyik. Bəs günümüzün istehsalat göstəriciləri necədir? 1 milyon ton taxıl, 250 min ton pambıq, 200 min ton üzüm, 250 min ton meyvə, 70 min ton ət, 150 min ton tərəvəz, 18 min ton tütün istehsal edə bilmişik.
Sənaye üzrə gərək 20 milyon ton neft emal edək. Neft çıxarılması heç olmasa 18 milyon ton həddinə qaldırılmalıdır. Qaz istehsalında 14 milyard kubmetr həddinə nail olmalı, neft maşınqayırması 600 milyon dollarlıq, kimya sənayesi 1 milyard dollarlıq məhsul istehsal etməlidir. 50 min ton pambıqdan məhsullar almalıyıq. Bu gün isə cəmi 1,5 milyard dollarlıq məhsul istehsal etməyə qadirik. Bunları niyə deyirəm? Əgər bu rəqəmlərə gəlib çıxa bilsək, Azərbaycan xalqının normal həyat səviyyəsi təmin olunacaqdır. Əks təqdirdə, nə qədər danışsaq da, əmək haqqı, qiymət problemlərindən uzun-uzadı söhbətlər aparsaq da, heç bir fayda əldə edilməyəcək. Bəs məqsədimizə necə çata bilərik?
Bunun iki yolu var: demokratik inkişaf yolu və diktatura yolu. Biz demokratiya yolunu seçmişik. Nədir demokratiya yolu? Bu, ondan ibarətdir ki, dövlət insanlara diqtə, rəhbərlik etməməli, onların azad həyatı üçün şərait yaratmalıdır. Düşünməliyik ki, necə şərait yaradaq ki, adamlar nəzərdə tutduqlarımıza nail ola bilsinlər. Belə bir məhsuldarlığı, belə bir işi ancaq azad insan həyata keçirə bilər. İnsanlara təzyiq göstərməklə, məcburiyyətlə, plan tutmaqla, kağıza yazmaqla bunları həyata keçirmək mümkün deyil.
Qətiyyətlə bildirirəm ki, istinad etdiyim rəqəmləri reallaşdırmaq- özü də 5 il müddətində – mümkündür. Üstəlik, istər kənd təsərrüfatında, istərsə də sənayedə nail ola biləcəyimiz ən minimal göstəriciləri qeyd etdim. Amma bunun üçün hər addımbaşı, hər mərhələdə bizə mane olan, müqavimət göstərən elementləri aradan götürməliyik. Təəssüf ki, buna nail ola bilmirik. Məsələn, müzakirələr zamanı şirkət, birlik, komitə nümayəndələri bir sıra məsələlərə toxundular. İlk baxışda belə təsəvvür yaranır ki, onların problemə yanaşma tərzində heç bir qəbahət yoxdur, hər şey doğrudur. Lakin bədbəxtlik ondadır ki, yaradılmış və getdikcə sayı artırılmış bu birlik, şirkət və komitələrin heç biri nə isə daha əlverişlisini axtarıb tapmaq, yenisini qurmaq istiqamətində iş aparmır, yaradıcı iqtisadi siyasət yeritmir, onlar kimdənsə tapşırıq alıb kiməsə çatdırmaq, kimisə vəzifəyə qoyub-çıxarmaq, kimisə cəzalandırmaq, daha nə bilim nələrlə məşğuldurlar. Bir növ, jandarm alətidirlər. Belə vəziyyətdə iqtisadiyyat inkişaf edə bilməz. Mümkün deyil! Axı, bunlar dövlətimizin iqtisadi siyasətini yaradan, həyata keçirən təşkilatlar, idarələr olsaydılar, xalq onlara indiki gözlə baxmazdı. Onları sadəcə olaraq zorakılıq aləti kimi tanıyır və qəbul edirlər.
Köhnə qəlibdən çıxmaq üçün islahatlar aparılmalıdır. Məsələn, əgər kredit alınırsa və bu kredit boş-boşuna xərclənirsə, o krediti almaq cinayətdən başqa bir şey deyil. Belə krediti almaq, ümumiyyətlə, gələcək nəslin cibindən oğurluq etmək kimi bir şeydir. Kredit məqsədyönlü olmalı, konkret istiqamətlər üçün nəzərdə tutulmalıdır. Verilməzdən əvvəl, mahiyyəti dəqiqləşdirilməlidir. Bir misal çəkim: pambıq lifinin bir tonu bu gün, deyək ki, Liverpul bazarında 1800-1900 dollardır. Ancaq biz pambıq lifinin 1 tonundan məhsul ala bilsək, 6-7 min dollar qazanc əldə etmiş olarıq. Yaxşı, kim bizə mane olur? Nəyə görə həmin məqsəd üçün kredit ayırmayaq? Axı, belə istehsal sahəsində bir qoyub beş götürmək mümkündür?!
İndi Azərbaycanda 7 milyondan çox əhali var. Təqribi desək, bu qədər əhali ildə 14 milyon cüt ayaqqabı geyinir. Bu qədər ayaqqabının qiyməti, təqribən, 140 milyon dollardır. Tutaq ki, bizim fabriklərimiz 20 milyon dollarlıq ayaqqabı istehsal edir. Yerdə qalan 120 milyon dollarlıq ayaqqabı isə haradansa gətirilir, ya yox? Adamlar ki, ayaqqabısız gəzmirlər?! Axı, nəyə görə biz sənaye sahələrinə 20-30 milyon dollar kredit qoyub bu problemi həll etməyək? Burada qeyri-mümkün olan nədir? Bunları etmək lazımdır. Əgər üzümün bir kiloqramı 50 sentdirsə, bunu şəraba çevirib satanda 3 dollara yaxın qazanc verir. Tütünün 1 tonunu 800-1000 dollara satırlar. Biz bir ton tütündən 10 min dollar rahatca qazana bilərik. Gərək, tütün fabrikinə pul qoyub, onu yenidən quraq.
Başqa bir problem – Şimali Qafqaz yolunun bağlanmasının işlərimizə ciddi əngəl olması fikri tez-tez səslənir. Yaxşı, “Şimali Qafqaz yolu bağlanıb” deyə, dayanıb gözləməliyik? Bilirsiniz, belə səbəblərlə barışmaq olmaz. Azərbaycanın Xəzər dənizi vasitəsilə xarici ölkələrlə 280 kilometrlik sərhədi var. Dəniz yolları ilə hər yerə çıxmaq olar – Qazaxıstana, Türkmənistana, Rusiyaya… Gürcüstandan Qara dənizə, Qara dənizdən təzədən Rusiyaya, Ukraynaya, dünyanın hər yerinə getmək mümkündür. İrandan keçib İran körfəzinə çıxmaq olar. Deməli, işləmək, yollar axtarmaq lazımdır. Ümumiyyətlə, Şimali Qafqaz yolu bağlanmasa da, bu yolları heç olmasa, nəqliyyat məsələlərində rəqabət apara bilmək naminə axtarmaq lazım idi.
Azərbaycan Respublikasının imkanları böyükdür. Mən belə hesab edirəm ki, müəyyən bir komissiya yaradaq və 10 gün ərzində 5 illik iqtisadi inkişaf proqramı hazırlayaq. Bu proqramın illər üzrə həyata keçirilməsinə, o cümlədən kreditin bölünməsinə nəzarət edək. Milli Məclis kreditin istiqamətlərinin müəyyənləşdirilməsinə kömək və nəzarət etməlidir. Kredit hər şeydən əvvəl xüsusi mülkiyyətin inkişaf etdirilməsinə yönəldilməlidir. Dövlət mülkiyyətinə kredit vermək qəti surətdə olmaz.
Kredit banklardan verilməli, inkişaf etmiş ölkələrdəki kimi, banklar ona nəzarət səlahiyyətinə malik olmalıdır. Başqa cür ola bilməz. Belə hesab edirəm ki, pambıqla taxıl istehsalını artırmaq üçün bu il azı 50 milyon dollarlıq kredit ayrılmalıdır. 10 milyon dollar tütün, 20 milyon dollar şərab istehsalına yönəldilməlidir. Üst-üstə beş ildə 250 milyon dollar neftayırma sənayesinə sərf olunmalıdır. Bircə fakt deyim: hər il neftayırma zavodunun məşəllərində hədər itkilər hesabına 100 milyon dollarlıq məhsul yanır. Qurğu tikib o itkini qazanca çevirmək üçün isə cəmi 25 milyon dollar lazımdır.
Hesab edirəm ki, Milli Məclisin iqtisadi siyasət komissiyası, büdcəyə nəzarət komissiyası, müvafiq şöbələr, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Elmlər Akademiyası, müvafiq institutlar və digər müəssisə və təşkilatların nümayəndələrindən ibarət komissiya yaratmalıyıq. Bizim ümumi şəkildə dediklərimiz dərindən öyrənilməli, konkret proqrama çevrilməlidir və biz onun həyata keçirilməsinə şərait yaratmalıyıq. Unutmayaq ki, xalqımızın taleyi, övladlarımızın gələcəyi bundan asılıdır.
Ardı Var
“Diktatorla Üz-Üzə” Kitabından (2001)
Geri izləmələr/Geri bildirişlər
[…] Əvvəli […]