(Aqrar islahatların gedişi və kənd təsərrüfatı işlərinin
vəziyyətinə həsr olunmuş 1995-ci il 14 aprel tarixli müşavirədəki çıxışdan)
1992-ci ildən bu günə qədər, mən tribunadan çıxış edən kənd təsərrüfatı nazirlərinin hamısını dinləmişəm. Stenoqramları qaldırıb baxsaq, görərik ki, kənd təsərrüfatı nazirlərinin hamısı eyni qaydada çıxış edib və eyni sözləri deyiblər. İldə bir dəfə kənd təsərrüfatı naziri dəyişdirildiyinə görə onların əsas fəaliyyət istiqaməti ondan ibarət olub ki, “kənd təsərrüfatını məndən əvvəlki yıxıbdır”. Bundan sonra o da başlayır söz verməyə. Kənd təsərrüfatı nazirlərinin hamısının çıxışlarının mahiyyəti bundan ibarətdir. Dünənki və bugünkü nazirlərin çıxışları üst-üstə düşür.
Azərbaycan iqtisadiyyatında islahatlar aparmaq, iqtisadiyyatımızı inkişaf etdirmək üçün çoxlu qanunlar qəbul olunubdur. Kolxoz və sovxozların islahatının həyata keçirilməsinə “Torpaq islahatı haqqında” qanunun heç bir maneçiliyi yoxdur. Azərbaycan Respublikasının hər yerində – yuxarıdan tutmuş aşağıyadək, qanunun hökmranlığı, gərək, təmin olunsun. Təəssüf ki, Azərbaycanda qanunun hökmranlığı yoxdur. Totalitar rejim, iqtisadiyyatda diktatura rejimi, yəni, qanunun müəyyən adamlar üçün olduğu, müəyyən adamlar, rəhbər vəzifələrdəki adamlar üçünsə olmadığı rejim, təəssüf ki, bu dəqiqə də davam edir. Bir çox rayon rəhbərləri öz hökmranlığını qanunların hökmranlığından qat-qat yuxarı qaldırmışlar.
Azərbaycanda əkin sahələrinin ən çoxu 7-8 faizi fərdi şəxslərdədir. Yerdə qalan 92-93 faizi isə kolxoz və sovxozların, dövlətin ixtiyarındadır. Burada nə böyük bir ağıl, nə də güclü hesabdarlıq lazımdır. Gəlin, bazara çıxaq, aydınlaşdıraq ki, orada satılan məhsulların neçə faizi dövlətin sərəncamında olan əkin sahələrində, neçə faizi isə fərdi istifadədə olan torpaqlarda becərilmişdir. Bazarlarda satılan məhsulların 99 faizi yardımçı təsərrüfatdan gətirilən məhsullardır. Bəs, bu kolxoz, sovxoz niyə işləyir?
Azərbaycan ildə dövlət xəttilə 70-80 min ton ət alıb gətirərdi. Azərbaycanda bir o qədər ət alınmırdı, amma Azərbaycanda da ət istehsal olunurdu. Bunu kənd əməkçilərimiz təmin edirlər. Mən burada oturanların hamısından soruşuram: deyin görək, kənd əməkçilərinin mal-qaranı yetişdirib saxlamasında, bazarlarda satdıqları ətin istehsalında sizin nə kimi rolunuz var? Heç bir rolunuz yoxdur. Bu məhsulların hamısı fərdi təsərrüfatlarındır, hamısını da onların özləri yetişdirir və gətirib satır. Bəli, sizin orada rolunuz var, o da mal-qaranı otlaqlara buraxmamaqdan, bir yerdə otarmağa qoymamaqdan, müxtəsəri, mümkün olan qədər maneçilik törətməkdən ibarətdir. Həyatda elə xəstəliklər var ki, onları dava-dərmanla müalicə etmək mümkündür. Amma elələri də var ki, dərmanla sağalmır, cərrahiyyə əməliyyatı tələb edir.
İndi biz burada dünya bazarı qiymətlərindən söhbət açırıq. Bilin ki, əgər bir hektar sahədən 20, yaxud bizim şəraitdəki kimi, 11 sentner taxıl götürülürsə və 11 sentner üçün bir hektar sahəyə 6 min kubmetr su verilirsə, 230 litr yanacaq gedirsə, orada, tutaq ki, 15-20 nəfər işləyirsə, onda siz məhsulu hətta dünya bazarı qiymətlərinə satsanız da, gəlir əldə edə bilməyəcəksiniz. Çünki dünyada belə rəqəmlər yoxdur. Nəzərinizə çatdırım ki, xaricdə hər hektara 2 min kubmetr su və 90 litr yanacaq sərf olunur. Məsələ bax, belədir. Vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır? Bunun yolu ondan ibarətdir ki, torpaqlar da, kənd təsərrüfatındakı emal müəssisələri də, bir sözlə, kənd təsərrüfatı ilə bağlı hər şey kənddə yaşayıb-işləyənlərin özünə verilməlidir. Bizim bu təzə komissiyanın üzvlərindən biri televiziya ilə çıxış edərək deyir ki, 118, yaxud 120 kolxoz və sovxoz öz iclasını keçirib və kollektiv paylı təsərrüfat olmaq qərarına gəliblər. Axı, bu qanuna hörmətsizlikdir. Kollektiv paylı təsərrüfat anlayışı daha yoxdur. Bu kolxoz və sovxozu saxlamağa nə qədər cəhd göstərmək olar?! Yaxşı, kolxoz sədrinin, yaxud sovxoz direktorunun yaşaması naminə hökmən gərək belə təsərrüfat ola?! Onların varlanması naminə hökmən gərək kolxoz, sovxoz ola?! Deyərdim ki, 1994-cü ildən heç bir kolxozda heç kəsə əmək haqqı verilməyib. Dövlətin əsas vəzifəsi bundan ibarətdir ki, respublika əhalisinin normal yaşaması üçün şərait yaratsın. Əgər onlar normal şəraitdə işləyə bilsələr, müəyyən qazanc əldə edəcəklər. Deməli, qazancın müəyyən hissəsi də dövlətin büdcəsinə keçəcəkdir. Əsas məsələ bax, bundan ibarətdir. Biz bu adamlara həqiqətən ürəkdən şərait yaratmaq istəyiriksə, onda bir şey alınacaqdır. Yox, əgər bu şəraiti yaratmasaq, özümüzün ancaq şəxsi mənafeyimizi güdsək, axırda da öz işimizin hayında olsaq və belə işlərə qurşansaq, onda nə aqrar islahat sahəsində, nə də başqa sahələrdə heç vaxt müvəffəqiyyət əldə olunmayacaq.
1995-ci ilin payız əkininədək bütün işləri görməsək, 1996-cı ildə builkindən də pis olacaq, deyilən proqnozların heç biri gələn il həyata keçməyəcəkdir. Mən bunu müşavirə iştirakçıları qarşısında açıq deyirəm. Çünki 1991-ci ildən başlayaraq, mütəmadi surətdə baş verən geriləmə halları ilbəil təkrar olunur, bu il də təkrar ediləcəkdir. Odur ki, bu məsələlər öz həllini tez bir zamanda tapmalı, torpaqları, emal müəssisələrinin hamısını özəlləşdirməliyik. Mən çıxış yolunu bunda görürəm.
(Bu sözləri deyərkən, başa düşürdüm ki, kənd təsərrüfatında mövcud vəziyyət bir neçə ildən sonra nə ilə nəticələnəcək və kənd təsərrüfatının inkişaf etdirilməsi iqtisadi islahatların ən mürəkkəb mərhələsidir. Məlumdur ki, sənayedən fərqli olaraq, bu sahədə fərdiyyətçilik çox yayılıb. Start kapitalı olmadan bu sahədə iş görmək olmaz. Kəndli torpağı ən azı altı ay əkib becərməlidir. İki aydan sonra istehsal etdiyi məhsulu satıb qazanc əldə edə bilər. Səkkiz ay ərzində bu işləri görmək üçünsə, gərək, əldə start kapitalı olsun ki, kəndli əziyyət çəkməsin. Ona görə də dövlət tərəfindən kəndlilərə borc şəklində start kapitalı verilməlidir. Bunun üçünsə Azərbaycanın iqtisadi gücü yoxdur, H.Əliyev ölkənin iqtisadi gücünü tükəndirib. Məsələn, torpaq özəlləşdirilməsi 1960-cı ildə bu şəkildə İran şahı tərəfindən də aparılmışdır. Yəni, torpağı sadəcə paylayıb sonradan onu becərməli olan kəndliyə ögey münasibət bəsləmək, kəndlinin ayağa durması üçün heç bir iqtisadi siyasət yürütməmək o torpaqların məhvinə aparır. Hələ sovet dövründən az-çox yararlı olan və indi paylanmış çox böyük torpaq fondu hökumətin kəndliyə biganəliyi ucbatından birdəfəlik məhv olacaq və onu əvvəlki fəaliyyətinə qaytarmaq belə, müşkül olacaq. Kəndlinin torpağı əkib-becərmək imkanı olmadığı üçün onu dəyər-dəyməzinə korrupsiya yolu ilə varlanmış indiki məmurlara satacaqlar. Daha doğrusu, onlar bu torpaqları kəndlilərdən alacaqlar. Belə vəziyyətin yaranmaması üçün özəlləşdirmə ilə yanaşı, yüzlərlə iqtisadi reformalar həyata keçirilməlidir. Hazırda aparılan reformalar isə daha çox adamların rüşvət almasına xidmət edir. Bu işdə biz yalnız xarici investorların köməyinə arxalanmaq məcburiyyətindəyik. Bunun üçün də dövlətin təminatı lazımdır. Ona görə də elə ictimai mühit yaratmaq lazımdır ki, kapital itirmək təhlükəsi heçə ensin. Mənim hesablamalarıma görə, Azərbaycanın kənd təsərrüfatını dirçəltmək üçün 1-1,5 milyard dollar lazımdır ki, bunu xarici investorların yardımı ilə təmin etmək mümkündür. Bu gün kənd təsərrüfatı ölkə tələbatının 25-30 faizini ödəyə bilir. Qalanı isə xaricdən gətirilir. Halbuki, ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatını tam ödəmək imkanımız var. Üstəlik, bir milyard dollardan artıq məhsulu ixrac edə bilərik. Bu o deməkdir ki, həmin sahə adamlarının yaşayış səviyyəsini 15-20 dəfə qaldırmaq olar.
Yüksək gəlir gətirən tütün, pambıq və başqa kiçik emal zavodları özəlləşdirilən zaman xalqın bu obyektlərə haqlı iddiası tamamilə pozulub. İndi çətin bir vəziyyət əmələ gəlib. Özəlləşdirilmiş müəssisələri təzədən milliləşdirmək düzgün deyil. Lakin haqq-ədaləti də bərpa etmək lazımdır. Mən elə bir vergi və investisiya siyasəti tətbiq edəcəyəm ki, həmin mülkiyyətləri su qiymətinə ələ keçirənlər ya onları geri qaytarmalı, ya da onun həqiqi qiymətini dövlətin büdcəsinə ödəməli olacaqlar. Bu da son nəticədə həmin obyektlərin həqiqi dəyərinin xalqın xidmətində durmasını təmin edəcək- R.Q.)
Ardı Var
“Diktatorla Üz-Üzə” Kitabından (2001)
Geri izləmələr/Geri bildirişlər
[…] Əvvəli […]