“Nifrət hökümətin apardığı siyasətlə əlaqədardır, müxalifətlə yox.”
“Bizim başbilənlərimizin heç 10 faizi bilmir ki, 3 gündən sonra “Evrovizion” İsveçdə başlayır və buna İsveç höküməti büdcədən heç 15 milyon belə xərcləməyib.”
“Heç kim soruşmur , əzizim, işlətməyəcəksənsə bu bahalı oyuncaqları niyə alırsan, axı bu camaatın puludur”
“Xədicə İsmayılovaya hücuma bir neçə azərbaycanlını çıxmaq şərti ilə heç kəs etirazını bildirmədi.”
“Xalq isə bu oğurlanmış pulların onun pulları olduğunu çox ehtimal ki, anlamır. Yoxsa bu səviyyədə biganəliyi izah etmək mümkün deyildir.”
“Prezidenti dərhal istefa verməyə məcbur edib cinayət işi açılmasına nail olmayan xalq tapmaq mümkün deyildir, biz azərbaycanlılardan başqa.”
“Öz cibindən azı 150 manat oğurlanmasına biganəliklə yanaşan ölkədə insanların mənəviyyatı faciənin astanasındadır.”
“Dünyada siyasətçi ixtisası yoxdur. Siyasətçi başqa ixtisaslardan törəmə bir peşədir və şəxsin əvvəl hansı peşə ilə məşğul olması əhəmiyyət kəsb etmir.”
“Əsas sənətində müvəffəqiyyət qazanmayan ancaq sonradan görkəmli siyasətçi olan sadəcə olaraq tarixdə olmayıb.”
“Rüstəm İbrahimbəyov…sovet dövründən indiyə qədər demokratik seçkilərin məngənəsində həmişə sıxılan və qalib gələn bir şəxsiyyətdir. İndi deyə bilərsinizmi kimin siyasi təcrübəsi daha çoxdur?“
“Ən görkəmli ideyalar da onun həyata keçrilməsini həyata keçirənlər tərəfindən doğulmamış qəbrə qoyula bilər.”
“Onlar hansı mandatla xalqın iradəsini ifadə etməli olan Milli Şura yaradırlar?”
“Milli Şura ayrı-ayrı fərdlərin seçimi ilə yox, müəyyən bir prinsiplə yaradıla bilər”
“Şəxsi və ya partiya maraqları prinsipi əsasında yaradılacaq heç bir qurumun adından asılı olmayaraq üzvü olmaq fikrim yoxdur.”
ACP lideri, eks spiker Rəsul Quliyev bir sıra sayt, qəzet, internet tv və facebbok səhifəsində vətəndaşların ona ünvanladığı sualları cavablandırmaqda davam edir. Azpolitika.com R.Quliyevin müsahibəsinin davamını sizə təqdim edir.
… Müxalifət hökümətə gündən-günə artan nifrəti özünün siyasi kapitalı hesab edir, baxmayaraq o nifrət hökümətin apardığı siyasətlə əlaqədardır, müxalifətlə yox. Bu nifrətin artmasının da səbəbini obyektiv qiymətləndirmək vacibdir. Bunu bilməmiş xalqın konstitusion hüququ uğrunda mübarizəsini təşkil etmək mümkün deyildir. İnsanların yaşamaq şəraiti məsələn, 2005-ci ilə nisbətən daha da ağırlaşıb deyə bilmərik. Çünki, əksinə, maddi cəhətdən şərait bir qədər yaxşılaşıb və 2011-ci ildən stabilləşib. Proqnoz göstərir ki, vəziyyət 2014-cü ildən ağırlaşmağa başlayacaq. Deməli, nifrətin artma səbəbi insanların həyat şəraitinin ağırlaşması ilə əlaqədar deyildir.
Bəlkə prezidentin xalqa Dağlıq Qarabağla bağlı və ümumiyyətlə, daima yalanlar söyləməsi səbəbdir? Bəlkə prezidentin xalqdan oğurladığı pullarla Dubay, Rusiya, Avropanın bir çox ölkələri, Ukrayna və başqa yerlərdə uşaqlarına çoxsaylı malikanələr alması, ofşor zonalarında oğurladığı pulları gizlətməsi kimi sübuta çatmış faktlardı xalqın nifrətini artıran?
Prezidentin söylədiyi yalanlar xalqın böyük bir hissəsin heç vecinə də deyil, bir hissəsi hələ də inanır, az bir hissəsi də qəzəblə qarşılayır.
Məsələn, keçən il Azərbaycanda keçirilən “Evrovizion”u prezident xalqa dünyada baş verən bir nömrəli hadisə kimi təqdim edirdi, az qala bu “bayramı” qeyd etmək üçün 1 milyard (yarım milyardını oğurlamaq şərti ilə) manat pul xərcləmişdi. İndi camaatı qoyuram bir qırağa, bizim başbilənlərimizin heç 10 faizi bilmir ki, 3 gündən sonra “Evrovizion” İsveçdə başlayır və buna İsveç höküməti büdcədən heç 15 milyon belə xərcləməyib.
Prezident 10 ilin hər ilində Qarabağı dinc, mümkün olmasa, müharibə yolu ilə azad edəcəyindən pafosla danışır . Nə o yalan danışmağından utanır, nə də xalq hər dəfə ona inanmaqdan usanır.
Hərbi büdcə hökümətin aparacağı siyasətdən asılı olaraq formalaşır. Əgər sən qarşına müharibə yolu ilə torpaqlarını azad etməyi məqsəd kimi qoymusansa deməli, düşmənin hərbi büdcəsindən, əgər imkanın varsa 2 dəfə artıq pul xərcləməlisən və bu işi yubatmadan görməlisən. Çünki 10 il bundan öncə aldıqların bu gün hucum üçün yararlı olmaya bilər.
Əgər aktiv müdafiə, yəni, düşmən hucum edərsə, ilk növbədə müdafiədə onu zəiflətmək, sonra hucuma keçmək siyasətini aparacaqsansa, onda düşmənin hərbi büdcəsindən 1.5 dəfə artıq pul ayırmalısan.
Prezident pafosla Azərbaycanın hərbi büdcəsinin Ermənistanın hərbi büdcəsindən 5-6 dəfə artıq olmasından danışır. Sözsüz ki, heç kim soruşmur əzizim, işlətməyəcəksənsə bu bahalı oyuncaqları niyə alırsan, axı bu camaatın puludur. Tarixdən ibrət: Müəmmar Qəddafi ildə azı 5 milyard dollarlıq silah alırdı. İldə azı 4 dəfə o texnikanı bir yerə toplayırdılar. Qəddafi o yeri ziyarət edirdi və özünün fikrincə mənəvi zövq alırdı.
“Heydər Əliyev olmasaydı Azərbaycan müstəqilliyini itirəcəkdi” kimi ucuz şüarı “İlham Əliyev olmasaydı Ermənistan Azərbaycanın yerdə qalan torpaqlarını da zəbt edəcəkdi” əbləh şüarı ilə davam etdiriləcək.
Pulların oğurlanması, xaricdə mülklərin alınmasına xalq ümumiyyətlə biganədir. Ardıcıllıqla şərh edək.
İlk dəfə “Dubayda Əliyevin uşaqlarına 75 miliyon dollarlıq saraylar alıb” xəbəri ortaya çıxanda xarici ölkələrdə bu məsələyə neqativ münasibət qat-qat güclü oldu, nəinki Azərbaycanda. Azərbaycan höküməti “Əliyevin nəinki yetgin yaşa çatmamış övladı, təxminən hətta anadan olmamış nəvəsinin də biznes etməyə haqqı var bəyanatı” ilə çıxış etdi. Sivil dünya bu bəyanatı ələ saldı, məsxərəyə qoydu, biz azərbaycanləlar ya susduq, ya da “kişilər düz deyirlər” də dedik.
Panama, Çexiya və başqa yerlərdə əliyevlərin qara pulları yumaqla məşğul olan əldə qayırma firmalarının adları ortaya çıxdı. Hökümət buna görə jurnalist Xədicə İsmayılovaya qarşı çirkin hucuma keçdi. Xədicə İsmayılovaya hücuma bir neçə azərbaycanlını çıxmaq şərti ilə heç kəs etirazını bildirmədi. Yaxşı ki, xaricdə pula satılmayan ( normal pressada ən azı 90 faiz jurnalisti heç bir məbləğli pulla ələ almaq mümkün deyildir ) jurnalistlər var. Onlar elə hay-küy qopartdılar ki, hökümət nəinki İsmayılovanı repressiya etməkdən, hətta müvəqqəti qarayaxma kampaniyasından da əl çəkdi. Əminəm ki, Azərbaycanda Xədicə İsmayılovanı müdafiə edənlərin kimlər olduğunu bilənlərin sayı heç 100 nəfəri keçməz.
Vircin adaları və ondan başqa azı 20 adada əliyevlərin gizli hesablarının açıqlanacağına (Vircində artıq açıqlanıb) heç bir şübhəm yoxdur. Xalq isə bu oğurlanmış pulların onun pulları olduğunu çox ehtimal ki, anlamır. Yoxsa bu səviyyədə biganəliyi izah etmək mümkün deyildir.
Bu günlərdə daha bir biabırçı fakt ortaya çıxdı. Hökümət büdcədən Kojeni qalmaqalına görə 150 milyon məbləğində pul ödəyib. İstəyirəm bu tarixi yenidən yadınıza salam. Kojeni Çex vətəndaşı əliyevlərlə cinayətkar əlaqəyə girərək onlara 100 milyon dollar məbləğində rüşvət verərək neft şirkətinin mülkiyətinin bir hissəsini qiymətli kağızlar şəkilində alıb sonra başqalarına satır. Bu kağızları alanların içərisində həm ABŞ, həm də başqa ölkələrdən kifayət qədər tanınmış adamlar da var. Əliyevlər verdiklərə sözə əməl etməyib qiymətli kağızlara görə, dividentləri qaytarmadıqda cinayət işi böyüyüb ABŞ məhkəməsinə qədər getdi. Nəticədə vəziyyətdən çıxmaq üçün Azərbaycan höküməti 150 milyon dollar ödəyərək bu işi ört-basdır etdi, ancaq müvəqqəti. Hələ buna görə azərbaycanlılar əlavə nə qədər pul ödəyəcəklər məlum deyildir. Deməli, Əliyev heç olmazsa aldığı rüşvəti qaytarmaqla xərcin bir hissəsini belə öz üzərinə götürmədi. Bu məsələyə və hökümət başçısının belə bir hərəkətinə görə aqressiv reaksiya verməyən prezidenti dərhal istefa verməyə məcbur edib cinayət işi açılmasına nail olmayan xalq tapmaq mümkün deyildir, biz azərbaycanlılardan başqa. Bizdə isə “Yeni Müsavat” qəzetinin internet səhifəsində çıxan bu məqaləni bir neçə gün ərzində cəmi bir neçə min adamın oxuması (hələ o da böyük sual altındadır, məqaləni səhifədə açanların sayı, oxuyanların sayından bir neçə dəfə artıqdır. Bunu da asanlıqla müəyyənlişdirmək mümkündür. Sadəcə, neçə dəqiqə o səhifədə qalmaq o məqaləni oxuyub, oxumamağı asanlıqla müəyyənləşdirir) fəlakətdir. Hansısa bir xanımın ərindən skandallı boşanması barəsində yazının 10 minlərlə oxucusu, ancaq öz cibindən azı 150 manat oğurlanmasına biganəliklə yanaşan ölkədə insanların mənəviyyatı faciənin astanasındadır.
Təəssüf ki, yuxarıda sadaladıqlarım xalqın nifrətinin bazası deyildir. Əgər bu belə olsa idi bu nifrətin ümumxalq protestinə çevrilməsi və indiki qeyri legitim hakimiyyəti sürüyüb tarixin zibil vedrəsinə atması çox uzun çəkməzdi.
– Bizi Milli Şura ilə bağlı fikirləriniz çox maraqlandırır…
– Mümkünlük mövzusu qurtarmadı, bu barədə mən fikirlərimi tamamlamalıyam. Nəzərə alsaq ki, Milli Şurada o mümkünlüyün elementlərindən biridir əvvəl o barədə danışaq. İlk növbədə Milli Şuranın ideyasının müəllifi çox talantlı və sanballı bir şəxsiyyətdir. Bəziləri onun siyasətçi olmadığını vurğulayan abstrakt fikirlər söyləyirlər. Məsələ ondadır ki, dünyada siyasətçi ixtisası yoxdur. Siyasətçi başqa ixtisaslardan törəmə bir peşədir və şəxsin əvvəl hansı peşə ilə məşğul olması əhəmiyyət kəsb etmir. Əksinə siyasətçilərin hamısı vəkildən tutmuş kənd müəllimi və ya fermerə qədər işləyən dövrdə tək yüksək səviyyəli profesional olmayıblar, həm də işlərində yüksək nailiyyətləri olub, camaatın rəğbətini qazanıblar ondan sonra siyasətə gediblər. Əsas sənətində müvəffəqiyyət qazanmayan ancaq sonradan görkəmli siyasətçi olan sadəcə olaraq tarixdə olmayıb. 20-ci əsrin 2 möhtəşəm siyasətçisinin keçdiyi tarixi yola baxaq.
Çörçill jurnalist, yazıçı, deputat, nazir yenidən jurnalist, yazıçı, deputat, baş nazir. Əgər Çörçill talantlı jurnalist olmasaydı o heç vaxt siyasətə gələ bilməzdi. Reyqan aktyor, Həmkarlar İttifaqının sədri, qubernator, prezident. Əgər Reyqan talantlı artist olmasaydı heç vaxt Həmkarlar İttifaqının sədri ola bilməzdi.
Belə çıxır ki, Azərbaycanda heç bir işlə məşğul olmayan , həyatda heç bir yol getməyənlər ancaq siyasətçi ola bilərlər, bu absurddur.
Rüstəm İbrahimbəyov ancaq Azərbaycan xalqının taleyindən narahat olan az saylı şəxslərdən biridir və o səmimidir. Və o demək olar ki, sovet dövründən indiyə qədər demokratik seçkilərin məngənəsində həmişə sıxılan və qalib gələn bir şəxsiyyətdir. Gərək biləsiniz ki, sovet dövründə də azdan, çoxdan demokratik seçkilər kinomotaqrafiya, yazıçılar, bəstəkarlar, Elmilər Akademiyası və sair ittifaqlarda keçirilirdi. O bütün bu seçkilərdən keçib udan şəxsdir. MDB ölkələrinin Kinomotoqrafiya İttifaqını yaradanlardan biri və seçki yolu ilə seçilən də Rüstəm İbrahimbəyovdur. İndi deyə bilərsinizmi kimin siyasi təcrübəsi daha çoxdur?
Əlbəttə, bu ideyanı dəstəkləmək lazımdır. Ancaq ən görkəmli ideyalar da onun həyata keçrilməsini həyata keçirənlər tərəfindən doğulmamış qəbrə qoyula bilər. Qəzetlərin yazdıqlarından belə məlum olur ki, Milli Şuranı 3 şəxs, 3 siyasi qüvvə formalaşdırır. Əgər Milli Şura elan edildiyi kimi xalqın bütün zümrələrini əhatə edəcəksə, mənim hörmətlə yanaşdığım bu şəxsiyyətlər bu işi görə bilməzlər. Onlar hansı mandatla xalqın iradəsini ifadə etməli olan Milli Şura yaradırlar? Milli Şura ayrı-ayrı fərdlərin seçimi ilə yox, müəyyən bir prinsiplə yaradıla bilər. Onların yaratdıqları isə İP, üstəgəl El hərəkatı olacaq. Mən başqa müxalif qüvvələr kimi həmişə İP-nı dəstəkləmişəm. Baxmyaraq ki, onların liderlərinin səhv siyasətini guya İP-ya qarşı münasibət kimi qələmə verməyə cəhd ediblər. İndi də Milli Şura adı altında hansısa bir qurum yaransa o qurumu dəstəkləyəcəyəm. Ancaq şəxsi və ya partiya maraqları prinsipi əsasında yaradılacaq heç bir qurumun adından asılı olmayaraq üzvü olmaq fikrim yoxdur. Məsələn, Milli Şura üzvü görkəmli alim və ya görkəmli ziyalı ola bilər prinsipi əsas götürülür. Kimin görkəmli alim və ya ziyalı olması necə müəyyənləşdirilir, böyük sualdır. Və yaxud xalqın arasında hörməti olanlar. Əlbəttə, bunlar hamısı abstrakt şeylərdir. Mən əminəm ki, həmin o Milli Şurada əksəriyyət üzvülər İP və El hərəkatından olacaq. Belə olan şəraitdə bu məsələyə ideya müəllifi necə baxacaq, demək çətindir.
Davamı var
Xalq mətbuatdan gündəlik yalanlar eşitdiyindən, yalan adiləşib. Ona görədə daha yalana əhəmiyyət verən yoxdur!
Rəsul müəllim, xahiş edirəm aşağıdakı videoya mümkün olan şərhinizi verəsiniz:
Deməli belə çıxır ki,Heydər Əliyev “Dağlıq Qarabaq respublikası”nı tanıyıb?!