“Qiymətləri tutub saxlamaqla, yaxud da ki, pul çap edib camaata paylamaqla vəziyyətdən çıxmaq olmaz.”
“Qiymətlər göstərişlə yox, ancaq iqtisadi metodlarla tənzimlənməlidir.”
“Qiymətlərin tənzimlənməsi məsələsi iqtisadi sistemdən asılı olmalıdır.”
“birinci növbədə pensiyaçıların, tələbələrin, müəllimlərin, həkimlərin maaşlarını qaldırmaq lazımdır.”
(Milli Məclisin 1995-ci il 10 fevral tarixdə keçirilmiş iclasındakı çıxışdan)
İqtisadi islahatları tezliklə həyata keçirmək lazımdır ki, xalqın vəziyyəti yaxşılaşsın. Qiymətləri tutub saxlamaqla, yaxud da ki, pul çap edib camaata paylamaqla vəziyyətdən çıxmaq olmaz.
Dünya iqtisadi sistemində mövcud olan qiymət siyasətini qəbul etməmək barədə olan təkliflər tamamilə islahatın əleyhinə olan təkliflərdir. Qiymətlər göstərişlə yox, ancaq iqtisadi metodlarla tənzimlənməlidir. Əgər kimsə “Mersedes” avtobusunda, kimsə “PAZ” avtomobilində camaatı harasa daşıyacaqsa, bunların hamısının arasında qiymət fərqi olmalıdır. Çünki bunların hərəsinin bir qiyməti, hərəsinin bir səviyyədə rahatlığı var. Qiymətlərin tənzimlənməsi məsələsi iqtisadi sistemdən asılı olmalıdır. Sovet İttifaqında heç vaxt sosializm olmayıb, burada diktatura iqtisadiyyatı olub. Əgər diktatura iqtisadiyyatına qayıdırıqsa, onda bəli, qiymətlər tənzimlənməlidir. Lakin diktatura iqtisadiyyatına qayıtmırıq. Ona görə, qiymətlərin inzibati yolla tənzimlənməsi də mümkün deyil. Buna heç vaxt yol verilməməlidir.
Qiymətləri liberallaşdırmaq lazımdır, ancaq qiymətləri bu şəkildə qaldırmaq olmaz. Çünki dünya bazarı qiymətində olsa, axı, benzinin 1 litrini 1 dollara sata bilmərik. Azərbaycanda 5-6 dollar maaş alırlar. Bu qədər maaş alınan bir ölkədə benzinin litri 1 dollara ola bilməz. Bu şəkildə qiymətləri liberallaşdırmaq qəti surətdə mümkün deyil.
Həm əmək haqqının artması, həm də inflyasiya dinamika üzərində getməlidir. Statik vəziyyətdə saxlayıb, sonra birdən-birə sıçrayışlarla qaldırmaq, endirmək olmaz. Təəssüf ki, indiyə qədər belə olub. Nə qədər ki, inflyasiya var, əmək haqqı inflyasiyaya uyğun qaldırılmalıdır və məhsulların da qiyməti inflyasiyaya uyğun indeksləşdirilməlidir.
Əmək haqqını qaldırmazdan əvvəl, hansı sosial vəziyyətdə yaşayan, hansı təbəqələrin varlığı analiz olunmalıdır. Azərbaycanda 1 milyon nəfərə yaxın pensiyaçı, 200-300 min tələbə var. Büdcə təşkilatlarında işləyən müəllimlər, həkimlər və s. də üst-üstə götürüləndə, 500-600 min nəfər də əlavə olunur. Bu, o deməkdir ki, təxminən, 2 milyon adam aşağı səviyyədə yaşayır, yəni, əmək haqqı həddən artıq azdır. Bunların əmək haqqını hökmən qaldırmaq lazımdır. Amma bunu minimum əmək haqqı yolu ilə həyata keçirsək, vəziyyəti ağır olanların maaşı əgər naturada min manat artacaqsa, yuxarı maaş alanların maaşı 20 min manat artacaq. Bunun nəticəsində Azərbaycanda üst-üstə bir ayda dövriyyəyə 14 milyard manat maaş şəklində pul daxil olmalıdır. 14 milyarddan maksimum 3 milyardı pis vəziyyətdə yaşayan adamların əmək haqqını artırmağa sərf olunacaq. Bu, qəti surətdə olmaz. Çünki həmin 2 milyon adama 3 milyard manat əlavə verilsə də, qiymətlər üç dəfə qalxacaq, bunun qarşısını almaq mümkün deyil. Ona görə, hesab edirəm ki, birinci növbədə pensiyaçıların, tələbələrin, müəllimlərin, həkimlərin maaşlarını qaldırmaq lazımdır. Bu qəbil insanların maaşmı artıranda, orada yazmaq lazımdır ki, müəyyən bir məbləğdən az olmayaraq artırılır.
Maaşların, minimum əmək haqqının qaldırılması ilə əlaqədar olaraq, bizdəki tarif sistemi qəti surətdə özünü doğrultmur. Əvvəllər də əmək haqqını qaldıranda mən həmişə ona etiraz edirdim. Çünki sosial vəziyyəti zəif olan şəxslər üçün minimum əmək haqqını iki dəfə qaldırırıqsa, bu, 3 milyard manata yaxın bir rəqəm edir, amma yuxarı maaş alanların maaşı gəlib 8-9 milyard artım verir. Çox anormal bir məsələdir. Bununla əlaqədar olaraq, o vaxt burada söylədik ki, bu üsulla əmək haqqını artırmaq maksimum 10-15 gün effekt verər. 10-15 gündən sonra bunun mənfi effekti 10-15 gündə verdiyi müsbət effektdən 2 dəfə güclü olacaq. Bu, həqiqətən də belə oldu. Ona görə, bu üsulla məsələnin həllinə yenidən istiqamət götürsək, xalqın güzəranının daha artıq dərəcədə gərginləşməsinə, pisləşməsinə gətirib çıxaracağıq…
Ardı Var
“Diktatorla Üz-Üzə” Kitabından (2001)
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!