-“Bəzi siyasətçilər isə “müxalifət olmasaydı, Azərbaycandakı rejim indi Türkmənistandakı kimi olardı” ideyasını ortaya atıb ondan təsəlli tapır.”
-“Diktatorların hərdəmxəyal olduğunu yaxşı bilən Qərb sivilizasiyası bu rejimin əl-qolunu Bakı-Ceyhan neft kəməri ilə bağlayıb.”
-“Əgər Bakı-Ceyhanı qapamaqla bu rejimi çökdürmək mümkündürsə, niyə Qərb və bizim qardaş dediyimiz Türkiyə bu işi 9 milyonluq Azərbaycan xalqının naminə etmir?”
-“Azərbaycanda xaosu sonradan yatırtmaq o qədər də asan məsələ deyil.”
-“Ən geci 2011-ci ilin axırlarında müxalifət ancaq bir məqsəd – Azərbaycanda azad və ədalətli seçkilərə nail olmaq məqsədi altında birləşməli idi.”
-“Əgər Əliyev qaçırsa, biz nəyə görə özümüz hökuməti kiminləsə bölüşək, elə özümüz götürək” sindromu birləşməyin qarşısına sədd çəkdi.”
-“Müxalifət demokratik seçkilərə nail olmaq üçün beynəlxalq təşkilatlarla və yerlərdə insanlarla işləyən lokal qruplar yaratmalıdır”
-“Ola bilər ki, heç kimin gözləmədiyi birisi həmin MŞ-də liderə çevrilsin”
-“Bir analizə söykənmədən fikir söyləməyi qeyri-ciddi insanların peşəsi hesab edirəm.”
– Rəsul müəllim, seçkiyə cəmi 5 aydan da az vaxt qalıb. Sizcə, bu müddət ərzində demokratik seçki, yaxud demokratik qüvvələrin qalib gələcəyi seçkini təşkil etmək mümkün olacaq?
– Rejim ötən müddət ərzində yerini kifayət qədər möhkəmlədib. Son illərdə respublikada dövr edən pul axınının təqribən 70 faizi hökumətdə olanların ya əlində, ya da nəzarətindədir. Büdcədən maliyyələşənlərin maaşlarını da bunun üstünə gəlsək, deməli, 95 faiz maliyyə onların əlindədir. Belə bir əcaib vəziyyət, fikrimcə, dünyanın ancaq iki-üç ölkəsində – Şimalı Koreya və Türkmənistanda ola bilər. İnformasiya, təbliğat maşınını 99 faiz hökumət idarə edir. Bir-iki müstəqil, müxalif qəzeti isə daim məhkəmələrlə, vergi təşkilatları, polis və prokurorluq orqanlarının əli ilə bağlanmaq qorxusu altında saxlayırlar və utanmadan da ölkədə dərin demokratiyanın mövcud olduğu deyirlər. Bu proseslərin xüsusi inkişafı 2004-cü ildə neft ixracının sıçrayışla artmasından sonra başlayıb və bu günə qədər davam edir. Rejimə qarşı mübarizə aparmaq istəyənlərin gücü isə 2005-ci ildən sonra 2008-də tənəzzül, 2010-cu il seçkilərində isə depressiya ilə müşahidə olunub. Bəzi siyasətçilər isə “müxalifət olmasaydı, Azərbaycandakı rejim indi Türkmənistandakı kimi olardı” ideyasını ortaya atıb ondan təsəlli tapır. Əslində bu belə deyil. Heydər Əliyev istəsəydi, Azərbaycanı çox asanlıqla Türkmənistana çevirə bilərdi. Sadəcə olaraq, 1993-1995-ci illərdə bu işi görməyə gücü kifayət etmirdi. Sonradan isə xarici neft kompaniyalarının ölkələri bu işi görməyə ona imkan vermədilər. İndi də hakimiyyət oğurlanmış pulların xarici banklarda yerləşdirilməsi və böyük dövlətlərin təzyiqindən qorxub bu işi görə bilmir. Diktatorların hərdəmxəyal olduğunu yaxşı bilən Qərb sivilizasiyası bu rejimin əl-qolunu Bakı-Ceyhan neft kəməri ilə bağlayıb. Bu kəmərin dayanması ilə Əliyevlər rejiminin süqutu 3-4 aydan çox çəkməz. Ancaq daxildən güc olmasa ABŞ və AB Azərbaycanın heç vaxt vətəndaş müharibəsinə getməsinə imkan verməz. Belə bir hadisə baş versə, onlar uzun müddətə Azərbaycanı itirə bilərlər. Azərbaycan az əhəmiyyət kəsb etsə də ümumi qloballaşma siyasətinin kiçik bir vintidir və onu heç nədən itirmək istəmirlər. Hərdən Qərb ölkələri ikili standartla işləyirlər, “erməni lobbisi imkan vermir Amerika bu rejimə sərt münasibət bildirsin” və sair sayıqlamalara rast gəlmək olur. Heç bir ikili standart yoxdur və ola da bilməz. ABŞ kimi superdövlətin strategiyası var və bu strategiyanın yerinə yetirilməsi nə kiminsə prezident seçilməsindən, nə də kiminsə lobbiçiliyindən asılı deyil. Onlar öz strategiyalarını həyata keçirirlər, ikili standartla məşğul deyillər. Ukraynada narıncı inqilab vaxtı Yuşşenko komandası ilə meydana milyonları çıxartmayana qədər xarici dövlətlər bir cümlə də Yanukoviçin əleyhinə danışmamışdı. Soruşa bilərsiniz, əgər Bakı-Ceyhanı qapamaqla bu rejimi çökdürmək mümkündürsə, niyə Qərb və bizim qardaş dediyimiz Türkiyə bu işi 9 milyonluq Azərbaycan xalqının naminə etmir? Çünki xaos olarsa onu idarə edə biləcək qüvvəni görmür. Çünki 1990-cı il yanvar və 1993-cü il iyun hadisələri hələ qədim tarixə çevrilməyib. Azərbaycanda xaosu sonradan yatırtmaq o qədər də asan məsələ deyil. Qan tökülməyənəcən bəzi qüvvələri sakitləşdirmək çətin olar.
– Hansı qüvvələrdir onlar?
– Bu qanı kim tökəcək, bunun cavabı da çox çətindir. Mən əminəm ki, bunları müxalifət partiyasından olanların bir çoxu bilər… Təəssüf ki, 2011-ci ildə ərəb ölkələrindəki inqilablar bir çoxlarımızı eyforiyaya saldı. Əslində ən geci 2011-in ortalarında bu eyforiyadan çıxmalı idik. Eyforiyaya düşmək və ya pessimistləşmək səbəb olmasa da bizim üçün uzun çəkən prosesdir, ondan çətinliklə çıxırıq. Müxalifət liderlərində bu xasiyyət aşılanıbsa, vay xalqın halına. Ən geci 2011-ci ilin axırlarında müxalifət ancaq bir məqsəd – Azərbaycanda azad və ədalətli seçkilərə nail olmaq məqsədi altında birləşməli idi. Onun əvəzinə müxalifət düşərgəsində güc mərkəzi, ana müxalifət, demokratiyaya yol xəritəsi və sair mətləbə dəxli olmayan şüarlar ortaya çıxdı. Bütün 2012-ci ildə də gah gənclərin aktivləşməsi, gah xarici informasiya vasitələri ilə hakimiyyətin talanlarının üstünün açılması, hökumətin daxilində klanlar arasında ölüm-dirim müharibəsinin getməsi və Paşayevlərin Əliyevlərə müharibə elan etməsi bu gün sabah Əliyevin qaçacağı kimi eyforiya yaratdı. “Əgər Əliyev qaçırsa, biz nəyə görə özümüz hökuməti kiminləsə bölüşək, elə özümüz götürək” sindromu birləşməyin qarşısına sədd çəkdi. 2013-cü ilin əvvəlində baş verən İsmayıllı hadisələri və gənclərin bir neçə uğurlu çıxışları eyforiyaya yeni təkan verdi. İndi seçkilərə beş ay qalmış deyəsən, nəhayət ki, birləşməyin vacibliyini başa düşənlərin sayı artıb. Bu 5 ayda müxalifət seçkilərin ədalətli keçirilməsinə əlbəttə nail ola bilər. Ancaq bunun üçün ancaq bir məqsəd qarşıya qoyulmalıdır: Azad seçkilərin keçirilməsi uğrunda xalqı ayağa qaldırmaq. Uzun-uzadı, heç kimə lazım olmayan məramnamələr və ya proqramlar yazmaq, onları uzun-uzadı müzakirə etmək siyasət deyil, siyasətbazlıqdır. Azad seçkilərə nail olmaq üçün kiçik bir sənəd hazırlanmalıdır.
1. Azad seçkilərə dəstək almaq üçün xarici dövlətlər və beynəlxalq təşkilatlarla işləyən qrup yaratmaq. Məsələn, 7 nəfərdən ibarət və 2013-cü ilin sentyabrına qədər BMT, Avropa Birliyi, AŞ, ATƏT və ABŞ Konqresindən qətnamələrin alınmasına nail olmaq.
2. Zonalar üzrə – məsələn, Balakən-Şəki, Gəncə-Qazax və sair – xalqı öz hüquqları uğrunda tələblər irəli sürmək üçün hər biri 3-5 üzvdən ibarət olan 8 qrup yaratmaq. Bakı və Sumqayıt üçün daha çox saylı qruplar yaratmaq lazım olacaq. Onların hamısı avtonom işləməlidir. Milli Şuranın Rəyasət Heyətindən kimsə bu işləri koordinasiya etməlidir. Buna bənzər bir çox real addımlar həyata keçirilməlidir. Sənədlərin hazırlanması və real fəaliyyətə başlanması iyunun ortalarına qədər başa çatmalıdır. Əks halda, Milli Şura da yeni yaradılmış güc mərkəzindən başqa heç bir şeyə nail ola bilməz.
– Hazırda Milli Şura formalaşdırılır. Bu haqda sizin düşüncələriniz nədən ibarətdir? Uğurlu alınacaqmı? Siz perspektivdə nələr görürsünüz?
– Milli Şura müəyyən bir prinsipə söykənmədən yaradıldığı üçün çox böyük çətinliklərlə üzləşir. Məsələn, prinsiplərdən biri “xalqın tanıdığı və onun içərisində hörməti olanlar üzv ola bilərlər” prinsipidir. Bu həddən artıq abstrakt bir prinsipdir. Məsələn, kimsə biri üçün hörmətli, xalqın tanıdığı adam təsiri bağışlayar, həmin şəxs mənim üçün heç bir hörməti olmayan avantürist kimi görsənə bilər. Yenə kimlərinsə MŞ-də aparıcı rol oynamaq cəhdi bütün planları alt-üst edə bilər. Əvvəlcədən zorla özünü aparıcı lider etməyə cəhd etmək olmaz, əgər qabında bir şey varsa, MŞ-nin iclaslarında liderə çevrilə biləcəksən. Ola bilər ki, heç kimin gözləmədiyi birisi həmin MŞ-də liderə çevrilsin. Məsələn, şəxsən mən ağıllı təklifin kim tərəfindən verilməsinin fərqində olmaram və onu mənimsəyə, özününküləşdirməyə cəhd etmərəm. Hər halda, Azərbaycanın maraqları tələb edir ki, biz şəxsi ambisiyalarımızı kənara qoyaq. Əlbəttə, mən MŞ-nin yaradılmasının ən qızğın tərəfdarlarından biriyəm. Ancaq MŞ-nin öz tərkibi və məramı ilə keçmişdə yaranmış qurumlardan birinə çevriləcəyini görsəm, o qurumda heç vaxt iştirak etmərəm. Mən spiker postundan rejimin törətdiyi və törədəcəyi cinayətlərə məsuliyyət daşımamaq üçün istefa verdim. İndi Azərbaycanın taleyi ilə zarafat etmək məsuliyyətini öz üzərimə heç vaxt götürmərəm. Hər halda, Rüstəm İbrahimbəyovun bu işi axıra çatdıra biləcəyinə inanıram.
– Bir sıra şəxslər artıq prezidentliyə namizəd olacaqlarını elan ediblər. Sizin oxşar qərarınız, ya ACP-nin, ya da özünüzün, nə zaman gözlənilir?
– Bizim oxşar qərarımız tunelin axırında zəifdə olsa işıq görünməsə (yəni az da olsa, azad seçkilər şamı işıq saçmasa) olmayacaq, olsa da simvolik olacaq.
– Hazırda sizin müttəfiqliklə bağlı hansısa siyasi qüvvə ilə danışıqlarınız gedirmi?
– Sülhəddin Əkbər Milli Şuranın yaradılması prosesi ilə bağlı Eldar Namazov, Əli Kərimli, Mirmahmud Ağa, Əvəz Temirxan, Yusif Bağırzadə və başqaları ilə intensiv görüşlər keçirir.
– Bir müddətdir sizin region ölkələrinə səfər edəcəyiniz haqda məlumatlar dolaşır. Nə zaman reallaşa bilər bu turne?
– O məsələ gündəmdədir və baş tutanda mətbuata ətraflı açıqlama veriləcək.
– Hakimiyyətin seçki ilə bağlı planlarını müşahidə edirsinizmi? Mümkündürmü hakimiyyət seçkiyə fərqli planla, fərqli namizədlə getsin?
– Hakimiyyət seçkilərə İlham Əliyevin namizədliyi ilə gedəcək, başqa plandan söhbət açmaq gülüncdür. Hakimiyyətin planı üzrə yəqin ki, 6-8 namizəd seçkilərdə iştirak edəcək. İştirak edənlərin siyahısını Ramiz Mehdiyev hər bir “müxalifət” namizədi ilə söhbət edəndən sonra təsdiqlənəcək. Alver iki istiqamətdə gedəcək; birinci, onlara 2015-ci ildə deputat yerinin verilməsinə söz veriləcək. İkinci, “namizəd” ikinci səs toplayan olmağını istəyəcək. İkinci səs toplayan maksimum 6-7 faiz səs toplayacaq. Çox ehtimal ki, razılaşdırılmış “müxalifət” cəbhəsindən kimin namizədliyə buraxılması məsələsi məşhur Paşayevlər tərəfindən aparılacaq. Mehdiyevin razılaşmasına bənzər bir razılaşma olacaq. Həmin razılaşdırılmış müxalifət də 40 min imzanı “toplayacaq”. Bu hakimiyyətin planıdır və bu gün onun qarşısını ala biləcək qüvvə yoxdur. Amma qarşıda Milli Şuranın yaradılması göstərəcək ki, biz bu planı pozmaq istəyirik, ya yox.
– Artıq Azərbaycanda belə iddialar səslənməyə başlayıb ki, Rəsul Quliyev bu seçki ilində də Azərbaycana gələsi olmadı. Qəfil gəlişiniz gözlənilə bilərmi? Yaxud planlı bir iş, proses varmı bu yöndə?
– Mənim Azərbaycana gələ bilməyimi və ya bilməməyimi bu qədər bəsit analiz etmək qeyri-ciddidir. İki üç yol polisi və bir rayonda 10 polis müxalifəti rayonlara buraxmır, iclas keçirməyə qoymur. Yəni hazırda müxalifət liderlərinin heç Bakıdan əyalətə getməsinə imkan verilmir. 2005-ci ildə mənim gəlməyimin qarşısını almaq üçün silahlı qüvvələrin 20 faizini və 30 zirehli maşını küçələrə çıxaran hökumət fikirləşirsiniz ki, bu dəfə o işi görməyəcək? Əlbəttə, ondan da artıq qüvvə çıxaracaq. Bu incə məsələdir, kimsə düşünürsə bununla əlaqədar mən hansı isə bir planı açıqlaya bilərəm, böyük səhvə yol verir. Ümumiyyətlə, mən heç bir analizə söykənmədən fikir söyləməyi qeyri-ciddi insanların peşəsi hesab edirəm. Təəssüf ki, Azərbaycanda total analiz etmək istəmirlər, 90 faiz “tutdu qatıq, tutmadı ayran” prinsipi ilə yaşayır. Məsələn, götürək rejimlə mübarizə aparanları. Heç vaxt heç kim dərindən analiz etmir və əvvəlcədən istənilən aksiyanın nə ilə qurtaracağını proqnozlaşdıra bilmirlər. Ümumi şəkildə deyirlər ki, “əşşi nə olacaq, beş-on nəfər tutacaqlar sonra da buraxacaqlar”. Belə olmaz. Rəqibin gücünü bilmədən onunla rəqabət aparmazlar. Onun zəif tərəflərini bilmədən tutarlı zərbə endirə bilməzsən. İstənilən boksçu və ya futbol komandasının treneri görüşdən qabaq rəqibinin keçirdiyi görüşlərin azı 50 faizinin videoyazılarına baxır. Mən əminəm ki, bizdə heç kim gənclərin son mitinqlərinin videolarına baxıb polisin zəif cəhətlərini müəyyənləşdirməyib. Və ümumiyyətlə, hökumətin baqajında daha nələr var, bundan xəbərləri yoxdur. İstər bizim də təmsil olunduğumuz Məşvərət Məclisi, olsun istər də İctimai Palata, saatlarla iclas keçirib hansı hadisələrəsə münasibət bildirirlər, ordunun vəziyyətini, büdcəni və daha nələrisə müzakirə edirlər. Bəylər və xanımlar, məgər bu işlərin zərrə də olsun əhəmiyyəti varmı? Sizdən başqa o müzakirələrdə nələrdən danışılıb, maraqlanan varmı? Ancaq və ancaq azad seçkilərin keçirilməsinə nail olmaq bizi maraqlandırmalıdır.
Elşad MƏMMƏDLİ
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!