Salam, hörmətli cənablar və xanımlar!
Bu gün ölkədə mövcud olan həm daxili vəziyyət, həm rejimin xarici siyasəti, eyni zamanda torpaqlarımızın azad edilməsi məsələsində yaranmış durum acınacaqlı böhrandadır. Bu ağır problemləri həll etməyə cəhd etməksə bizim vətəndaşlıq borcumuzdur. Bu gün kiminsə kimdənsə acığı gəlməsi və hətta bir şəxs kimi ona nifrət etməsi Milli Şura yaradılması məsələsində heç bir rol oynamamalıdır. Bizim heç birimiz vətənimiz, xalqımız üçün böyük işlər görmüşük deyə bilmərik. Bizim hər birimiz on illərdi ki, xalq qarşısında öz vəzifələrimizi yerinə yetirməməyimizlə də razılaşmalıyıq.
Milli Şuranın yaradılmasında heç kim və ya heç bir qurum özünü əlahiddə bir qüvvə hesab edə bilməz, çünki onun məntiqi bazası yoxdur. Bizim hər birimiz bu yaradılacaq qurumda öz nümayəndələrimizin sayının digərlərindən çox olması haqda deyil, digərlərinin nümayəndələrinin sayının özümüzünkündən az olması barədə düşünməli və bu qeyri-bərabərliyi aradan götürməyə çalışmalıyıq.
Əgər söhbət prezident seçkilərində vahid namizədlə iştirakdan gedəcəksə Milli Şura, ancaq iyulun axırında bu məsələni müzakirəyə çıxara bilər. Hazırda ölkə daxilində bütün demokratik potensialın mobilizasiyası, xalqın təşkilatlandırılması, ictimai-siyasi aktivliyin yüksəldilməsi, rejimə qarşı ictimai müqavimətin və kütləvi etiraz aksiyalarının təşkili, beləliklə də siyasi təşəbbüsün ələ alınması, azad və ədalətli seçkilər üçün minimum şəraitin yaradılması əsas siyasi prioritetlər olmalıdı. Belə ki, azad seçkilərə yaxınlaşa bilməsək namizədin vahid və ya çoxsaylı olmasının nə fərqi olacaq?!
Hörmətli cənablar və xanımlar, ona görə də xahiş edirəm şəxsi və qrup eqoizmindən çıxış etməyək, ACP, AXCP, ALP, EL hərəkatı və Müsavat Partiyasının MŞ-də eyni sayla və ya partiyanın istəyini yəni nümayəndələrinin az olmasını özü təklif edərsə nəzərə alınsın. Əgər AMİP və KXCP Milli Şuraya qoşulmaq istəyirsə onlara da şərait yaratmaq lazımdır.
Bizim kimlərinsə xalq arasında tanınmış və ya tanınmamış olması barədə fikir ayrılığımız var. Şəxslərin tanınmış və ya tanınmamış olmasını müəyyənləşdirən kriteriyalar mövcud deyildir. Digər tərəfdən, çox vaxt mənfi xarakterinə görə insanlar daha çox tanınırlar. Əgər bir birimizin verdiyi nümayəndələrin tanınmış olmasını müəyyənləşdirmək funksiyasını kimsə öz üzərinə götürəcəksə aləm qarışacaq bir-birinə, digər tərəfdən də başqalarının verdiyi nümayəndələrə də qulp qoyanların sayı artacaq. Ona görə də mən əvvəldən, Milli Şura müəyyən prinsiplə yaradılmalıdır, deyirdim. Əgər bu prinsiplər yoxdursa onda ancaq nümayəndələrin sayının bərabər olmasından danışmaq olar, kiminsə tanınmış olduğunu müəyyənləşdirməkdən yox.
Artıq aylardır Rüstəm İbrahimbəyov vaxtının böyük bir hissəsini Milli Şuranın yaradılmasına sərf edir. Ümid edirəm ki, onun dərindən analiz edib bir çox məsələləri nəzərə alaraq razılaşdırdığı siyahı nəhayət, qəbul olunacaq, Milli Şura üzvülüyünə namizədlərin müzakirəsinə, daha doğrusu imzalamasına, veriləcək və xalqımızın çoxdan gözlədiyi bu iş bir neçə günə yekunlaşacaq.
Hörmətlə, Rəsul Quliyev
Umid Sizedir, Resul muellim.