“HARA GEDİR AZƏRBAYCAN” DAVAMI
2-Cİ HİSSƏ
– Rüstəm İbrahimbəyovun seçkilərə Rusiya vətəndaşı qismində qatılması hadisələrin ən ağlasığmaz inkişafı idi. Məgər Rüstəm İbrahimbəyov və onun ətrafında olanlar qanunvericiliyin tələblərindən xəbərsizmi idilər? Sizcə, siyasi mübarizəyə hələ ötən ildən atılan İbrahimbəyov niyə Rusiya vətəndaşlığından öncə imtina etmədi? Burada hansısa oyun elementləri ola bilərdimi?
– Mənim əsas meyarım hər bir şəxslə, hər bir hadisə ilə əlaqədar – bu yanaşma Əliyevlərə də aiddir – maksimum obyektiv olmaqdır. Söylədiklərim real tarixlərin, real hadisələrin bazasında analiz olunmalıdır. Sözsüz, nəticələr subyektiv ola bilər, çünki bu nəticələr fərd tərəfindən qəbul olunur… Rüstəm İbrahimbəyov mübarizəyə yox, rejimi əvvəl yumşaq, 2012-ci ilin ikinci yarısından sonra isə sərt tənqidə başlamışdı. Ancaq onun president kürsüsü uğrunda mübarizəyə qoşulmaq istəməsi tədricən formalaşdı. O, bu seçkidə iştirak etməsi barədə qərarı ancaq 2013-cü ilin iyunun ortalarında qəbul etdi – bu, mütləq həqiqətdir.
Əslinə qalanda, Rüstəm İbrahimbəyovun seçkilərə buraxılıb-buraxılmamasının Rusiya vətəndaşı olub-olmaması ilə heç bir əlaqəsi yox idi. Və onun nə vaxt İmmiqrasiya Xidmətinə müraciət etməsinin də mətləbə dəxli yox idi. “İkili vətəndaşlığı olan seçkidə iştirak edə bilməz” nə deməkdir? Dövlət qarşısında öhdəliyi necə anlamaq lazımdır?
Birincisi, vətəndaşın borcudur ki, orduya çağrılsa – getsin, müharibə olsa – düşmənə qarşı vuruşsun. İkincisi, ölkənin düşmən adlandırdığı başqa ölkə ilə əlaqə saxlamasın, onunla iş görməsin. Bunlardır dövlət qarşısında öhdəliklər. Bildiyiniz kimi, Rusiya Federasiyası Azərbaycanı dost ölkə elan edib. Və Rüstəm İbrahimbəyovun orduya çağrılmaq yaşı çoxdan keçib. Başqa sözlə, onun Rusiya qarşısında heç bir öhdəliyi yoxdur. Vergi borcunun və ya mülkiyyətin olmasını ölkə qarşısında öhdəlik kimi təqdim edən istənilən məhkəməyə və istənilən hüquqşunasa yazıqlar olsun. Bunların heç biri öhdəlik deyil, sadəcə olaraq, müvəqqəti və ya daimi yaşadığın ölkələrin qanunlarına tabe olmaqdır. Onları öhdəlik hesab etsən, gərək, yolu qırmızı işıqda keçməyi də öhdəlik hesab edəsən. Milyonlarla adamların başqa ölkələrdə biznesi var və təbii ki, gəlirdən həmin ölkələrdə vergi verirlər.
Cənab Obamanın başqa ölkələrdə çıxan kitablarından gələn gəlirdən, təbii ki, o ölkələrdə vergi tutulur. Bu o deməkdir ki, məsələn, Obamanın Rusiya qarşısında öhdəliyi var?! Bu ki, gülüncdür! Cənab Əliyev və onun ailə üzvlərinin mülkləri bütün qitələrdə mövcuddur. Uşaqlarının Çilidən tutmuş İndoneziyaya qədər çoxsaylı “biznesləri” vardır və sözsüz ki, onlar müəyyən vergiləri ödəməlidirlər. Ən azı İlham Əliyevin kiçik oğlu Dubayda ildə azı bir milyon dollar mülkiyyət vergisi verir. İndi bu o deməkdir ki, onun Ərəb Əmirliyi qarşısında öhdəliyi var? Dünya praktikası və BMT-nın insan haqları deklarasiyasında vətəndaşlıqdan imtina etmək ərizə yazdığın gündən qüvvəyə minir kimi qəbul edilir. Ona görə də, guya, “R.İbrahimbəyov Rusiya vətəndaşı olduğuna görə seçkilərə buraxılmamalı idi” fikri nağıldır. Onu istənilən variantda seçkilərə buraxmaq istəmirdilər, indiyə qədər də ittifaqına qarşı qaldırılmış cinayət işi davam edir.
Məsələnin başqa bir mənəvi tərəfi də vardır. Hər iki Əliyev Rusiyanın vətəndaşları olublar. Oğul Əliyev əlavə olaraq hələ 1994-cü ildən həm də Türkiyənin vətəndaşı idi. Heydər Əliyev 1993 və 1998-ci illərdə prezident seçkilərində iştirak edib, ancaq bu günə qədər də Rusiya vətəndaşı sayıla bilər, çünki heç bir ərizə ilə müraciət etməyib. Cənab İlham Əliyev də 2003 və 2008-ci illərdə Rusiya vətəndaşlığından çıxmaq üçün heç bir ərizə ilə müraciət etməyib… Əgər bu söylədiklərimin düzgün olmadığı iddiasındadırlarsa, beynəlxalq və ya ABŞ məhkəməsinə müraciət etsinlər, bəlkə doğrudan da onlara böhtan atıram?
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!