Tarixi faktlar əsasında yazılan bu kitab daha çox müəllifin şəxsi analizinin məhsuludur və dərslik deyil. O, Azərbaycanın gələcəyi haqda düşünənlər və çalışanlar, həm də kitabın bir bilik mənbəyi, informasiya vasitəsi olaraq, insanların formalaşmasındakı əhəmiyyətinə inananlar üçündür.
“Tarixini tədqiq və analiz edib
ibrət götürməyən xalqın gələcəyi yoxdur”.
Müəllifdən
Q A R A B A Ğ:
Müqavimətsizlikdən doğan faciə
(Tarixi roman, I kitab)
I hissə
XVIII əsrin ortalarından dünya qloballaşma prosesinin aktiv fazasına keçid aldı. Güclü dəniz donanmalarının intensiv inkişafı ölkələr arasında ticarət əlaqələrini genişləndirməklə, iqtisadi inteqrasiyanı da sürətləndirdi. İqtisadi inteqrasiyanın ölkə üçün əhəmiyyətini daha tez anlayan ingilislər çalışırdılar ki, öz qanunlarını dünyanın bütün regionlarına qəbul etdirməyə nail olsunlar. Artıq ölkələr arasında ticarətin hər kəsin qəbul etdiyi beynəlxalq normalar çərçivəsində aparılması ideyası xeyli aktuallaşmışdı.
XVI əsrdə İngiltərədə Tüdorlar sülaləsindən olan VIII Henrinin başladığı dini və siyasi reformalar onun qızı I Yelizaveta tərəfindən daha da inkişaf etdirildi. Hazırda bu ölkənin dövlət idarəçiliyi sistemində mövcud olan demokratik prinsip və ənənələrin bir sıra elementləri də elə o vaxtdan tətbiq edilməyə başladı.
İngiltərədə yaranan yeni ictimai-siyasi formasiya, sənaye və elmin inkişafını ağlasığmaz səviyyəyə qaldırdı, burada gedən proseslər isə digər Avropa ölkələrini də müəyyən siyasi və iqtisadi reformalara sövq etdi. Hətta bir çox ölkələrin rəhbərliyi ənənəvi “təkbaşına idarəçilik”dən qismən “kollektiv idarəçiliyə” keçməyə məcbur oldular.
XVII əsrdə özünün Avropadakı hegemonluğuna güvənən İngiltərə sərhədlərini genişləndirmək strategiyasını həyata keçirməyə başladı. Sənayesinin və elmin sürətli tərəqqisi fonunda hər tərəfdən su ilə əhatə olunmuş bu ada-dövlət dünya hegemonu olmağın yeganə yolunun qüdrətli hərbi-dəniz donanmasının yaradılmasından keçdiyini gözəl anlayırdı. Elə məhz o vaxtlar təməli qoyulan hərbi-dəniz donanması qısa bir müddətdə və sonrakı 150 ildə İngiltərəni dünya okeanlarının şəriksiz ağasına çevirə bildi…
Təsadüfi deyil ki, XVIII əsrdə müasir bazar iqtisadiyyatı nəzəriyyəsini yaradan (o vaxt “modern ekonomi” sayılan bu nəzəriyyə indi “klassik ekonomi” adlandırılır – müəl.) dünyanın beş məşhur aliminin beşi də elə ingiltərəli idi. Adam Smit hələ o vaxt qeyd edirdi ki, sağlam rəqabət və antimonopoliya mühiti yaradılmasa, iqtisadi inkişaf mümkün olmayacaq.
Təbii ki, hələ 250 il bundan öncə, bu cür iqtisadi qanunları yaradan, qəbul və real tətbiq edən ölkənin dünya tarixində ən böyük imperiyanı yaratmağa müvəffəq olması da məntiqi bir proses idi. Və beləliklə də, VIII Henrinin başlatdığı reformalar gələcəkdə “Böyük Britaniya” və ya “Birləşmiş Krallıq” adlandırılacaq imperiyanın əsasını qoydu. Təsadüfi deyil ki, bu gün 200 ildən çox demokratiya tarixinə malik yeddi ölkədən beşi məhz ingilis dilində danışır…
Həmin dövrdə İngiltərədə baş verən texniki və iqtisadi inqilabın fövqündə, Yaxın Şərqin böyük bir hissəsini və Avropanın da, təxminən, 30 faiz ərazisini əhatə edən Osmanlı imperiyasında tamam əks proseslər gedirdi. Heç bir reformanı qəbul etməyən, həm dində, həm də siyasətdə doqmatizmə üstünlük verən, ordunun gücünü əvvəlkitək əsgərin sayında və dini etiqadın güclü olmasında görən Osmanlı imperiyası günü-gündən zəifləyirdi…
XIII və XIV əsrlərdə Çingiz xanın və Teymurləngin (Avropa mənbələrində adı Tamerlan kimi göstərilir) tarixə monqol-tatar işğalı kimi düşən yürüşlərindən və ölkənin darmadağın edilməsindən sonra, min ildən çox dünyanın böyük imperiyalarından sayılan İran (Persiya) da özünə gələ bilmirdi. XVI əsrin əvvəllərində Səfəvilər sülaləsinin yaratdığı İran, yenidən sərhədlərini iki dəfədən artıq genişləndirdi. 235 illik Səfəvilər sülaləsinin idarəçiliyi dövründə İranla Osmanlı imperiyası arasında ərazi uğrunda gedən müharibələrin sayı-hesabı yox idi. Nəticə etibarilə, bu müharibələr hər iki imperiyanın zəifləməsinə gətirib çıxartdı və Səfəvilər sülaləsinin tam süqutu ilə nəticələndi. Səfəvilərin süqutunun səbəblərindən biri də İslam dinindəki şiə məzhəbinin onların vaxtında xeyli inkişaf etdirilməsi oldu. Səfəvilər şiəliyi əsas ideologiyaya çevirməklə, az qala, 800 illik ərəb xilafəti tarixini də inkar edirdilər. Bu siyasət isə dünya müsəlmanlarının 80 faizindən çoxunu təşkil edən sünnü məzhəbinin daşıyıcılarını – əsasən, ərəb və türkləri Səfəvilərin əleyhinə çevirmişdi…
XVI əsrdə Avropanın şimal-şərqində, indi Rusiya adlandırılan ərazidə monqol-tatarların yaratdıqları çoxsaylı knyazlıqlar (məqsəd özünüidarə əyalətləri formalaşdırmaqla, vaxtında vergiləri toplamaq və dövlət siyasətinin düzgün aparılmasına nəzarət etmək idi. Belə strukturlar Səfəvilərin, həmçinin Osmanlı imperiyasının vaxtında indiki Azərbaycan ərazisində də əyalət, vilayət, bəylərbəyilik, sultanlıq, sancaq və s. kimi adlar altında yaradılmışdı və 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra daha çox ayrı-ayrı xanlıqlar formasında müstəqilləşdilər – müəl.) monqol-tatarların zəifləmələrindən istifadə edərək, müstəqil dövlətlərini yaratmaq istəyirdilər. Monqol-tatarların və Osmanlıların hücumlarından hələ də təşviş içərisində yaşayan Qərbi Avropa dövlətləri, indiki Rusiyanın ərazisində tatarlara düşmən olan müxtəlif ölkələr yaratmaqla “bufer zona” formalaşdırmaqda maraqlı idilər. Avropanın heç bir ölkəsi aqressiv monqol-tatarlarla qonşu olmaq istəmirdi. Ona görə də rus knyazlıqlarına müstəqil dövlətlərini yaratmaqda kömək edirdilər. Rusiyanın ayrı-ayrı knyazlıqlardan böyük bir imperiyaya çevrilməsi XVIII əsrdə I Pyotr Romanovun (tarixə o, ingilis dilində “Greyt Pyotr” kimi də daxil olub-müəl.) çarlığı dövründən başlayır. Əslində, Rusiya imperiyasının yaranması prosesinə məhz Qərbi Avropa dövlətlərinin strateji planının məhsulu kimi baxmaq lazımdır. Təsadüfi deyil ki, aradan 300 il vaxt keçsə də, Rusiya imperiyası hələ indiyə qədər də dünya siyasətində öz yerini tapa, müəyyənləşdirə bilməyib. Bu bir həqiqətdir ki, Avropa dövlətləri heç vaxt Rusiyanı “Avropa” saymayıblar və həmişə “aziat” – “asiyalı” adlandırıblar. Qədim ənənələri, fərqli dəyərləri və insan münasibətləri, fundamental həyat fəlsəfəsi olan asiyalıların isə (Çin, Yaponiya, Koreya, Hindistan və s. ) haçansa Rusiyanı “Asiya ailəsi”nə qəbul edəcəkləri inandırıcı deyil.
Əslində, Rusiya imperiyası yaranandan bu günə qədər, həmişə Qərbin qlobal siyasətinin icraçısı rolunu oynayıb. Qərb ölkələrinə Osmanlı imperiyasını zəiflətmək lazım olan kimi, Rusiyaya müxtəlif vədlər verməklə onun üzərinə göndəriblər. Əgər müharibədə ruslar udursa – Osmanlı imperiyasına, uduzursa – ruslara kömək ediblər. XVIII əsrin başlanığıcından ta XX əsrin ortalarınadək, dünyanın strateji siyasətini müəyyənləşdirən əsas oyunçu məhz İngiltərə olub. II Dünya müharibəsindən sonra isə bu status ABŞ-a keçib və o, super-dövlətə çevrilib…
Iran imperiyasının XVIII əsrin əvvələrindən sürətlə zəifləməsi 1734-cü ildə Səfəvilər sülaləsinin tam süqutu ilə başa çatdı. 2 il müddətində hakimiyyət uğrunda gedən mübarizədə iki türk sülaləsinin – Əfşarlarla Qacarların birləşməsi onların qələbəsi ilə nəticələndi. 1736-cı ildə Əfşar tayfasından olan Nadir, indiki Azərbaycanın Muğan bölgəsində keçirilən böyük qurultayda özünü “şah” elan etdi. Nadir şah, ilk növbədə, İranın 200 il öncəki sərhədlərini bərpa etməyə başladı. Qısa müddətdə indiki Gürcüstan və Dağıstanda İranın mövqeləri bərpa edildi. Nadir şah indiki Orta Asiya, Əfqanıstan, Pakistan və Hindistanın qərb hissəsini də zəbt etdi. Yenidən İrana qayıdıb, Bağdadı Osmanlı imperiyasından almaq üçün hərbi əməliyyata başladı. Bağdad, müvəqqəti olsa da, yenidən İran imperiyasının tərkibinə daxil oldu. Qərb tarixçiləri Nadir şahı sərkərdəlik talantına görə, Makedoniyalı Aleksandrla müqayisə edir, onu “İranın Napoleonu” adlandırırlar.
Nadir şahı narahat edən məsələlərdən biri də dini etiqadlarına görə, kökləri, dilləri eyni olan iki xalqın daim bir-birləri ilə müharibə aparması idi (iranlılar şiə, Osmanlılar isə sünnü idilər-müəl.). Nəticədə, Qərbin köməyi ilə şimalda dirçəlməyə başlayan ruslar gah zəifləmiş Osmanlılara, gah da İrana hucum edirdilər. Bu səbəbdən Nadir şah dini reformalara başladı: şiəlikdə 6-cı İmam sayılan liberal fikirli, “Sadiq” ləqəbli Cəfər ibn Məhəmmədi əsas fiqur kimi qabartmaqla dində sünnüliyə daha yaxın olan “Cəfərilik” təriqətini yaratmağa cəhd etdi. Nadir şahın bu reformalarından sonra ilk dəfə olaraq, Osmanlı imperiyası şiələrə Həcc ziyarətinə getməyə icazə verdi. Əlbəttə, bu, böyük qələbə idi. 1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürülməsəydi, dini islahatlar davam etdiriləcəkdi. Təəssüf ki, talantlı Nadir şah da idarə etməyin ancaq bir variantını – ilk növbədə, ətrafındakıları, daha sonra isə bütövlükdə milləti həmişə qorxu və təşviş içərisində saxlamaq üsulunu qəbul edirdi!
Nadir şah çox əzazil bir diktator idi. İşğal etdiyi ölkələrdə, hətta öz ölkəsində belə, yüz minlərlə insanın amansızlıqla qətlə yetirilməsi sərəncamını vermişdi. Nəticədə, bu əzazilliyi, əldə etdiyi qələbələrə baxmayaraq, ona qarşı böyük nifrət yaratdı. Xüsusi ilə yaxınlarını, qoşun başçılarını səbəbsiz edam etdirməsi ona sui-qəsd təşkil ediləcəyinə şübhə yeri qoymurdu. Və bu şübhələr 1747-ci ilin iyun ayının 19-dan 20-ə keçən gecə özünü doğrultdu – o, yaxın ətrafı tərəfindən qətlə yetirildi!
Nadir şahdan sonra hakimiyyəti ələ keçirən qardaşı oğlu Adil şahın İranda 250 ildən çox şanlı tarixləri olan Qacarlar tayfası ilə dil tapa bilməməsi, onlarla müharibə aparması bütövlükdə Əfşarların süqutu ilə yekunlaşdı. Adil şah Qacarları məğlub edə bilmədi, bircə onu bacardı ki, gələcəkdə şah olacaq Ağa Məhəmməd Qacarı – 6 yaşlı uşağı axtalatdırdı.
Adil şahdan sonra hakimiyyətə gəlmiş Zəndilər sülaləsi (milliyyətcə, kürdmənşəlidirlər – müəl.) 40 il müddətində imperiyanı misli görünməmiş dərəcədə zəiflətdi. 1747-ci ildə Adil şahın əmri ilə axtalanmış Ağa Məhəmməd Qacar, sonradan Zəndilər sülaləsi tərəfindən 1763-cü ildə zindana atıldı. Ancaq 1779-cu ildə azadlığa çıxan olduqca istedadlı, xarizmatik Ağa Məhəmməd, qısa bir müddətdə Zəndilər sülaləsinə qarşı alovlanan hərəkata rəhbərlik etməyə başladı. 10 ildən çox çəkən vətəndaş müharibəsi nəticəsində, 1794-cü ildə Ağa Məhəmməd Qacarın yaratdığı ordu artıq İran ərazisinin yarısından çoxuna nəzarət edirdi. Həmin il Şah Alı xanı qətlə yetirməklə, Ağa Məhəmməd Qacar Zəndilər sülaləsinin şərəfsiz fəaliyyətinə birdəfəlik son qoydu. 1794-cü ilin ortalarından İranın mütləq hakimi Ağa Məhəmməd şah Qacar oldu. Ancaq o, digərləri kimi, tezcə özünü şah elan etmədi. İranın itirilmiş ərazilərini qismən bərpa edəndən sonra özünü şah elan edəcəyinə and içdi.
Ağa Məhəmmədin birinci hərbi yürüşü Qafqaza oldu. Zəndilər sülaləsinin zəifləməsindən faydalanan indiki Gürcüstan özünü müstəqil elan edib, 1783-cü ildə Rusiya ilə müqavilə imzalamışdı. Müqaviləyə görə, faktiki, Gürcüstan Rusiyanın himayəsini qəbul etmişdi. Ağa Məhəmməd, ilk növbədə, Gürcüstanı cəzalandırmaq qərarına gəldi. O, vaxtilə Gürcüstandan gətirilmiş qullardan və türkmənlərdən ibarət yaxşı təlim almış kiçik bir nizami ordusu ilə, demək olar ki, heç bir müqavimətə rast gəlmədən Gürcüstanı tutdu, Tiflis şəhərini viran qoydu. İranın hududlarını bərpa edəndən sonra Qacar Tehranı paytaxt elan etdi. 1796-cı ildə Ağa Məhəmməd Qacar yeni paytaxt Tehranda şahlıq titulunu təntənəli surətdə qəbul etdi və beləliklə, Qacarlar sülaləsinin təməli qoyuldu.
1-ci epizod
Vindzor sarayı, London, 1784-cü il…
Kral Corc qarşısında əyləşmiş cavan oğlanı diqqətlə dinləyirdi. Əyləşənin kimliyini bilməyənlər, kifayət qədər emosional şəxs olan Kralın səbrlə qarşısındakı qonağın sözünü bir dəfə də kəsməməsinə təəccüblənərdi. Bundan əlavə, daha iki hal da diqqət çəkirdi: birincisi, cavan oğlanın ötkəmliyi, hətta bir qədər özünü saymazyana aparması, ikincisi isə, Kralın ona dikilmiş minnətdarlıq dolu baxışları.
Onun qarşısında əyləşmiş gənc Böyük Britaniya Krallığının ikinci şəxsi, Baş nazir Lord Viliyam Pit idi. Cəmi 24 yaşındaydı. Tarixdə bu yaşda Baş nazir olmuş şəxsə nə 1784-cü ilə qədər, nə də ondan sonrakı illərdə rast gəlinməyəcəkdi. Kembric Universitetini təzəcə qurtarmış ser Pit akademik tələffüzü və auditoriyada dərs deyən professorlarsayağı təmkiniylə Birləşmiş Krallığın xarici siyasətinin hansı istiqamətdə aparılacağının konturlarını izah edirdi.
Kral Corc İngiltərənin qüdrətinə vurulmuş bir adamıydı. Amerikadakı müstəmləkələrində xalqın ingilis zadəganlarının başçılığı altında müstəqillik uğrunda müharibəyə qalxması onsuz da tez-tez depressiyaya düşən psixikasını tamamilə pozmuşdu. O, ən sərt mövqedə durmuşdu – inqilabçıların hamısını edam etməyi tələb edirdi. 1776-cı ildə Amerikanın müstəqillik elan etməsini indiyə qədər qəbul və həzm etməmişdi, heç etmək fikri də yox idi. O, İngiltərənin maraqlarının qorunması üçün ən radikal mövqedə dayanan adam idi. Amerikanın müstəqilliyini yaxına buraxmaması və müharibəni davam etdirmək üçün parlamentə təzyiq göstərməsi ölkə daxilində ona qarşı güclü müxalifət formalaşdırmışdı.
1779-cu ildən Fransa, sonradan İspaniya ilə müharibə aparan İngiltərənin Amerikada da savaşı davam etdirməsi üçün resursları tükənmişdi. Buna baxmayaraq, Kralı fikrindən döndərmək mümkün deyildi. Bu tərsliyi, inadkarlığı, az qala, ona taxtını təhvil verməklə başa gələcəkdi. Ona müxalifətdə olan viqlər parlamentdə çoxluq təşkil edirdilər. 1783-cü ildə Kral axırıncı konstitusion hüququndan istifadə edib höküməti buraxdı və yenisini qurmağı 24 yaşlı Lord Vilyam Pitə tapşırdı.
Yarım il müddətində Lord Pit parlamentdə azlıq təşkil edən komandası ilə birgə müxalifətin monolitliyini dağıtdı, Krala parlamenti buraxıb yeni seçkilər keçirməyə şərait yaratdı. Kral impiçmentdən xilas oldu.
İndi o həyəcanlı vaxtlardan düz bir il keçmişdi. Kral onun taxt-tacının saxlanmasında kimə minnətdar olduğunu unutmağa macal tapmamışdı. Pit təmkinlə danışırdı:
– Əlahəzrət, yeni yaranmış müstəqil ABŞ dövləti ilə müharibə aparmaq indiki vəziyyətdə bizə xeyir gətirməz. ABŞ müstəqil olsa da, olmasa da heç vaxt bizim təsirimizdən çıxa bilməyəcək. Hər halda, eyni kökləri olan bir millətik və eyni dildə danışırıq. İkincisi, onlar o qədər insan azadlığından, idarəcilikdə vertikalın olmamasından danışdılar ki, indi bütün Amerikada anarxiyadır. Hər ştat özünü müstəqil dövlət sayır, mərkəzdə dayanan Konqreslərinin qəbul etdiyi qanunlara əməl etmirlər və Konqresin nəzarət etmək şansı da yoxdur. Demokratiyanın ifrat forması anarxiyaya çevrilib, gələcəyi yoxdur, dağılacaq. Əgər biz müharibə etsək, millət yenidən birləşəcək və çox ehtimal ki, bu dəfə əsl dövlət yaradacaqlar. Bizim “dostlarımız” Fransa və İspaniya dəridən-qabıqdan çıxırlar ki, Amerikada müharibəyə başlayaq. Lazımdır ki, biz Amerikanı müstəqil dövlət kimi tanıyaq. Amerikalılar İstiqlaliyyət Bəyannaməsini yazan komissiyanın üzvlərindən Con Adamsı danışıqlar aparmaq ücün İngiltərəyə göndərmək istəyirlər, biz gərək onu qəbul edək və ikitərəfli müqavilə imzalayaq.
Kral əlini qaldırmaqla Baş naziri saxladı:
– Kimdir o Adams, yəni, İngiltərənin harasındandır, kimlərdəndir?
– Onu bilirəm ki, aristokrat titulu yoxdur, deyəsən, atasının ferması olub, – Baş nazir cavab verdi.
– Lord, Siz necə əsli-nəcabəti olmayan bir adamla Kralınızın görüşüb, hansısa bir fərman imzalamasını məqbul sayırsınız? – Kral soruşdu.
Baş nazir təmkinini pozmadı:
– Əlahəzrət, indi Amerikada hamı öz aristokratlıq titulundan əl çəkib. Con Adams yaxşı təhsil görmüş vəkildir, kasıblara pulsuz hüquqi yardım göstərir, kifayət qədər hörmətli və nüfuzlu şəxsiyyətdir.
Kral fikrə getdi, ancaq cavab vermədi. Baş nazir davam etdi:
– Avropanın şərqində ruslar kifayət qədər gücləniblər. Rus kraliçası Yekaterina ağıllı və Avropanın aristokrat təbəqəsi tərəfindən qəbul edilən şəxsdir. 18 yaşınadək aldığı alman tərbiyəsi, eləcə də alman genləri hələ də onun xırdaçılığını, praqmatikliyini qoruyub saxlaya bilib. Çoxları sarayda mövcud olan və kraliça yaşa dolduqca daha da intensivləşən favoritizmi fahişəlik kimi qiymətləndirsə də, indiyə qədər bir dəfə də olsun o, məşuqlarının dövlətin ziyanına olan məsləhətlərinə qulaq asmayıb. Hətta lap gənc yaşlarında onu hakimiyyətə gətirən, Rusiyanın ən qüdrətli ailələrindən olan yaraşıqlı, birinci məşuqu qraf Qriqori Orlovu da eşitməyib, onu tezliklə saraydan uzaqlaşdırıb. Uzun müddət onun məşuqlarının əli ilə bir iş görmək istəmişik, ancaq alınmayıb. Biz 200 il bundan öncə, Rusiyanın bir dövlət kimi formalaşmasına kömək edəndə, heç ağlımıza da gəlməzdi ki, bu gün bunların iştahaları belə artacaq. Kraliça Yelizavetanın XVI əsrdə Moskva knyazı İvan Qroznı ilə yazışmalarını oxuyanda, dəhşətə gəlirsən. Özünü Rusiyanın çarı adlandıran bu adamın primitiv, qaba düşüncələri əsas vermirdi ki, yaxın bir müddətdə rusların belə inkişaf edəcəyini düşünəsən. Rusların Osmanlı imperiyası ilə ərazi uğrunda vuruşları indiki mərhələdə bizə sərfəli deyil. Ruslar Osmanlıların diqqətini özlərinə yönəltməklə, türklərdən təhlükə görməyən bəzi Avropa ölkələrinin bizə qarşı hərbi ittifaq qurmalarına yardımçı olurlar. Biz düşünürük ki, rusların aqressiv işğalçı potensialını İranın təsiri altında olan Qafqaz regionuna yönəltmək lazımdır. Bu istiqamətdə biz iş aparırıq. Hələ bir il qabaq, bizim səfirimiz Kraliça Yekaterina ilə görüşüb, ona bu ideyanı vermişdi. Demişdi ki, əgər Rusiya kifayət qədər geniş olan ərazisini daha da böyütmək istəyirsə, İranın Qafqazına diqqət yetirməlidir. Nə Qərbi Avropada, nə də Osmanlı imperiyasında əlavə veriləsi torpaq qalmayıb. Rusların Bosfor boğazına sahib olmaq cəhdi də bir nəticə verməz. İstanbul türklər üçün müqəddəs şəhərdir, onun uğrunda mübarizə rusların xeyrinə qurtarmaz. Aldığımız məlumata görə, ağıllı Yekaterina mesajımızı düzgün qavrayıb. Ümumiyyətlə, bu günə qədər Yekaterina bir dəfə də olsun, İngiltərənin maraqlarının əksinə siyasət aparmayıb. Məgər, İngiltərənin razılığı olmadan Bosfor boğazına sahibmi olmaq olar?
Baş nazir Kralın susub diqqətlə və maraqla onu süzən baxışları altında inamlı səsiylə davam edirdi:
– Son illər zəifləyən İran, Qafqazda “Kartli” adlandırılan, əhalisinin yarısına yaxını xristian olan bir ərazidə mövqelərini itiriblər. Bundan istifadə edib özlərini müstəqil dövlət elan edən Kartli-Kaxeti (indiki Gürcüstanın şimalı – müəl.), rusların himayəsi altına keçmək sənədinə imza atıblar. Ancaq rusların, hələ ki, orada elə bir qüvvəsi yoxdur, əsas güclərini qərb və Osmanlı imperiyası ilə sərhədlərinə toplayıblar. İngiltərə, rusların İranın müəyyən hissə torpaqlarına sahib olmasına etiraz etmir. Aldığımız məlumatlara görə, ruslar Qafqazda müharibə aparmaq üçün ordu toplayırlar. Sözsüz ki, İngiltərə rusların Avropada güclənməsini istəməz və buna yol verməyəcək də. Bu, bizim üçün o qədər də çətin məsələ deyil. Məsələn, asanlıqla ya Avstriya, ya da Prussiya ilə anlaşıb, rusların bu cinahdakı zəif qoşunlarını qısa bir müddətdə onların əli ilə darmadağın edərik. Elə isveçlilər də bu işi görərlər. Osmanlı ordusunu yeni silah və texnika ilə təmin edib, bir neçə ay təlimatlandırsaq, ruslar üçün çox böyük problem yaradarıq. Məncə, Yekaterina da bunları yaxşı bilir. Ancaq biz onlara İranda əl-qol açmağa imkan verə bilmərik. Onların könlündən İran körfəzinədək gedib, Hörmüz boğazına nəzarət etməklə Ərəb dənizinə və okeana çıxş əldə etmək keçir. Dəniz donanması olmayan bir ölkənin belə bir arzuda olması təəccüb doğurur. İngiltərə nəinki zəif ruslara, heç avropalılara da dəniz və okeanlara, boğaz və körfəzlərə nəzarət imkanı verməz. Rusları İran körfəzindən, azı, min kilometr aralı saxlamaq lazımdır. İranın şimalında Araz adlı kiçik bir çay var. O çay İran və Osmanlı imperiyaları ilə Rusiyanın arasında təbii sərhəd rolunu oynaya bilər. Ancaq Araza qədər olan bu torpaqları tutmaq o qədər də asan olmayacaq. Kifayət qədər böyük bu ərazidə yaşayanların 95 faizi türk əsillidir…
Bayaqdan Baş nazirə diqqət kəsilən Kral onu saxladı:
– Məgər, bu yerlər İranın deyil?
– İranındır. Ancaq İranda yaşayanların heç 30 faizi də milliyyətcə fars deyildir. İran dünyanın ilk böyük imperiyalarından biri olub. Bütün imperiyalarda olduğu kimi, əhalisi müxtəlif millətlərdəndir. İran imperiyasını min ilə yaxındır ki, milliyyətcə türk olanlar idarə edirlər. Bizdə də Kralın və ya nazirlərin hansı millətə mənsub olduğunu araşdırmaq çoxdan yaddan çıxıb, elə deyilmi, əlahəzrət?
– Elədir, ser, elədir. – Kral dilləndi. – Sadəcə olaraq, mənim ağlıma gəlmirdi ki, Avropaya xas sivilizasiya – başqa millətlərə qarşı loyal olmaq, ora da gedib çatıb…
– Əlahəzrət, onlarda bu sivilizasiya iki min il bundan öncə var idi, – Baş nazir cavab verdi.
Kral təbəssüm və bir qədər də heyrət dolu gözlərini Baş nazirdən çəkməyərək soruşdu:
– Ser, bu qədər məlumatı belə gənc yaşda necə toplaya bilmisən?
– Əlahəzrət, birincisi, universitetdə əsasən tarix elmini öyrənməyə böyük həvəs göstərirdim, ancaq ən əsası, tanınmış alimlərdən ibarət qrup yaratmışam, onlar bütün xalqların tarixlərini, adət və ənənələrini araşdırır, analiz edirlər. Məni maraqlandıran əsas məsələ onların zəif cəhətlərini öyrənməkdir. Məsələn, bilirəm ki, onların müqəddəs saydıqları məsələlərdə çox ehtiyatlı olmaq lazımdır. Biz ingilislər heç vaxt ən qatı düşmənimizin də şərəf və ləyaqətini təhqir edən hərəkətlər etməmişik, bundan sonra da etməməliyik…
Gənc Baş nazir söhbəti yenidən məharətlə mövzuya gətirdi:
– Əlahəzrət, həmin Qafqaz regionunda ruslar asanlıqla qələbə çala bilməyəcəklər. Düzdür, o zonada “xanlıqlar” adlanan mini-dövlətlər var, başlarında duran diktatorlar da “xan” adlandırılır. Bu xanların əksəriyyəti öz xeyirləri üçün istənilən satqınlığı etməyə hazır olduqlarından, ruslar onları ələ ala biləcəklərinə çox ümidlidirlər…
2-ci epizod
Sankt-Peterburq, Ermitaj sarayı, 1784-cü il…
Bərli-bəzəkli zabit forması geymiş iki cangüdəndən biri İtaliyada xüsusi sifarişlə hazırlanmış ağır qapını açaraq, baş əydi və uca səslə:
– Buyurun knyaz, çariça sizi gözləyir, – dedi.
Potyomkin diqqətlə onları başdan-ayağa süzdü. O bilirdi ki, bu cavanları çariça özü seçir. Onda qamətli, gözəl oğlanlara qarşı xüsusi bir məhəbbət var idi. Qriqori Potyomkin də vaxtilə belə qamətli oğlan rolunu oynamışdı. Düzdür, “bodigard” kimi yox…
Geniş otağa daxil olan Potyomkini Yekaterina ayaq üstə qarşıladı. Cavan qızlar kimi, onun qabağına qaçıb:
– Qrişinka, səni işindən ayırdım, həm də deyirlər, bir az nasazsan, bağışla məni, Allah xatirinə, – dedi.
Qrişa əvvəl əyilib onun əlindən, sonra dikəlib yanağından öpdü:
– Nə danışırsan, Matuşka? Səni görmək mənim üçün xoşdur.
Qarşılıqlı standart nəzakət frazalarından sonra Yekaterina onu stolun arxasına dəvət etdi. İçəri otaqdan Yekaterinanın xidmətçisi çıxıb, ikiqat əyilərək, təzim etdi:
– Nə arzulayırsınız, Matuşka?
– Çay, mənim əzizim, çay… İsti olsun. Mürəbbə də ver, mənim şahzadəmə, deyəsən, soyuq dəyib… Biz, gərək onu sağaldaq.
Xidmətçi otağı tərk edəndən sonra Qrişa Yekaterinanın əlini ovcuna götürdü:
– Katka, əvvəllər məni başqa metodlarla müalicə edərdin, yadından çıxıb?
Yekaterina böyük məhəbbətlə düz onun gözünün içinə baxa-baxa əlini ovcundan çıxartdı:
– Qocalırıq, Qrişqa, qocalırıq… Daha o metodlarla müalicə etməyə halım qalmayıb…
Potyomkin:
– Matuşka, sən qocalana oxşamırsan, elə əvvəlki Katyasan… Deyəsən, mənim qocalmağıma işarə vurursan…
Yekaterina:
– Ax, Qrişa, Qrişa…!
Podnosda çay dəstgahı gətirildi. Xidmətçi qız çayı süzmək istəyəndə, Yekaterina əli ilə onu saxladı və özü Qriqoriyə çay tökdü. Xidmətçi qız otağı tərk etdi. Yekaterina çaya mürəbbə əlavə edib, qarışdırdı.
– Qrişa, soyutma, isti-isti iç, – Yekaterina dedi.
Potyomkin bir qurtum alıb, çariçaya baxdı…
Vaxtilə tufanlı məhəbbət macəraları yaşayan bu iki böyük şəxsiyyət çoxdan idi ki, bu işlə məşğul olmurdular, ancaq aralarındakı dostluq əlaqələri daha da güclənmişdi. Yekaterina dövlət əhəmiyyətli bütün məsələləri onunla məsləhətləşməmiş qərar qəbul etmirdi. Doğrudur, onu qəbul etdiyi qərardan döndərmək, demək olar ki, mümkün deyildi, bunu Potyomkin də yaxşı bilirdi. Son vaxtlar Yekaterina mühüm bir iş olmasa, onu saraya çağırmırdı. İndi – əgər xəstəliyinə baxmayaraq, onu çağırıbsa, deməli, çox mühüm bir məsələ müzakirə olunacaqdı.
O, bütün bunları düşünə-düşünə gözləyirdi. Çaydan bir-iki qurtum alandan sonra Yekaterina, nəhayət ki, başladı:
– Qrişa, mən səninlə yaxın illərdə Rusiyanın cənub sərhədlərində aparacağı siyasəti müzakirə etmək istəyirəm. Biz bu neçə ildə sərhədlərimizi xeyli genişləndirmişik. Baltik dənizinin ətrafındakı ölkələr, Finlandiya, Polşanın böyük bir hissəsi qərbdə, Azov və Qara dəniz, Krim da daxil olmaqla Ukraynanın cənubu artıq Rusiyanın torpaqlarıdır. Polşa tam bizdən asılı vəziyyətdədir. Avropa ölkələrində, xüsusilə dostumuz İngiltərədə bizim fəallığımızdan narazılıq artıb. Avropa ölkələrini, əsasən də İngiltərəni özümüzə düşmən etsək, tutduğumuz torpaqları itirməyimiz çox çəkməz. Biz özümüzü təmkinli aparmalıyıq və Avropaya göstərməliyik ki, rus aqressiyası qurtardı. Ancaq diqqətimizi Qafqaz regionuna, yəni İran torpaqlarına yönəltməliyik. Şərqdə kifayət qədər torpaqlarımız var, orada işimiz yoxdur. Hindistan ingilislərindir; Çinin tarixi isə göstərir ki, bu ölkədən qısa bir müddətdə nə isə qopara bilərsən, ancaq sonradan daha böyük itki ilə uduzacaqsan… Sən mənimlə razısan?
– Həmişəki kimi, Matuşka, – Potyomkin başını tərpətdi, – sənin ağlının sərhədləri çox genişdir. Ancaq Qafqaz problemli yerdir. Demək olar ki, Həştərxandan tutmuş, Sakit Okeana qədər yaşayanlar müsəlmanlardır və biz ruslara kafir kimi baxırlar…
Yekaterina:
– Knyaz, Qafqazın ən çox əhalisinin yaşadığı yerlərdə – Muğan, Şirvan, Qarabağ, Dərbənd, Gəncə və Talış adlandırılan zonalarda hələ Səfəvilər sülaləsinin vaxtından xanlıqlar adlandırılan kiçik, yarımmüstəqil dövlətlər yaradılıb. O mini-dövlətlərin xanları İranın təsiri altından çıxıb, müstəqil olmaq üçün istənilən razılaşmaya, satqınlığa gedərlər. Din onlar üçün keçilməz sədd deyil, – dedi.
– Düzdür, Matuşka, ancaq xanların satqınlığı orada yaşayan əhalinin bizə münasibətində elə bir dəyişiklik yaratmaz. O insanlar öz xanlarına daha çox nifrət edirlər, nəinki İrandan olan məmurlara. Bir faktı da unutmaq olmaz, onlar milliyətcə türk-tatarlardır. İranı da türklər idarə edir, – deyə, Potyomkin cavab verdi.
Yekaterina:
– İranı idarə edın indiki sülalə kürdlərdir, onların da türklərə münasibəti məlumdur.
Potyomkin:
– Matuşka, o sülalənin ömrü uzun çəkməz, bura İrandır. Əvəl-axır, Səfəvilər dövründə hakimiyyətdə ən mühüm vəzifələrdə olan Qacarlar hakimiyyətə gələcək. Onlar da türkdürlər. Qacarlar olmasaydı, Nadir şah da hakimiyyətə gələ bilməzdi. Qacarlara düşmən olan Zəndilər sülaləsi uzun müddət hakimiyyətdə duruş gətirə bilməz…
Yekaterina dedi:
– O regionda xristianların sayı heç əhalinin 3 faizini təşkil etmir. Biz orada özünü müstəqil elan edən Kartli-Kaxetiya adlı kiçik bir ölkəni öz himayəmiz altına götürmüşük, ancaq onları heç Qafqazda tanıyan yoxdur. Biz də indi elə gücdə deyilik ki, ora qoşun göndərək. Gərək, hazırlaşaq. Ancaq Krım müharibəsi göstərdi ki, istənilən ölkəni tutmaq üçün onu içəridən laxlatmaq lazımdır. Gör, neçə il müharibə apardıq, ancaq nəticəsi olmadı. Sən deyəndə ki, Krım tatarlarını məğlub etməyin yolu orada yaşayan erməniləri həmin ərazidən çıxartmaqdadır, mən əlimi sənin alnına qoyub qızdırmalı olub-olmadığını yoxladım. Ancaq sən geri çəkilmədin, dediklərini əsaslandırdın. Həqiqətən, ermənilər düşdükləri şəraitə ən tez uyğunlaşmağı bacaran bir toplumdur. 2500 ildir ki, onlar gah İran şahı Kirin və onun sülaləsindən olan Daraların, gah da Makedoniyalı Aleksandrın vaxtında ya yunanların, ya da Roma sezarlarının tərəfinə keçiblər. Ərəb xilafəti dövründə 90 faiz erməni müsəlmançılığı qəbul etmişdi. Xilafət zəifləyən kimi, yenidən xristianlığa qayıtdılar. Osmanlı imperiyası dinə loyaldır, ona görə də ermənilər dinlərini dəyişməyiblər. Onlar xaraktercə gücə baş əyəndilər. Özlərindən zəiflərə qarşı isə həmişə çox amansız olurlar. Osmanlı imperiyası Krımda elitar, seçmə ordu yaratmışdı. Faktiki olaraq, 16 yaşından tutmuş 50 yaşına qədər, kişilərin hamısı əla döyüşçülər idilər. Onlar at oynadıb, qılınc çalmaqdan başqa, demək olar ki, heç nə bacarmırdılar. Az qala, atlarını belə yəhərləməyi bacarmayan Krım tatarları onlara xidmət edən ermənilərsiz nəinki vuruşa, heç uzun müddət rahat yaşaya da bilməzdilər. Ermənilər bizim onlara verdiyimiz vədləri qəbul edərək, Krımı tərk etdilər. Düzdür, Rostov ətrafında onlara vəd etdiyimiz cənnəti tapa bilməyib, geri qayıtmaq istədilər, ancaq daha gec idi. Ermənilərin xidmətindən mərhum olmuş Krım tatarları isə döyüşsüz təslim oldular… İndi həmin işıqlı beynini yenidən işlətməlisən, Qrişa!
– Matuşka, bildiyimə görə, o regionda hələ ermənilər yaşamır, ya da sayları çox azdır, – deyə, Potyomkin astaca dilləndi.
– Elədir, knyaz, – Yekaterina başıyla onun söylədiklərini təsdiqlədi:
– Orada çox az sayda erməni yaşayır, onlar da müsəlman dinini qəbul etmiş ermənilərdir.
Potyomkin artıq soyumuş çaydan bir qurtum da alıb, yerini rahatlayıb danışmağa başladı:
– Matuşka, Qafqaz problemli yerdir. Orada yaşayan xalqlar mentalitetinə görə, daha çox Yaxın Şərq ölkələrinə yaxındırlar. Bizim müqavilə bağladığımız cırtdan Kartli-Kaxetiyada belə, xristianların sayı 50 faizə çatmır. Bundan başqa, gürcülər qonşuları türk-tatarlarla həmişə yaxşı münasibətdə olublar. İran şahları onlara qarşı fars, gürcü və türkmənlərdən ibarət ordudan istifadə ediblər. İran ordusunun Qafqazda apardığı müharibələrin 60-70 faizi elə uzun müddət gürcü cavanlarını və uşaqlarını qul aparmaq məqsədiylə təşkil edilib. Qafqazda xristianlar heç ümumi əhalinin 5 faizini də təşkil etmirlər. Ona görə də, o regionda dini faktoru qabartmaq elə bir əhəmiyyət kəsb etməz. O zonada İranın zəifləməsindən istifadə edərək onlarla mini-dövlətlər yaranıb, kimlərsə özünü müstəqil ölkənin xanı, kimlərsə knyaz, kimlərsə şah adlandırıb. Ancaq bunlar müvəqqətidir. İranı idarə edən Zəndilər sülaləsinin axırı yaxınlaşır. Çox ehtimal ki, Qacarlar hakimiyyətə gələcəklər. Hər halda, bu gün İranda onlardan güclü tayfa birliyi yoxdur. Səfəvilərin vaxtından həmişə hakimiyyətdə xüsusi çəkisi olan Qacarlar nəslini nə Nadir şahın dövründə məhv edə bildilər, nə də indi Zəndilər öhdələrindən gələ bilirlər. Qacarlar Səfəvilərin vaxtından imperiyalarını genişləndirməyə tərəfdar olublar. Onların hakimiyyətə gəlməsi bizim gücümüzün olmadığı Qafqazdakı mini-dövlətlərin axırına çıxacaq. Qafqazı işğal etmək və orada Rusiyanın hegemonluğunu təmin etmək heç də Krımın işğalından asan olmayacaq. Ona görə də hər şeyi götür-qoy etməliyik. Bəli, Krım müharibəsi təsdiqlədi ki, hücum edəcəyimiz ölkənin daxilində Rusiyanı dəstəkləyən, yerli hakimiyyətə arxadan zərbə vurmağa hazır olan qüvvələr olmasa, qələbə çalmaq çox çətin olur. Biz Qafqazda uzunmüddətli strategiyamızı bunların əsasında qurmalıyıq. Xanlara müstəqillik və İrandan müdafiə vəd etməklə onları öz tərəfimizə çəkməliyik. Onları imperiya maraqlandırmır, yatanda yuxularında da özlərini başlarına tac qoyulmuş şah kimi görürlər. Ancaq bu, kifayət deyil, oradakı camaatın 90 faizi İran hökmdarından dəfələrlə çox elə öz xanlarına nifrət edirlər. Məncə, iknci işimiz erməniləri tatarların yaşadığı Qarabağ zonasına getməyə həvəsləndirmək olmalıdır. Azərbaycandakı türklər Muğan, Şirvan torpaqlarında yaşamağa üstünlük verirlər. Qarabağın xüsusilə dağlıq zonasına köçüb gələnlərin kim olduqlarına fikir verməyəcəklər. Ermənilər həm İran, həm də Osmanlı imperiyasında yaşayırlar. Onların həm hökumətdə, həm də orduda yuxarı vəzifələrdə işləyən kifayət qədər nüfuzlu nümayəndələri var. Onlardan istifadə etmək lazımdır. Qafqazda böyük, müstəqil Ermənistan yaratmağı söz verməklə, həvəsləndirilməlidirlər. Bir dövlətdə yaşayıb ona düşmən dövlətə qulluq etmək onlar üçün xarakterik xüsusiyyətdir və yeni bir şey deyil. Ermənilərin bir dövlətin içində bir regiondan digərinə köçü, məncə, elə də problemli qarşılanmaz. Sadəcə, onlara xəzinəmizdən kömək də vəd etməliyik. Matuşka, düşünürəm ki, bizim diplomatların hamısına bu məsələ ilə ciddi məşğul olmağı tapşırmaq lazımdır. Bu dediklərimdən əlavə, bizim missionerlərimiz ermənilər yaşayan yerlərə səpələnib onları öz tərəfimizə çəkməlidirlər. Patriarxla da danışmaq lazımdır ki, kilsə xətti ilə lazımi tədbirlər görülsün. Çünki onların da bir-birlərinə deyəcək çox sözləri var – axı, hər iki din Yunan kilsəsinin fundamentində yaranıb…
3-cü epizod
İranın Sari şəhəri, Ağa Məhəmməd şah Qacarın iqamətgahı, 1794-cü il…
İçərisi xalçalarla döşənmiş, divarları ipək parça ilə örtülmüş, kifayət qədər böyük və boş otaq… Küncdə bir neçə Təbriz xalçasının üstünə qoyulmuş, zərif Çin ipəyi ilə işlənmiş qalın yorğanın üzərində oturub mütəkkəyə söykənmiş Ağa Məhəmməd dərin fikrə getmişdi… Qulluqçular gözəl bilirdilər ki, bu anlarında onu qəti surətdə narahat etmək olmaz. Onu da bilirdilər ki, əgər o, əlini qaldıran andaca kimsə içəri girməzsə, vəziyyət onlar üçün çox acınacaqlı olacaq. Çünki indiyədək ağalarının qəzəbindən salamat qurtaran olmamışdı. Həm onun gözünə görünməmək, ancaq eyni zamanda, həm də onun edəcəyi hərəkətləri izləmək çox çətin məsələlərdən sayılırdı.
İçəri otaqların birində gözlərindən yorğunluq tökülən adam artıq iki saata yaxın idi ki, oturub gözləyirdi. Uzaq yoldan gəldiyi saqqalına qonmuş toz-torpaqdan dərhalca sezilirdi. Qulluqçu su və ləyən gətirib ona əl-üzünü yumağı təklif etsə də, qəbul etməmişdi. Bəlkə də şaha necə əziyyətlərə düçar olduğunu və sadiqliyini xarici görkəmi ilə göstərmək istəyirdi.
Şah əlini qaldıran kimi, qulluqçu yarıbükülü vəziyyətdə onun qabağına yüyürdü.
– Gələn qonağı yanıma gətir!
– Baş üstə, ağa, – deyən qulluqçu elə yarıbükülü vəziyyətdə və arxasını Ağa Məhəmməd şaha çevirmədən, dalı-dalı otaqdan çıxdı.
Qonaq otağa girən kimi, qapının ağzında üzüüstə yerə sərildi, bir neçə saniyədən sonra iməkləyə-iməkləyə şaha yaxınlaşıb, əlini öpdü.
– Saxla bu məzhəkəni, Yeqan məlik, öpdün əlimi, bəsdir… Danış, görüm, nə xəbərlə gəlmisən?!
– Şah sağ olsun, bədbəxtlik bizim üstümüzü alıb, sənin İranın mütləq hakimi olmağın İbrahimxəlil xanın kürkünə birə salıb.Vətəni ruslara satır…
Ağa Məhəmməd onun sözünü yarımçıq kəsdi:
– Yeqan Məlik, tələsmədən və həyəcansız bildiklərini olduğu kimi danış!
Yeqan udqunub, dedi:
– Şah sağ olsun, 1779-cu ildən mən sənə xidmət edirəm. Bilirsən ki, İbrahimxəlil xan Qarabağ məliklərinin fitvası ilə tək Qarabağı yox, İrəvan, Naxçıvan, Talış, Gəncə, Bakı, Quba, nə deyim axı, Qafqazdakı bütün xanlıqları Rusiyanın tərəfinə keçməyə dilə tuturdu. Özünün ağlı o qədər də iti deyil, onu bu düşmən məliklər yoldan çıxarırlar…
-Yeqan, sən özün də məliklərdən birisən, qayıdanda harada olduğunu bilsələr, səni öldürəcəklər, – şah dirsəkləndiyi yastıqdan azacıq aralandı.
Yeqan dedi:
– Şahım, məliklər İbrahimxəlil xan kimi ağılsız deyillər, onlar səndən qorxurlar. Məni özləri göndəriblər ki, onların sənə sədaqətli olduqlarını çatdırım. Ancaq əlaltdan Rusiya ilə də iş aparırlar. Məni narahat edən son vaxtlar İbrahimxəlil xanın fəallığıdır. O, xanlarla bir neçə dəfə görüşüb. Qubalı Fətəli xan ondan da çox rusları istəyir. Hələ tam razılıq verməsələr də, o biri xanların da ürəyindən ona qoşulmaq keçir. Ruslar bunlara tam müstəqillik və İrandan müdafiə vəd ediblər. Ona görə də belə canfəşanlıq edirlər. Bu günlərdə İbrahimxəlil xan oğlunu rus qoşunlarını Qarabağa çağıran məktubla Peterburqa – çarın yanına göndərib. Eşitdiyimə görə, Quba xanı da belə bir addım atıb. Camaat səni gözləyir… Gözləyir ki, sən gəlib bu əzazil xanların dərsini verəcəksən. Geciksən, qorxuram ki, ruslar sizi qabaqlaya. Qarabağda yaşayan ermənilər qonşuları türklərlə eyni həyatı yaşayırlar, hamısının da ümidi sənədir. Ruslar İran və Osmanlıda yaşayan ermənilərə pul verib, çox şeylər vəd etsələr də bura köçənlərin sayı lap azdır. Bu məlikləri sadə ermənilərlə eyniləşdirmək olmaz. Onlar buralara köçməmişdən qabaqlar da varlıydılar. Ruslar onlara ya Qarabağda, ya da İrəvan zonasında erməni dövləti yaratmağı söz veriblər. Onların müsəlman dinini qəbul etməsi də oyundur. Rusun ayağı bu torpaqlara dəyən kimi, yenidən çevrilib xristian olacaqlar. Şah sağ olsun, tələsmək lazımdır, Qafqaz əldən gedəcək…
Ağa Məhəmməd yenə Yeqanın sözünü kəsdi:
– Qorxma, məlik Yeqan, Qafqaz İranındır, İranın da olacaq. Orada – şimali-qərbdə bu Qarabağdan da iki dəfə kiçik bir torpaqda dövlət yaradıblar, şah da seçiblər, Kartli-Kaxetiya adlandırıblar özlərini… Hətta ruslarla müqavilə də bağlayıblar, baxarıq, axırı nə olacaq! Sən qayıdırsan Qarabağa…
Yeqan şahın tapşırıqlarını daha yaxşı dinlədiyini göstərmək üçün gözlərini Ağa Məhəmmədin ağzına dikmiş, sanki, baxışlarıyla hər kəlməni tutmaq istəyirdi. Şah isə davam edirdi:
– Bir neçə gündən sonra ora 2-3 adam göndərəcəm. Onlar səni tapacaqlar. İbrahim xanın, məliklərin hər addımını izlə, həftədə bir dəfə gələnlərdən biri səninlə görüşəcək, yeni xəbərləri onun vasitəsiylə mənə çatdırarsan. Xəzinədara tapşırmışam, sənə pul verəcək – özü də qızıl sikkələr. O xanların yaxınlarının arasında göz-qulağın olsun! Həm də o Kartli adlandırılanların arsından da ruslara yaxın adamlar tap. Pulu bu işlərə xərclə, çatmasa, xəbər göndərərsən.
Yeqan təzim etdi:
– Baş üstə, şahım!
Ağa Məhəmmədin əli qalxdı:
– İsmayıl ağa gəlsin!
Bir neçə saniyəyə otağa hərbçi geyimində yekəpər birisi girib üzüüstə yerə sərildi:
– Ayağa qalx, mərasimə vaxtım yoxdu! Mənə 70 faizi vaxtilə Qafqazın şimali-qərbində yaşayan xristianlardan İrana qul kimi gətirdiklərimiz arasından və 30 faiz turkmən və əfqanlardan ibarət 50 minlik qoşun lazımdır. Toplamaq üçün nə qədər vaxt tələb olunur?!
– Şahım, baxır nə məqsədə qoşun lazımdır – 3 aydan tutmuş, 1 ilə qədər… Əgər Osmanlılarla vuruşacağıqsa 1 il, yox öz torpaqlarımıza – Qafqaza yürüş edəcəyiksə, 3-6 ay lazımdır, – İsmayıl ağa dedi.
Ağa Məhəmməd şah:
– Sənə 4 ay vaxt verirəm. Turkmənlər ordunun aparıcı süvari hissəsi olmalıdır. Onlar döyüşün axırında məsələyə qarışacaqlar, qələbəyə nöqtə vurmaq üçün. Əsl döyüş atlarının seçilməsinə də xüsusi diqqət yetir…
– Baş üstə, şahım! – İsmayıl ağa çıxdı.
– Vəzir gəlsin!
Vəzirin də o vaxtkı qaydalara uyğun şahı salamlama mərasimini yarımçıq kəsən Qacar:
– Vəzir, birincisi, bu gündən etibarən, Araz çayını bir erməni də keçməməlidir! İkincisi, Naxçıvan, İrəvan və Qarabağda nə qədər erməni yaşadığını müəyyənləşdir! Onlardan neçəsi müsəlman, nəçəsi xristiandır – öyrən! Lazım olan anda, əmrimlə onların hamısı həmin regiondan köçürüləcəklər! Müqavimət göstərənlər öldürülməlidir! 2 ay vaxt verirəm! Aydındır?!
– Aydındır, şahım, – vəzir dərhal cavab verdi.
***
Şimala doğru irəliləyən Ağa Məhəmməd şah Qacarın qoşununun Tiflis şəhərinə çatmasına bir gündən də az vaxt qalırdı. Şahın bərli-bəzəkli faytonu qoşunun ortasında gedirdi. Sağ, sol, ön və arxadan 24 atlı ilə müşayiət edilən faytonun içərisində xalçanın üstündə oturub mütəkkəyə söykənmiş şahın xəyalı onu yenidən uzaqlara aparmışdı…
Uşaq olarkən, axtalanması səhnəsini heç vaxt yadından çıxarda bilmirdi. İti biçağın ağrıdan daha çox yaratdığı qeyri-adi gizilti hissini hər dəfə bu hadisə yadına düşdükcə, yenidən yaşayırdı. Həmin xatirə həmişə onu, az qala, dəli olmaq həddinə çatdırırdı. Zəndilər sülaləsindən və onların yaxınlarından 30 mindən çox adam qətlə yetirilsə də, Adil şahın qohum-əqrabası asdırılsa da, hələ də onun qəzəbini soyuda bilməmişdi. Axtalanmasına baxmayaraq, o, hələ 16 yaşında nəslinin lideri kimi qəbul olundu. Aldığı dərin savadı, mükəmməl bilikləri və təbii xarizması bu axta adamın lider olmasına mane ola bilmədi. Şərqdə uşaqları şahların, varlı adamların hərəmxanalarında qulluqçu işlətmək üçün axtalayırdılar. Onların statusu cəmiyyətdə yarımadam kimi qiymətləndirilirdi. Adil şah Qacarların nəslindən olan bütün cavan uşaqları axtalatdırmaq istəyirdi, ancaq Ağa Məhəmməddən başqa, heç kimi ələ keçirə bilməmişdi. Ağa Məhəmməd də nəslinin lideri seçilən kimi, Zəndilər sülaləsinə qarşı müharibəyə başladı.
Onu 1762-ci ildə ələ keçirmişdilər. Şah Kərim xanın əmri ilə o, zindana atıldı. 16 il zindan həyatı yaşayan Ağa Məhəmməd elə zindandaca qədim filosofların yazdıqları kitabların çoxu ilə tanış oldu. Zindanda olduğu 16 ilin bir gününü də o, qaçmaq fikrindən daşınmadı və nəhayət, 1779-cu ildə bu istəyini həyata keçirdi. Kərim xanın idarəçilik metodları İranda vətəndaş müharibəsinə gətirib çıxarmışdı və ölkə artıq bir neçə hissəyə parçalanmışdı. Əfqan-türkmən zonasında Qacarlar öz şahlığını yaratmışdılar və Ağa Məhəmməd şah Qacar Sari şəhərini paytaxt elan edib, iqamətgahını ora köçürdü.
Zəndilərə qarşı müharibə aparan Qacar, nəhayət, Lütfəli Zəndi əsir götürməklə, bu sülalənin şahlığına xitam verdi. İranın Fars körfəzindən tutmuş, Dağıstana qədər torpaqları yenidən birləşdi. Ətrafındakılar 1794-cü ildə ona özünü şahənşah elan etməyi hər görüşlərində deyirdilər. Ağa Məhəmməd isə onların bu canfəşanlıqlarına heç bir cavab vermirdi. Çoxlarının şaha xoş gəlib nə isə qopartmaq və ya yerini möhkəmlədirmək xatirinə yaltaqlıq etdiyini, səmimi olmadıqlarını yaxşı bilirdi. Arada qəzəblənib bir neçəsini asdırmaq istəyirdi, ancaq sonda “Lənət şeytana!” deyib, fikrindən daşınmışdı. Nəhayət, bir gün o, sərkərdələrini yığıb, özünü nə vaxt şahənşah elan edəcəyini açıqladı: “Biz Qacarlar Səfəvilərin siyasətinin davamçılarıyıq. İmperiyamızın sərhədlərini bərpa etməyənəcən, mən özümü şahənşah elan edə bilmərəm. Qafqaza hərbi yürüşümüz başlayacaq, yalnız orada İranın mütləq hökmranlığı bərpa ediləndən sonra şahənşah ola bilərəm!”. Çoxusu ürəkdən, bəziləri də məcburən, şahı alqışladılar…
İndi – Ağa Məhəmməd beşik kimi yırğalanan faytonunda Tiflisə yürüşü boyu, xanların necə onun pişvazına çıxdıqlarını, əlini buraxmayıb uzun müddət necə yaladıqlarını, necə ona sadiq olduqlarını ağlaya-ağlaya sübut etməyə çalışdıqlarını yadına salıb gülümsəyir, ürəyində isə “Vətəni satmaq istəyən köpək uşaqları, elə bilirsiniz, məni iki-üç tərifinizlə, gətirdiyiniz qızıl, gümüş zinyət əşyaları ilə aldada bilmisiniz?! Vaxtı çatanda, sizlərin hamınızın axırınıza çıxacağam, sizin cəzalandırılmağınız gərək camaatın qarşısında baş verə, gələcək nəsillər üçün ibrət dərsi ola!”- deyə, öz-özünə danışırdı.
O, İbrahimxəlil xandan başqa, yerdə qalanlarını müvəqqəti bağışlayacağını əvvəlcədən qərara almışdı. Tapşırmışdı ki, İbrahimxəlil xan gələn kimi, onun başını kəssinlər.
İbrahimxəlil xan isə öz yerinə Qacarların yaxşı tanıdığı, həmişə onlara qulluq edən, Qarabağda xüsusi hörməti olan bir ağsaqqalı göndərmişdi. Deyəndə ki, İbrahimxəlil xanın əvəzinə, başqası gəlib, şah bərk qəzəblənib “Asın!” əmrini verdi. Ancaq onun özünə çox yaxın saydığı qvardiyasının başçısı qorxa-qorxa “Ağsaqqal ölməmişdən öncə, şaha bir-iki sözünün olduğunu xahiş edib” deyəndə, şah zorla qəzəbini boğdu və “Gətir, içəri!”əmrini verdi. Ağ saqqalı sinəsinə qədər uzanmış kişi içəri girən kimi, şah onu tanıdı və dərhal:
– Bizi tək burax! – hayqırdı.
Kişinin gözlərindən səssiz yaş axdı:
– Bağışla məni, şahım, onu dilə tutub, gətirə bilmədim. Ətrafındakılardan kimsə sənin başını kəsdirəcəyini ona çatdırmışdı. Şuşaya qaçdı.
Əvvəl şahın qəzəbdən gözləri dumanlandı, az qala, qılıncı ilə kişini iki yerə böləcəkdi. Sonra kiçik bir süvari dəstəsi ilə Şuşaya hucum edib o yaramazı öldürmək istədi. Ancaq fikirləşəndə ki, bir gününü bu “dılğır İbrahimxəlil xan”a itirəcək, fikrindən daşındı. Qəzəblə:
– Get, qoca, o köpək oğluna de ki, şah Tiflisdən qayıdanda, tək səni yox, bütün qohum-əqrabanı dar ağacına çəkəcək! – dedi.
Şah yenidən fikrə getdi: “Anlaya bilmirəm bu yaramaz insanları. Neçə üzləri var bu adamların? Elə bil, 2-3 ay bundan öncə, rusların ağalığını qəbul etmək istəyən heç bunlar deyildi. Necə yaltaqlanırdılar mənə, İlahi. Həyatımı həmişə düşmənimlə düşmən, dostumla dost kimi yaşamışam. Məgər Zəndilər hakimiyyətdə olanda, mən onlara yaltaqlana bilərdimmi? Məni yandıran bu köpək uşaqlarının rusların – o kafirlərin altına yıxılmaq istəmələridir. Əgər Osmanlıların altına yıxılmaq istəsəydilər, bağışlamaq olardı, həm dinlərimiz eynidir, həm dilimiz, həm də köklərimiz birdir – türkük… Sizin qanınız halaldır, bu yürüşdən qayıdandan sonra başınıza oyun açacağam… Farslar arxamızda bizə “eşşək türk” deyirlər. Rusların onlara müstəqillik verəcəyinə inananlara eşşəkdən başqa nə adı vermək olar? Moskva knyazlığından başlayıb bu boyda torpaqları ələ keçirən, heç Ukrayna, Finlandiya, Baltik ölkələrinə müstəqillik verməyən ruslar, cırtdan İbrahim xana müstəqillik verəcəkdir?! Kül sənin o olmayan boş başına!”…
1797-cı il, Tehran, Şah sarayı.
Geniş bir ərazidə İranın torpaqlarını qaytardıqdan sonra paytaxtı Tehrana köçürüb orada özünü “Şahənsah” elan edən Ağa Məhəmməd Qacarın bütün ölkə boyu nüfuzu çox yüksək idi. Artıq neçə illərdir ölkəni zəiflədən vətəndaş müharibələri tarixə çevrilmiş, İranda Qacar şaha qarşı çıxacaq bir qüvvə belə, qalmamışdı. Şah yaxşı bilirdi ki, indiki təntənə uzun sürməyəcək, ruslar yenidən baş qaldıracaqlar. İmperiyasının sərhədlərini genişləndirmək məsələsində manyaklıq səviyyəsinə qalxmış Yekaterinanın ölümündən sonra taxt-taca sahiblənmiş oğlu Paveli yalnız Rusiyanı avropalaşdırmaq maraqlandırdığından, Qafqaz yaddan çıxmışdı. Ancaq burnu Avropada əziləndən sonra o, yenidən Qafqaza dönəcəkdi.
Ömrü boyu İranın xarici siyasətini formalaşdıran Qacarlar Avropa ölkələrinə xüsusi əhəmiyyət verirdilər. Ağa Məhəmməd İngiltərəni İrana müttəfiq etmək üçün dəridən-qabıqdan çıxırdı. Hətta bu məqsədlə bəzi siyasi reformalara da hazır idi. İngiltərə isə, həmişəki kimi, “nə dost, nə də düşmən” siyasəti aparırdı. Osmanlıların və rusların siyasətlərinin biryolluq formalaşmasını, qətiləşməsini gözləyirdi. Sözsüz ki, bu iki imperiyadan hər hansı biri İngiltərənin maraqlarına zidd siyasət yürütsəydi, dərhal onların İranı dəstəkləməsi gündəmə gələcəkdi.
Ağa Məhəmməd birinci vəziri və eyni zamanda, Xarici İşlər naziri olan Hacı İbrahim xan Kələntərlə bu məsələni müzakirə edirdi. Hacı Kələntər Zəndilərin vaxtında da bu vəzifədə işləmişdi. Hamı fikirləşirdi ki, Ağa Məhəmməd onu asdıracaq. Ancaq əksinə oldu. Ağa Məhəmməd, özü kimi ağıllı adamları yüksək qiymətləndiridi ki, Kələntər də onlardan biri idi. Şaha xoş gəlmək üçün ağılsız məddahlar hələ də İranın qələbəsini qeyd edir, ona yarınmaqla məşğuluydular. Təkcə Hacı Kələntər onun kimi imperiyanın gələcəyi üçün narahatlıq keçirir, hər dəfə şahın yadına xarici siyasəti formalaşdırmağı salırdı. Hər ikisi də əmin idi ki, güclü müttəfiqlərsiz İranın mövqelərini saxlamaq mümkün olmayacaq.
Növbəti müzakirədə şah İngiltərə və Fransa ilə bağlı tapşırıqlarını Hacı Kələntərə verib, Osmanlılarla dil tapmaq üçün səylərini daha da artırmağı tövsiyə etdi. Sonra üzünü ikinci vəzirə tutub:
– Sənə ermənilərlə əlaqədar tapşırıq vermişdim, yadından çıxmayıb ki? – deyə, soruşdu.
Vəzir tələm-tələsik danışmağa başladı:
– Sizin tapşırıq heç yaddan çıxarmı, şahım, hər şeyi dərinliklə öyrənmişəm, plan da hazırdır. Soruşmadığınız üçün cəsarət edib bu barədə məlumat verməmişəm, üzr istəyirəm…
– Yaxşı, uzatma, məlumat ver, – şah dedi.
Vəzir:
– Şahım, bütün xanlıqlarda ermənilərin sayı cəmi səkkiz min nəfərdir. Ola bilər, on minə çatsın, çünki bir hissəsi erməni olduğunu gizlədir. Onlar ancaq üç xanlıqda – Naxçıvan, İrəvan və Qarabağda yaşayırlar. Əsas hissəsi, yəni 90 faizi 1785-ci ildən sonra ya Osmanlı torpaqlarından, ya da İranın cənub-qərbindən oralara köçüblər. Ermənilərin Arazın o tərəfinə köçməsində rusların əli var. Yerli camaatla tez qaynayıb-qarışıblar, çünki onlar, əsasən, türk dilində danışırlar. Hər yerdə olduğu kimi, köçdükləri yerlərdə də daha çox varlı adamlara qulluq edirlər. Bir hissəsi də pal-paltar tikmək, ayaqqabı düzəltmək və sair bu sayaq kiçik işlərlə məşğuldurlar. Əmrinizə uyğun olaraq, 1794-cü ildən bu günə qədər, bir erməni ailəsinə də Arazı keçməyə icazə verməmişik. Onları oradan qısa müddətdə sürgün etmək çox asan işdir. Lazımdırsa, hamısını qətlə yetirmək də olar. Təki, əmriniz olsun…
Şah:
– Hələlik toxunmayın, qoy, yaşasınlar. Bu il Qafqaza bir də hərbi yürüş etmək istəyirəm. Gərək, Qafqazda Rusiyanın adını çəkməyə cəsarət edəcək bir adam da qalmasın!
Ağa Məhəmməd şah Qacar uzun müddət idi ki, Azərbaycan xanlarının bu cür namərd davranışlarının səbəblərini araşdırırdı və nəhayət, qəti qənaətə də gəlmişdi: o, Səfəvilərin yaratdığı xanlıq sistemini ən böyük səhvlərdən sayır və xanların xəyanətkarlıqlarını da bunda görürdü. Onun qənaətincə, Azərbaycanı ayrı-ayrı xanlıqlara parçalamaqda məqsəd şahlığa qarşı mütəşəkkil qüvvənin yaranması təhlükəsini aradan götürmək olmuşdu. Buna nail olunmuş, nəticədə eyni millət yerliçilik prinsipləri ilə bir-birindən ayrılmışdı. Şahdan ənam və imtiyazlar əldə etmək üçün yaltaqlıq, mədhiyyəçilik xüsusi vüsət almışdı. Ən əsas məsələlərdən biri də bu idi ki, xanlar İran şahlarının sevimlisinə çevrilmək naminə, bir-birlərini mütəmadi satmaqla, qarşılıqlı qarayaxmalarla, nüfuzdansalmalarla məşğul idilər. Xanlıqlar arasında yaranmış düşmənçilik əsl düşməni görmək hissini yoxa çıxartmışdı. Şah, Azərbaycandakı xanlıqları saxlamaqla, onları İranın tərkibində kiçik bir dövlət halında birləşdirmək və orada vahid Azərbaycan şahlığı yaratmağı qərara almışdı. İranın əyalətlərində şahlıqlar, bütün İran üzrə isə bir nəfər Şahənşah olmalı idi…
***
Ağa Məhəmməd qardaşı oğlu Fətəlini Fars vilayətinə başçı təyin etmişdi. Qafqaza yürüş öncəsi onu yanına çağırdı:
– Müharibədə hər şey ola bilər, mənim başıma bir iş gəlsə, vəliəhd sənsən. Bu barədə tapşırıqlarımı vermişəm.
Qardaşı oğlu əmisinin gözlənilməz təklifindən təşvişə düşdü, fikirləşdi ki, yəqin, şah ondan şübhələnib, öldürəcək. Yerə yıxılıb ağlaya-ağlaya onun dizini qucaqlamaq istəyəndə, şah qəzəblə onu saxladı və dedi:
– Qacarlar həmişə kişi kimi yaşayıblar, dur ayağa! Həqiqətən, özümdən sonra səni şah görmək istəyirəm, qorxma! Mən Şah Abbas deyiləm ki, uşaqlarımı belə yollarla yoxlayıb, sonra öldürəm.
İranın ən tanınmış şahlarından sayılan Şah Abbas ömrünün sonuna yaxın oğlanlarının ona sui-qəsd edib yerinə keçəcəklərindən ehtiyatlandığı üçün onlardan 3-nü öldürtdürüb, birinin isə gözlərini çıxartdırmışdı.
Şah Ağa Məhəmməd, həqiqətən, Azərbaycan xanlıqlarını ruslara satılanlardan təmizlədi. Əsas satqın İbrahimxəlil xan onun yürüşə başladığını eşidən kimi, Dərbəndə qaçdı. Yürüşün son dayanacaq yeri sayılan Şuşa şəhərinə daxil olan Qacarın kiçik bir dəstəsini camaat toy-bayramla qarşıladı. Əsas qüvvələrini qalanın aşağısında – düzənlikdə saxlayan şah, sabahısı Qarabağın tanınmışları ilə görüşüb kimi xan təyin edəcəyini müəyyənləşdirmək istəyirdi. Ancaq elə həmin gecə, Nadir şah kimi, onu da öz ətrafından olanlar qətlə yetirdilər. Şahın öldürülməsi xəbərini eşidən İbrahimxəlil gecə-gündüz at sürüb özünü Şuşaya çatdırdı. Şahın cənazəsini hazırlayıb təntənəli şəkildə Tehrana göndərdi. Süvarilərin, bəzəkli faytonların müşahidə etdiyi şahın cənazəsinin yanında İbrahimxəlil xanın ən çox inandığı adamlar yeni şah Fətəliyə çoxlu qızıl-gümüş və digər zinyət əşyaları aparırdılar. Yazdığı məktubunda İbrahimxəlil xan səhvlərini boynuna alıb, qələt etdiyini qeyd edir və şahdan ona qulluqçu olmağa icazə istəyirdi. Fətəli şah onu bağışladı. Ancaq 1804-cü ildə namərdliyə alışqan İbrahimxəlil xan rusların ona müstəqil dövlət qurmağa kömək edəcəkləri vədinə uyub, şahı və Qarabağı yenidən satdı. Buna baxmayaraq, İbrahimxəlil xanın xidmətləri tezliklə rusların yadından çıxdı. 1806-cı ildə – “Azərbaycanı öz separatçı davranışlarıyla parçalayan xan” vəzifəsini yerinə yetirəndən sonra, daha o, ruslara lazım olmadı. Onu artıq rusların kiçik zabit heyətindən başqa, demək olar, heç kim qəbul edib müstəqil dövlət qurmaqda ona verilən söz barədə nağıllarına qulaq asmaq istəmirdi. Axırda çar generalı “Bu sırtıq adamı elə rədd edin ki, bir də heç kimin gözünü yağır etməsin!”- əmrini verdi. Ruslar iki gündən sonar bir güllə ilə İbrahimxəlil xanın şərəfsiz ömrünə son qoydular…
Fətəli şahın ən böyük səhvi isə artıq ingilis və Osmanlılarla dil tapmağa nail olmuş Hacı Kələntəri əvvəl işdən azad etməsi, daha sonra da öldürtməsi oldu. İdarəçilikdən başı çıxmayan, heç buna vaxt ayırmaq istəməyən şahın əsas məşğuliyyəti rəssamlıq etmək və şeir yazmaq idi. Gözəl qızlara patoloji marağı isə şah psixikasını idarə etmək qabiliyyətinə malik deyildi. O, seks dəlisi idi. Xoşuna gələnlərin hamısını özünə arvad etdiyindən, 158 qadından yüzlərlə uşağı doğulmuşdu. Vaxtını ancaq mənasız şəkillər çəkib, şeir yazmaqda və hərəmxanada keçirən şahın dövlət işləri ilə məşğul olmağa qətiyyən həvəsi yox idi. Əzəmətli İran imperiyasının süqutuna artıq start verilmişdi…
Tarixi arayış
Napoleon Bonapartın Fransada dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirməsi Avropada siyasi tarazlığa son qoydu. Napoleonun Misir müharibəsində iştirakından istifadə edən rus və italyan silahlı qüvvələri 1798-ci ildə fransızları İtaliyadan qovmağa nail olmuşdular. Parisdə inqilabdan sonra formalaşan parlamentin təcrübəsizliyi nəticəsində, ölkədə dərin anarxiya hökm sürürdü. Misirdən təcili Parisə dönən Napoleon heç bir müqavimətə rast gəlmədən, dövlət çevrilişi edib hakimiyyəti öz əlində cəmləşdirə bildi. Xalq arasında yüksək avtoritetə malik olan Napoleon, ilk növbədə, kiçik bir ordu ilə yenidən İtaliyaya yürüş təşkil etdi və qısa zaman içərisində – 1800-cü ildə sayca özlərindən beş dəfədən də artıq rəqib qoşunları məğlub etdi. Fransızların qələbə xəbəri Parisə çatanda Napoleon hələ yoldaydı. Artıq o, qüdrətinə görə, fransızlar üçün Allahdan sonra ikinci yerdə dayanmışdı. Odur ki, 1804-cü ildə özünü imperator elan edəndə, fransızlar bunu toy-bayramla qarşıladılar. Napoleonun imperator olması tək Avropada yox, dünyada siyasətin dəyişilməsinə gətirib çıxardı. Talantlı sərkərdə vuruşduğu ölkələrin qoşunları ilə müqayisədə bir neçə dəfə azsaylı orduya malik olsa da, 1804-1808-ci illər arasında bir-birinin ardınca Avstriya, Prussiya, Rusiya kimi böyük dövlətlərin birləşmiş hərbi qüvvələrini təslim olmağa məcbur etmişdi. 1808-ci ildə Avropanı təslim etmiş, Rusiyanı alçaldıcı müqaviləyə qol çəkdirmiş Napoleonun yeganə bir problemi var idi – İngiltərə! İndiyə qədər Avropada hegemonluq etmiş İngiltərə Napoleonun ikinci, özünəbərabər güc sahibi olması ilə razılaşmaq istəmirdi və bu səbəbdən Avropada Fransaya qarşı müqaviməti gücləndirirdi. Napoleonun yaratdığı güclü hərbi donanma ilə İngiltərəyə qalib gəlmək planı onun üçün ağır itkiylə nəticələnmişdi – ingilislər bu donanmanı darmadağın etmişdilər.
Bu illər ərzində Rusiya imperiyası isə bütün resurslarını müharibə aparmağa səfərbər etmişdi. O zaman 39 milyon əhalisi olan Rusiya imperiyası 1 milyon 200 min nəfərlik ordu yaratmışdı. Müqayisə üçün deyək ki, 50 milyona yaxın əhalisi olan Fransa imperiyasının cəmi 600 min, 25 milyonluq Osmanlı imperiyasının isə 400 min nəfərlik ordusu var idi. Bu böyüklükdə ordunun mövcudluğuna baxmayaraq, Rusiya Osmanlılarla müharibədə də bir şeyə nail olmamışdı və Napoleona da 1808-ci ilə qədərki bütün döyüşləri uduzmuşdu. Alçaldıcı müqavilə imzalayanda rus çarı Napoleondan İstanbulu tutmaqda ona kömək etməyi xahiş etsə də, rədd cavabı almışdı, ancaq yenə Osmanlılarla heç bir əhəmiyyət kəsb etməyən müharibəni davam etdirirdi.
Çar Aleksandrı şad edən yeganə xəbər Qafqaz regionundan gəlmişdi. Burada cəmi 50 min nəfərlik – Avropadakından da zəif hazırlanmış ordu, hec bir müqavimətə rast gəlmədən, artıq Gürcüstanı, həmçinin Bakı, Quba, Dağıstan və başqa kiçik əyalətləri ələ keçirərək, Rusiyanın tərkib hissəsi elan etmişdi. 1804-cü ilin yanvarında Gəncənin ruslar tərəfindən işğalı, nəhayət ki, Fətəli şahı yuxudan oyada bildi. İngiltərənin ona kömək edəcəyinə razılıq alandan sonra cəsarətlənib Rusiyaya müharibə elan etdi. Rus ordusu İrəvan ətrafında ilk – 19 iyun döyüşündə şahın istedadlı oğlu gənc Abbas Mirzənin başçılığı etdiyi qoşun tərəfindən qaçmağa məcbur edildi. 4 sentyabrda İrəvan xanlığında ağır məğlubiyyətə uğrayan rus ordusu yenidən Gürcüstana qaçdı.
Müvəqqəti uğurdan başı gicəllənən şah təzədən öz adətinə – eyş-işrətə və rəssamlığa üz tutdu. Oğlu Abbas Mirzənin israrla əlavə qoşun yaratmaq, “İngiltərəni verdiyi vədə əməl etməyə çağıraraq, artilleriya və təlimatçları göndərməyi tələb etmək lazımdır, yoxsa biz ölkəni tamamilə itirəcəyik” kimi tələblərini qulaqardına vuran şah, ümumiyyətlə, onu paytaxtdan uzaqlaşdırdı.
14 may 1805-ci ildə Rusiya Qarabağ xanı İbrahimxəlillə müqavilə imzaladı. Bu müqavilə əsasında İbrahimxəlil xan, onun varisləri və Qarabağ Rusiyanın yurisdiksiyasına keçdi. Bundan əlavə, İbrahimxəlil xan İran-Rusiya müharibəsində Rusiya tərəfindən aktiv iştirakçı olacağına dair sənəd imzaladı. Onun ardınca, Şəki və Şirvan xanlıqları da Rusiyaya heç bir müqavimət göstərmədən təslim oldular. Yeganə Bakı xanlığı, başda Hüseynqulu xan olmaqla, rus qoşunlarını Bakıdan qovmağa nail oldu. 1806-cı ildə rus donanması yenidən Bakını uzun müddət bombaladıqdan sonra Rusiyanın tərkibinə keçmək təklifi ilə çıxış etdi. Ancaq hazırlanmış müqaviləni imzalamağa xanın qardaşı İbrahim bəy mane oldu. O, ölüm təhlükəsinə məhəl qoymayıb, müqaviləni imzalayacaq rus generalı Sisianovu və podpolkovnik Eristovu öldürdü. Bundan sonra ruslar yenə Bakını tərk etməli oldular…
4-cü epizod
London, 1812-ci ilin yanvarı, Kral III Georginin sarayı…
Kralın mütəmadi düşdüyü ağır psixi vəziyyətdən və depressiyadan çıxması üçün xeyli vaxtın tələb olunduğunu yaxşı bilən Baş nazir Spenser Perseval, Xarici İşlər naziri Lord Baturst və Müharibə naziri Lord Liverpul əvvəlcədən hazırlaşmışdılar. İnformasiyalar Kralda həyəcan doğurmamalı və qısa olmalıydı. Maksimum, 30 dəqiqəyə sarayı tərk etməliydilər. Ancaq onların düşündükləri kimi alınmadı. Kral hər bir hadisəni detallarına qədər analiz etmək istəyirdi. Əvvəl Xarici İşlər naziri Lord Baturst məlumat verdi:
– Birləşmiş Krallığın apardığı xarici siyasət öz bəhrəsini verir. Çox tezliklə Fransa Rusiyaya müharibə elan edəcək. Rusiyada yeganə ağıllı adam Çar Aleksandr fransızlarla müharibədə rus qoşunlarını ancaq məğlubiyyətin gözlədiyini bilir. Yaxşı anlayır ki, savadsız rus mujiklərindən ibarət hazırlıqsız ordu, Napoleonun elit döyüşçülərinin qarşısında davam gətirə bilməyəcək. Bunun üstünə Napoleonun sərkərdəlik talantını da gəlsək, müharibənin nəticəsini indidən görmək olar. Çar Aleksandr acınacaqlı məğlubiyyətin qarşısını qoşunun sayını artırmaqda görür. İki dəfə artıq əsgər silahlandırmaq istəyir. Ancaq bizim çara yaxın olan rus dostlarımız onu başa salıblar ki, fransızlarla qəti və həlledici döyüşə girmək, Rusiya imperiyasının dağılmasına gətirib çıxarar. Ona görə də vuruşa-vuruşa, nizam-intizamla geri çəkilmək lazımdır. Şöhrətpərəst Napoleon düşmən ordunu darmadağın etməyincə, əl çəkməyəcək, onları izləyəcək. Onu ucu-bucağı olmayan rus çöllərinə dartmaq, partizan müharibəsi ilə daim gərginlikdə saxlamaq lazımdır. Biz ona komandan olaraq Kutuzovu təyin etməyi də məsləhət görmüşük. Kutuzov bütün döyüşlərdə nizam-intizamla geri çəkilməyi ən yaxşı təşkil edən sərkərdədir. İsveçli Barklay de Tolli və Qafqazəsilli Baqration komandan olsalar, geri çəkilməyəcəklər, vuruşların birində rus ordusunu itirəcəklər. Biri general qeyrətinə sığışdırıb geri çəkilməyəcək, o birisi isə qaynar qafqazlı qanını əsgərlərlə birlikdə tökəcək. Biz bu il rusların Osmanlılarla da müqavilə bağlamasına nail olacağıq. Ruslar iki cəbhədə müharibə apara bilməzlər. 6-7 ildir Osmanlıların kiçik ordusunu məğlub etməyi bacarmırlar. Mənasız müharibəni saxlamaq üçün onlara vasitəçi lazımdır, biz bu işi təşkil edərik. Napoleonun əleyhinə Avropa ölkələrinin İngiltərənin ətrafında birləşməsi işi çox intensivləşib. 2-3 ilə Fransa Avropada hegemonluq iddiasından əl çəkəcək və ümid edirik ki, bir daha belə bir iddiada olmayacaq.
Xarici İşlər nazirinin məlumatına diqqətlə qulaq asan Kral onun susduğunu görüb, sordu:
– İranda nə baş verir, bizim siyasətdə hansısa bir dəyişiklik olacaqmı?
– Əlahəzrət, bizim İranla əlaqədar strateji siyasətimizi siz hələ 20 il bundan öncə müəyyənləşdirmisiniz. Biz onlarla 56 il bundan öncə, hərbi əməkdaşlıq barədə müqavilə bağlamışdıq. 1805-ci ildə ruslar Fransaya qarşı müharibəyə başlayanda, sözsüz ki, biz onları ruslara qarşı dəstəkləyə bilməzdik. Ruslar Tiflisi və Qafqazda bir sıra əraziləri işğal edəndə, onlar bizdən hərbi kömək istədilər. Onda şaha məktub yazıb bildirdim ki, İngiltərə Fransa ilə müharibə aparır. Rusların Qafqazda cəmi 50 minlik kiçik bir qoşunu qalıb, qüvvələrinin hamısı Avropadadır. Böyük İranın 50 minlik rus qoşunlarını Qafqazdan qovması üçün əlverişli şərait yaranıb. Bu İran, elə bil, 10 il bundan öncəki İran deyil. Fətəli şah çox bivec adamdır. Bizdən bir kömək ala bilməyib, fransızlara üz çevirdi. Fransızlar rusları özlərinə müttəfiq edəndən sonra İrana rədd cavabı verdilər. İndi yenidən rusların İngiltərə ilə ittifaq quracağı aktuallaşıb deyə, iranlılara kömək etmək olmaz. Sizin 20 il bundan öncə təyin etdiyiniz strategiyaya görə, ruslar Qafqazı tuta bilərlər. Biz onlara Araz çayını keçməyə imkan vermərik. Ruslar həmişə arzuladıqları Bosfor boğazını və İran körfəzini heç vaxt görə bilməyəcəklər. Ancaq İranda şahın gənc oğlu Abbas Mirzə hakimiyyətə gələrsə, ruslar üçün böyük problem yaradacaq. Avropa təhsilli bu gənc çox ağıllı və talantlı sərkərdədir. Onun şah olacağı təqdirdə, İran İngiltərə siyasətində müəyyən dəyişiklik edə bilər. Məsələn, Gürcüstandan başqa, Kicik Qafqazda digər torpaqlara toxunmamağı ruslardan tələb edər. İran müəyyən reformalar həyata keçirsə, İngiltərə məmnuniyyətlə onunla müttəfiq olar. Qədim dövlətçilik ənənələrinə malik İranın şərqdə Böyük Britaniyanın for-postu olması, bizim uzunmüddətli strategiyamız olardı. Rusiya bizə qulaq asmadığı təqdirdə, Osmanlı imperiyasına kömək edib, yenidən Krım və Ukraynanın cənub-qərbindəki əraziləri gündəmə gətirə bilərik. Osmanlılar Avropada bizə bəzi güzəştlər etməklə, yenidən Krıma sahib durardı. Ancaq indi əsas məsələ Napoleonun Krallığımız üçün olan təhlükəsini neytrallaşdırmaqdır.
Müharibə nazirinin informasiyası az çəkdi:
– Əlahəzrət, Böyük Britaniya qitəyə 200 minlik ordu çıxaracaq. Təqribən, o miqdarda da ordunun pruslar və avstriyalılar tərəfindən təşkil olunacağına söz verilib. Rusları savaşda iştiraka məcbur edə bilməsək, Krallığımız İspaniya tərəfdən ikinci cəbhə açmaq fikrindədir. İkinci cəbhədə 100 minlik ordumuza 200 minlik ispan könüllüləri kömək edəcək.
Baş nazir əlavə etdi:
– Ruslar yenə Napoleonla bağladığı müqaviləni uzatsalar və ya döyüşdə məğlub olub Fransanın müstəmləkəsinə çevrilsələr, Fransa üzərində qələbəmizdən sonra Rusiya imperiyasını parçalamaq lazım gələcək. Qafqaz İrana, Krım və onun ətrafı Osmanlılara qaytarılmalıdır. Ukrayna ya Polşa ilə birləşməli, ya da ayrı-ayrı dövlətlər şəkilində formalaşdırılmalıdır. Sizə söylədiklərimi Rusiyadakı səfirimiz Çar Aleksandrla görüşündə üstüörtülü şəkildə ona çatdırıb. Bu görüşdən bir neçə gün sonra çar Fransa səfirini qəbul edib. Çara yaxın mənbəmiz onların arasında gedən söhbətin məzmununu bizə göndərib. Vaxtınızı alıram, ancaq bir epizodu bilsəniz, yaxşı olar. Çar ona deyib: “Mən bilirəm, sizin ordu güclüdür. Biz məğlub olacağıq. Ancaq Rusiya böyükdür, mən geri çəkilə-çəkilə gedib Kamçatkada otursam da, məğlubiyyət barədə müqavilə imzalamayacağam, müharibəni davam etdirəcəyəm. İmperatorunuz buna əmin ola bilər”. Sözsüz ki, çarın sözlərini ciddi qəbul etməyən Napoleon Rusiyaya hucum edəcək.
Kralın əhval-ruhiyyəsi xeyli yüksəlmişdi. Perspektiv onun xoşuna gəlmişdi. Müvəffəqiyyətlər arzu edib, protokoldan kənara çıxdı – onları düz qapıya qədər yola saldı. Bu dəfə, adətən, dala-dala addımlayıb qapının ağzında axırıncı dəfə Krala baş əyib, otağı tərk etmək mərasimi pozuldu. Qapı açılanda Kralın da onlarla birlikdə otaqdan çıxdığını görən qvardiya zabiti çaşdı, nə baş verdiyini anlamasa da, özünü tez yığışdırıb “farağat” vəziyyətini aldı…
1812-ci ilin iyulunda Rusiyaya müharibə elan edən Napoleon artıq sentyabrın 14-də Moskvada idi. Ancaq Rusiya təslimçilik müqaviləsi imzalamayıb, qoşunlarını Moskvadan şərqə tərəf uzaqlaşdırmışdı. Ucsuz-bucaqsız Rusiya ərazisinin dərinliklərinə gedib qışı orada qarşılamaq Napoleonun həyatında buraxdığı ən böyük səhvi oldu. Onun elitar qvardiyasını Rusiyanın soyuğu və aclıq qırdı. Yolları olmayan Rusiyada min kilometrlərlə uzaqda yerləşən ordunu silah-sursat və ərzaqla təmin etmək qeyri-mümkün iş idi.
5-ci epizod
1811-ci ilin dekabrı, Şah sarayı, Tehran…
– Şah sağ olsun, rusların Polşanın bir hissəsini tutması fransızları qəzəbləndirib. Napoleon onları ‘’Tilzit’’ müqaviləsinin şərtlərini pozmaqda ittiham edir. Ruslar da öz növbələrində Napoleonun müqaviləni pozduğunu deyir, qoşunlarını Prussiyadan çıxarmamaqda təqsirləndirirlər. Məncə, Napoleonu əsas narahat edən rusların ingilislərlə əlaqələrini möhkəmləndirmələridir. Avropada hegemon mövqeyini axıra qədər möhkəmləndirə bilməyən Fransa yaxşı bilir ki, nə qədər İngiltərə öz qüdrətli donanması ilə mövcuddur, bir o qədər də Avropa ölkələri ümidlə yaşayıb fransızlara tabe olmayacaqlar. Napoleon ingilislərlə son – həlledici döyüşə hazırlaşır. Ancaq şərqdə 1 milyonluq ordusu olan rusların müqaviləyə baxmayaraq, hər zaman ona arxadan zərbə vuracağından ehtiyatlanır. Fikrimcə, Napoleon həlledici döyüşdən öncə, rusları qısa bir müddətdə məğlubiyyətə uğradıb, onları tərkisilah etməyə çalışacaq. Napoleon ordusunun rusları məğlub etməsi Fransa üçün problem deyil. Ancaq tərkisilah edə bilməsi, şübhə altındadır…
Çəkdiyi axırıncı miniatürü tamamlamadığını xatırlayan Fətəli şah, oğlu Abbas Mirzənin bayaqdan başladığı söhbətini kəsdi:
– Fransa ilə rusların vuruşmasının bizə nə isti-soyuğu var? Bizim üçün daha yaxşı olardı ki, ruslar məğlub olmaqdan qorxub özləri qoşunlarını Qafqazdan çıxarsınlar və Avropaya aparsınlar. Ya da biz kiçik bir ordu ilə onları oradan qovub çıxardarıq. İngilislər də bizə artilleriya və digər silah-sursat göndərməyə söz veriblər…
Şahın tamamlamadığı rəsm əsəri yadına düşəndə, yenidən qəzəbləndi və səsini yüksəltdi:
– Nə boş-boşuna vaxtımı alırsan, daha vacib işlərim var. Bir həftədir mənimlə görüşüb bu nağılları danışmaq istəyirdin?! Xarici İşlər nazirim var, o, bunların hamısını mənə danışır və nəzarət edir!
Ancaq Abbas Mirzə yaxşı bilirdi ki, Xarici İşlər naziri düz 3 aydır ki, atasının qəbuluna düşə bilmir. Atası isə elə o tonla da davam edirdi:
– Sənə vilayət vermişəm, get, onu idarə et, dövlətin işlərinə qarışma!
Abbas Mirzə atasını yaxşı tanıyırdı. Bilirdi ki, o, emosional adamdır və tərifi də çox sevir. Xüsusilə də çəkdiyi cızma-qaraları tərifləyəndə, atası sevincindən özünə yer tapa bilmirdi. Odur ki, atasını yumşaltmaq üçün onun zəif damarını tutmağa çalışdı:
– Ata, sənin ayağının bildiyini bizim başımız bilmir, razıyam. Ancaq icazə ver, sözümü axıra qədər deyim, həm də səninlə bir qədər çox bir yerdə qalmaq istəyirəm. Allah bilir, bir də nə vaxt imkanın olacaq ki, qızıl kimi vaxtını mənimlə görüşə sərf edəsən…
Oğlunun sözləri dərhal təsirini göstərdi. Şahın kefi bir qədər düzəldi, fəxrlə Avropa təhsilli, bir neçə dil bilən oğluna baxdı və əli ilə davam etməsinə işarə verdi. Abbas Mirzə davam etdi:
– Şah sağ olsun, Rusiya-Fransa müharibəsi başlayan kimi, ruslar avtomatik İngiltərənin müttəfiqinə çevrilir. Onlara ruslar lazımdır, biz yox. Düzdür, ingilislər heç vaxt ruslara imkan verməz ki, İran onların təsiri altında olsun. Çünki İran körfəzi, Hörmüz boğazı dünya sularının ağası ingilislərin nəzarətindədir. Ancaq 85 faizi dağlıq ərazi olan Qafqazı onlara hədiyyə edəcək…
Atasının səbri yenə tükənirdi:
– Sözünün canını de, nə istəyirsən məndən?
Abbas Mirzə yenə emosiya doğuran ifadələrə keçdi:
– Əziz atam, biz təcili tədbirlər görməsək, Arazın şimalındakı torpaqlarımızı itirəcəyik. Biz Qacarlar üçün İran imperiyasında bundan əziz torpaqlar yoxdur. Qacarlar öz dövlətçilik fəaliyyətinə ilk dəfə bu torpaqlarda başlayıblar. Bizim ulu babamız Şahqulu xan Qacar hələ 100 il əvvəl Səfəvilər tərəfindən Gəncənin xanı təyin edilib. Bizimlə ittifaqda olan Nadir şah tacqoyma mərasimini bu torpaqlarda – Muğanda keçirməyi özü üçün fəxr hesab edirdi. İrəvan xanlığının ikinci adı, gör, neçə illərdir “Qacarlar xanlığı” adlandırılır. Bu torpaqlarda, azı 800 ildir ki, təmiz türklər yaşayırlar. Ancaq ruslar fransızlarla müharibədə udsalar, bizim bu torpaqları itirməyimiz heç bir il də çəkməyəcək. Odur ki, birincisi, azı 100 minlik ordu yaratmalıyıq. Emissarlarımız artilleriya, silah-sursat almaq üçün qiymətli hədiyyələrlə Avropaya göndərilməlidirlər. Həm də bu ölkələrdən bizim ordunu hazırlamaq üçün peşəkarlar dəvət etməliyik. İkincisi, Osmanlı imperiyası ilə onların əsas şərtlərini qəbul etməklə, müqavilə bağlamalıyıq. Müqavilənin şərtlərindən biri də hərbi yardım haqda olmalıdır. Üçüncüsü, adamlarımızı Çinə göndərib onların barıt və silah texnologiyasını bura gətirtmək, özümüzün odlu silah istehsal edən zavodumuzu tikmək lazımdır. Dördüncüsü, Rusiya imperiyasına qulluq edənlərin, xüsusi ilə ermənilərin Qafqaz regionuna köçməsinin qarşısını almalıyıq. Əmim Ağa Məhəmmədin bu barədə fərmanı olub, o yerinə yetirilməlidir. 1805-1806-cı illərdəki vuruşlar göstərdi ki, azsaylı ermənilər necə asanlıqla bizim ordunun hansı istiqamətdə hərəkət etdiyini ruslara ötürürlər. Son vaxtlar Gürcüstana, oradan Qarabağ, Gəncə zonasına axışan ermənilərin sayı artıb…
Şah onun sözünü yenə ağzında qoydu:
– Şah İsmayıl 14 yaşında İran imperiyasına şahlıq edirdi. Sənin 22 yaşın var, ancaq ağlın hələ də uşaq ağlıdır. Bizim xəzinə boşdur. Hansı pullarla biz sən dediyin bu işləri görəcəyik?!
Abbas Mirzənin ürəyindən “sənin hər gün təşkil etdiyin eyş-işrət məclislərinə xitam verilsə, xəzinədə pul olar” demək keçsə də, özünü saxladı və sakitcə:
– Ata, kimin nəyi varsa, verməlidir. Mənə və arvadıma məxsus olan bütün qızıl, gümüş və digər zinət əşyalarını günü sabah xəzinəyə verməyə hazıram. Varlıların hamısını bu işi görməyə məcbur etməliyik. Camaatı da başa salıb, vergiləri artırarıq…
– Sən nə danışırsan, camaat onsuz da həyatlarının ağırlığından narazıdır! Onları əlavə xərcə salmaq üsyana gətirib çıxarar. Ətrafımızda beş-on nəfər bizi müdafiə edən var, təklif edirsən ki, onların da olan-qalanlarını əllərindən alıb, özümüzə düşmən edək?! Deyəsən, xalqın əli ilə məni öldürtdürüb, yerimə keçmək istəyirsən, hə?! Allah üzünə baxıb ki, mən Şah Abbas deyiləm, oğlanlarımın hamısını öldürtdürəm, – deyə, Fətəli şah qəzəblə dilləndi.
– Niyə belə danışırsan, ata? Axı söhbət vətəndən gedir! Mən necə şah ola bilərəm ki, qabaqda məndən böyük 3 vəliəhd qardaşım var, – Abbas Mirzə cavab versə də, bu yaxınlarda Bağdadda görüşdüyü ingilis səfirinin dedikləri yadına düşdü: “Üzr istəyirəm, əlahəzərət, sənin atanla İngiltərə, çətin ki, ciddi bir müqavilə bağlaya. O, dövlət işləri ilə məşğul olmur. Sizdə şahı dəyişmək elə də böyük bir problem deyil. Biz demirik ki, atanızı öldürəsiniz, sadəcə olaraq, şahlıqdan uzalaşdırmaq lazımdır. Gedib özünün sevdiyi sənətlə – şeir yazmaq və şəkil çəkməklə məşğul olsun. Sizin Sari şəhərində iqamətgahınız var, ora atanız və onun hərəmxanası üçün yarayar. Siz şah olsanız, məmnuniyyətlə biz sizinlə ciddi müqavilə bağlayarıq. Üstəlik, ruslarla, Osmanlılarla sizin arazında müqavilə bağlanılmasında vasitəçilik də edə bilərik. Məsələn, siz Gürcüstan və Dağıstandan əl çəkərsiniz, ruslar da bir daha Azərbaycana göz tikməzlər. Osmanlılarla probleminiz daha azdır. Sadəcə olaraq, Bağdad və onun ətrafını, gərək, yaddan çıxarasınız. Birləşmiş Krallıq siyasi və iqtisadi reformalar etməkdə də sizə kömək edər”…
Tarixi arayış
1812-ci ilin yanvarında İngiltərənin təşəbbüsüylə Osmanlı imperiyası ilə Rusiya arasında müharibəni dayandırmaq barədə, həmin ilin mayında isə Buxarestdə sülh müqaviləsi imzalandı. Faktiki olaraq, 6 illik müharibə hər iki ölkə üçün nəticəsiz qurtardı. Osmanlı və Rusiya imperiyaları arasındakı müqavilə İranı da ruslarla müqavilə bağlamağa həvəsləndirdi. Ancaq Fransanın Rusiyaya qarşı müharibəyə hazırlaşması xəbəri Fətəli şahda torpaqları yenidən geri qaytarmaq ümidi yaratdı. 1812-ci ilin sentyabrında fransızların Moskvanı tutma xəbəri də İranda ruh yüksəkliyi ilə qarşılandı. Fətəli şah artıq onun ulduzunun parladığına inanıb, sərkərdələrinin qoşunun döyüşə hələ hazır olmadığı barədə israrlı etirazlarına fikir verməyib, tezliklə Rusiyanı bütün Qafqazdan qovmaq qərarına gəldi. İran hucum planını həyata keçirməyə başlayanda, Napoleonun qoşunları artıq tələm-tələsik Rusiyanı tərk edirdi. Ruslar Abbas Mirzənin başçılıq etdiyi təlim görməmiş ordunu noyabrın əvvəlində Aslandüz çölündə darmadağın etdilər. 1813-cü ilin yanvarında Lənkəran işğal edildi. Təşvişə düşən Fətəli şah tələsik sülh danışıqlarına başlamağı əmr etdi. Ruslarla 1813-cü ilin oktyabrında bağlanan və tarixə “Gülüstan müqaviləsi” adı ilə daxil olmuş sülh razılaşması, Azərbaycan xalqının faciələrlə dolu 200 illik gələcək tarixinin başlanğıcı oldu. Müqaviləyə əsasən, Naxçıvan və İrəvan xanlıqlarından başqa, Azərbaycanın bütün torpaqları Rusiya imperiyasına qatıldı. Ən əsas məsələlərdən biri – İran, Azərbaycan torpaqlarına köçmək istəyən ermənilərə nəinki maneçilik törətməməli, əksinə kömək etməli idi. Müqaviləyə əsasən, həmin ermənilərin mal və mülklərini satmağa İran höküməti yardım göstərməliydi. 1814-cü ildən ermənilərin Gəncə, Bakı və Qarabağa sərbəst şəkildə məskunlaşmaları başladı. Ruslar çox qısa zamanda ermənilərdən hökümət strukturlarında da istifadə etməyə girişdilər. Onların “Qafqazda böyük Ermənistan yaradılacaq” şüari ilə erməniləri xaricdən Azərbaycana köçürməyə şirnikləşdirməsi çox da böyük effekt vermirdi. Kasıb ermənilər öz ev-eşiklərini qoyub gəlmək istəmirdilər. Azərbaycana köçmüş kasıb ermənilərin vətənlərində qalmış qohum-əqrabalarına çatdırdığı xəbərlər də, o qədər ürəkaçan deyildi. Onlar üçün İran və Osmanlı imperiyasında yaşamaq daha rahat görünürdü. Rusların cəhdlərinə baxmayaraq, Azərbaycanı ermənilərlə doldurmaq planı baş tutmadı. İstənilən regionda onların sayı heç beş faizə də çatmırdı. Gürcülərin Azərbaycan türklərinə loyal olduğunu bilən rus höküməti erməniləri o regionda da yerləşdirirdi. Ermənilərə tələm-tələsik rus dili öyrədib, ağıllı və fiziki baxımdan möhkəm olanların hamısını orduya götürürdülər.
Özlərinin müstəqil olub, xalqın başına oyun açmaq naminə vətənlərini satmış xanların vəziyyəti isə daha ağır idi. Bir çoxlarının xan titulu daşımaq ixtiyarı əlindən alınmış, maksimum özünü bəy adlandırmağa icazə verilmişdi. İndi İran imperiyasında şah və onun ətrafındakı bir neçə adamla hesablaşan xanların varlığından, rus imperatoru və onun nazirlərinin heç xəbərləri belə, yox idi. Özlərini “şah” adlandıran Azərbaycan xanlarına bölgədə olan rus generalının qəbuluna düşmək şansı da tanınmırdı. Onları, uzaqbaşı, polkovnikin köməkçisi qəbul edirdi.
Ruslar tələb etsələr də, Fətəli şah Abbas Mirzəni “Gülüstan” müqaviləsinə imza atmağa məcbur edə bilmədi. Həmin gün o, başdan-ayağa qara geyinib, yas saxladı. Səhərisi gün atasından onu Azərbaycan əyalətinə başçı təyin etməyi xahiş etdi. Atasının “Azərbaycandan daha nə qalıb ki, sən oranın şahı olmaq istəyirsən?”- sualına Abbas Mirzə “Qafqaz dağlarına qədər bizim torpaqlardır, mən heç vaxt oraların ruslara məxsus olduğunu qəbul etməyəcəyəm!”- cavabını verdi.
Onun iqamətgahında divara vurulmuş xəritədə Rusiyanın sərhədləri Böyük Qafqaz dağlarından keçirdi, baxmayaraq ki, nə Dağıstanda, nə də Çeçenistanda yaşayanları ruslar təslim edə bilməmişdilər. Rusiyanın bu xalqlar üzərində qələbəsi ancaq 1864-cü ildə başa çatdı…
Tarixi arayışın davamı
Nəhayət, birləşmiş Avropa 2 il apardığı müharibədən sonra – 1814-cü ildə Napoleon ordusunu məğlub edə bildi. İngiltərənin başçılığı altında yarım milyona yaxın ordu cənubdan – İspaniya tərəfdən, qərbdən Prussiya, Avstriya, şimal-şərqdən isə Rusiya və İsveç qoşunları Fransaya daxil olmaqla, Napoleonu imperatorluqdan istefa vermək sənədinə qol çəkməyə məcbur etdilər. Rusiya qoşunları birinci dəfə nəinki Qərbi Avropada müharibədə iştirak etdi, hətta bütün Avropa ərazisindən keçərək, koalisiya qoşunları ilə birlikdə Parisə daxil oldu. Müharibədən sonra yaranmış yeni vəziyyətlə bağlı – ərazi, siyasi və ictimai problemləri müzakirə etmək ücün Venada konfrans kecirildi.
Napoleonun 14 il müddətində apardığı aqressiv müharibələrin krallar tərəfindən neqativ qarşılanmasına baxmayaraq, müsbət rolu da danılmazdır. Napoleon nadir talanta malik sərkərdə olmaqla yanaşı, dövrünün ən proqressiv siyasətçilərindən biri idi. Onun hesabına Avropada feodal quruluşlara və münasibətlərə son qoyuldu. Demokratik proseslərə start verilməsinə görə, Avropa qitəsi məhz Napoleona minnətdar olmalıdır. 1808-ci ilə qədər, Napoleonun tutduğu ölkələrin vətəndaşları öz krallarını yox, onu dəstəkləyirdilər. Sonradan müharibələrini davam etdirmək üçün bu ölkələrdən yığılan vergilərin qat-qat artırılması camaatı Napoleonun əleyhinə qaldırdı.
Venada keçirilən konfransda Rusiya ilk dəfə idi ki, Avropanın tamhüquqlu üzvü kimi iştirak edirdi. Napoleona qarşı vuruşan 1 milyonluq (hər iki cəbhədə) ordunun 20 faizi rus qoşunlarından ibarət idi. Ona görə, ruslar konfransda özlərini kifayət qədər aqressiv aparırdılar. İngiltərənin qəti etirazına baxmayaraq, Finlandiya və Polşanın bir hissəsini konfransın qərarı ilə ələ keçirə bildilər. Polşanın və Osmanlı imperiyasının torpaqlarının bir hissəsinə sahib çıxmağın xatirinə, Prussiya və Avstriya İngiltərəni yox, rusları dəstəklədilər.
Yaranandan bəri, ilk dəfə Rusiyanın İngiltərənin müəyyənləşdirdiyi qlobal siyasəti dəstəkləməməsi məsələsi Birləşmiş Krallığın parlamentinin qapalı iclasında müzakirəyə çıxarıldı. Parlamentdə çıxış edən Baş nazir, Xarici İşlər və Müdafiə nazirləri baş verən hadisələrə dərin analiz verdilər. Baş nazir Rusiyanın həm Avropada, həm Osmanlı imperiyasının Avropadakı sərhədlərində, həm də Qafqazda təhlükəli qüvvəyə çevrildiyini qeyd etdi, Rusiya ilə müharibə aparmağın təhlükəli olduğunu vurğuladı: “…Bu ölkədə hər bir şeyin qiyməti var, təkcə orada yaşayan insanlardan başqa. Bu ölkənin çarı və sərkərdələri, 80 faizinin öldürüləcəyini bilsə də, kifayət qədər təlim görməmiş əsgərləri döyüşə göndərirlər. Fransızlarla müharibədə, demək olar ki, bir döyüşü belə udmasa da, itkisi prussiyalılardan və avstriyalılardan 5 dəfə artıqdır. Axırıncı müharibədə əvvəlcədən itkilərnin olacağını bildikləri üçün daim Rusiyadan yeni təlim görməyən əsgərlər gətirirdilər. Öz vətəndaşlarına qarşı belə münasibət bəsləyən ölkə çox təhlükəlidir. Bu gün Polşanı və Finlandiyanı tələb edən rusların sabah İrana və Hindistana hücum edəcəyinə şübhəylə yanaşmırıq. Təcili tədbirlər görmək lazımdır. Yoxsa ruslarla İran körfəzində görüşməli olacağıq”.
Tarixi arayışın davamı
1814-cü ildə İngiltərə İranın neçə illərdir arzusunda olduğu əməkdaşlıq müqaviləsini imzaladı. Müqavilənin şərtlərinə görə, İngiltərə İrana silah-sursat və təlim keçmək üçün hərbi təlimatçılar göndərməli, ruslarla müharibəyə başlayacaqları təqdirdə, hər il 200 min tümən maliyyə dəstəyi verməliydilər. Əvəzində, İran hərbi və iqtisadi reformalara başlamalı, ordunun hazlrlanması və strukturlarında Britaniya ordusunun elementlərini tətbiq etməliydi. Üstəlik, iki ölkə arasında sərbəst ticarət şəraiti yaradılır, kömrük vergisi müəyyən qanunlar çərçivəsinə salınırdı.
Təəssüflər olsun ki, İran üzərinə götürdüyü öhdəliklərin heç 10 faizini də yerinə yetirmədi. Fətəli şah ətrafındakı proqressiv düşüncəli adamların, o cümlədən oğlu Abbas Mirzənin bütün təkliflərinə əhəmiyyətsiz yanaşdı. Fətəli şahda aktivləşmək dövrü xarakter daşıdığından, o, bir də 1826-cı ildə “ayıldı”.
Son bir neçə ildə Abbas Mirzə ingilislərin köməyi ilə, kiçik də olsa, müasir bir ordu yarada bilmişdi. 1825-ci ildə Rusiyada “Dekabristlər” adlandırılan konstitusion monarxiya yaratmaq istəyən aristokratların baş tutmamış üsyanı I Nikolayın hakimiyyətə gəlməsi ilə nəticələndi.
Rusiya-Osmanlı münasibətlərinin 1826-cı ilin əvvəlində kəskinləşməsi İran şahının “Qafqazı azad etməyin vaxtı çatıb” qərarını verməsinə gətirib çıxardı. Azərbaycanda Rusiyaya qarşı nifrətin güclənməsi, Abbas Mirzəyə hərtərəfli kömək olunacağı vədləri də ürəkaçan idi. Azərbaycanı azad etmək planı müzakirə edilərkən, Abbas Mirzə hucumdan əvvəl Osmanlı imperiyası ilə müqavilə bağlamağın və onların sərhədlərindən qoşunları çıxardıb, ruslarla olan sərhədlərə atmağın vacib amil olduğunu söylədi və müharibəni iyulda yox, sentyabrın axırında başlamağı təklif etdi: “O vaxta qədər həm Osmanlılarla xarici siyasətimizi koordinasiya edə bilərik, həm də İngiltərədən əlavə bir 100-150 top almağa nail olarıq. Bu, çox vacib məsələdir”. Ancaq Fətəli şah təkliflərin heç birini qəbul etməyib, Abbas Mirzəni qorxaqlıqda ittiham etdi.
Bu ərəfədə Çar Nikolay knyaz Menşikovu Tehrana danışıqlar aparmağa göndərdi. Rusiyaya Osmanlıların yaratdığı çoxsaylı problemləri həll etmək üçün knyaz Menşikova istənilən variantla – hətta lazım gəlsə, Azərbaycan torpaqlarının bir hissəsini İrana qaytarmaq şərtini qəbul etməklə – sülh müqaviləsi bağlamağı tapşırdı. Knyaz Menşikovun sülh bağlamaq üçün verdiyi vədləri şah zəiflik kimi qəbul etdi və artıq daxilində Rusiya üzərində böyük qələbəsini bayram etmək əhvalı yarandı. Şahın vəziri, Xarici İşlər naziri, xüsusi ilə də oğlu Abbas Mirzə Rusiyanın Talış zonasının İrana qaytarılması bazasında sülh müqaviləsi bağlamaq təklifinə razılıq verilməsində israr etsələr də, şah qəbul etmədi. Abbas Mirzənin “Nikolay bizə gələcəkdə torpaqlarımızı azad etmək üçün müharibəsiz gözəl bir platsdarm verir, biz bundan istifadə etməliyik”, – yalvarışlarına Fətəli şah, – “İstəmirsən, qoşunlara özüm rəhbərlik edəcəyəm, get, mənə mane olma, iki aya bütün Qafqaz yenidən bizim torpaqlar olacaq və mən sənin əmin Ağa Məhəmməd şah Qacar kimi, özümü şahənşah elan edəcəyəm. Özü də Muğanda – Nadir şah kimi. Qoy hamı başa düşsün ki, Azərbaycan torpaqları imperiyanın müqəddəs torpaqlarıdır” – hayqırtısıyla cavab verdi.
1826-cı ilin iyulunda ordu Abbas Mirzənin komandanlığı altında iki istiqamətdə – Naxçıvan və İrəvan xanlıqlarından – Qarabağa, Talış xanlığı zonasından isə – Muğana daxil oldular. Başqa bir 16 minlik ordu İrəvan sərdarının başçılığı altında Tiflisin ətrafındakı bütün ərazini, o cümlədən strateji əhəmiyyətli Borçalını azad etdi. Azadlıq ordusunu çoxdan gözləyən və son 14 ildə daim rus işğalçıları ilə partizan müharibəsi aparan azərbaycanlılar Abbas Mirzəyə qoşularaq torpaqların azad olunması işini xeyli sürətləndirdilər. Abbas Mirzə qoşunlarının böyük bir hissəsini də Xudafərin körpüsündən birbaşa Qarabağa çıxartdı. Qarabağ bəylərinin “əsas qoşunlar gələnədək, rusların hamısını Şuşa qalasına aparıb hərbçiləri öldürmək, arvad-uşaqlarını zindana salmaq lazımdır” təklifi Avropanın müharibə qaydalarına əməl edən Abbas Mirzə tərəfindən rədd edildi. Hadisələrin sonrakı gedişi göstərdi ki, bu, Abbas Mirzənin ən bağışlanmaz səhvi oldu. Ruslar vaxt udmaq üçün, ilk növbədə, özünü qarabağlı sayan erməni general-mayor Mədətovu ordunun komandirliyindən azad etdilər. Bəylərə söz verildi ki, bir neçə həftəyə ordu komandiri azərbaycanlı olacaq və müvəqqəti olaraq, polkovnik Reut komandir təyin edilir. Qafqazda bütün rus ordusunun komandanı general Yermolov Reuta, nəyin bahasına olursa-olsun, Qarabağı müdafiə etməyi əmr etdi.
Abbas Mirzənin planına görə, ordu Gəncədən keçib, Tiflisi tutmalı, müqavimət zəif olarsa, hucumu davam etdirib Qara dəniz sahillərinə çıxmalı idi. İkinci istiqamətdə isə Muğandan keçib Dərbəndi azad etmək və irəliləyərək, Çeçenistanın sərhədlərində onların dağ silahlı dəstələri ilə birləşib, ruslara qarşı müdafiə sistemləri yaradılmalıydı. O vaxta qədər ingilis hərbi gəmiləri Osmanlı imperiyası ilə razılığa gəlib, Qara dəniz sahillərinə çatmalıydılar.
Faktiki olaraq, 5 günlük yürüşlə qoşunlar Azərbaycanın 70 faizindən artıq torpaqlarını azad edib, Gəncəyə yaxınlaşa bildilər. General Yermolov Reuta Qarabağ bəylərini arvad-uşaqları ilə birlikdə həbs edib Şuşa qalasına aparmağı və Abbas Mirzəyə ultimatum göndərməyi əmr etdi. Ultimatumda deyilirdi ki, əgər Abbas Mirzə Şuşaya hucum edərsə, yarısından çoxu uşaq olan yüzlərlə günahsız adam güllələnəcək. Ona görə tələb edilirdi ki, təcili danışıqlar başlansın və ruslar ücün dəhliz yaradılaraq, onların Tiflis istiqamətində buraxılması təmin edilsin. Əks halda, girovlar öldürüləcəkdi. Abbas Mirzənin sərkərdələri hucumla Şuşanı götürüb, rusları darmadağın etməyə üstünlük versələr də, o, insanların həyatına təhlükə olduğunu nəzərə alıb, danışıqlar aparmağa razılıq verdi. Abbas Mirzə general Reuta yazdığı məktubda onu tənə edirdi: “General, İran imperiyasının yarandığı 2400 il bundan öncədən ta bu günə qədər, birinci dəfədir ki, dövlətin ordusu arvad-uşağı girov götürür. Xatırladıram ki, nə Makedoniyalı Aleksandr, nə Roma imperiyası öz 1000 illik tarixi boyu, belə bir addım atmayıb. Sizin ağlınıza gələ bilərmi ki, Napoleon Bonapart Moskvanı tutandan sonra arvad-uşağı girov götürüb, “Rusiya məğlubiyyət barədə sənəd imzalamasa, onlar öldürüləcək” tələbi irəli sürsün?!”…
Heç bir sivil qaydalara əməl etməyən general Yermolov yaxşı bilirdi ki, I Aleksandrdan fərqli olaraq, I Nikolay az təhsilli, sivil normalara ikrahla baxan bir şəxsdir. Ona görə, narahat deyidi və əvvəlcədən Reuta bütün məsuliyyəti öz üzərinə götürdüyünü yazmışdı. Abbas Mirzənin məktubunu oxuyan, dərin aristrokrat kökləri olan general, həqiqətən, xəcalət çəkərdi. Ancaq bu xəcalətin səviyyəsi Yermolovdan gələn qorxudan qat-qat aşağı idi. 47 gün Abbas Mirzə tərəddüd içərisində yerindən tərpənmədi. Bir tərəfdən, hucum edərsə, rusların günahsız 1500 nəfərə yaxın adamı (onlardan 850-si körpə uşaqlar idi) qıracağından qorxurdu. İkinci tərəfdən, irəli gedərsə, Şuşada yerləşən rus ordusunun ona arxadan zərbə vuracağından ehtiyatlanırdı. Bu müddət ərzində millətçi, yatanda da yuxularında “Böyük Ermənistan” görən, rusların agentləri olan ermənilər Abbas Mirzənin qoşununun, toplarının sayı, yerləşmə ünvanları, süvarilər və s. barədə gecə-gündüz məlumat toplayıb verirdilər. Azərbaycanlılarla eyni kənddə yaşayan, birlikdə işləyən ermənilər isə heç bir repressiyaya məruz qalmadan, öz gündəlik işlərində idilər. Nə “Böyük Ermənistan”ın, nə də rus imperiyasının tərkibində yaşamaq istəmirdilər. Həm ruslar, həm də hakimiyyətə gəlmək üçün onlara satılmış ermənilər sayısız cəhdlər göstərsələr də, çoxluqda olan sadə, zəhmətkeş erməniləri azərbaycanlıların onların düşməni olduğuna inandıra bilmədilər.
Nəhayət, 47 gündən sonra Abbas Mirzə qoşunundan 18 min nəfər ayırıb Gəncəni azad etməyə göndərdi. Aradakı vaxtdan istifadə edən ruslar kifayət qədər ordu toplamağa imkan tapdılar. Erməni casusların informasiyasına əsasən, kicik bir qoşunun Gəncə istiqamətində hərəkət etdiyindən xəbər tutaraq, əvəllcədən pusqu qurdular və Şəmkir ətrafında Abbas Mirzənin 18 minlik ordusunu məğlub etdilər. Abbas Mirzə məcburən, qoşunu Şuşanın mühasirəsindən çıxardıb Gəncə istiqamətində hərəkətə başladı. Girov götürülənlərin taleyinə biganə qala bilməməsi və rus dövlətinin quldur metodlarından istifadə edəcəyinə inanması onun iflasıyla nəticələndi. Gəncə ətrafında ağır məğlubiyyətə uğrayanda İran qoşunlarının köməkçi hissəsi Tiflisdən cəmi 40 km aralıda idi. 1826-cı ilin oktyabr ayının axırlarında İran qoşunları yenidən hucuma başladığı yerlərə qaytarıldı. Qafqaza kifayət qədər qoşun toplamış Rusiya 1827-ci ilin iyununda İrəvan xanlığına hucuma keçdi. 4 aydan çox cəkən ağır döyüşlər nəticəsində, Abbas Mirzə həm İrəvanı, həm də Naxçıvanı itirdi. Ruslar Araz çayını keçib Təbrizi tutdular.
6-cı epizod
Türkiyə, İstanbul, Sultanın sarayı, 1827-ci ilin noyabrı…
Sultan Mahmud dərin fikrə getmişdi. Vəziri və çox inandığı iki paşası səslərini çıxarmadan, gözləyirdilər. Bilirdilər ki, sultan bir azdan danışacaq. Gözlədikləri kimi də oldu. O, qəfildən partladı:
– Kələ köpək oğlu, səndən şah olmaz, sən ancaq insanların sayını artırmaq üçün yarayırsan. Sənin o balaca beynində 12-14 yaşlı qızların ətli dalından başqa heç bir şey yerləşmir. Kələlər ilin bir ayını aktiv olurlar, bədbəxt oğlu, sənsə ilin 365 gününü arvad yatağından çıxmırsan. Yüzdən çox oğul əkmisən, köpək oğlu, şahlığı ver birinə, rədd ol, get, arvadlarının tumanlarını çıxartmağa dəə…!
Hər üçü söhbətin İran şahı Fətəlidən getdiyini bilirdi. Sultan davam edirdi:
– Oğlu Abbas Mirzə də özünün tayıdır, ağlı yoxdur. Mən bilmirəm, onun nəyi bu ingilislərin xoşuna gəlib? Sizin xahişinizlə mən onunla bir il bundan öncə görüşdüm. Ona üstüörtülü “Şahzadə, idarəçiliyin əsas şərti dövlət işlərinin arvad tumanının altında qalıb itib-batmasına yol verməməkdir. Ya gərək, dövlət işlərini görəndən sonra arvadların dalına baxasan, ya da şahlıqdan əl çəkib daim o işlə məşğul olasan,”- dedim. Qıpqırmızı oldu. Əlbəttə, başa düşürdü ki, söhbət onun atasından gedir. Mən fikir vermədim, sözümü axıra qədər dedim. Ona bildirdim ki, ölkəyə ziyan gətirən adətin ləğvinin bir yolu var: ya gərək, öz xoşunla tacından əl çəkəsən, ya da ətrafındakı ağıllı adamlar səni zorla qovalar! Onun cavabı məni çaşdırdı. Nə desə yaxşıdır: “Padşahım, biz Şərqin ənənəvi hakimiyyətə gəlmək naminə atasını, qardaşını öldürmək kimi qeyri-sivil metodlarından əl çəkməsək, inkişaf edə bilməyəcəyik!” Bu da oğlu…”
Tarixi arayış
Sultan Mahmudun özü 1808-ci ildə çevriliş yolu ilə hakimiyyətə gəlmişdi. Əmisi Sultan Səlim ölməmişdən öncə, onu qətlə yetirməyi ən yaxın paşalarından birinə tapşırmışdı. Qorxurdu ki, Mahmud yaşadıqca, həmişə dövlət çevrilişi təhlükəsi də qalacaq. Əslində, Sultan Səlim Mahmuddan yox, onun şəxsiyyəti ətrafında əfsanələr gəzən fransız anası Nakşidildən ehtiyatlanırdı. Mahmud əmisi Əbdülhəmidin ikinci oğlu olsa da, təhlükə məhz ondan qaynaqlanırdı. Sultan Səlim, əlində dəlil-sübutu olmasa da, Nakşidilin, əmisi Əbdülü də çevriliş etməyə həvəsləndirdiyindən xəbərdar idi. Əgər Nakşidilin oğlu Mahmud sağ qalardısa, sultanın başına bir şey gələcəyi təqdirdə, bu arvadı saxlamaq mümkün olmayacaqdı.
Ancaq ağıllı fransızın casusları paşa hələ plan qurmamış, onu xəbərdar etdilər və anası Mahmudu xilas etdi.
Sultan Səlimin hərbi reformalarından narazı olan “yeniçəri”lər üsyan edib, taxt-tacını əlindən aldılar və onu İstanbul saraylarından birində həbsə atdılar. “Yeniçəri”lər hakimiyyətə Mahmudun böyük qardaşı Mustafanı gətirdilər. Uzun müddət Osmanlıların Avropada olan qoşunlarına rəhbərlik edən paşalar, başda Əlimərdan Mustafa Bayraqdar olmaqla, Sultan Səlimi azad etmək üçün şah sarayını tutdular. Ancaq Sultan Səlimi azad etmək mümkün olmadı, bir gün qabaq “yeniçəri”lərin əmri ilə onu boğub öldürmüşdülər. Nakşidil xanım reformist paşaları oğlu Mahmudun yeganə düzgün namizəd olduğuna inandıra bildi və 1808-ci ildə Mahmud sultan elan edildi. Bayraqdar və anasının təhriki ilə o, qısa bir müddətdə çoxsaylı düşmənlərinin əksəriyyətini cəzalandırdı. Anasının təkidlərinə baxmayaraq, qardaşı Mustafa sultanı öldürtmədi. Ancaq az sonra, fikrini dəyişdi.
Sultan Mahmud imperiyanı Avropaya yaxınlaşdırmaq üçün reformalara başladı. Başqa sözlə, əmisi Sultan Səlimin kursunu davam etdirdi. Hətta geyim-kecimin də avropalaşdırılması cəhdi onun reformalarından idi. Ancaq hərbi reformalara cəsarəti çatmadı. Buna ancaq sultanlığının 15-ci ilində başlaya bildi. Onun Avropa qanun-qaydalarını imperiyaya tətbiqetmə cəhdi camaat tərəfdən nəinki dəstək almırdı, hətta üsyanla qarşılanırdı. Nəhayət, 1826-cı ildə o, nifrət etdiyi “yeniçəri”lər qurumunu ləğv etməyə nail oldu.
İndi – 1827-ci ildə imperiyanın ən ağır vəziyyəti idi. Avropada, Osmanlı torpaqlarında ruslar ağalıq etmək istəyirdilər. Yunanıstan baş qaldırmışdı, ingilis və fransızlar yunanlara azadlıq verilməsini tələb edirdilər. Bunlar azımış kimi, bir yandan da ingilislər tərəfindən qızışdırılan misirlilər talantlı sərkərdələri Məhəmməd Əlinin başçılığı altında Osmanlı imperiyasını hədələyirdi.
Epizodun davamı
20 ildir sivil bir ölkə yaratmaq istəyən Sultan Mahmud imperiyasının dağılmaq təhlükəsi real idi. Əsəbləri tarıma çəkilmişdi. Yenə öz-özünə danışırdı:
– Asiyalı köpək uşağı, müsəlmançılıq meydana gələndən, birinci dəfədir ki, Təbrizə kafir ayağı dəyir. Bu biqeyrətlərin çoxu təbrizlidir. Bunlar fars dilində danışmağa 10 yaşlarından sonra başlayırlar, o vaxta qədər türkcə qonuşurlar. Ümid edirdim ki, bunlar Qafqazı tutub, rusların diqqətini qismən Avropadan şərqə döndərərlər. Belə getsə, bu ruslar bu gün-sabah gəlib Bağdada çıxacaqlar. Kim onlara müqavimət göstərəcək – bir arvad dalı görəndə huşunu itirən Fətəli, ya onun intiligent oğlu Abbas Mirzə?! İngilislər rusların İran körfəzinə yaxınlaşmasına razı olmazlar…
Vəzir ehmalca sultanın sözünü kəsdi:
– Düz buyurursunuz, sultanım. Artıq Cəbəllütariqdən iki ingilis hərbi gəmisi İran körfəzi istiqamətində irəliləyir. Bizdə olan məlumata görə, onlar xeyli silah-sursat da aparırlar. Ondan başqa, ingilislər ruslara ultimatum veriblər ki, əgər təcili danışıqlara başlamasalar, İngiltərə 1814-cü ildən olan müqavilələrinin əsasında, İranın tərəfindən müharibəyə başlayacaq.
– Bu, yaxşı xəbərdir, ancaq hər ehtimala qarşı, biz kişiləri səfərbər etməliyik. Rusların əhalisi bizim imperiyanın əhalisindən, demək olar ki, iki dəfə artıqdır. 55 milyon onlardır, cəmi 26 milyon biz. İndi rusların Avropada 200 minlik ordusu dayanıb. Kül bu iranlıların başına, 60 minlik rusun qabağında dayana bilmədilər, – deyən sultan yenə hirsini İran şahının üstünə tökdü:
– Bizim cəmi 280 minlik ordumuz var. Onun 100 mini məcburən misirlilərin qarşısında dayanıb. 50 minə yaxınını İranla sərhəddə saxlamağa məcburuq. Beləliklə, Avropada cəmi 130 minlik ordumuz var. Bu, çox azdır. Bizim Avropada ruslarla vuruşmamaq şansımız yoxdur. Başda İngiltərə olmaqla, Avropa ölkələri müharibəyə qarışmayacaqlar. Ancaq biz udarıqsa – ruslara, onlar udarsa – bizə kömək edəcəklər. Bu axmaq ruslar başlarına salıblar ki, xristian olduqlarına görə, Avropa onlara kömək edəcək. Bir də Napoleona qarşı müharibədə İngiltərə, Prussiya və Avstriyanın onlarla koalisiya yaratdıqlarını unuda bilmirlər. Avropa müharibəsi heç bir nəticə ilə qurtarmayacaq, maksimum, yunanlara qismən azadlıq verəcəyik. Mən özüm rus səfiri ilə görüşüb, ona başa saldım ki, Avropanın məqsədi hər iki imperiyanı zəiflətməkdir, yeni çarınıza çatdırın ki, biz uzunmüddətli sülh bağlamaq istəyirik, müharibə yox. Nəticədə, o ağıldankəm Nikolay bizə, faktiki təslim olmaq, Avropadan çıxmaq, bütün torpaqları ruslara vermək şərtilə müqavilə göndərdi. Yaxşı ki, müqavilə ilə tanış olub, o səfiri mənim yanıma buraxmadınız, vallah, onun qanını elə buradaca tökəcəkdim. İndi vəzir, sən təcili Tehrana getməlisən. Həm ona mənim məktubumu çatdır, həm də çalış inandırasan ki, ruslarla təslimçilik müqaviləsi imzalamasın. Müharibəni davam etdirsin. Biz öz tərəfimizdən sərhəddə yaxın yerlərdə yerləşmiş 50 minlik qoşunumuzu Təbrizə göndərməyə, onlarla birlikdə Qafqazı azad etməyə hazırıq. Osmanlı imperiyası Avropada böyük müharibədən qaça bilsə, ordunun sayını artıracaq… Ancaq buna heç ehtiyac da yoxdur. Qafqazdakı 80 minlik rus ordusunu darmadağın etmək o qədər də çətin məsələ deyil. Şah razılıq versə, rusların yenidən Arazı keçib Qafqaza qayıtmasına imkan vermərik. Biz 10 minlik qoşunla İrəvan xanlığı və Naxçıvandan keçib Culfadan – arxadan ruslara zərbə vura bilərik. Başqa bir plan da mövcuddur – Vandan keçib Urmiya gölünə çıxmaq, Təbriz ətrafında düşməni mühasirəyə almaq və darmadağın etmək. Şahı başa sal ki, bu gün Qafqazı ruslara verməyin heç bir əsası yoxdur. O ki qaldı müharibədən sonra Qafqazı bölməyə, bizim Qafqazda maraqlarımız Gürcüstanın Qara dəniz sahillərində – Acariya deyilən kiçik bir məmləkətlə məhdudlaşacaqdır. Vəzir, Fətəli şah çox sürüşkən adamdır, özün məndən də yaxşı bilirsən. Ona ruslara təslim olmaq müqaviləsinə qol çəkməyə imkan vermək olmaz! Bu müqavilə rusların Avropada əl-qolunu açacaq!
Tarixi arayış
Fətəli şah Sultan Mahmudun təklifini qəbul etmədi. 1828-ci ilin fevral ayının 10-da Təbrizin yaxınlığında yerləşən Türkmənçayda ruslarla müqavilə imzaladı. Imperiyanın tarixində ən rüsvayçı təslimçilik aktı “Türkmənçay” müqaviləsi adı altında tarixə düşdü. Azərbaycanlı şah, özünün əmin-amanlığı və hakimiyyətini saxlamaq naminə, dünyanın ən qədim millətlərindən biri sayılan, kökündə 5000 illik midiyalıların və Çinin şimalı və Altay səhralarından gələn 8 min illik tarixə malik türklərin durduğu Azərbaycan millətini qurban verdi. Beləliklə, Azərbaycanın faciələrinin dərinləşməsinə start verildi. Azərbaycan xalqının erroziyası başlandı. Fətəli şah heç bir etiraz və müqavimətə rast gəlmədən, milləti satmağın mümkünlüyü presedentinin təməlini qoydu.
Bundan sonra – həmin müqavilədən keçən 150 ildən çox müddətdə, bədbəxt Azərbaycan xalqını hakimiyyətə gəlmək, hakimiyyətdə möhkəmlənmək naminə satanların sayı kifayət qədər olacaqdı. Azərbaycan xalqı isə həmin 1828-ci ildə olduğu kimi, hər şeyi “taleyin hökmüdür” kimi qəbul edəcəkdi…
***
İran təslimçilik müqaviləsinə imza atandan 2 ay sonra Dunay çayı ətrafındakı ərazidə ruslar Osmanlı qoşunlarına hucum etdilər. Müharibə ərəfəsində Osmanlı imperiyasının ordusu ən acınacaqlı vəziyyətə düşmüşdü. Sultan Mahmud hərbi reformanı təzəcə başa çatdırmışdı. “Yeniçəri”lər ordudan qovulmuş və bir struktur kimi ləğv edilmişdi. Əvəzində isə, yeni, Avropa tipli ordu hələ yaradılmamışdı. Sultan Mahmudun ruslarla müharibəni başlamaq vaxtını heç olmasa bir il uzatmaq cəhdi baş tutmamışdı. Ona görə də müharibə apara-apara imperiyanın hərbi reformalarını davam etdirirdi.
Osmanlı imperiyasını zəiflədən şərtlərdən biri də Misir lideri Məhəmməd Əlinin Osmanlı sultanına hərbi köməkdən imtina etməsiydi. Heç bir məktəb qurtarmamış, ancaq fövqəladə təbii liderlik istedadı olan Məhəmməd Əli milliyyətcə alban idi. Gənc yaşlarından üzə çıxan sərkərdəlik talantı axırda Məhəmməd Əlini Misirin paşası vəzifəsinə gətirib çıxartmışdı. 1807-ci ildən Osmanlı imperiyasına sədaqətlə xidmət edən paşa, 1827-ci ildə Yunanıstanda imperiyanın əleyinə qalxan qiyamı darmadağın etməkdə böyük şücaət göstərmişdi. Bu müharibədən sonra Misirdə sultanlığı vərəsəlik etməyi və oğlu İbrahim Paşanı o öləndən sonra taxta gəlməsini təsdiqləməyi sultandan xahiş etsə də, müsbət cavab almamışdı. Ona görə də İstanbulla bütün əlaqələrini kəsmişdi.
Müharibənin dördüncü ayında Osmanlılar rusları müharibə aparılan teatrın bir neçə ərazisində məğlubiyyətə uğratdı. 1829-cu ilin 2 sentyabrında hər iki tərəf 100 minlərlə tələfat verəndən sonra sülh müqaviləsi imzaladılar.
1826-1829-cu illərdə Rusiyanın İran və Osmanlı imperiyaları ilə müharibəsi onların Qafqazda mövqelərini möhkəmləndirdi. Rusların hələ I Yekaterinanın vaxtında qəbul olunmuş strategiyasını – Azərbaycanda tez bir zamanda ermənilərin sayını 20 faizə çatdırmaq planını həyata keçirməyə heç bir maneə qalmamışdı. İrandan, Osmanlı imperiyasının əsasən, Suriya və Türkiyə zonasından ermənilərin Azərbaycana kütləvi köçlərinin təşkili üçün ruslar siyasi vədlərdən başqa, maddi köməklik də göstərirdilər. Ancaq bu regionlara gələn ermənilərin sayı 5-8 faizdən yuxarı qalxmırdı. Ermənilər, imkan düşdükcə, Avropa və yaxud Amerika qitəsinə köçüb gedirdilər. Hətta vaxtilə Krımdan Rostov-Don ətrafına gətirilmiş ermənilər də yenidən Krıma qayıtmağa üstünlük verirdilər. Ruslar nə qədər eyni dindən söhbət açsalar da, ermənilər üçün türklərlə qonşu olmaq daha rahat idi, nəinki içki düşkünü olan ruslarla.
***
İranda 1847-ci ildə Nəsrəddin şah Qacar hakimiyyətə gəldi. O, atası Məhəmməd şah Qacarın oğlundan çox, İranda qəhrəman kimi xatırlanan Abbas Mirzənin nəvəsi olaraq tanınırdı. Anadan olandan Təbrizdə yaşamış Nəsrəddinin şahlıq heç fikrindən belə keçmirdi. Elmi təfəkkürə malik olan bu adam həyatını təbiətin qoynunda keçirib, kənd təsərrüfatı ilə məşğul olmaq istəyirdi. Atası Şah Məhəmməd rəhmətə gedəndən sonra Əmir Kəbir tərəfindən göndərilmiş süvarilər arxasınca gəlib, onu şah elan etmək üçün Tehrana aparmaq istəyəndə, Nəsrəddin onları qovdu. Fars dilində bir söz də bilməyən Nəsrəddinin türk dilində onları söyüb qovmaq istəməsinə baxmayaraq, onu zorla faytona oturtdular və Tehrana gətirib şah elan etdilər. Nəsrəddin şah Qacar qısa bir müddətdə nəinki fars, hətta fransız dilini də öyrəndi. 2 ildən sonra o, xalq arasında “fars dilində ən gözəl nitq söyləyən şah” tituluna malik idi. Fars dilində şeir yazmağa başlamışdı. Heç vaxt dövlət işləri ilə məşğul olmamış şah (adətən, şahzadələr 10 yaşından dövlət işlərinin həllində iştirak edirdilər) əsas gücünü iqtisadiyyatda, hərbdə və elmdə Avropa tipli reformalar etməyə yönəltmişdi. İranın Azərbaycanı birdəfəlik itirdiyi 1828-ci ildən 3 il sonra dünyaya gəlmiş şah, bu torpaqların onların olduğunu, onun qanını daşıdığı Qacarlar nəslinin 300 ildən çox Qafqaz Azərbaycanının hökmdarları olduqlarını qəbul edə bilmirdi. Azərbaycana elə Rusiya ərazisi kimi baxırdı. Dünyada gedən mürəkkəb siyasi proseslərdən o qədər də başı çıxmayan 16 yaşlı Nəsrəddin şah, hakimiyətə gələndə imperiya dağılmağın astanasında idi. Vilayətlər, demək olar ki, mərkəzi hakimiyyətə tabe olmurdu, xəzinə boş idi, ordu yox dərəcəsindəydi, ümumi yaranmış xaosda hətta səfirliklərin işçilərinin məvacibini verməyə pul çatmırdı. Ölkəni bu vəziyyətdən Baş nazir vəzifəsini daşıyan təcrübəli Əmir Kəbir xilas etdi. O, qətiyyətlə bütün sahələrdə təcili reformalara başladı. Şahın elmə, təhsilə, ümumiyyətlə, yeniliyə olan tükənməz meylindən istifadə edib, ölkədə ilk univeristetin açılması və ilk qəzetin çap olunması fərmanlarını ona imzalatdı. Şah məmuniyyətlə bu işləri görürdü. Ancaq tezliklə şahın çoxsaylı qohum-əqrabası sarayda Əmir Kəbirin əleyhinə fikir yarada bildilər, onu taxt-tacı ələ keçirmək cəhdində suçlayıb, şah fərmanı ilə vəzifəsindən azad etdirdilər. Yaxın qohumlarının canfəşanlığına baxmayaraq, şah onu edam etdirmədi. Ancaq bir müddətdən sonra şah sərxoş olan vaxt ona Kəbirin cəzalandırılması fərmanını imzalatdırdılar. Şah ayılana qədər, gecəylə – 1852-ci ilin yanvarında onu öldürdülər.
Şah Nəsrəddin hakimiyyətinin ilk iki ilində Avropada daha çox fransızlara isti münasibət bəsləyib, İranın siyasətini Fransanın dəstəkləməsi istiqamətində iş aparırdı. Qonşusu, böyük bir əraziyə malik olan Rusiya ilə dostluq münasibətləri yaratmaq da onun siyasətinin əsas istiqamətlərindən biri idi.
Tarixi arayış
1850-ci ildə, artıq 25 il hakimiyyətdə olan rus çarı I Nikolay ölkəsinin iqtisadi və hərbi potensialının səviyyəsinə məhəl qoymadan, dünyaya ağalıq etmək fikrinə düşmüşdü. O qədər də dərin ağıla malik olmayan şöhrətpərəst Nikolaya, ətrafında real vəziyyəti qiymətləndirməyi bacaran yüksək çinli məmurlar, başda Baş nazir Nesselrod olmaqla, Avropanın istənilən ölkəsinin, məsələn, Avstriya, Almaniya və yaxud Fransanın hər birinin təklikdə iqtisadi-texniki potensialının Rusiyanınkından bir neçə dəfə yuxarı olduğunu anlada bilmirdilər. Qəzəblənəndə təzyiqi qalxan, gözlərinin içi qıpqırmızı olan çar “Mən 3 aya bir milyon mujiki süngü altına qoya bilərəm, sizin tərifli Avropanız birləşsə belə, heç iki ilə bir milyon əsgər toplaya bilməz,”- deyirdi.
Onu daha da qəzəbləndirməkdən ehtiyatlanan Baş nazir isə bildirmişdi: “Əlahəzrət, bir milyon uzun süngülü əsgər daha heç kimə lazım deyil. Avropalılar artıq yivli tüfəng texnologiyasını kəşf ediblər və yeni tipli silahların istehsalına başlayıblar. İngilislərin ordusunun yarısı bu tüfənglərlə silahlanıb. Təsəvvür edirsinizmi, bizim tüfənglər ancaq 200 metr məsafədən düşmənə ziyan vura bilər. Onların güllələri isə 1-2 km məsafədə insanları o dünyaya göndərir. İndi bu texnologiyanı artilleriyaya da tətbiq etmək istəyirlər. Bundan sonra bizim onlarla müharibə aparmaq şansımız yoxdur”.
Nesselrod İngiltərədə Rusiyanı təmsil edən dostu Bryunova yazdığı məktubda çarın apardığı təhlükəli siyasətin Rusiyanın tam dağılmasına gətirib çıxara biləcəyini ürəkağrısı ilə qeyd edirdi: “İngiltərə, Fransa və Osmanlı imperiyalarının ittifaqının istədikləri vaxtda Rusiyanı, maksimum, 1-2 ilə darmadağın edib, Orta Asiyadan keçib Hindistanla birləşəcəklərinə heç bir şübhə yoxdur. Bizi yenidən knyazlılıqlara parçalanmaqdan ancaq Fransa və İngiltərənin axıra qədər ittifaqda ola bilməyəcəyi faktoru xilas edə bilər. Mən əminəm ki, fransızlar həmişə olduğu kimi, İngiltərənin yeganə super-dövlət olması ilə heç vaxt razılaşmayacaqlar”.
Bu arqumentlərin hamısını qulaqardına vuran Nikolay generallarına Osmanlılarla müharibəyə hazırlaşmaq əmrini vermişdi. 1852-ci ildə hətta onun əsas müttəfiqləri Avstriya və Prussiya da Rusiyanın aqressiv siyasətini dəstəkləmirdi.
İngiltərə Rusiyanın Osmanlı imperiyasını özündən asılı vəziyyətə salmaq planını heç vaxt qəbul edə bilməzdi, çünki bu, ölkənin strateji proqramının əleyhinə idi. Artıq neçə əsrlərdir ingilislərlə ənənəvi düşmənçilik siyasəti aparan fransızları Çar Nikolay öz ağılsız hərəkəti ilə müttəfiq etmişdi. Heç kimin ağlına belə gəlməzdi ki, vətəndaşlarının hüququnu ev heyvanlarının hüquqi ilə eyniləşdirən, dünyanın ən amansız diktatorlarından sayılan Nikolay, Fransada III Napoleonun hakimiyyətə gəlməsini qeyri-legitim saysın və parlamenti olan Fransanı konstitusiyasız Rusiya “konistitusiyanı pozmaqda” günahlandırsın. Fransızlar Rusiyanı sevmirdilər. 1812-ci ildə ədalətsiz müharibə apardıqlarına və 1814-cü ildəki məğlubiyyətlərinə görə, revanşist siyasətçilər fransızların ən sevimlilərinə çevrilmişdilər. III Napoleon hakimiyyəti ələ keçirsə də, xalq arasında kifayət qədər hörmətə malik deyildi. Nikolayın bu hərəkətindən sonra o, özünün laxlayan vəziyyətini düzəltmək üçün ölkə daxilində “rusları cəzalandırmaq lazımdır” şüarları ilə günü-gündən rəğbət qazandı. Heç vaxt sevmədiyi ingilislərlə Rusiyanın əleyhinə ittifaq bağladı.
Tarixi arayış
1853-cü ildə, “Türkmənçay” müqaviləsindən 25 il sonra Azərbaycanın Rusiya əsarətindən xilas olması və vahid bir ölkə kimi formalaşması üçün real tarixi şərait yaranmışdı.
Çar Nikolayın Avropada apardığı aqressiv siyasət 1840-cı ildən Rusiyaya qarşı düşmənçilik səviyyəsinə qalxan narazılığı günbəgün artırırdı. Onun Avropanın slavyanlar yaşayan ölkələrinin bütün işlərinə qarışmaq haqqının olduğunu iddia etməsi tək aparıcı Avropa ölkələrini yox, elə slavyanların özlərini də əsəbiləşdirirdi. Avropa slavyanları üçün əksər qanunlara tabe olan Osmanlı məmurları ilə işləmək, heç bir qanun-qaydaya əməl etməyən, sərxoş vəziyyətdə qadınları zorlayan, onların əmlakını talan edən ruslarla birgə yaşamaqdan daha rahat idi. Qonşu Baltik ölkələri, Moldova və Polşada rusların etdikləri vəhşiliklər məlum idi. Rusiya ilə sərhəddi olan bütün ölkələr onlara nifrət edirdi. Rusların aqressivliyi, ilk növbədə, İngiltərənin maraqlarına toxunurdu. Onların Orta Asiyanı da tutmaq planları ingilislərin Hindistanda olan maraqlarına birbaşa təhlükə yaradırdı.
O zaman İngiltərənin Baş naziri Aberdin olsa da, hakimiyyət Lord Palmerstonun əlində cəmlənmişdi. Palmerstonun planına görə, bu ərazilər – Aland adası və Finlandiya, Baltik ölkələri, Moldova və Volaxiya Rusiyadan alınıb İsveç, Prussiya və Avstriyaya verilməli, Polşada isə müstəqil dövlət yaradılmalı idi; Krım Osmanlılara qaytarılmalı, Qafqaz regionu isə ya bütövlüklə Türkiyəyə verilməli, ya da İran müharibədə iştirak edərsə, onlar arasında bölüşdürülməli idi. Bununla bərabər, Qafqazda Osmanlıların himayəsi altında iki müstəqil ölkə yaradılması nəzərdə tutulurdu: birincisi, o zonada yaşayan çeçen, inquş, avar və digər azsaylı xalqları birləşdirən Çerkeziya (Çərkəzistan) və ikincisi, Azərbaycan.
İngiltərə 1953-cü ilin aprelində müharibəqabağı ser Stratfordu Osmanlı imperiyasında səfir təyin etdi. Səfir Sultan Əbdulməcidlə görüşüb, onun Çar Nikolayın tələblərinə münasibətini bilmək istədi. Sultan Əbdulməcid Nikolayı “əbləh” adlandırıb, “bu adam bizim əsrlərlə Avropada olan torpaqlarda ağalıq etmək istəyir. Hələ bu azmış kimi, ürəyindən Bosfor və Dardenel boğazlarına nəzarət etmək, İstanbulu tutmaq keçir. Yadından çıxıb ki, biz türklər olmasaydıq, Rusiya adlı ölkə də olmayacaqdı. Biz onun heç bir şərtini qəbul edə bilmərik, müharibə edəcəyik”, – söylədi.
Səfir sultanın alovlu çıxışından məmnunluğunu gizlətmədi:
– Əlahəzərət, haqq-ədalət uğrunda müharibədə Birləşmiş Krallıq sizing yanınızda olacaq. Bizim ölkə belə hesab edir ki, siz Çar Nikolayın bəzi tələblərinə güzəştə getsəniz, daha düzgün olar. Simvolik güzəştlərin sizin üçün bir əhəmiyyəti yoxdur, ancaq Nikolay onu qorxaqlıq kimi qəbul edib, şərtlərini bir qədər də kəskinləşdirəcək. Avropa bu adamın aqressiv sifətindən üz döndərməlidir.
Sultanın onunla razılaşdığını hiss edən səfir sözlərinə davam etdi:
– Əlahəzrət, İranın da bu müharibədə bizim tərəfimizdən çıxış etməsi həm siyasi, həm də hərbi nöqteyi-nəzərdən sərfəli olardı. Ruslar qoşunlarınızın Avropada olmasından istifadə edib, sizə Ərzurum, Qars zonasından hucum edə bilərlər. İranın müharibəyə qatılması onları bu şansdan məhrum edər və siz Avropaya əlavə qüvvələr göndərə bilərsiniz. Biz iranlılarla danışıqlar aparacağıq, ancaq siz də öz tərəfinizdən onları bu işə təhrik etsəniz, çox yaxşı olar. Hər halda, Qafqaz kimi bir regiona yenidən sizinlə birlikdə nəzarət etmək onların marağında olmalıdır.
Türk və ingilislərin Nəsrəddin şahla apardıqları danışıqlar bir nəticə vermədi. Gənc Nəsrəddin şah Rusiya ilə Avropa ölkələri arasında yaranmış ixtilafın mahiyyətini anlaya bilmədi və yaranmış əlverişli vəziyyətdən istifadə etməkdən boyun qaçırdı. İngilisləri indiyə qədər verdikləri vədlərə əməl etməməkdə günahlandıraraq, əksinə, Rusiya ilə dostluq müqaviləsi bağladı. İngilislərin ssenarisi ilə Osmanlıların bəzi güzəştlərə getmələrinə baxmayaraq, Çar Nikolay tələblərini daha da artırdı. İstədiyinə nail olmaqda qətiyyətini göstərmək üçün 3 iyulda Moldova və Volaxiyanı tutdu. Avropa ölkələri təcili Venaya toplaşıb, Rusiyanın qoşunları bu ərazidən çıxartmaq haqqında nota qəbul etdilər. Rusiyanın notaya məhəl qoymaması, Osmanlı, İngiltərə və Fransanın ona qarşı müharibəyə başlamasına gətirib çıxardı.
1855-ci ildə Rusiyanın Qara dənizdə yerləşən donanması darmadağın edildi və Krım, Sevastopol şəhərinin tutulması ilə təslim oldu. Krımda rus qoşunlarının ağır məğlubiyyətini eşidən Nikolayın ürəyi partladı. Onu əvəzləyən oğlu II Aleksandr vəziyyətin Rusiya üçün çox acınacaqlı qurtaracağını anladığından, sülh danışıqları aparmaq təklifi ilə çıxış etdi və birləşmiş qüvvələrin ağır şərtlərini qəbul etməyə məcbur oldu. Ən əsası, Rusiya nəinki Bosfor boğazına yaxınlaşa bilmədi, Qara dənizə qismən də olsa nəzarət hüququnu bu dəfə birdəfəlik itirdi.
1855-ci ildə Türkiyənin şimalında müharibə aparan rusların Qafqazda heç bir gücü yox idi. Şah Nəsrəddin on minlik qoşunla nəinki bütün Azərbaycanı, Qafqazı da azad edə bilərdi. Ancaq gənc şahın təcrübəsizliyi Azərbaycanın daha 140 il də Rusiyanın əsarətində qalmasıyla nəticələndi…
Birinci hissənin sonu
Rasul bey chokh yakhshi tarikhi romandir. Khayish edirem eger imkaniniz varsa bu romanin 2 hissesinide blogunuza yerleshdirin.
Hormetle,
Ferhad
Ikinci hissə hələ hazır deyildir və ikinci hissə ilə əsər hələ bitmir.İkinci hissə ya 1988-ci il Sumqayıt hadisələrinə qədər olan dövrü ya da 1991-ci il DQ müstəqillik elan etdiyi tarixə qədər davam edəcək.Hələki 1976-cı ilə qədər baş verənlər yazılıb qurtarıb,ola bilərki o hissəni bu yaxınlarda bloqa qoydum.
ikinci hisseni de bura yerlesdirsez ela olardi..evvelceden teshekkürler !!!
Resul bey kitabinizin 2 ji hissesin ne vaxt blogunuza yerleshdirejeksiniz? Sizin kitab USA de satilir, ve satilirsa onu haradan almag olar?
Hormetle,
Farhad
CA
Ümumiyyətlə düşünürəm ki,mənim son vaxtlar yazdığım kitabları oxumaq bizim ümumi mübarizəmizə kömək etməlidir.Bu kitablar elə bu məqsədlədə yazılıb. Kitabların hamısın həm bloqda həm də yeni yaradacağım saytda hissə hissə qoyacağam,oxunduqdan sonra ardı davam edəcək.
Bu kitabi cap edib artiq 1000 e yaxin adama payadiq. Duzdu dizayn uzerinde cox ishlemedik bu defe gelen defelerden daha diqqetli ishlesek ela olar cox insan mariflener. Sheki ve Bakida muxtelif genclere paylanildi bu kitablar
Son zamanlarda oxudugum en dolgun tarixi analizdi.
Bu kitabi oxumagi Sexavet mene meslehet gordu.Oxudum.Davamini gozleyirik.Size ugurlar
1)Rəsul bəy,bu əsərin ikinci hissəsini bitirdinizmi?Əgər bitirmisinizsə,bloqunuza yerləşdirməyinizi xahiş edirəm.2)Bu hissədə Əbdürrəhman Vəzirov,Ayaz Mütəllibov,Əbülfəz Elçibəy,İsa Qəmbər,Surət Hüseynov və sairənin fəaliyyəti haqqında heç yerdə deyilməmiş,yazılmamış məlumatlar olacaqmı? Hörmətlə,Mehdi.
Məsələ ondadırki onun arxasını yazmağa hələki vaxtım olmayıb. Axırıncı hissə ən dramatik hissədir və bu günümüzlə qurtarmalıdır.
sağ olun Rəsul bəy,mənim üçün daha maraqlı oldu
Rəsul müəllim, sizin kitablar Bakı şəhərində satışda var?
2ci hissəni səbrsizliklə gözləyirəm. inşallah tez bir vaxtda satışda/bloqunuzda hazır olar.