3-cü hissə
Epizod 1
Moskva, Kreml, MK Baş katibinin kabineti. 1975-ci ilin axırı. L.Brejnyev, Y.Andropov, B.Ponomaryov və S.Sviqun…
Andropov eynəyinin altından qalın arayışı vərəqləyə-vərəqləyə monoton, emosiyadan uzaq, sakit səsi ilə danşırdı:
– Leonid İliç, Çexoslovakiya hadisələrindən sonra Sovet İttifaqını daxildən dağıtmaq strateji proqramını qəbul etmiş ABŞ, NATO-ya üzv ölkələrlə birlikdə son vaxtlar xeyli aktivləşiblər. Helsinski Deklarasiyasının imzalanması onların əl-qolunu açıb, bizim daxili işlərə qarışır, dissident hərəkatını gücləndirirlər. Dissidentlərə Sovet İttifaqını tərk etdikdən sonra yiyə durur, onlara maddi köməkliklər edirlər. Ölkədə qalanlar Amerikanın köməyinə inanıb daha da aktivləşiblər. Dissidentlərin 90 faizi yəhudilərdir. Sərhədləri açıb ölkəni tərk etmək istəyənlərə icazə versək də, sadə vətəndaşlar kütləvi şəkildə gedir, ancaq bizə düşmənçilik edən ziyalılar qalırlar. Onların vasitəsilə Mərkəzi Kəşfiyyat İdarəsi Ukraynada, Pribaltika respublikalarında, Moldova və Ermənistanda millətçilərin baş qaldırmasına nail olublar. Pribaltika ölkələri, Ukrayna və Moldova müstəqillilik davası salıblar. Ermənilər isə həmişəki kimi, siyasətlərini kələkbazlıq üzərində qurublar. Bir hissəsi 1919-cu il Vudro Vilsonun “Müstəqil Böyük Ermənistan” yaratmaq planını ortaya atıblar – bunlar, əsasən xaricdə yaşayan ermənilərdir. Ziyalılar və xalq arasında tanınmış ermənilərin başçılıq etdiyi o biri hissə «Ermənistan həmişə SSRİ-nin tərkibində olacaq, ancaq Moskva Azərbaycandan Naxçıvan və Dağlıq Qarabağı alıb Ermənistana qaytarmalıdır» deyirlər. Bu ermənilər SSRİ-də yaşayanlardır. Hələ Çarın vaxtından ermənilərin belə çeynənmiş şantajdan istifadə etmələri davam edir. Xruşşov işdən azad olunandan sonra 6 il bu məsələni qaldırmayan ermənilər yenidən hərəkətə gəliblər. Ən təhlükəlisi isə odur ki, təzəlikcə rus millətçiləri formalaşmağa başlayıblar. Onlar, əsasən, yəhudilərin əleyhinə çıxış edirlər. Vəzifədə olan yəhudilərin siyahısını tutur, «intiqam günü yaxındadır» şüarı altında çap edib camaatın arasında yayırlar. İkinci siyahıda isə arvadları yəhudi olan vəzifə adamlarının adları hallandırılır…
Bunu deyəndə, Brejnev qalın qaşlarını yuxarı qaldırdı, Andropov səhv buraxdığını anladı. Axı, Brejnevin və Suslovun arvadları da yəhudi idilər və həqiqətən, həmin siyahıda hər ikisinin adı vardı. Baş katibin qəzəbinə gələcəyindən qorxan Andropov «ölkə daxilində vəziyyəti yoldaş Sviqun daha geniş izah edə bilər» deyib, səsini kəsdi. Brejnev isə bir qədər sərt tonla «sən çıxışını başa çatdır, sonra» – dedi. Andropov qorxusundan qızardı, ancaq özünü ələ alıb davam etdi:
– MKİ xaricdə yaşayan diasporanın gücündən məharətlə istifadə edir. 1919-cu ildə Vudro Vilsonun “Böyük Ermənistan” yaratmaq planını pozan ölkənin Türkiyə yox, Rusiya, bolşeviklərin başçısı Lenin olduğunu ermənilərin başına yeridə biliblər. Onları inandırıblar ki, əgər bolşeviklər Türkiyəni hərbi sursatla təmin etməsəydi, məsələ həll edilmiş, Sultan müqaviləyə qol çəkmişdi. Nə qədər ki, diktatura rejimli Sovet İttifaqı mövcuddur, ermənilər torpaqlarına sahib ola bilməyəcəklər. Onlar “Daşnaksütun”un bazasında demokratiya uğrunda təşkilat yaradıblar və bu təşkilat ölkəmizdə ideoloji təxribatla məşğuldur. İdeoloji təxribatın terrora keçəcəyinə şübhəmiz yoxdur. “Daşnaksütun” yaranandan demokratiya pərdəsi altında terrorla məşğul olub. Sözsüz ki, biz dayanıb hadisələrin belə inkişaf edəcəyini seyr etmir, konkret tədbirlər görürük. Livandakı kommunist ideyalı ermənilərin liderləri Akop Akopyan və Gevorq Açemyanın başçılığı altında Ermənistanı azad edəcək gizli hərbi təşkilatın – ASALA-nın yaradılmasına kömək etmişik. Bu təşkilat bizim xeyrimizə çox iş görə biləcək.
Boris Ponomaryov müzakirəyə müdaxilə etdi:
– Yuriy Vladimiroviç, bu adamların hər ikisi tanınmış terrorçulardır. Onlar Fələstin düşərgələrində təxribat etmək üçün xüsusi təlim keçiblər. Bu qatillər bizim hansı ideologiyamızın dünyada carçısı olacaqlar?
Haşiyə:
Boris Ponomaryov. 1905-ci ildə anadan olub. Beynəlxalq kommunist hərəkatı üzrə mütəxəssis. Akademik. 1955-ci ildən 1986-cı ilə qədər MK-nın beynəlxalq kommunist əlaqələri şöbəsinin müdiri və katibi vəzifəsində çalışıb. MK katibi akademik Şepilovun yetirməsi, barışmaz antistalinist. Repressiyalar və terrorizmin əleyhdarı, marksizm ideologiyasına sadiq şəxs…
– Boris Nikolayeviç, bizə qarşı olan təxribatların miqyası və müxtəlifliyi məcbur edir ki, adekvat tədbirlər görülsün…
Brejnev mübahisənin dərinləşməsinin qarşısını alır:
– Borya, hərənin öz işi var, sən Yuranın işlərinə qarışma, ona kömək et. Sənin şöbənin dünyanın hər yerinə səpələnmiş agenturasından KQB-nin istifadə etməsinə şərait yarat.
Sonra üzünü Sviquna tutdu. Sviqun:
– Leonid İliç, millətçilik, şovinizm ideyalarının qarşısı qətiyyətlə alınmasa, xərçəng xəstəliyi kimi, ölkəmizin hər yerinə yayılacaq. Respublikalarda vəziyyət fərqli olsa da, neqativ proses gedir. Ukraynanın birinci katibi millətçi Şelesti Şerbitski ilə əvəzləyəndən sonra Qərbi Ukraynada vəziyyət bir qədər düzəlib, ancaq gərgin olaraq qalır. Şelest özü millətçi olduğunu gizlətmirdi, məktəb və institutlarda 1970-ci ildə ukrain dilinin əsas dil olduğunu qəbul etməklə millətçilk ruhunu qaldırdı. Şerbitskinin Ukraynanı yenidən əvvəlki vəziyyətinə qaytarmaq şansı yoxdur. Ukrayna KQB-sinin sədri Fedarçukun yüzlərlə millətçi aktivisti həbs etməsinə baxmayaraq, ziyalılar arasında narazılıq günü-gündən artır. Millətçilik ideyalarını yayanları, Ukraynaya müstəqillik istəyənləri dəstəkləyən alim və yazıçıları, xalq arasındakı nüfuzlarının səviyyəsindən asılı olmayaraq, ya həbs etmək, ya da dəlixanalara göndərmək lazımdır. Bir sözlə, onları xalqdan təcrid etməliyik. Pribaltika ölkələrində bu işləri daha amansızlıqla etmək lazımdır. Zaqafqaziyaya gəldikdəsə, ermənilərlə ehtiyatlı siyasət aparmalıyıq. Çünki bizim yaratdığımız ASALA-nın bünovrəsində ermənilərdir, MKİ-nun yaratdığı Sovetlərdə demokratiya uğrunda təşkilatda da ermənilərin rolu az deyil. Ermənistan KP MK-nın lideri Dəmirçiyan açıq şəkildə həm daxildəki, həm də xaricdəki millətçiləri dəstəkləyir. Hətta bir sıra terrorçuları Ermənistanda gizlədir. Ziyalılar arasında millətçi-şovinist ünsürlər ücün ən yaxşı atmosfer yaradılıb. Dəmirçiyan, sözsüz ki, açıq-aşkar Qarabağın Ermənistana verilməsi tələbini irəli sürən keçmiş 1-ci katib Koçiniyanla müqayisədə daha liberaldır.
cox maragli yazidir!ellerinize saglik!demek ki Asalani Sssr yaradib! sebirsizlikle yazinin arxasini gozleyirem!
“ASALA”nı da “PKK”nı da SSRİ yaradıb