– Lideri olduğunuz ACP və Müqavimət Hərəkatının indiki fəaliyyəti sizi qane edirmi?
– ACP-də hazırda təşkilatlanma prosesi davam edir. Kifayət qədər intensiv şəkildə bir çox rayonlarda real gücə malik şöbələr artıq yaradılıb. Düşünürəm ki, prosesin hansı səviyyədə nəticəli, effektiv ola biləcəyi barədə ancaq sentyabr ayının axırında konkret bir fikir bildirmək olacaq. Müqavimət Hərəkatı isə təəssüf ki, hələlik mənim nəzərdə tutduğum mübariz bir quruma çevrilə bilməyib. Hər halda, istənilən bir təşkilatın necə formalaşmasının səviyyəsini onun real nəticə verən əməlləri müəyyənləşdirir. Mənim dostlarım incisə də qeyd etməliyəm ki, bu gün real nəticəli heç bir işlə öyünmək mümkün deyildir. Sözsüz ki, o təşkilatın içərisində olan bir şəxs kimi mən özümü də məsuliyyətdən kənarda hesab etmirəm.
– Hakimiyyət düşərgəsində baş verənləri müşahidə edirsinizmi? Sizcə, iqtidarın vəziyyəti necədir?
– İqtidar hazırda 2011-ci ilin əvvəlində olan çaşqınlıqdan, ərəb inqilablarının yaratdığı şokdan çıxmış kimi görsənir. Arada Quba hadisələrindən bir qədər narahat olsalar da, 2012-ci ilin mayında müxalifətin keçirdiyi ikinci mitinqdən onların özlərinə inamı bərpa olunub. Yəni belə düşünüblər ki, xalq hələlik ayağa qalxmaq fikrində deyil. Ona görə də prezident Nazirlər Kabinetinin iclasında məlum çıxışını etdi və qəzəbli danışdı. O çıxış iqtidarın təşvişə düşməsini göstərmir, əksinə, arxayınlaşdığını sübut edir. Məncə, biz bunu xalqa olduğu kimi çatdırmalıyıq, bu, daha faydalıdır. Yəni demək lazımdır ki, əgər gücümüzü göstərməsək, bu rejim xalqı tapdalayıb üstündən keçəcək.
– Hakimiyyətdə klanların mübarizəsinin gücləndiyi haqda da məlumatlar çoxalıb…
– Hökumət daxilində naxçıvanlı və ya ermənistanlı klanlarının ölüm-dirim mübarizəsi barədə nağıllara inanmaq sadəlövhlükdür. Nəinki ölüm-dirim, heç sadə mübarizə də yoxdur. Bu fantastik ideyalarla xalqı gözləmə mövqeyində saxlamaq lazım deyil.
– Sizə yaxınlığı ilə seçilən jurnalist Elnur Məhərrəmli bu yaxınlarda müsahibə verərək, sizi xəsislikdə ittiham etdi və bununla bağlı Yaqub Abbasova istinadən vaxtı ilə Elçibəyin sizin haqqınızda dediyi bir sitatı xatırlatdı. (Sitat: “Rəsul müəllimin yaxın qohumu və tərəfdarlarından olan Yaqub Abbasov rəhmətlik Elçibəyin onun haqqında bir sözünü tez-tez təkrarlayardı. Elçibəy şəxsən ona deyibmiş: ”Rəsuldan pul alacağınızı düşünürsünüzsə, böyük səhv edirsiniz. Rəsul pulu çuvala doldurub çiyninə atacaq, zınqıldada-zınqıldada gedəcək, siz isə düşəcəksiniz o səsin arxasınca. Amma heç vaxt pul görməyəcəksiniz”). Bu iddialar haradan qaynaqlanır?
-“Hansısa məqamda pulum olmaya bilər, ancaq fikirləşmirəm ki, xəsis olmuşam” Azərbaycanda hazırda 18 yaşından yuxarı 5 milyondan çox adam yaşayır. Yüzlərlə adam məni xəsislikdə və başqa çatışmayan cəhətlərdə ittiham edə bilər. İndi sizin fikrinizcə, mən onların hamısına cavab verməliyəm? Elçibəy rəhmətə gedib, ancaq onun mənim barəmdə belə bir söz dediyini eşitməmişdim. Bəlkə də deyib.
Hansısa məqamda pulum olmaya bilər, ancaq fikirləşmirəm ki, xəsis olmuşam. Hər halda, hansısa qonaqlıqda hesabı mən özüm vermişəm, nəinki digər adamlar. Güman edirəm ki, heç olmazsa bu axırıncı cümlədəki yumor anlaşıqlıdır.
– Son vaxtlar – ACP və siz özünüz fəallaşdıqdan sonra sizə qarşı bir sıra ittihamlar səslənib. Belə məlumatlar yayılır ki, Rəsul Quliyevi hakimiyyətdə dəstəkləyən qüvvələr var və bu, bir proyektdir. Bu iddialar barədə nə deyə bilərsiniz?
– Düzü, hakimiyyətdə elə bir ağıllı insan görmürəm ki, mən onun və ya onların proyektlərinin bir elementi olam. Əgər belə bir proyekt yaradıb məni də onun bir elementi ediblərsə, daha onlara ölüm yoxdur. Mən həmişə elə bilirdim ki, kimsə mənim proyektimdə iştirak edə bilər, tərsinə imiş. Mümkündürmü bilək, kimdir o proyektin müəllifi, heç olmazsa qəzet vasitəsilə “boss”umun kim olduğunu bilim. O ki qaldı hakimiyyətdə proyektsiz-filansız məni dəstəkləyənlərin olmasına, bəli, onların sayı kifayət qədərdir. Bu da təbiidir. Hökumətdə olanların da çoxu bu qeyri-qanuni, istənilən vaxtı qırıla biləcək yaşayış şəraitindən yorulublar. Onlar da insan kimi qorxusuz-ürküsüz yaşamaq istəyirlər. Qurd kimi ağız-ağıza yatmaqdan cana gəliblər. Və sözsüz, onlar da bilir ki, mən heç vaxt obyektivliyimi itirmərəm, qisas alan, baş kəsən deyiləm, insanlara normal yaşamaq üçün real şərait yaratmaqdan zövq alıram.
– Belə bir iddia, görüntü də var ki, ACP-yə əsasən Naxçıvandan olan şəxslər toplanır, bu iddia sizi narahat etmir ki?
– Mən belə düşünmürəm, daha doğrusu bunu ağ yalan hesab edirəm. Ancaq ACP-yə gələn bütün naxçıvanlılara dərin təşəkkürümü bildirirəm.
– Bəziləri deyir ki, Rəsul Quliyev bu dəfə də Azərbaycana qayıtmayacaq. Bu, sizdən asılı olan bir işdirmi? Yəni günlərin birində ümumi təyyarə reysi ilə Azərbaycana gəlməyiniz mümkün deyilmi?
“Bu dəfə lap quru yolla da olsa ölkəyə gəlməyə cəhd edəcəyəm”
– Məsələ ondadır ki, keçən dəfə mənim gəldiyim ümumi təyyarələri də Bakıya buraxmayacaqdılar, bu barədə məni xəbərdar etmişdilər. Bu dəfə lap quru yolla da olsa ölkəyə gəlməyə cəhd edəcəyəm.
– Bu yaxınlarda cəmiyyəti tənqid edən açıqlamanız oldu. Sizcə, ölkədə demokratiyanın olmamasında cəmiyyətin, xalqın da günahı varmı?
– Təsdiq olunmuş məsələdir ki, hər bir xalq özünə uyğun hökumət yaradır. Başqa sözlə, totalitar rejimləri bu rejimə qarşı mübarizə aparmaq istəməyən xalqlar yaradır. Xalqın qəhrəman və günahsız, hökumətin amansız, müxalifətin, demokratik qüvvələrin maymaq olması mümkün deyildir. Bunlar bir-birinə bağlı məsələdir.
– Son vaxtlar müxalifətin vahid namizəd məsələsi ətrafında müzakirələr gedir. Bu haqda sizin fikriniz nədir?
“Heç kimin tanımadığı neytral bir professor müxalifətin vahid namizədi ola bilməz”
– Bununla əlaqədar bizim hörmətli politoloqların da fikirləri ilə mətbuatdan tanış olmuşam. Bəziləri neytral, siyasi fəaliyyəti olmayan, hətta çoxlarının tanımadığı adamların vahid namizəd kimi irəli sürülməsi təklifini verirlər. Buna misal olaraq hətta Yuqoslaviya variantını – Koştunitsa nümunəsini göstərirlər. Onun da professor olmasını qeyd edirlər. Bu barədə hansısa şərhlər vermək niyyətim yoxdur. Çünki o dövrdəki Yuqoslaviya ilə indiki Azərbaycanı heç cür müqayisə etmək mümkün deyil. Üst-üstə düşən heç bir element də yoxdur. Cənab Koştunitsa da neytral, heç kimin tanımadığı professor deyildi. Bir sözlə, vahid namizəd məsələsinin müzakirə edilməsini mən çox qeyri-ciddi bir məsələ hesab edirəm. Hələ onun vaxtı yetişməyib. İkincisi, heç kimin tanımadığı neytral bir professor heç vaxt vahid namizəd ola bilməz. Və onu da bilmək lazımdır ki, müxalifətin vahid namizədinin belə bir şəxs olması üçün hökumət minlərlə qurbanlar kəsməyə hazırdır.
Elşad MƏMMƏDLİ
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!