Stalinin və Heydər Əliyevin yaratdığı rejimlər Azərbaycan xalqının mərdlik, qoçaqlıq, qeyrət, xeyirxahlıq genlərini məhv edərək, ondan rəzil, miskin və yetimlərdən ibarət kütlə formalaşdırmağa cəhd göstərdilər. Məkrli planlar qarşısında öz mənliyini tamamilə məhv olmaqdan qoruya bilən xalqımız Tanrının bütün maddi və mənəvi nemətlərindən zövq alaraq, xoşbəxt yaşayan digər xalqlarla bir sırada durmağa layiqdir.
Zaman və tarix qarşısında yaşamaq haqqı qazanmaq üçün imtahan veririk. Müəllim də, şagird də özümüzük. Ölkəni tale sınağından çıxarmaq bizim üzərimizə düşüb. Bütün Azərbaycan, hər birimiz sınağa çəkilmişik.
Vəzifəmiz xalqımızın əsrlərlə formalaşmış müsbət xüsusiyyətlərini qoruyub saxlamaq və inkişaf etdirməklə yanaşı, hər bir vətəndaşı azad və zəngin şəxsiyyət olan Azərbaycan yaratmaqdır.
Rəsul Quliyev
İnsanların xoşbəxtliyindən zövq ala bilməyən rəhbər xalqa yalnız faciə gətirir
Azərbaycan xalqına!
Yer kürəsində yaşayan insanların hər biri fərdi xüsusiyyətlərə malikdir. Eyni xasiyyətli, eyni xarakterli insanlar mövcud deyil. Hər kəs anadan olandan dünyasını dəyişənədək, cəmiyyətdə ümumi qanunlar çərçivəsində öz fərdi həyatını sürür və hər bir şəxsin tarix baxımından çox qısa ömründə xoşbəxt yaşayıb həyatın gözəlliklərindən zövq almaq hüququ var. Özünü “siyasətçi” adlandırıb cəmiyyətdə və dövlət idarəçiliyində müəyyən rəhbər vəzifə tutmağa çalışanların əsas məqsədi təmasda olduğu və rəhbərlik etdiyi vətəndaşların xoşbəxt yaşayışını təmin etmək olmalıdır. Belə bir işi həyata keçirmək üçün, ilk növbədə, başqalarının sevincindən, xoşbəxtliyindən sonsuz və təmənnasız daxili məmnunluq duymaq qabiliyyətinə malik olmaq lazımdır. “Əgər mən onun kimi yaşaya bilmirəmsə, deməli, onu öz səviyyəmə endirməliyəm” fəlsəfəsi insanı daxildən gəmirirsə, həmin rəhbər ətrafındakılara bədbəxtlikdən başqa heç bir şey verə bilməz.
Ən dəhşətlisi isə “başqalarının bədbəxtliyindən ləzzət almaq” fəlsəfəsi ilə mənəviyyatı zəhərlənmiş insanların cəmiyyətdə müəyyən bir mövqeyə çatmasıdır. Belələri müxtəlif müəlliflər tərəfindən bədii, fantastik əsərlərdə yaradılmış İblis obrazının həyatdakı prototipidir. Bu tip insanların hakimiyyəti ələ keçirməsi bütöv bir xalqın bədbəxtliklərinin, faciə və fəlakətlərinin uzunmüddətli davamına səbəb olur. Allah, İblisi özünə rəhbər seçmiş xalqlardan qısa müddətə olsa da üz döndərir, onları çətin həyat imtahanına çəkir. Lakin qətiyyətli mübarizə aparmadan, qurban vermədən, əziyyət çəkmədən İblisdən qurtulmağın qeyri-mümkünlüyü müqəddəs kitabların hamısında əks olunub.
Bu gün bir daha keçdiyim həyat yoluna nəzər salıram: fəhləlikdən parlament sədri vəzifəsinədək qalxdığım dövrdə konkret iş və yenilikləri öyrənmək üçün daimi mütaliə nəticəsində əldə etdiyim mühəndislik, idarəçilik, iqtisadçı və siyasətçi professionallığı ilə yanaşı, hər zaman daxilimdə başqalarının sevincindən, xoşbəxtliyindən zövq almaq hissi, fəlsəfəsi yaşayıb. Təcrübə ilə əldə edilməsi mümkün olmayan bu fəlsəfə, bu hiss Allahın insanlara verdiyi böyük bir qabiliyyət, keyfiyyətdir. Bütün ömrüm boyu ətrafımda olan insanların xoşbəxt yaşaması üçün əlimdən gələn hər şeyi etmişəm. Bəzən, birinin problemlərinə dayaq olub bədbəxtliyini aradan qaldırmasam belə, ona biganə də qalmamışam. Direktor olanda da fəhlələrlə pendir-çörək yemişəm, evlərində qonaq olmuşam. Əlbəttə, qanun-qaydaya əməl etməyənləri, nizam-intizamı pozanları qətiyyətlə cəzalandırmışam. Ümumiyyətlə, qanun pozuntularına qarşı həmişə barışmaz mövqedə olmuşam. Ancaq cəzalandırdıqlarımın, demək olar ki, heç biri məndən inciməyib, çünki buraxdıqları səhv dərinliyi ilə onlara izah olunub.
Fikrimcə, başqalarının əzab-əziyyəti üzərində özünün xoşbəxtlik fundamentini qurmaq cinayətdir. Normal insan ancaq başqalarının xoşbəxtliyinin bünövrəsində öz firavanlığını qurmalıdır.
Ümumiyyətlə, insanın öz həyatını xoşbəxt və nikbin qurması üçün çoxmu şey lazımdır? Vəzifə, puldurmu xoşbəxtliyin açarı? Mənalı ömür sürmək nə deməkdir? Axı, ömür ölçü vahidi deyil ki, onun etalonu olsun… Bu məsələ haqda fikirlərimi bir qədər açıqlamaq istəyirəm. Çünki əsas məqsədim Azərbaycan xalqını, ayrılıqda hər bir vətəndaşımızı mənalı, şərəfli, xoşbəxt bir ömürlə təmin edtmək ideyamı həyata keçirməkdir – başqa sözlə, ölkədə hər kəsin öz təhsili, bacarıq və qabiliyyəti, şəxsi keyfiyyətlərinə görə həyatdan ona çatacaq payı götürməsinə imkan verən şəraiti yaratmaqdır.
“Gələcək nəsillər naminə bu gün biz istənilən əzab-əziyyətə dözək” və ya “Bu dünyada əzabla yaşasaq, o dünyada bizim üçün yaxşı olacaq” şüarlarını qətiyyətlə rədd edir, xalqın başını belə şüarlarla tovlayanlara da nifrət edirəm. Çünki insan həyata bir dəfə gəlir, ona görə də bütün mənəvi və maddi nemətlərdən istifadə etmək şansına malik olmalı, gələcək nəsillərimiz üçün daha gözəl, daha zəngin baza yaratmalıdırlar.
Uzunmüddətli fəlsəfi-psixoloji analizlər göstərir ki, mənalı, xoşbəxt həyata yaşayışın yalnız bir komponenti ilə (məsələn, kifayət qədər pulun olması) nail olmaq mümkün deyil. Haram yolla pul mənimsəyən insanların normal pul qazanmaq mədəniyyətinin olmamaları bir, pul xərcləmək mədəniyyətinə malik olmamaları isə daha faciəli sosial bəladır.
Bu gün qumarxanalarda böyük pullarla qumar oynayanların hamısı haram pul mənimsəyənlərdir. Öz zəhmətiylə pul qazanmayanları hakimiyyətin heç bir pilləsinə buraxmaq olmaz. Bu insanların istəyindən asılı olmayaraq, mənəviyyatları, mentalları, ideologiyaları puçdur, dağıdıcıdır və cəmiyyəti mənəvi pozğunluğa sürükləyir. Şəxsin fiziki, professional, intellektual zəhmətinin pul şəklində maddiləşməsi onun həyatda özünütəsdiqi kimi ortaya çıxdığından, həmin adamda qürur hissi doğurduğu halda, haram pul, tutduğu vəzifədən asılı olmayaraq, insanlarda daimi qorxu, təşviş hissi yaradır, istər-istəməz onları anormal həyat tərzinə sürükləyir, dərindən anlamasalar da, əslində onları cılızlaşdırır və bədbəxtliyə yuvarladır.
Vətəndaşların normal yaşayışının əsas təminatı, ilk növbədə, onların qanunlar çərçivəsində tamamilə azad, sərbəst yaşaması, öz təşəbbüslərində müstəqil olmasıdır. Əgər ölkədə bu vacib şərt mövcud deyilsə, vətəndaşların, bütövlükdə xalqın ümumi xoşbəxtliyindən, xoş gələcəyindən, sabaha inamından danışmaq yersizdir. Azərbaycanın indiki başabəla rəhbərlərindən başqa, azad insanın asılı adamla müqayisədə, ən azı, iki dəfə artıq məhsuldar işləməsi nəzəriyyəsi dünyada hər bir şəxsə məlumdur.
Son illərdə respublikada qul psixologiyasının insanların həyat normasına çevrilməsi prosesi Azərbaycan xalqını əsrlərlə qazandığı müsbət adət-ənənələrdən təcrid etməklə yanaşı, vətəndaşların enerjisinin istənilən vaxt dağıdıcı bir qüvvəyə çevrilmək təhlükəsinə gətirib çıxarmışdır. Kölənin, qulun intiqamının daha amansız olduğunu yenidən sübut etməyə ehtiyac yoxdur. Bu gün Azərbaycanda aparılan siyasətin nəticəsində millətimizin dərin böhran keçirdiyini, deqradasiyaya uğradığını görməmək mümkünsüzdür.
Əgər şərti olaraq, 1985, 1993, 2001-ci illərdə azərbaycanlılar arasında aşağıdakı suallar əsasında sorğu aparılsaydı, göstərilən müvafiq cavabları almaq mümkün olardı:
1. Azərbaycanda dövlət məmurları rüşvət alırlarmı?
– 1985-ci ildə 30%, 1993-cü ildə 15%, 2001-ci ildə 0% “yox” cavabını verərdi.
2. Azərbaycan məhkəmələri ədalətlidirmi?
– 1985-ci ildə 40%, 1993-cü ildə 20%, 2001-ci ildə 0% yenə “yox” cavabını verərdi.
3. Azərbaycanda insan hüquqlarını müdafiə edən dövlət orqanları varmı?
– 1985-ci ildə 30%, 1993-cü ildə 15%, 2001-ci ildə 0% “yox” cavabını verərdi…
Qısa bir müddətdə pessimist əhval-ruhiyyənin bu səviyyədə düşməsi, inamın itirilməsi istənilən xalq üçün faciədir.
Bu gün ali məktəblərdə oxuyan gənclərə “Universitetdən sonra Azərbaycanda iş tapmağa, normal işləməyə ümidin varmı?” sualı ilə müraciət olunsa, 99 faizi bu məsələni rüşvətsiz, bir klanın dəstəyi olmadan həyata keçirməyin qeyri-mümkün olduğunu söyləyəcək. Gənclər öz xarakterlərinə görə optimist olurlar. Gənclərin belə bir pessimist əhval-ruhiyyədə olması xalqın mənəviyyatına qarşı aparılan əxlaqsız siyasətin hansı səviyyədə olduğunu göstərir.
Zəhmətlə qazanılmış pul, var-dövlət vətəndaşların azadlığının, müstəqilliyinin qarantı, ölkənin inkişafının əsas şərtidir. Ona görə vətəndaşları kasıb olan ölkədə demokratiya heç vaxt tam qələbə çala bilməz. Vətəndaşların varlı olması ölkədə keçiriləcək iqtisadi reformalarla birbaşa bağlıdır. İqtisadi reformaların əbədiliyi isə siyasi reformalardan keçir. Ölkədə elə bir şərait yaradılmalıdır ki, hər bir şəxs nəinki idarəçilikdə iştirak etmək imkanına malik olsun, həmçinin özünü dövlət institutlarının birbaşa yaradıcısı kimi hiss etsin.
“Diktatorla Üz-Üzə” Kitabından
Ardı Var
ABŞ-ın məşhur senatoru, Respublikaçı Con Makkeyn Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində deyib ki,B.Obama Amerikanın Lider dövlət olduguna inanmır və eyni zamanda B.Əsədin indiyə kimi devrilməməsinin səbəbini də onda görür.Həmçinin Con Makkeyn bildirib ki,Respublikaçıların prezidentliyə namizədi Mitt Romni bu məsələnin həllində Türkiyənin mövqeyinə daha yaxındır və Türkiyə ilə yaxından əməkdaşlığa hazırdır”.
Mən elə düşünürəm ki,B.Obama ikinci dəfə prezident seçilsə mütləq demokratiyanın bütün dünyada bərpası üçün var qüvvəsi ilə həyata keçirəcək.Çünki heç kim istəməzki başladıgı iş kiminsə adına yazılsın.Həm də o prinsipial şəxsdir,və inanıram ki,Azərbaycanda da demokratiya bərpa olacaq.
Blog sahibini və iştirakçılarını salamlayıram!
Korrupsioner rəhbərlər indiyə qədər məmurlara deyilirdi ki, al,narahat olma,az faizini həmin məmura verirdi.
İndi məmura dedilər ki, vəziyyətimiz yaxşı deyil, ehtiyyatlı ol alanda, nəzarət güclənib.