“Milli Şuranın vahid namizədini müəyyənləşdirməsi uzun və qaranlıq tunelin axırında şam işığına bənzər bir işartının yaranmasına səbəb olub”
– Heç kim sizin Azərbaycana dönmək istədiyinizə şübhə etmir, ancaq məsələ burasındadır ki, bunu sadəcə bir sıravi mühacir yox, prezidentliyə iddialı şəxs istəyirsə, o hətta tarana da getməyə hazır olmalıdır.
– Siyasət mümkün olanı həyata keçirmək sənətidir. Əgər mənim ölkəyə qayıtmağıma imkan verilmirlərsə, bunu necə edə bilərəm? Tarana getmək, özünü ölümün ağzına atmaq, intihar etmək və s. kimi yollar sizə doğru yol kimi görünə bilər. Ancaq mənim gəldiyim istənilən təyyarəni Azərbaycan aeropotllarının heç birinə buraxmırlar. Fərqi yoxdur, istər çarter olsun, istərsə də başqa kompaniyaların uçaqları. O təyyarələri ya RF-na, ya Gürcüstana ya da Ermənistana göndərəcəklər. Necə ki, 2005-ci ildə belə etmək istəyirdilər. Mən həmin ölkələrdən dağlarla sərhədi keçib, Azərbaycana daxil olmalıyam. Ümumiyyətlə, mənim onların ölkələrindən Azərbaycana getməməyim şərti ilə ora getməyimə icazə verirlər. Ölkədə mövcud olan anti-demokratik rejimə qarşı qələbə qazanmaq amalıyla yola çıxmışam və qələbəni uğrunda əlimdən gələni etməyə çalışıram. Bu qələbə yalnız mənim fədakarlığımla, mübarizə əzmimlə əldə edilə bilməz. Bu gün bütün Azərbaycan ictimaiyyəti bu rejimin dəyişilməsini istəyir, amma hamı fədakarlığı başqa ünvanlarda axtarır. Gah xarici dəstəyə, gah xaricdə yaşayan “ağ atlı oğlan”a inanır. Bu cür inanclar realist fundamentə əsaslanmır. Ağ atlı oğlanlar yalnız nağıllarda olur. Azərbaycan xalqının hər bir vətəndaşı bu əsatirlərdən qurtulub ağ atlı oğlan qismində başqasını yox, özünü görməyənə qədər rejim üzərində qələbə çalmaq da mümkün olmayacaq. Heç kim bu mübarizə üçün əlindən gələni əsirgəməməlidir.
– Milli Şuranın ikinci namizədinin olmasına qarşı çıxmağınız nəylə bağlıdır?
– Mən axı nə demişəm? Vahid namizəd məsələsinə qarşı atılacaq addımın mümkün təhlükələrindən danışmışam. Bunu demədən səhv addımımızı düzəldə bilmərik. İstənilən bir işin düzgün nəticə verməsi üçün mütləq polemikalar aparılmalıdır. Bir sıra adamlar var ki, onların məqsədi müxalifətin ümumi işini pozmaqdır. Onların bu dağıdıcı fəaliyyətlərinə qarşı heç nə deməsək də bir bəhanə tapıb, mütləq öz missiyalarını yerinə yetirəcəklər. Belə dağıdıcı qüvvələrdən nə qədər tez aralansaq o qədər faydalı ola bilər. Bu mənada məsələlərin gündəmə gətirilməsində hələ gecikdiyimizi düşünürəm. Bir məsələni biz dərindən anlamalıyıq. Milli Şuranın vahid namizədini müəyyənləşdirməsi uzun və qara tunelin axırında şam işığına bənzər bir işartının yaranmasına səbəb olub. Bu zəif şam işığını üfürüb söndürmək istəyirlər. Bununla da Azərbaycan xalqının taleyini söndürmək istəyirlər . Düşünürəm ki, gərək bir qədər də kəskin söyləməli idim. Başa düşmək lazımdır, söhbət nə İsa Qəmbərin, nə də onun ətrafındakıların taleyindən getmir. Bir insan kimi mənim onlara heç bir pritenziyam yoxdur. Bu xalqı rejim ələ salır, ikrahla baxır, adam yerinə qoymur, bu tərəfdən də müxalifət düşərgəsindən kimlərsə belə davam etməsinə şərait yaradır. Məgər bununla barışmaq olarmı? 20 ildir ki, hakimiyyəti ittiham edirik, sual verilməlidir ki, bəs bu illər ərzində biz nə etmişik? Belə bir vəziyyətdə yumruq kimi birləşmək lazımdır.
– Arif Hacılı sizi mafioz adlandırıb və AXC hakimiyyəti dövründə çoxlarının sizi elə bu cür tanıdığını iddia edib. Təkrar olsa da lütfən cavab verin, sizin baş nazirin müavinliyə gedən yolunuzda kimlər maneə olub, kimlər sizə dəstək verib? Ümumiyyətlə, İsa Qəmbərlə həmin dövrdə əlaqələriniz hansı səviyyədə olub?
– Məsələ ondadır ki, mən bu bəylərdən fərqli olaraq heç vaxt öz karyeramdan ötrü heç kimlə danışıq aparmamışam. Mən öz gücümə inanan adamam, heç vaxt vəzifə naminə kiməsə yol axtarmaq barədə düşünmərəm. H.Əliyev, K.Bağırov, Ə.Vəzirov, A.Mütəllibov, Ə .Elçibəy və yenidən H.Əliyevlə heç vaxt vəzifə barədə söhbət etməmişəm. Mən Neft Kompaniyasına vitse prezident təyin olmağımı radiodan eşitmişəm, heç kim məndən hətta soruşmayıb da. Bir neçə gün heç gedib o kabinetdə də oturmamışam. Sonra deyəsən, S.Bağırov zəng edib, “niyə gedib, kabinetində oturmursan”, deyə soruşdu. Mən ondan soruşdum ki, mənim rəyimi öyrənmədən məni bi vəzifəyə kim təyin edib? O, da mənə cavab verib ki, bunu prezidentdən soruş.
Baş nazirin müavini vəzifəsinə təyinatıma gəlincə, Pənah Hüseynov mənə zəng edərək bildirdi ki, bu vəzifəyə təsdiq olunmağım üçün parlamentə getməliyəm. Ona cavab verdim ki, “nə baş nazirin müavini?”, o isə qayıtdı ki, artıq prezident bununla bağlı təqdimat göndərib. Bundan sonra İsa Qəmbərlə Milli Məclisdə görüşdüm, o dedi ki, bəy, deputatlarla ayrı-ayrılıqda söhbət etmək lazımdır ki, sizə səs versinlər. Mən isə buna etiraz olaraq söylədim ki, heç bir deputatla heç bir danışıq aparmaycam, bu mənə lazım deyil. Təsdiqləyirlərsə təsdiqləsinlər, istəmirlərsə özləri bilər. Səhərisi günü mənim vəzifəyə təyin olunmağımla bağlı təqdimatımı oxudular. Mən tribunaya çıxaraq, dedim ki, kimin sualı varsa verə bilər, heç kim sual vermədi. Bununla da səsə qoydular və təsdiqləndim. Oradan bibaşa kabinetimə gəldim və həmin andan işləməyə başladım. Eyni proses Milli Məclisə sədr seçiləndə də təkrarlandı.
– İsgəndər Həmidov Moderator.az saytına deyib ki, Arif Hacılı yalan deyir, Rəsul Quliyevlə bağlı o vaxt kimsə cinayət işi qaldırmaq niyyətində olmayıb, ancaq o vaxt onun rəhbərlik etdiyi zavodda bəzi qanunsuzluqlar üzə çıxsa da konkret olaraq Rəsul Quliyevin adı bu məsələdə keçmirdi. Sirr deyilsə zavodda nə baş vermişdi?
– Zavodda heç bir şey baş verməmişdi, camaat orta səviyyədən azı iki dəfə yaxşı yaşayırdı. Sadəcə olaraq, mənim artan nüfuzum E.Məmmədovla dostluq əlaqələrim və H.Əliyevlə yaxınlığım bəzi adamları təşvişə salmışdı.Ümumiyyətlə, mən işlədiyim yerlərdə heç vaxt heç nə baş verə bilməz, çünki heç vaxt rüşvət almaq və ya çirkin yolla pul qazanmaqla məşğul olmamışam,daha doğrusu istəsəm də bacarmaram. Ancaq biz azərbaycanlıların mentalı bir qədər fərqlidir. Məsələn, əgər sən işçilərə paylamaq üçün mebellər alıb gətirirsənsə gör bu işdən nə qədər pul qazanıb ki, belə bir iş görüb düşünürlər. Əgər kimlərisə müalicəyə və ya xaricdə oxumağa göndərib milyon dollarla pul xərcləyirsənsə gör pulu nə qədərdir ki, belə şeylərə pul səpələyir deyirlər. Ona görə də öz işçiləri üçün heç bir iş görməyən korrupsiya və rüşvətlə məşğul olan direktorların barəsində heç bir şey demirlər.
– Rüstəm İbrahimbəyovun namizədliyinə verilən beynəlxalq dəstək Sizcə yetərlidirmi?
– Mən həmişə demişəm, yenə də təkrar edirəm. Hər bir millət öz taleyini özü həll etməlidir. Xarici qüvvələr sadəcə ölkə əhalisinin iradəsiylə hesablaşa bilərlər və hesablaşmamaları da mümkün deyil. Odur ki, Rüstəm İbrahimbəyovun beynəlxalq dəstək alacağına inanıb mübarizədən soyumaq və ya xarici faktorlara arxayın olmaq doğru deyil.
– ACP rəhbərliyinin fəaliyyəti Sizi qane edirmi?
– Bu gün Azərbaycan siyasi həyatında anti-demokratik rejim mövcuddursa, deməli demokratik qüvvələr kifayət qədər güclü deyillər. Mövcud vəziyyətin yaranmasında heç kimin fəaliyyəti qənaətbəxş deyil, o cümlədən ACP-nin də. Lakin bütün partiyalar mövcud reallığa uyğun hərəkət edirlər. Ölkədəki reallıq bizə nə qədər mübarizə imkanı verirsə o qədər mübarizə aparırıq. ACP də bu mübarizənin önündə olan partiyalardandır. Buna baxmayaraq biz öz fəaliyyətimizlə razılaşa bilmərik, daha əzmlə çalışmalıyıq.
– Xalqı meydanlara çıxarmaq üçün liderlər nə etməlidirlər?
– Liderlər ilk öncə mübarizə aparıb aparmamaq istəklərini müəyyənləşdirməlidirlər. Daha sonra mübarizənin ümumi metodlarını təyin etməli, bunu qəbul edənlərlə fəaliyyətə başlamalıdırlar. Kiminsə ümumi prinsiplərə əməl etmək istəyi yoxdursa, o dərhal strukturdan uzaqlaşdırlmalıdır. Bütün bunlardan sonra xalqın ayağına gedib, ölkəni gözləyən təhlükə haqqında onu məlumatlandırmalı və ümumxalq mübarizəsinə başlamalıdır. Bunu birdəfəlik yadda saxlamaq lazımdır ki, Azərbaycandakı proseslər seçki yoluyla həll edilməyəcək. Seçkiyə sadəcə təşkilatlanma fürsəti kimi baxılmalıdır. Yoxsa bütün hesablarını seçkilərdə qələbə çalmağa indeksləsək, xəyal qırıqlığına uğraya bilərik.
– Hakimiyyət Avropa Parlamentinin və ATƏT Parlament Assambleyasının seçkilərin monitorinqindən imtinasını sevinclə qarşılasalar da bəzi politoloqlar bunun inqilabın əlaməti olduğunu iddia edirlər. Yəni oktyabrda seçki yox, inqilab olacağı ehtimalı daha çoxdur. Bu ehtimalı paylaşırsınızmı?
– Fikrimcə, AP-nin monitorinqdən imtina etməsi onun ölkədə seçkilərin keçirilməyəcəyinə inanmalarından irəli gəlir. Hakimiyyətin indiyə qədər atdığı addımlar onların bu qənaətə gəlməsinə səbəb olub. Təsəvvür edin ki, bir tərəfdən müxalif qüvvələr həbs olunur, onlar müxtəlif repressiyalara məruz qalırlar, bir tərəfdənsə hakimiyyətin özü belə İlham Əliyevin seçki kampaniyası aparmayacağını bildirir. Bu etiraf hakimiyyətin seçkiləri saxtalaşdıracağına eyhamlarıdır. O zaman sual yaranır-seçki keçirilməyəcəksə, səsvermənin nəticələri saxtalaşdırılacaqsa və bu açıq şəkildə bəyan olunursa nəyin monitorinqi aparılmalıdır?
Bir sözlə, bu imtinalar Avropa təşkilatlarının Azərbaycan xalqına göndərdiyi mesajdır. Aydın şəkildə “mənə bel bağlayıb yatma, qəflət yuxusundan oyan, taleyini özün həll edə bilərsən” deməkdir. Biz sənin yanında olacağıq ,qorxma deməkdir.
– Sizcə loru dildə desək, Vaşinqtonda və Moskvada İlham Əliyevin “qələmi sındırılıbmı”, yoxsa Azərbaycan mətbuatında dövriyyəyə buraxılan bu tip məlumatlar iz azdırmaqdır?
– Dünya tarixində hansısa ölkəni işğal etmədən prezidentinin “qələmini sındırmaq” heç vaxt olmayıb. Sözsüz ki, ABŞ İlham Əliyev rejimindən bir neçə səbəbdən narazıdır. Birincisi, insan haqlarını kobudcasına pozduğuna görə başı daim qalmaqaldadır. Siz gərək ölkələrin prezidentlərinə münasibətdə Ağ Evlə konqresin müxtəlif münasibətləri olduğunu gərək biləsiniz. İkincisi, korrupsiya və rüşvətlə ildə bir neçə milyard qara pulun yuyulması dünya iqtisadi sistemini pozur, üçüncüsü, bizim hökümət siyasəti öz şəxsi maraqları üzərində qurur, bu isə çox vaxt ABŞ-ın siyasəti ilə uzlaşmır.
RF-sı isə başqa səbəblərdən bu rejimdən narazıdır. Birincisi, Azərbaycanın RF–nı enerji resurslarına yaxın qoymaması onları əsəbləşdirir, ona görə yox ki, nə isə mənfəət əldə etmək istəyirlər, sadəcə olaraq Azərbaycanı istədiyi vaxt yerinə oturda biləcək açarı itirirlər. İkincisi, korrupsiya və rüşvətdən oğurladığı pulları türk, ərəb və Qərb ölkələrindəki insanlarla edirlər, ona görə də nəzarət açarlarını itiriblər. Üçüncüsü, hərbi sövdələşmələri əlbəttə böyük rüşvət almaqla RF ilə yox, İsraillə aparırlar. ABŞ-la əlaqələrini nizamlamaq şansı yoxdur. RF ilə onun xeyrinə, Azərbaycanın ziyanına bütün sahələrdə çoxmilyardlıq kontraktlar bağlamaqla əlaqələri nizamlamağa çalışacaq.
Ancaq hamı bilməlidir ki, azərbaycanlıların ilk aktiv hərəkatı həm ABŞ, həm də RF-nın Əliyev rejimindən təcili üz döndərməsi ilə qurtaracaq
Ona görə də bir daha təkrar edirəm ki, Azərbaycan xalqı yalnız özünə güvənməlidir.
– Putinin Azərbaycana səfəri gözlənilir, Sizcə rəsmi Bakıyla bazarlıq alınacaqmı?
-Bu gün İlham Əliyevin apardığı siyasət Azərbaycan hakimyyətini çıxılmaz dalana sürükləyib. Mövcud hakimiyyət korrupsiyayla, rüşvətlə, kürü diplomatiyasıyla indiyə qədər öz quyruğunu sudan çıxara bilirdi. Səbəb dünya dövlətlərinin Azərbaycan hakimiyyətinin ağıllanacağına, ölkədə islahatlar aparacağına inanışlarından irəli gəlirdi. İndi bu ümidlər tamamilə puç olub. İstər Rusiyada, istərsə də Avropada və Amerikada. Artıq xarici partnyorlar bizim siyasi hakimiyyətdən konkret mövqe ortaya qoymalarını tələb edirlər. Azərbaycan isə bu mövqeni qoya bilmir. Çünki mandatını xalqdan almayıb, xarici havadarları hesabına hakimiyyətə gəlib və öz postunu qoruyur. Xarici havadarlar isə müxtəlifdir və hər birinin öz milli maraqları var. Hakimiyyət hansının yanında dayansa, digər tərəfi öz qarşısına alır. Özünün xalq arasında nüfuzu olmadığına görə onlara müstəqil siyasət aparacağını demək qüdrətində də deyil. Yeganə güvəndiyi məsələ xaricilərə rüşvət verərək postunu qorumaqdır. İndi isə bu cür vəziyyətdən çıxma metodları keçmir. Güclü dövlətlərin milli maraqları var. Bu maraqları rüşvətlə ala bilmərsən. Konkret mövqe ortaya qoymalısan. Azərbaycan iqtidarında isə bu cür siyasi iradə yoxdur. Onu da anlamaq lazımdır ki, Putin 2003-cü ildəki Putin deyil və bu rejimlə uzun və uğurlu yol gedəcəyinə inana bilməz.
– Demisiniz ki, ən böyük səhviniz 1996-cı ildə spikerlikdən istefa verməyiniz və 2003-cü ildə İsa Qəmbəri dəstəkləməyiniz olub. İstefa verməsəydiniz bu hakimiyyətin cinayətlərinə şərik olmadan başqa nəyə gücünüz çatacaqdı? Heydər Əliyevin istefasına nail olmaq, onu hansısa yolla devirmək imkanınız vardımı? İkincisi, İsa Qəmbəri yox, Etibar Məmmədovu dəstəkləməklə nə dəyişəcəkdi?
-İstənilən ölkənin demokratikləşməsi üçün müxtəlif siyasi iradələrin mövcudluğu və bir-biriylə rəqabəti şərtdir. Mənim spiker olduğum zamanları xatırlayanlar yaxşı bilirlər ki, öz iradəmə tabe idim və mövqeyimi açıq şəkildə dilə gətirirdim. İndiyə qədər Azərbaycanda az-çox demokratiyaya uyğun nəsə varsa, mənim zamanımda qəbul olunan demokratik qanunların sayəsindədir. Hər halda mənim spiker olduğum ölkədə heç kəs at oynada bilməzdi. Qarşıma məqsəd qoysaydım, onu 1995-ci ilin ortalarındada istefaya getməyə məcbur edərdim. Bu haqda dəfələrlə danışdığımdan eyni sözləri təkrarlamaq istəmirəm. İsa Qəmbəri yox, Etibar Məmmədovu dəstəkləsəydim nə dəyişəcəyinə gəlincə, siyasətçilik falçılıq deyil. Etibar Məmmədovun xalqın etimadını doğrulda bilib-bilməyəcəyini demək üçün o hadisənin yaşanmış olması lazımdır. Bir hadisə ki, hələ yaşanmayıb, onun haqqında fikir ifadə etmək əbəsdir. Ancaq mən əminəm ki, Etibar Məmmədov heç vaxt Məhərrəm Əliyevin sözü ilə evinə gedib, çay içməzdi.
– Nəhayət Sizi bezdirən sonuncu sual, Azərbaycanda tərəfdarlarınız Sizi nə vaxt gözləsin? İstənilən halda bu il ölkəyə dönəcəksinizmi?
– Elə bilirəm, mən bu suala cavab verdim.
Xalqın Sizin kimi liderə çox ehtiyacı var,Rəsul müəllim.Güclü siyasi iradə,təcrübə,və ən vacibi isə xalqını sevmə – bu keyfiyyətlər məhz Sizdə birləşir.