3-cü epizod
İranın Sari şəhəri, Ağa Məhəmməd şah Qacarın iqamətgahı, 1794-cü il…
İçərisi xalçalarla döşənmiş, divarları ipək parça ilə örtülmüş, kifayət qədər böyük və boş otaq… Küncdə bir neçə Təbriz xalçasının üstünə qoyulmuş, zərif Çin ipəyi ilə işlənmiş qalın yorğanın üzərində oturub mütəkkəyə söykənmiş Ağa Məhəmməd dərin fikrə getmişdi… Qulluqçular gözəl bilirdilər ki, bu anlarında onu qəti surətdə narahat etmək olmaz. Onu da bilirdilər ki, əgər o, əlini qaldıran andaca kimsə içəri girməzsə, vəziyyət onlar üçün çox acınacaqlı olacaq. Çünki indiyədək ağalarının qəzəbindən salamat qurtaran olmamışdı. Həm onun gözünə görünməmək, ancaq eyni zamanda, həm də onun edəcəyi hərəkətləri izləmək çox çətin məsələlərdən sayılırdı.
İçəri otaqların birində gözlərindən yorğunluq tökülən adam artıq iki saata yaxın idi ki, oturub gözləyirdi. Uzaq yoldan gəldiyi saqqalına qonmuş toz-torpaqdan dərhalca sezilirdi. Qulluqçu su və ləyən gətirib ona əl-üzünü yumağı təklif etsə də, qəbul etməmişdi. Bəlkə də şaha necə əziyyətlərə düçar olduğunu və sadiqliyini xarici görkəmi ilə göstərmək istəyirdi.
Şah əlini qaldıran kimi, qulluqçu yarıbükülü vəziyyətdə onun qabağına yüyürdü.
– Gələn qonağı yanıma gətir!
– Baş üstə, ağa, – deyən qulluqçu elə yarıbükülü vəziyyətdə və arxasını Ağa Məhəmməd şaha çevirmədən, dalı-dalı otaqdan çıxdı.
Qonaq otağa girən kimi, qapının ağzında üzüüstə yerə sərildi, bir neçə saniyədən sonra iməkləyə-iməkləyə şaha yaxınlaşıb, əlini öpdü.
– Saxla bu məzhəkəni, Yeqan məlik, öpdün əlimi, bəsdir… Danış, görüm, nə xəbərlə gəlmisən?!
– Şah sağ olsun, bədbəxtlik bizim üstümüzü alıb, sənin İranın mütləq hakimi olmağın İbrahimxəlil xanın kürkünə birə salıb.Vətəni ruslara satır…
Ağa Məhəmməd onun sözünü yarımçıq kəsdi:
– Yeqan Məlik, tələsmədən və həyəcansız bildiklərini olduğu kimi danış!
Yeqan udqunub, dedi:
– Şah sağ olsun, 1779-cu ildən mən sənə xidmət edirəm. Bilirsən ki, İbrahimxəlil xan Qarabağ məliklərinin fitvası ilə tək Qarabağı yox, İrəvan, Naxçıvan, Talış, Gəncə, Bakı, Quba, nə deyim axı, Qafqazdakı bütün xanlıqları Rusiyanın tərəfinə keçməyə dilə tuturdu. Özünün ağlı o qədər də iti deyil, onu bu düşmən məliklər yoldan çıxarırlar…
-Yeqan, sən özün də məliklərdən birisən, qayıdanda harada olduğunu bilsələr, səni öldürəcəklər, – şah dirsəkləndiyi yastıqdan azacıq aralandı.
Yeqan dedi:
– Şahım, məliklər İbrahimxəlil xan kimi ağılsız deyillər, onlar səndən qorxurlar. Məni özləri göndəriblər ki, onların sənə sədaqətli olduqlarını çatdırım. Ancaq əlaltdan Rusiya ilə də iş aparırlar. Məni narahat edən son vaxtlar İbrahimxəlil xanın fəallığıdır. O, xanlarla bir neçə dəfə görüşüb. Qubalı Fətəli xan ondan da çox rusları istəyir. Hələ tam razılıq verməsələr də, o biri xanların da ürəyindən ona qoşulmaq keçir. Ruslar bunlara tam müstəqillik və İrandan müdafiə vəd ediblər. Ona görə də belə canfəşanlıq edirlər. Bu günlərdə İbrahimxəlil xan oğlunu rus qoşunlarını Qarabağa çağıran məktubla Peterburqa – çarın yanına göndərib. Eşitdiyimə görə, Quba xanı da belə bir addım atıb. Camaat səni gözləyir… Gözləyir ki, sən gəlib bu əzazil xanların dərsini verəcəksən. Geciksən, qorxuram ki, ruslar sizi qabaqlaya. Qarabağda yaşayan ermənilər qonşuları türklərlə eyni həyatı yaşayırlar, hamısının da ümidi sənədir. Ruslar İran və Osmanlıda yaşayan ermənilərə pul verib, çox şeylər vəd etsələr də bura köçənlərin sayı lap azdır. Bu məlikləri sadə ermənilərlə eyniləşdirmək olmaz. Onlar buralara köçməmişdən qabaqlar da varlıydılar. Ruslar onlara ya Qarabağda, ya da İrəvan zonasında erməni dövləti yaratmağı söz veriblər. Onların müsəlman dinini qəbul etməsi də oyundur. Rusun ayağı bu torpaqlara dəyən kimi, yenidən çevrilib xristian olacaqlar. Şah sağ olsun, tələsmək lazımdır, Qafqaz əldən gedəcək…
Ağa Məhəmməd yenə Yeqanın sözünü kəsdi:
– Qorxma, məlik Yeqan, Qafqaz İranındır, İranın da olacaq. Orada – şimali-qərbdə bu Qarabağdan da iki dəfə kiçik bir torpaqda dövlət yaradıblar, şah da seçiblər, Kartli-Kaxetiya adlandırıblar özlərini… Hətta ruslarla müqavilə də bağlayıblar, baxarıq, axırı nə olacaq! Sən qayıdırsan Qarabağa…
Yeqan şahın tapşırıqlarını daha yaxşı dinlədiyini göstərmək üçün gözlərini Ağa Məhəmmədin ağzına dikmiş, sanki, baxışlarıyla hər kəlməni tutmaq istəyirdi. Şah isə davam edirdi:
– Bir neçə gündən sonra ora 2-3 adam göndərəcəm. Onlar səni tapacaqlar. İbrahim xanın, məliklərin hər addımını izlə, həftədə bir dəfə gələnlərdən biri səninlə görüşəcək, yeni xəbərləri onun vasitəsiylə mənə çatdırarsan. Xəzinədara tapşırmışam, sənə pul verəcək – özü də qızıl sikkələr. O xanların yaxınlarının arasında göz-qulağın olsun! Həm də o Kartli adlandırılanların arsından da ruslara yaxın adamlar tap. Pulu bu işlərə xərclə, çatmasa, xəbər göndərərsən.
Yeqan təzim etdi:
– Baş üstə, şahım!
Ağa Məhəmmədin əli qalxdı:
– İsmayıl ağa gəlsin!
Bir neçə saniyəyə otağa hərbçi geyimində yekəpər birisi girib üzüüstə yerə sərildi:
– Ayağa qalx, mərasimə vaxtım yoxdu! Mənə 70 faizi vaxtilə Qafqazın şimali-qərbində yaşayan xristianlardan İrana qul kimi gətirdiklərimiz arasından və 30 faiz turkmən və əfqanlardan ibarət 50 minlik qoşun lazımdır. Toplamaq üçün nə qədər vaxt tələb olunur?!
– Şahım, baxır nə məqsədə qoşun lazımdır – 3 aydan tutmuş, 1 ilə qədər… Əgər Osmanlılarla vuruşacağıqsa 1 il, yox öz torpaqlarımıza – Qafqaza yürüş edəcəyiksə, 3-6 ay lazımdır, – İsmayıl ağa dedi.
Ağa Məhəmməd şah:
– Sənə 4 ay vaxt verirəm. Turkmənlər ordunun aparıcı süvari hissəsi olmalıdır. Onlar döyüşün axırında məsələyə qarışacaqlar, qələbəyə nöqtə vurmaq üçün. Əsl döyüş atlarının seçilməsinə də xüsusi diqqət yetir…
– Baş üstə, şahım! – İsmayıl ağa çıxdı.
– Vəzir gəlsin!
Vəzirin də o vaxtkı qaydalara uyğun şahı salamlama mərasimini yarımçıq kəsən Qacar:
– Vəzir, birincisi, bu gündən etibarən, Araz çayını bir erməni də keçməməlidir! İkincisi, Naxçıvan, İrəvan və Qarabağda nə qədər erməni yaşadığını müəyyənləşdir! Onlardan neçəsi müsəlman, nəçəsi xristiandır – öyrən! Lazım olan anda, əmrimlə onların hamısı həmin regiondan köçürüləcəklər! Müqavimət göstərənlər öldürülməlidir! 2 ay vaxt verirəm! Aydındır?!
– Aydındır, şahım, – vəzir dərhal cavab verdi.
***
Şimala doğru irəliləyən Ağa Məhəmməd şah Qacarın qoşununun Tiflis şəhərinə çatmasına bir gündən də az vaxt qalırdı. Şahın bərli-bəzəkli faytonu qoşunun ortasında gedirdi. Sağ, sol, ön və arxadan 24 atlı ilə müşayiət edilən faytonun içərisində xalçanın üstündə oturub mütəkkəyə söykənmiş şahın xəyalı onu yenidən uzaqlara aparmışdı…
Uşaq olarkən, axtalanması səhnəsini heç vaxt yadından çıxarda bilmirdi. İti biçağın ağrıdan daha çox yaratdığı qeyri-adi gizilti hissini hər dəfə bu hadisə yadına düşdükcə, yenidən yaşayırdı. Həmin xatirə həmişə onu, az qala, dəli olmaq həddinə çatdırırdı. Zəndilər sülaləsindən və onların yaxınlarından 30 mindən çox adam qətlə yetirilsə də, Adil şahın qohum-əqrabası asdırılsa da, hələ də onun qəzəbini soyuda bilməmişdi. Axtalanmasına baxmayaraq, o, hələ 16 yaşında nəslinin lideri kimi qəbul olundu. Aldığı dərin savadı, mükəmməl bilikləri və təbii xarizması bu axta adamın lider olmasına mane ola bilmədi. Şərqdə uşaqları şahların, varlı adamların hərəmxanalarında qulluqçu işlətmək üçün axtalayırdılar. Onların statusu cəmiyyətdə yarımadam kimi qiymətləndirilirdi. Adil şah Qacarların nəslindən olan bütün cavan uşaqları axtalatdırmaq istəyirdi, ancaq Ağa Məhəmməddən başqa, heç kimi ələ keçirə bilməmişdi. Ağa Məhəmməd də nəslinin lideri seçilən kimi, Zəndilər sülaləsinə qarşı müharibəyə başladı.
Onu 1762-ci ildə ələ keçirmişdilər. Şah Kərim xanın əmri ilə o, zindana atıldı. 16 il zindan həyatı yaşayan Ağa Məhəmməd elə zindandaca qədim filosofların yazdıqları kitabların çoxu ilə tanış oldu. Zindanda olduğu 16 ilin bir gününü də o, qaçmaq fikrindən daşınmadı və nəhayət, 1779-cu ildə bu istəyini həyata keçirdi. Kərim xanın idarəçilik metodları İranda vətəndaş müharibəsinə gətirib çıxarmışdı və ölkə artıq bir neçə hissəyə parçalanmışdı. Əfqan-türkmən zonasında Qacarlar öz şahlığını yaratmışdılar və Ağa Məhəmməd şah Qacar Sari şəhərini paytaxt elan edib, iqamətgahını ora köçürdü.
Zəndilərə qarşı müharibə aparan Qacar, nəhayət, Lütfəli Zəndi əsir götürməklə, bu sülalənin şahlığına xitam verdi. İranın Fars körfəzindən tutmuş, Dağıstana qədər torpaqları yenidən birləşdi. Ətrafındakılar 1794-cü ildə ona özünü şahənşah elan etməyi hər görüşlərində deyirdilər. Ağa Məhəmməd isə onların bu canfəşanlıqlarına heç bir cavab vermirdi. Çoxlarının şaha xoş gəlib nə isə qopartmaq və ya yerini möhkəmlədirmək xatirinə yaltaqlıq etdiyini, səmimi olmadıqlarını yaxşı bilirdi. Arada qəzəblənib bir neçəsini asdırmaq istəyirdi, ancaq sonda “Lənət şeytana!” deyib, fikrindən daşınmışdı. Nəhayət, bir gün o, sərkərdələrini yığıb, özünü nə vaxt şahənşah elan edəcəyini açıqladı: “Biz Qacarlar Səfəvilərin siyasətinin davamçılarıyıq. İmperiyamızın sərhədlərini bərpa etməyənəcən, mən özümü şahənşah elan edə bilmərəm. Qafqaza hərbi yürüşümüz başlayacaq, yalnız orada İranın mütləq hökmranlığı bərpa ediləndən sonra şahənşah ola bilərəm!”. Çoxusu ürəkdən, bəziləri də məcburən, şahı alqışladılar…
İndi – Ağa Məhəmməd beşik kimi yırğalanan faytonunda Tiflisə yürüşü boyu, xanların necə onun pişvazına çıxdıqlarını, əlini buraxmayıb uzun müddət necə yaladıqlarını, necə ona sadiq olduqlarını ağlaya-ağlaya sübut etməyə çalışdıqlarını yadına salıb gülümsəyir, ürəyində isə “Vətəni satmaq istəyən köpək uşaqları, elə bilirsiniz, məni iki-üç tərifinizlə, gətirdiyiniz qızıl, gümüş zinyət əşyaları ilə aldada bilmisiniz?! Vaxtı çatanda, sizlərin hamınızın axırınıza çıxacağam, sizin cəzalandırılmağınız gərək camaatın qarşısında baş verə, gələcək nəsillər üçün ibrət dərsi ola!”- deyə, öz-özünə danışırdı.
O, İbrahimxəlil xandan başqa, yerdə qalanlarını müvəqqəti bağışlayacağını əvvəlcədən qərara almışdı. Tapşırmışdı ki, İbrahimxəlil xan gələn kimi, onun başını kəssinlər.
İbrahimxəlil xan isə öz yerinə Qacarların yaxşı tanıdığı, həmişə onlara qulluq edən, Qarabağda xüsusi hörməti olan bir ağsaqqalı göndərmişdi. Deyəndə ki, İbrahimxəlil xanın əvəzinə, başqası gəlib, şah bərk qəzəblənib “Asın!” əmrini verdi. Ancaq onun özünə çox yaxın saydığı qvardiyasının başçısı qorxa-qorxa “Ağsaqqal ölməmişdən öncə, şaha bir-iki sözünün olduğunu xahiş edib” deyəndə, şah zorla qəzəbini boğdu və “Gətir, içəri!”əmrini verdi. Ağ saqqalı sinəsinə qədər uzanmış kişi içəri girən kimi, şah onu tanıdı və dərhal:
– Bizi tək burax! – hayqırdı.
Kişinin gözlərindən səssiz yaş axdı:
– Bağışla məni, şahım, onu dilə tutub, gətirə bilmədim. Ətrafındakılardan kimsə sənin başını kəsdirəcəyini ona çatdırmışdı. Şuşaya qaçdı.
Əvvəl şahın qəzəbdən gözləri dumanlandı, az qala, qılıncı ilə kişini iki yerə böləcəkdi. Sonra kiçik bir süvari dəstəsi ilə Şuşaya hucum edib o yaramazı öldürmək istədi. Ancaq fikirləşəndə ki, bir gününü bu “dılğır İbrahimxəlil xan”a itirəcək, fikrindən daşındı. Qəzəblə:
– Get, qoca, o köpək oğluna de ki, şah Tiflisdən qayıdanda, tək səni yox, bütün qohum-əqrabanı dar ağacına çəkəcək! – dedi.
Şah yenidən fikrə getdi: “Anlaya bilmirəm bu yaramaz insanları. Neçə üzləri var bu adamların? Elə bil, 2-3 ay bundan öncə, rusların ağalığını qəbul etmək istəyən heç bunlar deyildi. Necə yaltaqlanırdılar mənə, İlahi. Həyatımı həmişə düşmənimlə düşmən, dostumla dost kimi yaşamışam. Məgər Zəndilər hakimiyyətdə olanda, mən onlara yaltaqlana bilərdimmi? Məni yandıran bu köpək uşaqlarının rusların – o kafirlərin altına yıxılmaq istəmələridir. Əgər Osmanlıların altına yıxılmaq istəsəydilər, bağışlamaq olardı, həm dinlərimiz eynidir, həm dilimiz, həm də köklərimiz birdir – türkük… Sizin qanınız halaldır, bu yürüşdən qayıdandan sonra başınıza oyun açacağam… Farslar arxamızda bizə “eşşək türk” deyirlər. Rusların onlara müstəqillik verəcəyinə inananlara eşşəkdən başqa nə adı vermək olar? Moskva knyazlığından başlayıb bu boyda torpaqları ələ keçirən, heç Ukrayna, Finlandiya, Baltik ölkələrinə müstəqillik verməyən ruslar, cırtdan İbrahim xana müstəqillik verəcəkdir?! Kül sənin o olmayan boş başına!”…
Ardı Var
QARABAĞ: Müqavimətsizlikdən Doğan Faciə (2011) Kitabından
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!