Eks-spiker Rəsul Quliyev “Amerikanın səsi” radiostansiyasına verdiyi müsahibədə İsmayıllı hadisələrini şərh edib. Müsahibəni təqdim edirik.
-Rəsul bəy, ilk öncə mən İsmayıllı hadisələrinə toxunmaq istəyirəm. Bildiyiniz kimi İsmayıllı rayonunda qalmaqal olub. Sizcə, bu, adi avtomobil qəzasıyla bağlı yaranmış narahatlıqdırmı, yoxsa əhaliylə hakimiyyət arasındakı sosial-siyasi gərginliyin təzahürüdür?
-Sözsüz ki, baş verən bu qiyam qanunauyğun hadisədir və nə vaxtsa baş verməliydi. Azərbaycanda belə hadisələr intensiv şəkildə bundan sonra da baş verəcək. Çünki Azərbaycanda yaradılmış rejim elə bir rejimdir ki, burada hardasa 10 minə yaxın həddindən artıq zənginləşmiş məmur və onların hardasa 30 minə yaxın övladları var. Bu övladların da baxmayaraq ki, çoxu gedib xaricdə oxuyublar, 99%-i mənəvi cəhətdən pozğun insanlardır. Onlar haram gəlirlə öz səltənətlərini qurublar və haram pulu xərcləmə mexanizmi bütün dünyada eyni cürdür. Bu pullar qudurğanlıqla xərclənilir. Həmin məmur uşaqları təhsil almağa getdikləri xarici ölkələrdə istədikləri kimi hərəkət edə bilmədiklərindən azğınlıqlarını Azərbaycana saxlayırlar.
Bu iğtişaşın əsl səbəbi ölkədə yaradılmış sistemin xarakteri ilə bağlıdır. Azərbaycan həddindən artıq varlanmış zənginlər və həddindən artıq kasıblamış yoxsullar ölkəsidir. Burada orta sinif yoxdur. Zənginlər hesab edir ki, xalqdan oğurladıqları haram pullar onların halal sərvətləridir və yoxsullar bunların qulları olmalıdır. Azərbaycanda bu gün Vladimir İliç Lenin məşhur fikirləri ilə desək, inqilabi şərait yaranıbdır, aşağılar əvvəlki kimi yaşamaq istəmirlər, yuxarılar isə əvvəlki kimi idarə edə bilmirlər. Bizim ölkədəki inqilabi şəraitin özünəməxsus çalarları da var. Quldarlıq quruluşuna xas rejim qurmaq istəyən harınlamış iri məmurlar aşağıları tam mənası isə qula çevirə bilməyiblər, özləri də azğınlıqlarını tərgidə bilmirlər.
Azərbaycanda hakim zümrə nə qədər oğru olsa da normal oğru qanunları ilə də yaşamır. Bildiyiniz kimi oğru qanunlarını idarə edən seçdikləri qanuni (oğru rus dilində buna vor v zakone deyillər) oğrudur. Təəssüf ki, Azərbaycanda qanuni oğru funksiyasını yetirəndə düzgün işləmir. Qanuni oğru oğrulara kvota müəyyənləşdirir. Oğrular ancaq müəyyən edilən bu kvota çərçivəsində oğurlaya bilər. Bizim qanuni oğru vəzifəsini ələ keçirən, sistemin başında dayanan adam isə oğru məmurlarına heç bir kvota müəyyənləşdirə bilmir, gücü ancaq ona verilən pula nəzarət etməyə çatır. Ona görə ölkədə hərcmərclik hökm sürür, cəmiyyət heç oğruların qanunları ilə də idarə olunmur.
Yaradılmış bu qeyri-insani vəziyyət dəyişilməsə, əlbəttə, etirazlar davam edəcək, ölkə xaosa sürüklənəcək. Proseslər bu cür davam edə-edə Bakıya gəlib çıxarsa, bir iki maşın və ya otel yandırmaqla qurtarmayacaq. Böyük fəlakətlərə yol açacaq. Mən eyni fikirləri Quba hadisələrində də demişdim…
-Rəsul bəy, üzr istəyirəm, mən də elə sizdən eyni sualı soruşmaq istəyirdim. Bildiyimiz ötən il baş verən Quba hadisələrində və bir neçə gün əvvəlki Binə yarmarkasının satıcılarının qaldırdığı qiyamda problemi yaradanların deyil, etiraz edənlərin cəzalandırıldığını gördük. Siz hökumətin, hüquq mühafizə orqanlarının etiraz edən sadə vətəndaşlara bu münaibətini necə qiymətləndirirsiniz?
-Hakimiyyət bu aqressiv üsullarla Azərbaycanda baş verəcək proseslərin qarşısını almaq istəyirlər. Sözsüz ki, bu mümkün olmayacaq. Quba hadisələrini yatırtmaq üçün həyata keçirilən aqressivlik necə ki, İsmayıllı və Binə hadisələrinin ortaya çıxmasının qarşını almadı, bu iki aksiyadakı eyni üsula əl atmaq da növbəti etiraz dalğalarının qarşısını kəsməyəcək. Mən bunu Quba hadisələri zamanı da demişdim ki, camaat gərək həbsə məruz qalanların müdaifəsinə çalışa. Eynilə, İsmayıllı hadisələrində də həbs olunanlar var. Onların müdafiəsinə və azad olunmasına mütləq çalışılmalıdır.
Hakimiyyət həbs yoluyla proseslərin qarşısını ala biləcəyini düşünür. Halbuki, bu üsulla ancaq problemi dərinləşdirmək olar. Daha da faciəvi istiqamətdə inkişaf etdirmək olar. Əgər bu proseslər belə davam edərsə və hökumət görərsə ki, proseslərin qarşısını almaq artıq imkansız həddədir, oğurlanan neft pullarından bir qədər camaatın rifah halının yüksəldiləməsinə sərf etməyə çalışacaq. Yəni camaata rüşvət verib sakitləşdirmək istəyəcək. Necə ki, indi gedib Avropa Şurasında deputatları rüşvətlə alırlar, xalqı da bu yolla susdurmağa çalışacaqlar. Amma yenə öz oğurluğuna son qoymayacaq. Bu metod isə ölkəni inflyasiyaya doğru aparacaq. Yenə eyni sosial-iqtisadi vəziyyət yaranacaq. Azərbaycanda radikal islahatlar həyata keçirilmədən bu proseslərin qarşısını almaq mümkün deyil. Ola bilər ki, bu cür metodlarla öz sonlarını uzada bilərlər. Bir ay, iki ay, beş ay, bir il, iki il. Amma proses uzandıqca millətin qəzəbini daha da artacaq və daha faciəvi situasiyalara yol açacaq.
–Rəsul bəy, bütün bu baş verənlər Azərbaycanda növbəti prezident seçkiləri dövrünə təsadüf edir. Sizcə, bu hadisələr seçkilərə nə kimi təsir göstərə bilər? Ümumiyyətlə, hadisələr hansı istiqamətdə inkişaf edəcək?
-Hadisələr bu cür nəzarətdən çıxaraq xaos şəkilində inkişaf edərsə, Prezident və onun ətrafında olanlar seçkilərə qədər ölkəni qoyub qaçacaqlar. Ölkədə yaranacaq bu vəziyyəti toparlamaq, dövlət sistemini yenidən bərpa etmək, sosial problemləri yoluna qoymaq çox çətin olacaq. Siz baxmayın, Misirdə, Liviyada və s. Yaxın Şərq ölkələrində ölkəyə nəzarət edəcək müəyyən şuralar, qurumlar yarandı. Bütün bunlar xarici qüvvələrin vasitəçiliyi və köməyi ilə yaranan sistemlərdi. Azərbaycanda bu cür sistemi yaratmaq çox müşkül məsələdir. Çünki daxili qüvvələrin arasında dərin qarşıdurma var. Müxalifət təşkilatlarının hər biri özünü aparıcı qüvvə qismində görür və liderliyi başqasına buraxmaq istəmir. Xaricdən Azərbaycanın daxili məsələlərinə müdaxilə etmək demək olar ki, mümkün deyil. Çünki bir tərəfdə Rusiya, bir tərəfdə İran dayanıb. O səbəbdən də ABŞ-ın və ya Türkiyənin bu proseslərdə aktiv rol oynaması imkanı sıfra bərabərdir. Beynəlxalq güclər arasında müəyyən razılaşmalar əldə olunmalıdır. Bunsuz heç nəyə nail olmaq qeyri-mümkündür. Bu qüvvələr arasında ortaq məxrəcə gəlməyin nə qədər çətin olduğunu siz özünüz də gözəl bilirsiniz. Ona görə də Prezident və onun ətrafındakıların Azərbaycan xalqının taleyini fikirləşmək qabiliyyəti varsa, onlar təcili şəkildə islahatlara getməlidirlər. Bunlar şərait yaratmalıdırlar ki, Azərbaycanda sözün əsl mənasında azad seçkilər baş tutsun. Azərbaycanı faciələrə aparan yolu bağlamağın yeganə vasitəsi ancaq bu islahatlardan keçir. Ancaq mən inanmıram ki, bizim hakimiyyətimiz belə bir addım ata. Çünki bunlar hadisələrin mahiyyətini anlaya bilmirlər. Sovet dövründə olduğu kimi proseslərin hansısa destruktiv qüvvələrin təxribatı olaraq dərk edirlər. Hələ ki, hakimiyyətlə xalq arasında dəhşətli bir uçurumun yarandığını anlaya bilmirlər.
-Çox sağ olun, Rəsul bəy.
son doyush olacag.eger onlar bela isteyillerse.